Bakı-Tbilisi-Qars- minilliklər boyu böyük fatehlərin, imperiyaların xəyalını qurduğu planlardan biri



Nəzakət Məmmədova: "Bu planı Azərbaycan, Gürcüstan, Türkiyə uğurlu diplomatiya sayəsində həyata keçirməyə müvəffəq olub"


 Bakı-Tbilisi-Qars- minilliklər boyu böyük fatehlərin, imperiyaların xəyalını qurduğu planlardan biri

Yaxın günlərdə nəinki Azərbaycanın, eləcə də regionun həyatında daha bir mühüm əhəmiyyətli hadisə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi reallaşacaq. Layihənin əsas iştirakçısı olan hər üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə baş tutacaq rəsmi açılış mərasimi ilə Bakı-Tbilisi-Qars xətti tam işə düşəcək. Nəzərə alsaq ki, bu layihəyə artıq bir xeyli müddətdir ki, ayrı-ayrı dövlətlər, Avropadan Asiyaya qədər olan ölkələr də xüsusi maraq göstərir, o zaman tam əminliklə deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də beynəlxalq əhəmiyyətli bir layihədir. Təsadüfi deyil ki, elə əksər ekspertlər də bu qənaətdədirlər. Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyir ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi nəinki iştirakçı üç ölkənin, həmçinin Böyük İpək Yolunun üzərində yerləşən ölkələrin inteqrasiyasında çox böyük əhəmiyyət kəsb edən qlobal miqyaslı bir layihədir. Onun sözlərinə görə, Çinin Orta Asiya, Orta Asiyanın Cənubi Qafqaz, Cənubi Qafqazın Turkiyə, oradan isə Londona qədər uzanacaq vahid bir infrastrukturda birləşməsi doğrudan da Bakı-Tbilisi-Qarsın olduqca böyük geosiyasi, iqtisadi, ticarət əhəmiyyətli layihə olduğundan xəbər verir: "Bu, minilliklər boyu böyük fatehlərin, imperiyaların xəyalını qurduğu planlardan biridir. Mümkün qədər böyük, əhəmiyyətli ərazilərin, torpaqların birləşdirilməsi, buradan mütəmadi ticarət əlaqələrinin həyata keçirilməsi. Şərqdən Qərbə yürüş edən Çingiz xanın, Atillanın və başqa fatehlərin yüz minlərlə insan həyatı bahasına başa gələn planlarını bu gün üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə uğurlu diplomatiya sayəsində həyata keçirməyə müvəffəq olub.

Ermənistanın Axalkalakidəki yerli ermənilərin etiraz nümayişlərini təşkil etməsindən, Rusiyadakı Axalkalaki icmasının Gürcüstan prezidentinə təxribatçı məktublarından tutmuş, Birləşmiş Statlardakı erməni lobbisinin Konqresə layihənin icrasına Amerikanın maliyyə dəstəyindən imtina çağırışınadək cəhdlərinə baxmayaraq layihə reallaşdı. Ermənistan ilk dövrlərdə layihənin guya real olmadığı barədə əsassız təbliğat aparsa da, daha sonra dəmiryol xəttinin inşasının uğurla davam etməsi bu təbliğatı təkzib etdi. Buna görə də layihəyə qoşulmaq barədə iddialar səslənməyə başladı. Lakin Azərbaycan ərazisinin 20 faizini işğal edən bir dövləti özünün mühüm infrastruktur layihəsində iştirakına təbii ki, imkan vermədi". Ekspert qeyd edib ki, Türkiyə də Qarabağla bağlı Azərbaycanla eyni mövqedə olduğundan və 1993-cü ildən bəri bu ölkə ilə arasındakı Qars-Gümrü dəmiryolunu bağladığından ermənilər Gürcüstanı gah təhdid etməyə, gah yola gətirməyə çalışırlar: "Lakin Gürcüstan hələ çar və sovet dövründə mövcud olmuş, lakin Abxaziya münaqişəsindən sonra fəaliyyəti dayandırılmış Yerevan-Soçi-Suxumi-Tbilisi dəmiryol xəttinin bərpasından imtina edərək, Bakı-Tbilisi-Qarsı seçməklə Ermənistanin təklifindən imtina etdi. Abxaziyada davam edən münaqişə, üstəlik də Yerevan-Tbilisi dəmiryol xəttinin bərpasına 300 milyon dollar tələb olunması Tbilisinin bu plandan imtina etməsinə səbəb oldu. Halbuki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Qərbə siyasi-hərbi inteqrasiya yolu tutan və Gürcüstanın həm də iqtisadi-ticarət cəhətdən inteqrasiyasına kömək edəcəkdir. Dəmiryol xətti hər üç ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstanın ümumdaxili məhsullarının artmasına, əhalinin iş yerləri ilə təmin olunmasına, onun marşrutu üzərində olan infrastrukturun inkişafına təsir göstərəcək".

Nəzakət Məmmədova onu da vurğulayıb ki, bu layihə həm Azərbaycan, həm Gürcüstan həm də Türkiyədə əsasən azərbaycanlıların yaşadığı Qars bölgəsinin inkişafına şərait yaradacaq: "Bundan əlavə ildə təxminən 2 milyona yaxın sərnişinin hava, avtomobil, dəniz nəqliyyatına alternativ olan daha sərfəli dəmiryolu nəqliyyatından istifadə imkanları meydana gəlir. Türkiyədə guya ölkənin cənub-şərq hissəsinə diqqət göstərilmədiyi bəhanəsi ilə terror aktları həyata keçirən separatçı kürdlərin, Gürcüstanda isə muxtariyyət tələbi ilə Tbilisinin başağrısına çevrilən Axalkalaki ermənilərinin separatizm meyllərinin müəyyən qədər azalmasında, adıçəkilən dövlətlərin bu bölgələrdə nüfuzunun artmasına layihənin böyük təsiri olacaqdır. Azərbaycanın bu cür qlobal miqyaslı, sanballı layihələrin əsas təşkilatçısı olması və Ermənistanı bundan kənarda qoyması isə onun üzərində növbəti böyük geosiyasi, siyasi, diplomatik qələbə və üstünlükdür". Ekspert bildirib ki, dünyada müasir dövrdə baş verən separatizm, terrorçuluq, regional münaqişələr ölkələrin bu qlobal təhdidlərə qarşı səylərini birləşdirməyi, bütün sahələrdə əməkdaşlığı genişləndirməyi tələb edir: "Qlobal radikal təzahürlərlə mübarizə isə həm də birgə iqtisadi-infrastruktur əməkdaşlığını və inteqrasiyanı labüd edir, zərurətə çevirir. Bu baxımdan Avrasiya nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars həm də qlobal iqtisadi-ticarət əməkdaşlığının əsas istiqamətlərindən biridir. Multikulturalizm, tolerantlıq kimi dəyərləri özünün əsas prinsipləri sırasına daxil edən ölkəmizin həm də regional iqtisadi-ticarət tərəfdaşlığı vasitəsilə qlobal sülhə, inkişafa və tərəqqiyə töhfələr verdiyi bu mühüm layihənin həyata keçməsilə bir daha öz təsdiqini tapmış oldu".

Süleyman
R4suloffR4suloff

OXUNMA SAYI :261

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff