Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı



Gülağa Tənhanın savabı nə, günahı nə?
Yaxud, o, rəqiblərinin əlinə necə oynayır?


Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı


20 ilə yaxındır ki, Gülağa Tənhanın adı həm müsbət, həm mənfi mənada mətbuat səhifələrindən düşmür. Bu günlərdə isə anaxeber.az saytı Gülağa Tənha ilə bağlı yazı paylaşmışdı.
Oxucuların rəyini öyrənmək üçün kiçik bir şərhlə biz də həmin yazını cenubxeberleri.com saytında yerləşdirmişdik.

(Həmin yazının linki burada cenubxeberleri.com)

Gözlənildiyi kimi bir çoxları həmin yazını qərəzli məqalə kimi dəyərləndirdi. Təəssüf ki, reaksiyalar elə də güclü olmadı. Yazıda həqiqət olan bir sıra məqamlar yer alsa da, ümumən yazı Gülağa Tənhanı gözdən salmağa yönəlmişdi.
Yazıda pərdəarxası bəzi “yad nəfəslər”də duyulmaqda idi.
Bir sıra detallarda isə açıq-aşkar təhrifə yer verilmişdi. Biz bir qədər aşağıda onların bəzisinə aydınlıq gətirəcəyik.

Öncə isə həmin yazının son cümləsindəki etirafa nəzər salaq:
“Bütün hallarda Gülağa Tənhanın xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə də gözə dəymir”.

Bəli, Gülağa Tənha xeyriyyəçiliyi ilə də, bəzi nöqsanları ilə də bir çox sərhədləri aşan insandır.

Gülağa Tənha elə insandır ki, onun xeyirxah əməllərindən bir dastan bağlayarsan, hamı da heyran qalar, hətta əməlli-başlı heyrətlənə bilər və deyər, heç çoxunu deməmisiniz. Eləcə də onun bəzi qeyri-ciddi əməlləri var ki, sadalasan, ən yaxınları, doğmaları belə çaş-baş qalar. Bütün hallarda isə mənfisini və müsbətini daş-tərəziyə qoysan, xeyirxah əməlləri bir çox kəm-kəsiri kölgədə qoyar.
İndi isə adı çəkilən yazıda bəzi məqamlara aydınlıq gətirək.

Doğrudanmı Gülağa Tənha prezident olmaq istəyir?

Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı


Bu olduqca absurd, heç bir kökü olmayan bir iddiadır. Belə iddiaları irəli sürənlər fikirlərini heç nə ilə əsaslandıra bilməzlər. Sadəcə, hakimiyyətin həssas nöqtəsinə toxunmaqla onu “güllə” qabağına atmaq istəyirlər.

“Gülağa Qəmbərov Fondu”

Ölkədə xeyriyyə fondlarının çox olmasının məncə heç kimə ziyanı yoxdur. AXCP-Musavat hakimiyyəti dövründə az qala hər kənddə xeyriyyə fondu, cəmiyyəti var idi. “Gülağa Qəmbərov Fondu” da səhiyyə, elm, idman, mədəniyyət və digər sahələrdə samballı töhfələri olan bir fond olub. Təəssüf ki, bəzi müəmmalı səbəblər üzündən həmin fond bir neçə ildir ki, bağlanıb. İndi bu Fondun yaradılmasını, onun onlarla yox, yüzlərlə xeyirxah işini şübhə altına almaq, fond yaratmağı ən azında günah kimi təqdim etmək başa düşülən deyil.

Gülağa Tənha və Əhəd Abıyev

Bəhs etdiyimiz yazıda belə bir cümlə var- “onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abıyev haqq səsini qaldırmışdı”
Necə deyərlər, müəllif özü bilmədən, “atın” yerini deyib.
Belə ki, Gülağa Tənha və Əhəd Abıyev münasibətlərini ən azı 14 illik tarixi var. Bu savaş 2004-ci ildə pik nöqtəsinə çatdı. Həmin vaxtlar Əhəd Abıyev 71 saylı Masallı Seçki Dairəsindən deputat idi. Ərkivan qəsəbəsi (o vaxt kənd idi) bu dairəyə daxil idi.

Əhəd Abıyev Ərkivanın deputatı olduğu 10 il müddətində burada zərrə qədər də bir xeyirxah iş görmədi. Nəinki görmədi, əksinə Ərkivanın tanınmışlarına - Teymur Yəhyayev, Səftər Əzimov, Əliməmməd Nuriyev, Gülağa Tənha, Zahir Əmənov və başqalarına cürbəcür “papaqlar” atdı, onları aşağılamaq üçün müxtəlif şər-böhtanlardan faydalandı.

Gülağa Tənha isə həmin vaxt “Ağ atlı oğlan” kimi meydana çıxıb qısa müddətə yaşadığı Ərkivanın Miyondi məhəlləsinə asfalt yol, yol kənarına səki, elektrik lampaları çəkdirdi. Şəhidlərin şərəfinə abidə-bulaq ucaltdırdı. Məhəllə qəbiristanlığında bir çox abadlıq işlər gördü. Yüzlərlə insanın problemlərinin həllinə yardımçı oldu.


Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı


Belə məqamda Əhəd Abıyevlə Gülağa Tənhanı müqayisə edənlər qəribə mənzərənin şahidi oldular- yəni deputatın əməlləri hara, xeyriyyəçinin əməlləri hara? Bundan qıcıqlanan Əhəd Abıyev Gülağa Tənhanı hədəfə götürdü. Ölkə mətbuatında onun əleyhinə kəskin yazılar dərc etdirdi. Cavab tədbirləri özünü çox göstərmədi. Abıyevlərin keçmiş dostu, həmin vaxtlar isə rəqibi (indi münasibətləri dəqiq məlum deyil) Əhəd Əhədov Bakıda mətbuat konfransı keçirtdi. Ölkənin 30-dan artıq qəzetində, o cümlədən “Cənub xəbərləri” qəzetində (“Uduzan Masallıdır” adlı qoşa səhifəlik yazı ilə) Abıyevlərin bütün neqativ hərəkətlərini tənqid edən yazılar dərc olundu.

Həmin vaxt belə bir məlumat da dolaşdı ki, Ə. Abıyev bir deputatla Gülağa Tənha ilə görüş təyin edir. Ona birlikdə hündür mərtəbəli binalar tikmək təklif edilir. Lakin Ə. Abıyev görüş yerinə 1,5 saat gec gəldiyi üçün G. Tənha da “Mən bu görüşə cəmi 2 saat vaxt ayırmışdım, gecikdiyiniz, 2 saat tamam olduğu üçün mən gedirəm” deyib, onlarla cəmi 30 dəqiqə əyləşib, hesabı da verərək, məclisi nümayişkaranə tərk edib.
İndi saytın “onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abıyev haqq səsini qaldırmışdı” yazması qəribə səslənir. Yəni, Əhəd Abıyev də, onun yaxınları da o qədər haqsızlığa göz yumub və o qədər haqsızlıqlar ediblər ki, belə ifadələr bu işin içində olanlara, həmin şəxsləri yaxından tanıyanlara olduqca gülməli və istehzalı görünür.

Gülağa Tənhanı o vaxtki MTN şefi ilə bağlı da hədəfə götürmək ədalətsizlikdir

Yazıda Gülağa Tənhanın Eldar Mahmudovla birgə şəkillərinin olması da yazıda G. Tənhanın günahları kimi göstərilir. Amma xatırladaq ki, Gülağa Tənha Eldar Mahmudovun ən “at oynadan” vaxtında “SəsTV-yə” canlı müsahibə verərək MTN-ni açıq bazara bənzətmişdi. O vaxt hakimiyyətyönlü saytda bunu demək cəsarət tələb edirdi.

Gülağa Tənha sonradan da çox xeyirxah işlər gördü. Şamaxıda Sabirə heykəl qoydurdu, Masallıda məktəb tikdirdi, Qocalar evini əsaslı təmir etdirdi, onlarla alimə, xüsusi istedad sahiblərinə, imkansıza yardımçı oldu.

Lakin yazıda bəzi gileyləri təsdiq etməyə məcburuq. G. Tənha ailə məsələlərində bir qədər qeyri-ciddidir. Etdiklərinin də reklamına bəzən qədərindən çox diqqət ayırır.

Onun verdiyi bir sıra vədlər də təəssüf ki vəd olaraq qalır.
3 il öncə Gülağa Tənhanın deputatlığa namizədliyi qeydə alınmayandan sonra o, Masallıda, o cümlədən Ərkivanda hər hansı bir xeyriyyəçilik etməyib. Kim kimdən küsüb bilinmir.
Əgər DSK hər hansı səbəbdən onun namizədliyini qeydə almayıbsa, bu, ərkivanlıların günahı deyil.

Hazırda Ərkivanın göz deşən problemləri, onlarla imkansızı, soyuqdan evində donmaq üzrə olanları, qaz, işıq pulundakı borca görə çabalayanları, “böyük yola” çıxa bilməyən, təhsil haqqını verə bilməyən istedadları var. Onlar Gülağa Tənhaya hədsiz böyük ehtiyac duyur. İnanırıq ki, olduqca həssas və ürəyi yumşaq Gülağa Tənha yenə doğma yurda üz tutacaq, xeyirxah addımları ilə yüzlərlə insanın ürəyində işıq yandıracaq. Yada da, doğmaya da sübut edəcək o xeyirxahlığı ilə çoxlarının əli çatmayan bir ucalıqdadır.

Ərkivanlılar bir sıra qüsurlarına baxmayaraq Gülağa Tənhanı çox istəyir, ondan çox şey umurlar. Onun qəsəbədə inşa etdiyi, ən azından cənub bölgəsində analoqu olmayan, əhalinin pulsuz istifadə etdiyi 2 mərtəbəli Mərasim evində ona edilən dualar çox şeydən xəbər verir.

Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı


Bəlkə də bəzilər “Sən südlü inək ol, vur səhəngi dağıt” misalını əsas tutub, onun bəzi qüsurlarını da bağışlayırlar.

Qısası, Gülağa müəllim, Ərkivanın da, Masallıda digər məkanların da sənə çox ehtiyacı var. Yenə, həmin “Ağ at”ına min, hər bir mənada KƏNDİNƏ qayıt. Ərkivana vəd etdiyin 15 milyonun heç olmasa 1 milyonunu Ərkivana ərmağan et, qayıt, yerinə qoy “ayı”, “günəşi”. Bu, həm də sənin haqqında yazılanlara, deyilənlərə layiqli cavabın olar.

Zaman da əvvəlki deyil. Sənin gəlişinə bu gün rayon rəhbərindən tutmuş ən sıravi vətəndaşadək hamı sevinər.


Yazının sonunda bir daha anaxeber.az-da gedən yazının sonuncu cümləsini yada salırıq

“Bütün hallarda Gülağa Tənhanın xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə də gözə dəymir”.

Zahir

Qeyd: Masallının digər tanınmışı Mübariz Mənsimov haqqında da deyilmiş və deyilməmiş, deyə bilmədiyimiz sözlər var ki, yəqin həmin məqamlara da yaxın vaxtlarda aydınlıq gətirəcəyik.


















R4suloffR4suloff

OXUNMA SAYI :945

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az