“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...



Barzani əşirətinin 100 ildən artıq davam edən hekayəsi

“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...

Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Barzani 2017-ci il sentyabrın 25-də kürdlərin “müstəqillik referendumu”nu keçirməklə adını tarixə yazdırdı. Amma buna qədər də Barzanilər kürd və Yaxın Şərq tarixində ciddi rol oynayıblar.
Hazırda kürd muxtariyyətinin prezidenti Məsud Barzanidir, onun qardaşı oğlu Nəçrivan Barzani isə muxtariyyətin baş naziri postunu tutur. Hazırkı kürd muxtariyyətinin rəsmi quruluş təqvimi də barzanilərin, daha dəqiqi Məsud Barzaninin atası, İraq kürdlərinin lideri Molla Mustafa Barzaninin adı ilə bağlıdır. Barzanilər hazırda İraq kürd muxtariyyətinin aparıcı siyasi gücü hesab olunurlar, Kürdüstan Demokrat Partiyası da onların nəzarətindədir, kürd “ordusu” - Peşmərgə də barzanilərin gücü hesab olunur.

Barzan tayfası öz adını Barzan kəndindən alıb. Bu kənd hazırkı kürd muxtariyyətinin şimalında, Ərbil əyalətində, Türkiyə sərhədinə yaxın dağlıq bölgədə yerləşir. Barzan sözü kürt ləhcələrində “məhəllə” mənasında işlənir, bir başqa mənası isə “camaat”dır. Barzan bir neçə tayfanın birliyinin ümumi adıdır. Barzan tayfasının lideri Məsud Barzanidir. Barzanilərin soyunda həm də din alimləri olub, Şeyx Əbdüssalam Barzanda dini mədrəsə qurub. Şeyx Əbdüssalamın İslam hüququna dair kitab yazıb. 1872-ci ildə dünyasını dəyişib, ondan sonra tayfanın başına keçən Şeyx Məhəmməd isə Osmanlı dövləti tərəfindən Bitlisə sürgün olunub. Şeyx Məhəmməd sürgündən geri dönüb və 1903-cü ildə dünyasını dəyişib. Onun yerinə keçən Şeyx Əbdüssalam (İkinci) həm də ətraf tayfa ittifaqının rəhbəri seçilir və bununla da Barzan tayfası bölgədə əsas tayfa ittifaqı, bir çox kürd tayfasının ümumi adına çevrilir. Şeyx Məhəmməd Barzaninin 5 oğlu olub. Bunlar: Şeyx Əbdüssalam (ikinci), Şeyx Əhməd, Məhəmməd Sadiq, Məhəmməd Babu və Mustafa Barzanilərdir. Molla Mustafa Barzani sonradan kürd siyasi hərəkatının əsas şəxsinə çevriləcəkdi.

“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...

Ancaq buna qədər Şeyx Əbdüssalam aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır. 1907-ci ildə Şeyx Əbdüssalam ilk dəfə Osmanlı sultanına müraciət edərək bir neçə tələb irəli sürür: kürd bölgələrində kürd dilinin rəsmi dil olaraq tanınması, kürd dilində təhsil, yerli məmurların kürd dilini bilməsi, məhkəmə hökmlərinin İslam şəriətinə əsaslanması, vergilərin kürd bölgələrində məktəb və yol tikintisi kimi sahələrə ayrılması. Ancaq Osmanlı sultanı bu tələbləri qəbul etmir, əvəzinə ordu göndərərək kürdlərin üsyanını güclə yatırır. Ancaq üsyanlar 1913-cü ilə qədər davam edib.

Məhz bu dövrdən sonra Barzan aşirəti liderlərinin xarici dövlətlərlə əlaqələri yaranır. 1913-cü ildə İrana qaçan Şeyx Əbdüssalam bir müddət Xoyda qaldıqdan sonra Tiflisə gedərək Çar ordusu generalları ilə görüşür. Ancaq geri dönərkən öz həmyerlilərindən biri tərəfindən əsir alınaraq Osmanlı dövlətinə təhvil verilir. 1914-cü ildə Osmanlı dövləti Şeyx Ədüssalam və yaxın ətrafını asaraq edam edir.

Ondan sonra Barzan tayfasının liderliyi onun qardaşı Şeyx Əhmədə keçir. 1919-20-ci illərdə kürdlər və ingilis qüvvələri arasında savaşlar olur. 1922-ci ildə İraqı idarə edən ingilislər kürdlərin üsyanlarını yatırmaq üçün Barzan kəndlərini təyyarələrlə bombalayır. Bu bombardmanlar kürdlərə ciddi təsir etmiş. Xüsusən də barzanilər dağlara qaçmış və sonrakı il qurulacaq İraq krallığına

müavimət göstərə bilməmiş və ümumiyyətlə 30-cu illərə qədər səssiz qalmışlar. Bu dönəmdə kürd yaşayış məntəqələri 5 dəfə ingilis və yeni İraq dövlətinin hücumuna məruz qalır.

1932-ci ilin iyununda Şeyx Əhməd Barzani sərhədi keçərək Türkiyəyə daxil olur. Türkiyə Cümhuriyyəti İraqın tələblərinə baxmayaraq Barzaniləri geri vermir. 1934-cü ildə İraq hökuməti kürd üsyanlarına son qoymaq üçün amnistiya elan edir və Barzanilər geri qayıdırlar. Geri qayıdan Barzanilər Bağdad yaxınlığındakı Hillə şəhərinə sürgün edilirlər. Ancaq bir il sonra kürdlərin gələcək lideri Mustafa Barzani Hillədən qaçaraq kürd üsyançılarına qoşulur. Və az sonra üsyançı kürdlər Ravendus şəhərini ələ keçirir. Ancaq bu üsyanlar yatırılır və Barzanilər sürgün olunur. 1943-cü ildə Molla Mustafa Barzani İrana qaçır. Burada Mustafa Barzani SSRİ ordusunun zabitləri ilə əlaqə qurur və iki il sovet ordusunun himayəsində gizlənir. 1946-cı ildə kürdlər İran ərazisində “Mahabad Respublikası” elan edirlər. yeni dövlətin başçısı Qazı Məhəmməd, “müdafiə naziri” isə general rütbəsi verdiyi Molla Mustafa Barzani olur. Eyni zamanda Mustafa Barzani 1946-cı ildə İraq Kürdüstan Demokrat Partiyasını yaradır.
“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...


“Mahabad Respublikası” cəmi 11 ay davam edir və süqut edir. Mustafa Barzani isə təslim olmaqdan imtina edərək yenidən İraqa qayıtmır. İraqda yenidən cəzalanacağından qorxan Mustafa Barzani SSRİ-yə gəlir. Barzani və başının dəstəsi 41 günlük səfərdən sonra SSRİ ərazisinə, Azərbaycana daxil olur. Burada Mustafa Barzani qrupdan ayrılaraq ayrı saxlanılır. 6 aydan sonra çoxsaylı müraciətlərdən sonra Mustafa Barzani Mircəfər Bağırov tərəfindən qəbul olunub. Kürdlər Azərbaycan ərazisində dərslərə cəlb olunub, kişilər isə silahlı təlimlərə qatılır. Ancaq sonradan Mustafa Barzani qrupdan ayrılaraq Aral sahillərinə - Qazaxıstana, ardınca isə Səmərqəndə göndərilir. Sovetlər kürdləri ayırıb böyük ittifaqın müxtəlif bölgələrinə sürgün edir. Ağır işgəncələr və sərt münasibətə etiraz edərək kürdlər aclıq aksiyaları keçirirlər. 1951-ci ildə Barzaninin məktublarına Kreml müsbət reaksiya verir, kürdlər fərqli yerlərdən toplanaraq bir araya gətirilib. Görünür ki, burada sovetlərin Yaxın Şərqlə bağlı planlarının dəyişməsi də rol oynayıb. Stalin Türkiyə ilə

münasibətlərin pisləşməsi, ingilislərin və amerikalıların nəzarətində olan İraqda güc mexanizminə sahib olmaq üçün “kürd kartı”ndan istifadə etmək istəyib. Bu isə İraqdan qaçıb gələn kürdlərə münasibəti dəyişir. Kürdlərə siyasi sığınacaq belə verilir və vəziyyətləri kəskin şəkildə dəyişir. Mustafa Barzani hətta kommunist kurslarına cəlb olunur. 1958-ci ildə Barzani və tayfası SSRİ-dən İraqa geri dönür. Çünki artıq İraqda inqilab baş vermişdi, ingilislərin qurduğu oyuncaq krallıq devrilmiş, respublika qurulmuşdu.
“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...

1961-ci ildə yeni hökumətdən istədiyini ala bilməyən kürdlər Molla Mustafa Barzaninin rəhbərliyi ilə üsyan qaldırır. Bu zaman Barzanilərin komandası altında on minlərlə kürd savaşçısı - peşmərgə olur. Bu üsyan 10 ilə qədər davam edir və 1971-ci ilin əvvəlində Mustafa Barzani ilə İraq hakimiyyətinin əsas şəxslərindən olan Səddam Hüseyn (o zaman hələ ölkəni tamamilə ələ keçirməmişdi - K.R.) arasında kürdlərə muxtariyyət verilməsi ilə bağlı müqavilə imzalanır. Bu mühüm tarixi hadisə idi. Kürdlər dağlardan enərək öz Məclislərini qurdular və yeni muxtariyyəti idarə etməyə başladılar.

Ancaq muxtariyyət anlaşması 4 il davam etdi və mərkəzi İraq hökuməti tərəfindən ləğv edildi. 1976-cı ildə Mustafa Barzani müalicə olunmaq üçün ABŞ-a gedir. Və bir neçə ildən sonra ABŞ-da vəfat edir. Mustafa Barzaninin ölümündən sonra onun yerinə böyük oğlu İdris Barzani gətirilir. İdris Barzani vəfat etdikdən sonra isə bu dəfə Kürdüstan Demokrat Partiyasına Məsud Barzani rəhbərlik etməyə başlayır.

Mustafa Barzaninin oğlu və hazırda kürd muxtariyyətinə rəhbərlik edən Məsud Barzani 1947-ci ildə İranda Mahabadda anadan olub. Daha sonra ailəsi ilə birlikdə SSRİ-yə qaçıb və 1958-ci ilə qədər SSRİ-də sürgündə qalıb. 1976-cı ildən sonra qardaşı İdrislə KDP-yə rəhbərlik edib. 1979-cu ildə İrana qaçıb.

İran-İraq müharibəsi zamanı mərkəzi hökumətin başının müharibəyə qarışmasından istifadə edərək barzanilər üsyan qaldırır və İraq ordusuna qarşı savaşırlar. Ancaq Səddam Hüseyn rejimi muxtariyyətin yenidən bərpasını tələb edən kürd üsyanlarını yatırır, Hələpçədə kürdlərə qarşı kimyəvi silahlarla qırğın törədilir. 1991-ci ildə Səddam Hüseyn ABŞ-a qarşı savaşda məğlub olur və bundan sonra kürdlər faktiki olaraq muxtariyyəti yenidən bərpa etmək haqqı əldə edirlər. Bu zaman ABŞ artıq İraqın şimalında kürdlər üçün təhlükəsizlik zonası yaratmışdı.
“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...

90-cı illərdə İraq kürd muxtariyyəti xaricdən müdaxiləyə məruz qalmasa da, PKK-ya qarşı əməliyyatlar və eləcə də Talabani və Barzani arasında savaşa səhnə olub. 1996-cı ildə mərkəzi İraq hökuməti ilə anlaşan Barzaniyə Səddam Hüseyn ordusu dəstək verib və Ərbili ələ keçirən İraq ordusu muxtariyyətin idarəçiliyini Barzaniyə təhvil verib.

Məsud Barzani PKK-ya qarşı əməliyyat keçirən Türkiyə ordusuna dəstək verib, hətta bu əməliyyatlara silahlı qüvvə göndərib. Bu səbəbdən də 1997-ci ildən sonra Türkiyə ilə yaxın əlaqələr qura bilib. 2002-ci ildən Barzani İraq kürd federal administrasiyasının rəhbəri seçilib və hələ də bu postu əlində saxlayır.

2013-cü ildə Məsud Barzaninin hakimiyyət müddəti bitsə də. Parlament bu müddəti daha iki il artırıb. Ancaq 2015-ci ildə parlament Barzaninin səlahiyyətlərini artırmayıb və bundan sonra Barzani parlamenti buraxıb. Bu ilin noyabrında kürd muxtariyyətində növbəti prezident seçkiləri keçirilməlidir. Bir sıra müşahidəçilər Barzaninin referendumu ortaya atmasının əsas səbəbinin məhz prezident seçkiləri olduğunu, postunu itirməmək üçün manevr etdiyini qeyd edir.
“Kimdir axı bu Barzani?”- kürd lideri haqda hər şey...

Qeyd edək ki, Barzaninin 1980-cı illərdə İsraillə yaxın əlaqələri olub və Mossadın Yaxın Şərqdə əsas mərkəzlərindən biri də İraqdakı kürd bölgəsində olub. Çünki buradan həm İraqa, həm də İrana qarşı kəşfiyyat fəaliyyətləri mümkün idi. Həm də kürdlər bu fəaliyyətlər üçün uyğun idi. Ötən 100 ildə barzanilər dünyanın iri gücləri ilə əməkdaşlıq etməklə, zaman-zaman zərbələr alsalar da addım-addım məqsədlərinə doğru irəliləyiblər. Ancaq kürdlər üçün ən böyük uğur 2003-cü ildə amerikalıların İraqı işğalından sonra başlayıb. Çünki bundan sonra kürdlər faktiki olaraq Şimali İraqda dövlət içində dövlət qurublar, demək olar ki, müstəqil siyasət yürüdüblər.

Kənan RÖVŞƏNOĞLU
R4suloffR4suloff

OXUNMA SAYI :398

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff