Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


Hüquq müdafiəçisi İntiqam Əliyev: "Həbsxanada qənnadı təmtəraq hesab olunurdu"Image captionHüquq müdafiəçisi İntiqam Əliyev: "Həbsxanada qənnadı təmtəraq hesab olunurdu"


Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


Yerli hüquq müdafiəçilərinin dediyinə görə, Azərbaycan həbsxanasında ən azı 157 siyasi məhbus cəza çəkir. İqtidar onların siyasi motivlərlə həbs edildiyini inkar edir.

Beynəlxalq təşkilatların fikrincə, ölkədə insan haqqları pozulur. Hökumət isə bu fikirlə razı deyil.


Müxtəlif müddətdə Azərbaycan həbsxanalarında cəza çəkən hüquq müdafiəsi fəalları Rəsul Cəfərov və İntiqam Əliyev, iqtisadçı Natiq Cəfərli və həmçinin müxalifət siyasətçisi Yadigar Sadıqov həbsxana məhkumluğundakı təcrübələrindən danışıblar.

Həbsxana mətbəxinin sirrləri

Rəsul Cəfərov, hüquq müdafiəçisi:

Həbsxananın, ən azından mənim olduğum həbsxananın yazılmamış qanunu var. Məhkumun özünü yaxşı hiss etməsi və kollektivə alışması üçün istənilən həbs edilən şəxs çay süfrəsiylə qarşılanır.

İstintaq təcridxanasında məni birinci gün qəndlı çayla qarşıladılar, çünkü məhbusların təklif etməyə başqa heç nəyi yoxdur.

Onlardan biri, kameranın "başçısı" adətə görə, səndən kim və haralı olduğunu və niyə həbs edildiyini soruşur.

Digərləri də söhbətə qoşulur və həmin anda bu insanlarla uzun aylar ərzində oturub-duracağını və bir yerdə yaşayacağını anlayırsan.

Həbsxanada da qənnadı məmulatları olur və bu böyük nemət sayılır.

İstənilən qənnadıya - konfetə, şəkərburaya, şokolada həbsxana dilində 55 deyilir. Bunun hardan gəldiyi barədə bir anlayışım yoxdur.

Bunun sovet cinayət məcəlləsindən hansısa bir maddənin olması mümkündür.

Əgər məhkumun qəndi, çörəyi və siqareti varsa, o kasıb hesab olunmur.

İntiqam Əliyev, hüquq müdafiəçisi:

Məhkumların alacağı məhsulların həcmi və siyahısı gizli saxlanılır. İstintaq təcridxanasında olduğu kimi koloniyada da yeməyin keyfiyyəti iyrəncdir.

Onunla çox az adam qidalanırdı, əksəriyyət evdən göndərilən yeməkləri yeyirdi. Adi həbsxana şorbası - pis kələmdən hazırlanan şorba və ya borş, tərəvəzlər və köhnə iylənmiş toyuq.

Onu yedikdən sonra məhkumların mədəsi ağrımağa başlayırdı. Arada bizə xırda qızardılmış balıq da verirdilər.

Lakin balığın da keyfiyyəti aşağı idi və onu yemək mümkün deyildi.

Mən istintaq təcridxanasında olan zaman məhkumların hər birinə ayda bir fincan şəkər tozu və o qədər də marqarin yağı verirdilər. Bundan başqa biz həftə ərzində bir və ya iki yumurta alırdıq.

Bizə nə çay, nə qənd, nə tərəvəz, nə də digər ərzaqlar verilmirdi. Nə istintaq təcridxanasında, nə də koloniyada bizə bir dəfə də olsun nə meyvə, nə də tərəvəz gətirməmişdilər.

Hətta orda çörək də köhnə və boyat olurdu. Bu çörəyi yalnız kasıb məhbuslar yeyirdilər, digərləri isə öz pullarına çörək alırdılar.

Bir dəfə mən evdəkilərdən mənə və yanına kimsə gəlməyən məhbuslar üçün 200 ədəd qutab hazırlamaqlarını xahiş etdim. Sonra öyrəndim ki, evdəkilər bütün gecəni yatmayıb qutab hazırlamışdılar, mən heç vaxt qutab hazırlamadığım üçün bunun asan olduğunu düşünmüşdüm.

Biz isə bir neçə kameradakı məhbuslar bu qutabları iki dəqiqənin içində yeyib qutarmışdıq.

Yadigar Sadıqov, siyasətçi:

İstintaq təcridxanasında soyuducu yox idi və biz məhbuslar çalışırdıq ki, bizə ərzaqları müxtəlif günlərdə gətirsinlər.

Bir dəfə isə mənə evdən ərzaq gətirəcəklərini xəbər verdilər, mən isə onlara bu gün mənim növbəmin olmadığını dedim və səhəri günü gəlmələrini söylədim.

Koloniyada isə vəziyyət daha yaxşı idi, soyuducular olan ərzaq anbarı vardı. Lakin orda da hamıya yer çatmırdı.

Azərbaycan müxalifəti vaxtaşırı siyasi məhbusların azad edilməsini tələb edirImage captionAzərbaycan müxalifəti vaxtaşırı siyasi məhbusların azad edilməsini tələb edir

Rahatlıq və gigiyena

İntiqam Əliyev:

İki ayda bir dəfə biz bir parça sabun və iki fincan yuyucu toz alırdıq, onu da həmişə yox.

Təmizliyin bütün xərcləri isə məhbusların üzərinə düşürdü. Mən həbsxanada olduğum müddətdə bir dəfə də olsun bizim camaşırları və yastıqların örtüsünü dəyişmədilər.

Qışda kamera soyuq, yayda isə dözülməz dərəcədə isti olurdu.

Əsasən də iyul və avqust aylarında, kamerada istilik 50 dərəcəyə yüksələn zaman çox ağır olurdu.

Yalnız həbsxanada keçirdiyim 7-ci aydan sonra mənə öz hesabıma ventilyator gətirməyə icazə verdilər.

Bundan başqa istintaq təcridxanasının və koloniyanın kameralarında məhbuslar nəzərdə tutulandan artıq idi.

Məhz istintaq təcridxanasında bəzən hamıya çarpayı çatmaması nəticəsində məhbuslar növbə ilə yatmağa məcbur olurdular.

Həmçinin şəxsi əşyaları və yeməyi saxlamağa da yer kifayət qədər deyildi.

Yadigar Sadıqov:

Sabun da, yuyucu toz da çox aşağı keyfiyyətdə olurdu və mən də mənə evdən göndəriləndən istifadə edirdim.

Kimə ki evdən ərzaq və ehtiyacı olan şeylər gəlmirdi, onlar rəhbərlikdən onların payına düşəni tələb etməyə çalışırdı.

Bəzən bu alınırdı.

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


Keçmiş siyasi məhbuslar deyirlər ki, kamera qışda soyuq, yayda isə dözülməz dərəcədə isti olurduImage captionKeçmiş siyasi məhbuslar deyirlər ki, kamera qışda soyuq, yayda isə dözülməz dərəcədə isti olurdu

Məhbusların rahatlıq məsələsində ən böyük bəlaları soyuq və isti idi.

Qışda soyuq olurdu, lakin istintaq təcridxanasında ən pis vəziiyət yayda olurdu.

Yayda saat 5 gəzintisindən sonra kameraya qayıtmaq lazım gəlirdi.

Qışda isə ən azından bizim kamera yaxşı idi, orada istilik vardı.

Yayda isə elə isti olurdu ki, mən gecə saat ikiyə qədər, 130-140 nəfərin olduğu kamerada yuxuya gedə bilmirdim.

Rəsul Cəfərov:

İstintaq təcridxanasında isti su həftədə bir dəfə olurdu.

Bir kamerada isti su şənbə günü, bir kamerada çərşənbə günü verilirdi.

Beləliklə kameralara isti su növbə ilə verilirdi.

Yalnız həftədə bir dəfə biz normal çimə bilirdik. Digər günlərdə isə suyu nəsə başqa bir vasitə ilə bir az qaynada bilirdik.

Koloniyada isə vəziyyət daha yaxşı idi.

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


Azərbaycan həbsxanalarındakı məhkumların televizora baxmaq imkanı varFotonun müəllifiPENITENTIARY SERVICE OF THE REPUBLIC OF AZERBAIJANImage captionAzərbaycan həbsxanalarındakı məhkumların televizora baxmaq imkanı var

Qəzetlər, kitablar, televizor

Yadigar Sadıqov:

Təcridxanada hər kamerada bir televizor var və biz Azərbaycan kanallarına və bir türk kanalına baxa bilirdik.

Koloniyada səhər tezdən gec saatlara qədər işləyən klub var.

Burada televizora baxmaq olardı. İstintaq təcridxanasında nəyə baxmaq çoxluğun səsiylə qəbul edilirdi.

Mən bununla xüsusən maraqlanmırdım, onsuz da əksəriyyət tok-şouya baxmaq istəyirdi.

Yalnız maraqlı film və futbol üçün istisna edirdim.

Koloniyada isə hər şey həbsxana klubunun rəisindən - həmçinin məhbusdan asılı idi, hər şeyi məhz o həll edirdi.

Rəsul Cəfərov:

Mənim bəxtim onda gətirmişdi ki, mənə gətirilən jurnal və kitabların çoxu ingilis dilində idi.

Əgər bu jurnal və kitablar Azərbaycan və ya rus dilində olsaydı, kiçik bir tənqid işarəsinə görə onlari içəri buraxmazdılar.

Məsələn, məndə ərəb inqilabına dair ingiliscə kitab vardı və yalnız "inqilab" sözü həbsxana rəhbərliyinin həddən artıq ehtiyatlı olmasına kifayət idi.

Mən digər siyasi məhbuslarda türk jurnalı görmüşdüm və mühafizəçi Erdoğanın karikaturasını görməyənə qədər heç bir problem olmamışdı.

Yəni ki, bu hətta azərbaycanlı siyasətçi deyil, xaricidir - təəccüblü olan budur.

İntiqam Əliyev:

İstintaq təcridxanasında və koloniyada qanunlar mətbuat nəşrlərini almağı qadağan etmir, amma reallıqda məhkumlara qəzetlər verilmir.

Yalnız mənim Avropa Şurasına və digər beynəlxalq təşkilatlara şikayətimdən sonra məni iki qəzetə abunə etdilər.

Bu qəzetlər mənə nəşr edildikdən bir həftə keçmiş, bəzilərini isə 10-12 gündən sonra verirdilər.

Buna bənzər hadisə koloniyada da baş vermişdi. Sadə məhkumlar müxalifət qəzetlərini ala bilmirdilər.

Mən orada 3 ay qaldıqdan sonra kitabxananın mənə müxalifət qəzetlərini verməsinə nail oldum.

Bu qəzetlər də təzə olmurdu.

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


Bəzən çarpayı hamıya çatmır və məhbuslar növbə ilə yatmağa məcbur olurlarImage captionBəzən çarpayı hamıya çatmır və məhbuslar növbə ilə yatmağa məcbur olurlar

Hara və necə şikayət etməli?

İntiqam Əliyev:


Lap əvvəldən mənim şikayət etməyə səbəblərim var idi.

Xüsusilə, mənim vəkilimlə məxfi söhbət etmək hüquqlarım pozulurdu, mənim bütün yazışmalarıma və telefon danışıqlarıma senzura qoyulmuşdu.

Məni davamlı olaraq qeyri-qanuni yoxlayırdılar. Və mən bu barədə pentensiar xidmətə və ombudsmana şikayət etmək istəyən zaman həbsxana rəhbərliyi heç bir yazılı izahat vermədən mənim məktubumu qəbul etməkdən imtina etdi.

Mən məhkəməyə və dövlət orqanlarına şikayət etməyin yolunu tapdım.

Vəkillə görüşüm zamanı şifahi formada şikayətimi söylədim, o isə sənəd formasında hazırlayaraq lazımi instansiyalara göndərdi.

Lakin, məndən fərqli olaraq əksər məhbusların belə imkanı yox idi.

Çünki onların sadəcə, vəkilləri yox idi. Belə şikayətə görə, onların ciddi cəzalanmaq təhlükəsi vardı.

Azadlığa çıxdıqdan sonra barmaqlıqlar arxasında qalan yoldaşların xahişi ilə kompüterdə kassasiya və apellyasiya şikayətlərini və ərizələri çap edərək yaxınları vasitəsilə bəbsxanaya və istintaq təcridxanasına göndərdim.

Lakin bu strukturlar kompüterdə çap edilmiş ərizələrin həbsxanadan göndərilməsinin qəbuledilməz olduğunu əsas gətirərək məhbuslara bu ərizələri imzalamaga icazə verməmişdilər.

Həbsxana həyatına qədər mən yerli məhkəmələrdə və Avropa İnsan Haqları Məhkəməsində (AİHM) onlarla iş aparmışam.

İstintaq təcridxanasında mənə AİHM-dən məktub gətirmək qadağan edilmişdi.

Məktub, xəbərdarlıq, məhkəmənin qərarı və mənə gələn digər sənədləri istintaq təcridxanasının qəbul otağında qəbul etməkdən imtina edirdilər.

Bununla əlaqədar mən penitensiar xidmətə, istintaq təcridxanasının rəhbərliyinə, Ədliyyə Nazirliyinə məktub yazdım, amma cavab almadım.

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası


İntiqam Əliyev və Xədicə İsmayılovaImage captionİntiqam Əliyev və Xədicə İsmayılova hazırda şərti azadlıqdadırlar

Həbsxananın "üstünlükləri"

Rəsul Cəfərov:

Məhkəmənin ilk iclaslarından birində mənə azadlıqda olduğundan daha çox yatmağa və kitab oxumağa vaxt verdikləri üçün təşəkkür etdim.

Və həqiqətən də, kamerada daha çox istirahət edirsən və ya sadəcə uzanırsan.

İnternet olmadığı üçün kitab oxumaqdan savayı digər məşğuliyyət də yoxdur. Mən heç vaxt həbsxanada oxuduğum qədər kitab oxumamışdım.

Onların arasında Niall Ferguson-un "Sivilizasiya", Malcolm Gladwell-in "David və Goliath", Bernard Werber-in "Qarışqalar", Milan Kundera və daha çox əsərlər vardı.

Kitabları mənə Rusiya, Ukrayna və Avropadan olan dostlarım göndərirdi.

Keçmiş sevgilim mənə Vaslav Havel-in "Olqaya məktublar" kitabını göndərmişdi.

Bu kitab yazıçı həbsxanada olarkən həyat yoldaşına yazdığı məktublardan hazırlanmışdı.

Demək belə idi, əgər o, növbəti məktubu avqustun 25-də yazmışdısa, mən də onu 25-də oxuyurdum.

Bu mənim üçün xüsusi əhəmiyyət daşımırdı, sadəcə həbsxanada başqa məşğuliyyət olmadığına görə, mənə hansısa ritual lazım idi.

Natiq Cəfərli, iqtisadçı, siyasətçi:

İstintaq təcridxanasında gəzinti yeri vardı - 5 metrlik divarları olan yer, pəncərəsiz, yalnız açıq tavanı vardı.

Ora qalxmaq onsuz da mümkün deyildi. Lakin hər ehtimala qarşı tavan armaturla və tikanlı məftillərlə örtülmüşdü və oradan içəri günəş şüaları düşürdü.

Avqust ayı idi, dəhşətli istilər vardı.

Külək yox idi və qonşu gəzinti yerlərindən müxtəlif musiqi səsləri - şanson, meyxana və toylarda çalınan o dəhşətli mahnıların səsi gəlirdi.

Və bütün bu səslər yuxarıdan gələrək bir-birinə qarışırdı. İstidən və musiqidən xilas olmağın yeganə yolu kitab oxumaq idi.

Mənim bir əyri döşəyim vardı, onun bərabər dayanması üçün altına kitab yığırdım.

Mən onu özümlə gəzinti yerinə aparırdım, işıq gələn yerdə, düz barmaqlıqların qarşısında yerə salırdım.

Oranı kitablarla "doldururdum" və oxuyurdum.

Bunlar Condoleeza Rice, Henry Kissinger, Lee Kuan Yew-un xatirələr kitabı, bir neçə avtobioqrafiya və "çərəz" üçün detektivlər idi.

Mən həbsxanada bir ay qaldım, amma bu vaxt ərzində bir ildə oxuduğumdan daha çox kitab oxumağa nail oldum.

Siyasi məhbuslar yoxdur?

Azərbaycan hökuməti dəfələrlə ölkədə siyasi məhbus olmadığını bildirib.

2014-cü ildə Brussel-də keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib: "Biz 10 ildən artıqdır ki, Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük.

Bu ilk olaraq onu sübut eir ki, bizim ölkəmizdə siyasi məhbus ola bilməz ".

Rəsmi Bakının həbsxanada saxlanma şəraiti ilə bağlı mövqeyi də buna bənzərdir.

"Əvvəlki illərdə olduğu kimi, indi də həbsxanalarda və istintaq təcridxanalarında yeməklərin keyfiyyətinə daha ciddi nəzarət olunur", - penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyir.

"Məhbuslar gündə 3 dəfə yeməklə təmin olunur və yeməklər tamamilə normalara uyğundur".

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən elan edilmiş normalar həmçinin müəyyən müddətə verilən yuyucu vasitələrə, sabunlara və gigiyena vasitlərinə də uyğun gəlir.

Bundan başqa Mehman Sadıqov deyir ki, "bütün koloniyalarda ən yeni tibb avadanlıqları quraşdırılır".

Məhərrəm Zeynalov
R4suloffR4suloff

OXUNMA SAYI :324

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff