Kaliforniyadan kiçik Rusiya və uzaq ümidlərin Avropası



Kaliforniyadan kiçik Rusiya və uzaq ümidlərin Avropası


Eyni məsələyə çox müxtəlif münasibətlər ola bilir. Məsələn, lap qədimdən həkimlər ağrısızlaşdırmanın, ağrıları azaltmağın yollarını arayıblar.
Hətta bir filmdə, daha doğrusu, admiral A.Kolçak haqqındakı filmdə çox maraqlı epizod var.

Həkim–cərrah ayaqları parça–parça olmuş generala düz bir stəkan spirt içirdir və sonra da “Allah özü köməyin olsun!” deyib mişarı götürür...


Fəqət, fərqli baxışlar da var. Məsələn, deyirlər ki, ağrı hiss edirsinizsə, deməli yaşayırsınız, çünki ölülər ağrı hiss etmirlər...

Amma etiraf edirəm ki, bu son günlərdə ağrı haqqında heç düşünmürdüm və bəlkə də bir azca bəsit, bir azacıq da “çeynənmiş” deyim təsiri bağışlayan bu sonuncu fikir də mənim heç yadıma da düşməzdi.

Gəl, bu yaxınlarda ABŞ-ın dəniz piyadalarına həsr olunmuş bir filmə baxırdım.

Baxırdım, deyəndə ki, cəmi bir–iki dəqiqə seyr edib televizoru söndürdüm, amma elə bu bir–iki dəqiqədə filmdə hərbi təlimatçının əsgərlərə dediyi və mənim də yazının əvvəlində səsləndirdiyim fikir diqqətimi cəlb etdi...

Sözsüz, hərbi təlimatçı bunu sırf fiziki bir mənada deyirdi. Amma mənəvi ağrılar da olur və kim bilməsə də, biz yazı adamları çox yaxşıca bilirik ki, bəzən elə yazılar olur ki, yazdıqca cəmi əzaların sızıldayır...

Yazmaq istədiyin, amma ki, yaza bilmədiyin yazıların ağrısı isə lap bedtər olur, adamın içini göynədir. Elə bil ki, ürəyində bir daş olub asılı qalır onlar və onu daim özünlə gəzdirməli olursan...

O, həm də sanki bir vicdan əzabına, vicdan ağrısına çevrilir – bu isə heç də qəlb ağrısından geri qalımır...

Nə isə... Bədbin gileylərlə və bitməz–tükənməz şikayətlərlə yormayacam sizi. Onsuz da “Kişi, düzələn deyil bu Dünya!”–deməyə alışmısınız. Xəbəriniz də yoxdur ki, Dünya çoxdan düzəlib, min təəssüf ki, düzəlməyən, bir azacıq əyri qalan bizik, çünki bitəndə əyri bitmişik...

Elə ən dəhşətlisi də odur olur ki, birdən, qəfil ağlına gəlir ki, ay aman, bir gün bu Dünya tamam – kamal düzələ bilər. Amma sənin ondan seçib ayırdığın kiçicik məmləkət düzələcəkmi? Sənin də aid olduğun və özünü ayrı təsəvvür etmədiyin cəmiyyət düzələcəkmi?..

Bax, çərxi-Gərdişin qəlizliyi də bundadır. Lap məşhur bir mahnıda deyildiyi kimi: Dünya cənnətə dönsə də... Bəli, sanki qeybdən səs gəlir ki, əşi, cəmi Dünya cənnətə dönsə də buralar min təəssüf ki, dəyişməyəcək və yaxud çox az dəyişəcək, çünki özümüz belə istəyirik – hətta ən adidən də adi insanımız da yeni qaydalara alışmaq, 21-ci əsrin məntiqinə uyğun yaşamaq istəmir, az çalışıb, saz yaşamaq, ilk fürsətdə “qaz vurub qazan doldurmaq” istəyir.

Niyə deyirəm bütün bunları? Niyə gedib özümə başqa iş tapmır, sizləri də, özümü də əcaib–qəraib fikirlərlə yoruram? Heç darıxmayın, gələcəm mətləb üstünə.

Yaxınlarda gözüm bir yazının başlığına sataşdı. Qərəz, bizim “fəal” ictimai–siyasi “xadim”lərdən biri ərz edirdi ki, bəs Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxmalıdır. Hirsimdən yalnız başlığı oxudum...

Bilirəm, deyəcəksiniz ki, əşi, nədir bu? Bu ölkədə elə şeylər yazılır, elə sözlər deyilir ki...

Haqlısınız. Amma biçarə bəndənizə elə gəlir ki, “elə şey”lərdən biri də budur– çox insanlarımız həsrətindədir ki, Azərbaycan Avropa institutları ilə tamam–kamal üzülüşsün və daha hansısa Avropa institutu durub hətta deməsin ki, Azərbaycanda da yazdan-yaydan sonra payız-qış gəlir, çünki özümüzü inandırmışıq ki, bizim diyarda həmişə yaz, bahardır.

Həmişə narazı Avropa institutları, ələlxüsus da onun Şurası isə bəzən bizimlə razılaşmır, elə hey opponentlik edir, daxili nizamımızı pozmağa çalışır.
Razıyam, çox vaxt bunlar qərəzsiz də olmur, çünki Avropa Şurasında da bir xeyli insan toplaşıb və onların da arasında müxtəlif siyasi təmayüllərə və cinahlara aid olanları var.

Hələ onu da demirəm ki, son vaxtlar elə Avropanın da “siyasi landşaft”ında xoşagəlməz tendensiyalar sezilir, islamofobiya güclənir, əgər belə demək mümkünsə, Avropa da monokonfessial “xristian diyarı” olmağa can atır. Heç yadımdan çıxmaz.

Avropa Birliyi özünün yubilieyini Vatikanda, Papanın hüzurunda qeyd etdi və Avropanın son vaxtlar sürətlə “qəhvəyiləşən” və yaxud da “çəhrayılaşan” siyasi liderləri elə bil ona hesabat verirdilər.

Xüsusən də qurumun Baş katibinin son bəyanatı ciddi məntiq çərçivələrinə gətirilə bilmir, çünki Azərbaycanı Avropadan qovmaq yox, əsl Avropa ölkəsinə çevirmək lazımdır.

Amma etiraf etmək lazımdır ki, bizdə də vəziyyət ideal deyildir. Yox, elə özüm də dəfərlərlə yazmışam ki, indi Dünya o qədər irəliləyibdir ki, inkişafı bir qitə ilə, hətta Avropa ilə məhdudlaşdırmaq o qədər də məntiqli səslənmir. Fəqət, inkişaf da çox mənalar kəsb edir. Bəli, indi iqtisadi–texnoloji inkişafın coğrafiyası böyüyübdür – buna söz yoxdur.

Di gəl, siyasi mədəniyyət də inkişafın mühüm komponenti olmaq gücündə və əzmindədir. Bu mədəniyyətin coğrafiyası isə əsasən Avropa və bir də ABŞ-la məhdudlaşır.

Gəlin, bircə anlığa düşünək. Lap tutaq ki, Avropa institutları ilə tamam – kamal üzülüşdük. Üz tutduq Şərqə tərəf. Lap başımıza da bir çalma taxıb dönüb olduq “ərəb”!..

Sonra? Sonra nə olacaqdır? Sizlərdən soruşuram ki, axı sonra nə olacaqdır? Cənnətmi tapacağıq? Yaxud da xoşbəxt olacağıq? Yoxsa ki, hamımız İraqa-filana qaçıb İŞİD-in dəstələrinə qoşulacağıq?..

Hələ onu demirəm ki, Şərqin böyük demoqrafik göstəriciləri, iqtisadi resursları olsa da, hələki bu region Dünyanın siyasi ab–havasını müəyyən etmir və bunun bir səbəbi ən yüksək texnologiyaların yenə də Qərbin sərəncamında qalmasıdırsa, digər səbəbi də yenə də həmin Qərb deyilən çox güclü geosiyasi vahidin hərbi güc baxımından əlçatmaz bir səviyyədə qərar tutmasıdır.

Bəli, tutaq ki, lap getdik Avropanın institutlarından. Və daha bir mühüm tribunanı da verdik ermənilərə! Nə olacaq? Heç bu haqda düşünürükmü?

Bəli, Avropanı çox şeydə qınamaq olardı, ən azı da Dağlıq Qarabağ probleminə görə! O, heç də həmişə prinsipial hakim, arxa çevirərək daim arxayın olmalı partnyor və yaxud da ki, bizim dildə desək, tərəfdaş deyil, daha çox öz çeşidli geosiyasi maraqlarını güdür.

Təbii, Avropanın Kataloniya və Şotlandliya separatizminə, hətta Ukraynadakı son proseslərə bir münasibət sərgiləməsi, Dağlıq Qarabağ probleminə isə tamamilə başqa münasibət göstərməsi bizi də çox məyus edir. Amma Avropanın, bütünlükdə Qərbin günahları heç bir halda Rusiyanınkı ilə müqayisəyə gəlməz.

Burada mən Avropa Şurası ilə bağlı bir məqamı qeyd etmək istərdim. Səhv etmirəmsə, Dağlıq Qarabağ problemi bilavasitə Avropa Şurasının predmeti deyil, onunla ATƏT məşğul olur. Avropa Şurası isə demokratiya və insan haqları sahəsində ixtisaslaşmış təşkilatdır. O başqa məsələdir ki, münaqişə ucbatından bütün təşkilatlar istər – istəməz bizim və ermənilərin çəkişmə meydanına çevrilir və biz bu qurumun da tribunasından daim Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışmışıq və düz də etmişik...

Məni çox düşündürən bir məsələ də odur ki, təəssüf, bizim insanlar hələ də Rusiyaya inamlarını saxlayırlar. Hətta Avropadan uzaqlaşmaqdan söz düşəndə qayıdırlar ki, əşi, Rusiya da var! Olsun. Artıq heç nə deməyəcəm. Cəmi bir faktı verəcəm sərəncamınıza. Bir dəfə bir rusiyalı iqtisadçının yazısını oxuyurdum. Yazırdı ki, bütün Rusiyanın iqtisadi potensialı ABŞ-ın bir ştatının–Kaliforniyanın potensialı qədər də deyil!..

Aydın oldumu? Kaliforniyanın iqtisadiyyatı qədər də deyildir! İndi nəticəni özünüz çıxarın. O ki qaldı digər məsələlərə, zahirən özünü hamı kimi aparmağa çalışsa da, Kataloniya və kürd referendumlarından Rusiya qədər sevincək olan ikinci ölkə yoxdur, çünki bunlar onun Krım, Abxaziya və ya Cənubi Osetiya ilə bağlı qərarlarına “həyati vəsiqə” verir, Qarabağda apardığı siyasətə haqq qazandırır.

İlk baxışda ərazisində xeyli milli subyekt olan Rusiya bundan sevinməməlidir, amma V.Putin onları yetərincə əzib və ölkə konstitusiyasında həmin subyektlərin Rusiya Federasiyasnı tərk etmək hüququ qətiyyən nəzərdə tutulmayıb. Bəli, bu da daha bir faktdır. Nəticə isə artıq sizlikdir...

Hüseynbala Səlimov

R4suloffR4suloff

OXUNMA SAYI :419

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff