“Keyser” əməliyyatlarından Cəlil Nəzərov necə qazanır?




“Keyser”  əməliyyatlarından Cəlil Nəzərov necə qazanır?


Masallının səhiyyə “başkanı” Cəlil Nəzərov bu rayonda ən qorxmaz, ən mübariz məmurlardan sayılır. Çünki haqqında nə yazılır, yazılsın, heç kefinə deyil.


“Hamıya çirkin olsam da balam, təkcə yarıma göyçək olaydım” mahnısını özünə həyat məramı seçən Cəlil müəllim şəxsi maraqlarını qorumaq şərti ilə nazirlikdə və rayonda 2-3 nəfərə yaxşı olmaqla, onlara hər cür diqqət göstərməklə elə bilir ki, olduqca böyük siyasət yeridir və hamını aldada, hamını incidə bilər.

Təkcə internetdə “Masallı Mərkəzi Xəstəxanası, Cəlil Nəzərov” yazmaq kifayətdir ki, onun haqqında onlarla tənqidi, bir az kəskin desək, ifşa edici materiallar quzu kimi “mələyə-mələyə” gəlir. Heç birini də rəsmi təkzib edə bilmir. Ən uzağı yüksək “mədənilik” göstərib mobil telefonla məqalə yazan jurnalisti söyür. Həmin yazılardan bir neçəsinin linkini yazıya əlavə edirik.

qafqaznews.az

www.miq.az

bakunews.az

oxu.az

Burasını bir az məzə üçün yazdım. Allahtərəfi deyəndə Cəlil müəllimin də qorxduğu adamlar var. Hansı ki, “optovoy” pensiya kartı və buna bənzər işlərlə məşğul olanlar var ha, hansının ki, çoxlarının da yeri elə bizim ofisin qarşısındakı bağdır. Cəlil müəllim, maşını ilə oralardan keçəndə həmin şəxsləri görüb, tez yerə düşür, itkin düşən qardaşın tapmış kimi, bu dəllalları qucaqlayıb, març-murç edir.
Yüksək mədəniyyət başqa şeydir.

Masallı Rayon Mərkəzi Xəstəxanasında xəstələrin yeməyindən tutmuş güzəştli xəstələrə dərmanların pulsuz verilməsinədəki saxtakarın ucu-bucağı görünmür.
Əgər fakt istəyirsinizsə dəqiq ünvan deyim - yaxın bir dostum, yüksək şəkərli diabet xəstəsi kimi 6 aydır ondan insulin ala bilmir. Səhiyyə nazirliyinin rəsmiləri deyir ki, biz güzəştli dərman almaq hüququ olanlara kifayət qədər iynə-dərman veririk.

Hansı aptekə getsən, puluna minnət istənilən miqdarda insulin ala bilərsən. Sual olunur, ölkədə insulin yoxdursa, apteklərdə həmin iynə niyə aşır-daşır?

Heç olmasa, apteklərə satdığınız insulini aşağı qiymətə yetim-yesirə də satın, onlar da aptekdən həmin dərmanları 2 qat qiymətinə almasınlar.


Çoxların bəllidir ki, xəstəxanada çarpayıların çoxu boşdur. Sənəddə isə xəstələr aşıb-daşır - əlillik almaq üçün, əsgərlikdən saxta yolla yayınmaq üçün burada adı olub, özü olmayan xeyli xəstə var.
Bir dostum deyir ki, sən xəstəxanadakı nöqsanlarla heç kimi təəccübləndirə bilməzsən. Yazsan ki, Masallı xəstəxanasında heç olmasa 1-2 düzgün iş var, bax, orası təəccüblü olardı.
Bəlkə də Cəlil müəllimin çox işlərini bağışlamaq olardı, bircə, çoxlarımızın fəxr yeri olan, həmkəndlisi Mübariz Mənsimovun adı ilə oynaması olmasa idi. Sirr deyil ki, Cəlil müəllimin əksər söhbətlərinin mübtədası da, xəbəri də ya Mübariz Mənsimovla, ya atası ilə başlayır və bitir.

“Mənə belə dedi, filan-vaxtı filan elə, məni görən də dedi ki...” Yəni ay camaat bilin ki, arxamı hara söykəmişəm. Bir az uzaq görənlər də bilir ki, Mübariz müəllim başqa cür şəxsiyyətdir.

O həm də Azərbaycanda belə bir məsəlin olduğunu da bilməmiş deyil - dostunu göstər, deyim, necə adamsan.

İndi çocuqlar da bilir ki, Masallı xəstəxanasında sənədlə hər şey pulsuz olsa da, orada hər aparatın öz qiyməti, hər otağın öz qiyməti - giriş qapısına yaxın, uzaqlığına görə hesab 300-500, bəzən 1000 arası dəyişir.
Hər şöbənin “tas”ı ilə kifayətlənməyən Cəlil müəllim beynəlxalq təcrübədən faydalanaraq hər həkimə, hətta orta tibb işçilərinə özünə məxsus “tas” qoyur, həkim gecə növbətçi qalırsa, o işin “tas”ı tam başqadır.
Uşaq ölümlərinin birini deyəndə, 2-sini gizlədirlər. Naşı cərrahın əlində əməliyyat olunandan 2 gün sonra xəstə ölür, ört-basdır edirlər. Guya, xəstə pis yuxu görüb, ölüb.

Cəlil müəllim İndi böyüklərdən qurtarıb keçib körpələrə. Hələ doğulmamış uşaqlar belə ona xeyir gətirir. O xəstəxanada Keyser əməliyyatını əsil qazanc yerinə çevrib.
Hamilə qadın xəstəxanaya ayaq basan kimi dərhal deyirlər, aman, aman, nə gündəsən, təcili əməliyyata hazırlayın, uşaq üstdən götürülməlidir. Xəstənin sahibi narazılıq edəndə, göndərirlər Lənkərana. Sən demə, oradakı da bunlarla əlbir işləyirmiş. Deyir, Masallıdakı həkim deyən düzdür.

Kim ki, duyuq düşüb, tam yad həkimin yanına gedir, məlum olur ki, nə keyser-filan, adı doğuşdur.

Sadəcə adi doğuşa 100-150 manat alırlarsa keyserdə haqq-hesab 400-500 arası olur. Bir zarafatçıl deyir ki, illərlə uşağı olmayanı da məzə üçün Masallıda ginekoloji şöbəyə aparanda, deyirlər, təcili keysəriyyə olunmalıdır, uşaq tərsə gəlir.


Babalı deyənlərin boynuna. Bir nəfər pıç-pıçla dedi ki, xəstəxanada bəzi ciddi sahələrə baxanlar arasında bir-iki narkoman-həkimlər də var.


Kim haranı bitiribsə bu əsas deyil, əsas odur ki, sənin pulun hansı vəzifəyə uyğun gəlir.

Burada xadimə kimi işə götürülüb, cərrah da işləmək olar. Yəni ən aşağısı tibb bacısı işləyə bilərsən, bir illik əmək haqqını unudub, rəhbərliyə hədiyyə edə bilsən.


Bütün halları müqayisə edəndə Cəlil müəllim çox duz edir-ay vicdan belə gəldi, mənəviyyat belə getdi.

Allahşükür Paşazadədən çox bilməyəcək ki, kişi açıq-acığına dedi ki,”heç mən bilmirəm vicdan nədir”. Nazirlərimiz milyardlarla yeyəndə yaxşı olur, Cəlil müəllim 200-300 min yeyəndə pis?


Amma bir çox mənbələrdən bizə çatan məlumata görə, hörmətli Cəlil müəllimin də vicdan hərdən tərpənir-məsələn oğlu 100 minlik maşını qəzaya salıb zibilə döndərəndə və bəzi yerə-göyə sığmayan nazirlər işdən çıxan kimi cücəyə bənzəyəndə, əjdahalar öz balalarını “yeyəndə”, güllə keçməzə məmurların əzizləri doğmaları avtomobil qəzalarında bir anda dünyalarını dəyişəndə - deyirlər, o da xəyallanır, yaxınlarına deyir ki, qorxuram, xəstəxanada “qandan”, “irindən” çıxan yediyim çörəyin geriyə çıxışı bədənimin çox təhlükəli yerlərindən xaric ola bilər? Bəlkə hamısını olmasa da, bəzi tamahla bağlı əməllərimi tərgidim, necə deyərlər, bir az yavaşıdım.

Ona görə, son vaxtlar pullarını bir qismini yönəldir yüz hektarlarla əkin sahəsinə, şəxsi apteklərinə, restoranlarına və... bir də, daha onu demirəm, onsuz da hamı bilir - bilməli olanlar da, olmayan da.
Nə isə. Yazı bir az uzun çıxdı. Cəlil müəllim dostumuzdur. Bağışlasın ki, onun haqqındakı bu yazımız bir az zəif alındı. İnşallah, yaxın vaxtlarda Cəlil müəllimin adına-sanına layiq sanballı yazı ilə onun meydanına gələrik.
Gülə-gülə, Cəlil müəllim. Vaxt tapsaq, arada Gəmoda görüşərik.

Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :1084

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff