Qaranlıq uzağı görmək üçündü – Salamın yeni kitabından SEÇMƏ ŞEİRLƏR


Qaranlıq uzağı görmək üçündü – Salamın yeni kitabından SEÇMƏ ŞEİRLƏR



Cəlilabad rayonunda boya-başa çatmış, ölkəmizin tanınmış şairləri sırasında olan Salam Sarvanın yeni çap olunan “Heykəl tənhalığı” kitabından seçmə şeirləri təqdim edir.

Hörüyün əlimdə təsbeh əvəzi

Hörüyün əlimdə təsbeh əvəzi...
Üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçün heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın.
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın.

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram.
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.

İndi mən bir qadının taleyinə vurullam


Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.

Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.

Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

Qızarmış yanağını söykəsən kürəyimə...

Qızarmış yanağını söykəsən kürəyimə...
Yavaş-yavaş düşürəm burda təbdən-təhərdən.
Daha yaşamaq olmur, daha yaşamaq olmur
binası ağacından hündür olan şəhərdə.

Qızarmış yanağını söykəsən kürəyimə,
ayaqyalın, başaçıq girsən bu yağışlara:
sənə kağızdan qayıq, sənə kağızdan çiçək,
sənə kağızdan şeir düzəldib bağışlaram.

Adamlar çox soyuyub, belə soyuq havada
sevmək cana ziyandı, heç bilmirəm neynəyim.
Qızarmış yanağını söykəsən kürəyimə –
yenə ütüyə gəlsə bu qırışmış köynəyim...

SEVGİ və ZAMAN

Düşünürəm bir təqvimə baxıb ZAMAN barədə:
dünən vardın, bu gün getdin, sabah gəlməyəcəksən.
Yəqin, duyuq salmamaqçün məni öz varlığından
bundan sonra barmaqların ucunda gəzəcəksən.

Bəlkə onda biləcəksən
hansı ayrılıq üzündən səssiz yaşar balıqlar...
Bəlkə onda biləcəksən SEVGİ yoxdu, ZAMAN var:
Sevgi nədi – ləng öpüşlər, sürətli ayrılıqlar.

Yəni sevgi deyildin sən, sən tarix idin axı:
saatın neçəliyiydin sən axı bundan qabaq.
Ta beş gün, beş il, beş əsr vaxtın ölçüsü deyil –
niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq

Səni axtarmaq əbəsdi dünyadakı küçədə...
Zamanın harasındasan – gündüzdəsən, gecədə?

Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.
Bilmirəm ömür başıdı, ya ölüm ayağıdı...
Daha adamlar içində təklik deyil mənimki,
əsrlərin içindəki heykəl tənhalığıdı.



Yatağımız çay yatağı

Yenə sıxılır ürəyim,
səninçün darıxıram.
Gözümü dikib tavana
sənə, sənə baxıram.

Burda tənhayam, qorxuram,
bilməm sığınım kimə.
Bir kimsə yanıma gəlmir,
hamı gəlir üstümə...

Bəlkə orda həyatımdan
sən də çıxaçıxdasan.
Yaxın gəl, bir görüm məndən
nə qədər uzaqdasan.

Amma axı bir yerdəyik,
ağrı sənsən, dözən mən...
Yatağımız çay yatağı –
axan sənsən, üzən mən.

Elə hey qan batır, susa qayıdır

Hərəkət başlayıb mənzil başından:
hər şey bu dünyada geri qayıdır.
Bir bax yerişinə, hər addımında
iki ayağının biri qayıdır.

Qəddimiz yıxılır qamış atından,
əlində bir qamış əsa qayıdır.
Elə hey iki şey axır dünyada:
elə hey qan batır, susa qayıdır.

Qayıdar sənin də arxına axar,
gedənlər də dönər, hər şey dönükdü.
Böyüyün yerişi ləng olur bir az,
sevinc gecikirsə, demək böyükdü.

Bir qız üstümdə saç yolur

Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.
Bir yaşıl göz xəstəsiyəm,
görmür, ilahi, görmür.

Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.

Qurumuş çay yatağında –
ölüm yatağındayam:
bir qız üstümdə saç yolur,
hörmür, ilahi, hörmür.

Kənd və qənd

Kənddə doğulub-böyüdüyüm ev
uçulub-dağılmış indi.
O evi hamı və hər şey tərk eləmiş.
Ancaq uşaq vaxtı dişləyib atdığım qəndin
başına yığışan qarışqalar hələ də ordadı.

Əldən pəltəklik

Vaxt gələcək…
bir zamanlar kiməsə barmaq silkələdiyin,
kiminsə arxasınca yellədiyin,
kiməsə sığal çəkdiyin
əllərin qocalıb əsməyə başlayacaq.

Yəni, vaxt gələcək, bir zamanlar
işarələrlə dil-dil ötən əllərin topuq çalacaq.
Əldən pəltəklik daha dəhşətli.

Həə, deməli məlumdu məsələ…

Ata-anayçün, dost-tanışçün, arvad-uşaqçün,
lap elə vətənçün yaşayan insan
ömrün son illərini cənnətçün yaşar –
ata-anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan –
stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi –
bir “kibrit” axtarışında
arvad-uşağa, vətənə, dost-tanışa və sairəyə
toxunmaqdı yaşamaq.

Yaşayış

Məsələn, bir stəkan suyun
ömrü yoxdu əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildi daha.

Təxminən, sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.




Ölçülər

Əslində sıxır adamı
dünyadakı torpaq artıqlığı, yer genişliyi,
bu yekəlikdə də dünya olar?!

Hansı daha çox zalımdı, ilahi –
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?! –
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır adamı
ovuc içindən dərin,
«İ» hərfindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

Əşyalar əhatəsində

Sənin bərkliyin nədi ki, guya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.

Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki özgə əşyalar əhatəsində
insan təkliyidi.

Darıxmağa dəyməz

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Dünyada çox maraqlı şeylər var hələ:
məsələn, maniken qadının
öz içindəki ağrıları nümayiş etdirən yerişi kimi.

Şəkil və fon

Dünən bərk darıxırdım.
Bütün şəkillərimi tökmüşdüm qabağıma:
o şəkillərdəki adamlara yox,
fondakı ağaclara, binalara baxırdım.

Cürbəcür yuxusuzluq

Gecənin eyni vaxtında
oyaq qalanların gözlərində
cürbəcür yuxusuzluq var.

Mən bu sakit gecədə oturub
uzaqdakılarım barədə düşünürəm.
İndicə anladım ki, gün işığı yaxını,
gecə qaranlığı uzağı görməkçündü.

Baxış

Üzümüzü üzünə söykədiyimiz
sevgilimizin çiyinləri üstündən
ayrıldığımız adamlara baxırıq əslində.
İndi bildinmi, niyə darıxırıq əslində?!

Amma yaşaya bilmirəm, bilmirəm...


Bir az iş-güc qatır başı,
bir az da yazı-pozu:
sənsiz yaşaya bilirəm,
narahat olma, “Qızım”.

Amma yaşaya bilmirəm, bilmirəm.

Bir az səndən zəhləm gedir,
bir az da özümdən.
Narahat olma, “Qızım” –
sənsiz yaşamaq mümkünmüş deyə
yavaş-yavaş düşürsən gözümdən.

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...
Narahat olma, “Qızım” –
öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:
o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

Amma yaşaya bilmirəm, bilmirəm...

Hərdən zümzümə edirəm,
hərdən də ulayıram...
Narahat olma, “Qızım” –
yavaş-yavaş sağalıram iflicdən,
məsələn, artıq səni xatırlayanda
başımı bulayıram.

Amma yaşaya bilmirəm, bilmirəm...

Narahat olma, “Qızım” –
mən şəhərdə gəzəndə
insanlar bir adamlıq kənardan keçirlər,
sanki yanımda yeriyirsən deyə.

Eşq

Hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?

Dünyadan çıxış

Dünyadan evdən çıxan kimi çıxacaqsan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?












Kulis.azR4suloffR4suloff

OXUNMA SAYI :361

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff