Əlillərin qanunla hansı güzəşt və müavinətləri var? - SİYAHI




Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin qanunla hansı güzəşt və müavinətləri var? - SİYAHI


Şəxs qanunvericiliyə uyğun olaraq müəyyən həkim rəyinə əsasən əlil sayılır və bununla bağlı şəxsə əlillik vəsiqəsi verilir.
Əlillərə sosial yardım dövlət büdcəsi və bələdiyyələr tərəfindən yerli büdcələrin vəsaiti, eləcə də dövlət büdcəsinə müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və könüllü verdikləri ianə hesabına göstərilir.


Əlillərə qarşı ayrı-seçkilik etmək qadağandır və onların lazımi həyat şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunu ilə tənzimlənir.

Bəs əlillərə qarşı hansı güzəştlər mövcuddur?

Onlara hansı xidmətlər pulsuz təklif olunur?

Müəssisə, idarə və təşkilatlarda işçi kimi əlillərə üstünlük verilməsinin həmin müəssiələr üçün yaratdığı xüsusi güzəştlər varmı?

Əlillərə qulluq edənlərin güzəştləri hansılardır və staj necə hesablanır?


Bu və digər suallara aşağıda aydınlıq gətiririk:

Güzəştli iş saatı
I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud olan 18 yaşadək işçilər üçün həftəlik 36 saatdan çox olmayan iş saatı müəyyən olunmuşdur.

Pulsuz kurslar
İstedadlı, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində və ya xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.

Pulsuz təhsil
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Pulsuz mənzil və şərait
Əlillər dövlət hesabına mənzillə təmin olunur və I qrup əlilləri, sağlamlı imkanları məhdud olan 18 yaşadək uşaqlı ailələr dövlət hesabına növbədənkənar olaraq mənzillə təmin olunur. Həmçinin əlillərin mənzillərini müxtəlif vəziyyətlərinə görə, məsələn: şərait, abadlıq vəziyyəti, mərtəbə və digər göstəricilərə uyğun tələb etmək hüququ vardır. Əlavə olaraq onların istəyinə uyğun olaraq qohumlara, reabilitasiya müəssisələrinə və iş yerlərinə yaxın mənzil istəmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınır.

Mənzil və kommunal xərcləri

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə qanunvericiliyə uyğun olaraq müvafiq qayda və məbləğdə mənzil ,kommunal xərclərinin qarşılanması üçün müavinət verilir.

İkiqat uzun məzuniyyət
Əlillik qrupundan asılı olmayaraq hər bir şəxsə və 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlara Əmək məcəlləsinə əsasən nəzərdə tutulmuş məzuniyyətin 2 mislindən az olmayaraq məzuniyyət verilir.

İxtisarlardan qorunmaq
Əgər müəssisə və yaxud idarələrdə işçilərin sayı ixtisar edilərsə , ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisələrdə peşə fəaliyyəti nəticəsində əlilllik almış və 18 yaşadək sağlamlığından məhrum olmuş işçilərin işdə saxlanmaq üçün üstün hüquqları vardır. Həmçinin həmin şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

İcarə haqqından azad olmaq

Əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər kitabxana, mədəniyyət evləri, idman klubları və digər bu kimi yerlərə icarə haqqı ödəməkdən azad olunurlar.

Pulsuz dərman almaq
20 Yanvar əlilləri, milli münaqişə zamanı əlil olanlar və digər I, II qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar.

Əlillərə baxanlara əlavə iş stajı yazılır
Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir.

Pulsuz tibbi xidmət
Qanunvericiliklə müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır.

Evdə təhsil almaq imkanı
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılmış şəraitdə ümumtəhsil məktəblərində təhsil almaq imkanı olmayan sağlamlıq imkanı məhdud olan şəxslərin və yaxud valideynlərinin birinin istəyi ilə evdə təhsil almaq hüququ vardır. Həmçinin valideynlərdən birinə və yaxud onu əvəz edən şəxsə qanuvericilik ilə müəyyən olunmuş qaydada maddi təminat və güzəştlər tətbiq olunur. Belə uşqalara qulluq vaxtı əmək stajına daxil edilir.

Əlillərin işlədiyi şirkətlərə də güzəştlər var

İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər.

Əlillərə qaraj üçün torpaq ayrılır

Müvafiq icra hakimiyyəti orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

Bəzi xidmətlər isə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün pulsuz və ya güzəştli şərtlərlə verilir. Bunlar aşağıdakılardır:

Pulsuz idman dərsləri
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

Növbədənkənar telefon və telefon pulu

Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin, 20 Yanvar əlillərinin və digər kateqoriyadan olan I və II qrup əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ailələrinin növbədənkənar telefon çəkdirmək hüququ vardır. Müharibə əlillərinə, onlara bərabər tutulan şəxslərə, 20 Yanvar əlillərinə və digər kateqoriyadan olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqların ailələrinə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir.

Nəqliyyatda gediş haqqı müavinəti
Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkə daxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

Əlillərə şərait yaratmayanları cərimə gözləyir
İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyini təmin etmədikdə dövlət büdcəsinə obyektin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində cərimə köçürürlər. Həmçinin, cərimə ödəmək onları məsuliyyətdən azad etmir.




FED.azR4suloffR4suloff

OXUNMA SAYI :579

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff