(Tam yenilənib) Şəhidlər Xiyabanındakı qəbir daşlarına görə işdən çıxarılan masallılı məmur



Dilxoş Nuriyev:

“Heç kim deyə bilməz ki, Ədalət müəllimə rüşvət verib.”

“Təsəvvür edin, on illərlə Bakı şəhərinin təsərrüfatına rəhbərlik edəsən, ancaq övladların, qohumların üçün bir obyekt belə qoymayasan.”

“O qədər saf, dostcanlı, haqq tərəfdarı idi ki, hədsiz səlahiyyətləri ola-ola, elə bil sağdan, soldan axan “bulanıq suların”, milyonların buna heç dəxli yox idi."

(Tam yenilənib) Şəhidlər Xiyabanındakı qəbir daşlarına görə işdən çıxarılan masallılı məmur


Bir neçə saat əvvəl FB səhifəmdə aşağıdakı məzmunlu bir status paylaşmışdım:

Bakının sabiq vitse-meri, masallılı Ədalət Əzizovla bağlı bir 20 yanvar xatirəsi - Bəlli olduğu kimi Masallı rayonundan hakimiyyətin mərkəzi postlarında vəzifə tutanlar çox az olub. Həmin “azlardan” biri də Masallının Yeddioymaq kəndində anadan olmuş Ədalət Əzizovdur.
Ədalət Əzizov Rusiyada ali təhsil aldıqdan sonra Bakıda, Kommunal Təsərrüfatı Nazirliyində, o vaxtkı Mərkəzi Komitədə, Bakı şəhər İcra hakimiyyətində, daha sonralar Nazirlər Kabinetində işləyib. O, 2017-ci il, yanvar ayının 28-də, 72 yaşında dünyasını dəyişib. Ədalət Əzizov Masallının ilk ali təhsillilərindən biri olan Cəfər Əzizovun oğlu idi.

Bu günlərdə Bakıda məsul vəzifədə çalışan Masallının tanınmışlarından biri onun vətənpərvərliyi ilə bağlı maraqlı bir söhbət etdi.

Deməli, 20 yanvar faciəsindən sonra Sovet rəhbərlərinə maraqlı deyilmiş ki, şəhidlər üçün möhtəşəm baş daşları qoyulsun. Tapşırıq belə imiş ki, çox da diqqət çəkməyən baş daşları ilə kifayətlənilsin.

Bu iş o vaxt Bakı Şəhər Sovetinin sədrini əvəz edən, həmin qurumun 1-ci müavini Ədalət Əzizova həvalə edilir. Baş daşlarını hazırlatdırmaq üçün Ukraynaya ezam olunan Ədalət Əzizov rəhbərliyin tapşırığını pozaraq, həmin dövrə görə ən dəyərli, ən bahalı olan qranit və mərmərlərdən baş daşları hazırlatdırır. Özü şəxsən, bu işin başında dayanır. Və onun gətirdiyi baş daşları əsasında Şəhidlər Xiyabanında indi gördüyümüz möhtəşəm kompleks hazırlanır.

Bundan xəbər tutan “Moskva” Azərbaycan rəhbərliyindən tələb edir ki, bu işi icra edən şəxs vəzifəsindən kənarlaşdırılsın. Rəhbərlik də buna əməl edərək onu daşıdığı vəzifədən azad edir. Mütəllibov hakimiyyətdən gedəndən sonra Ədalət Əzizov 2-ci dəfə həmin posta- Bakı Şəhər Sovetinin 1-ci müavinliyinə təyin edilir və uzun müddət sədr yeri boş olduğu üçün Bakı “meri”nin vəzifəsini icra edir.

Onu yaxından tanıyanların bildirdiyinə görə Ədalət Əzizov olduqca vətənpərvər, korrupsiyaya uğramamış, insanlığa, yoldaşlığa, xüsusən mədəniyyətə yüksək dəyər verən insan olub.

2018-ci il Yanvarın 28-də onun dünyadan köçməsinin 1 ili tamam olacaq. Allah rəhmət etsin, ruhu şad olsun!


Bu yazını sosial səhifədə yerləşdirdikdən sonra göründüyü kimi kifayət qədər rəylər və bəyənmələr oldu. Ən maraqlısı isə onu tanıyanların bizə edilən zəngləri idi. Belələrindən biri, əslən Masallıdan olan, ölkənin tanınmış inşaatçılarından sayılanDilxoş Nuriyevin zəngi oldu.

Dilxoş müəllimlə söhbəti olduğu kimi sizə təqdim edirik:

- Öncə təşəkkür edirəm ki, Ədalət müəllim kimi gözəl, nümunəvi bir insanı izləyicilərinizə təqdim etmisiniz. İnanın ki, Ədalət müəllimin ömür yolu çoxlarına nümunə olacaq bir kitabdır, filmdir.
Rəhmətlik Ədalət müəllim Bakının şəhər təsərrüfatına damar-damar bələd idi. Layihəsiz-filansız hansı borunun, hansı xəttin haradan keçdiyini əzbər bilirdi. O, Bakı şəhər təsərrüfatının canlı ensiklopediyası idi.

Ədalət müəllimin ən möhtəşəm xasiyyəti, o qədər səlahiyyəti ola-ola təmənnasız insan olması idi. Bir şəxs deyə bilməz ki, Ədalət müəllimə rüşvət verib. Ciddi maddi ehtiyacı olub, on minlərlə rüşvətə boyun əyməyib, borc alıb, amma rüşvət önündə kiçilməyib. Bəzən otağında elə qışqırardı ki, elə bilərdik, nəsə fəlakət olub. Sonra bəlli olurdu ki, ona kimsə külli miqdarda rüşvət təklif edib, o da belə qəzəblənib.

Konkret bir misal deyim. Babək prospekti ilə Əhmədli arasında tikinti işləri aparırdıq. Ədalət müəllimin bircə işarəsi kifayət idi ki, 10 hektarla torpağı kiminsə adına sənədləşdirəsən. Ədalət müəllim o işlərə tam səlahiyyətli bir şəxs idi. Bir dəfə çəkinə-çəkinə ona yaxınlaşıb dedim ki, Ədalət müəllim bəlkə buradan 1 hektar torpaq da biz götürək. Həm siz, həm mən nəsə bir şey tikərik. O mənə elə qəzəblə baxıb, hirslə “get işinlə məşğul ol, deyib” yanımdan uzaqlaşdı.

Təsəvvür edin, on illərlə Bakı şəhərinin təsərrüfatına rəhbərlik edəsən, ancaq övladların üçün bir obyekt belə qoymayasan. Ədalət müəllim yeyib-içən, gözəl sağlıqlar deyən insan idi. Lakin Rusiyada təhsil aldığındanmı, Cəfər müəllim kimi kristalın, Məryəm xanım kimi alicənab bir xanımın ailəsində tərbiyə aldığındanmı, sağ-solunda uçuşan milyonlara biganə idi.

Təsəvvür edin, onun imtina etdiyi torpaq sahəsinin indi bir hektarı 25-30 milyona, 10 hektarı 250-300 milyon manatadır. Belə başgicəlləndirici gəlirdən imtina etmək, deyərdim ki, bir qəhrəmanlıq idi.

Onu kabinetdə tapmaq çətin idi. Daima iş başındaydı. Ədalət müəllimi ütülü, səliqəli paltarda görən az olardı.

Bir dəfə hansı bina isə uçmuş, zirzəmisində ciddi problem yaranmışdı. Yağışlı hava idi. Səliqəli kostyumda olduğum üçün zirzəmiyə girməyə tərəddüd edirdim. Bir də gördüm ki, Ədalət müəllim dizə qədər zirzəmidəki palçığın içindədir.

O qədər saf, dostcanlı, haqq tərəfdarı idi ki, hədsiz səlahiyyətləri ola-ola, elə bil sağdan, soldan axan “bulanıq suların”, milyonların buna heç dəxli yox idi. Yəni, bütün hallarda saflığını, təmənnasızlığını, gözü toxluğunu qoruya bilirdi.

Onun mənim həyatımda, bir kadr kimi yetişməyimdə əvəzsiz rolu olub. 23 yaşım var idi.
Təyinatlı Bakı Şəhər Sovetinin tikinti şöbəsinə işə götürülmüşdüm. Siravi mühəndis idim. Bakı Bulvarının “Venetsiya” adlanan hissəsində çalışırdıq. Ədalət müəllim gecə-gündüz burada işlərə rəhbərlik edirdi.

Bir dəfə Bakı şəhər partiya Komitəsinin 1-ci katibi Fuad Musayev ora gəldi. Ədalət müəllim gənc kadr kimi məni ona təqdim etdi. Fuad müəllim dedi ki, bu cavan oğlan buradakı işləri vaxtında təhvil versə, onu idarə rəisi təyin edərsən. İşi vaxtından əvvəl bitirdim. Lakin Ədalət müəllim, Bakının rəhbərinin tapşırmasına, onun yerlisi olmağıma baxmayaraq, “İdarə rəhbərliyi hələ sənin üçün tezdir. Hələlik baş mühəndis təyin edirəm səni”.-dedi.

Daha sonra Azərbaycan kino-teatrının təmiri zamanı, yenə Fuad müəllimlə rastlaşdıq. Dedi ki, bu cavan oğlanı idarə müdiri təyin etdin? Ədalət müəllim dedi ki, bu obyekti də layiqincə təhvil versə, onu idarə müdiri təyin edərik. Elə də oldu. Yəni, deməyim odur ki, Ədalət müəllim bacarığına, peşəkarlığına bələd olmayan adama yüksək post etibar etməzdi. Həmin adamın kimliyindən asılı olmayaraq.

O bir saflıq, paklıq simvolu idi. Heyf ondan. Həyatının son illəri çox acınacaqlı oldu. Həyat yoldaşını vaxtsız itirdi. Bir sıra haqsızlıqlarla qarşılaşdı.
Amma onun övladları – oğlu Zaur. Qızları Səadət və Nigar xanım həqiqi mənada fəxr edə, qürurla deyə bilər ki, Ədalət kimi kristal bir kişinin övladlarıdır.

Yəqin ki, məndən başqa da onun haqqında ürək sözlərini deyən olacaq.
Arzu edərdim ki, siz də bir jurnalist kimi onun ömür yolunu daha diqqətlə izləyib, imkan olarsa onun haqqında kitab yazasınız. Ədalət müəllim, Masallının yüksək vəzifəyə yüksələn, öz əməli ilə həmin vəzifəni daha da şöhrətləndirən, ucaldan bir insan idi.
Onun mənim, eləcə də onlarla gəncin həyatında, yüksəlişində olduqca böyük və təmənnasız zəhmətləri olub. Çox qürur duyuram ki, belə bir insanla yanaşı işləmişəm. Allah onu rəhmət, yerin cənnətlik etsin.

Qeyd: Ədalət müəllimlə bağlı digər xatirələrə də yer ayırmağa hazırıq.

Hazırladı: Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :2373

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az