Zamanı qabaqlamaq olarmı?




Yaxud, zamandan geri qalmağımızla özümüzə çoxmu təsəlli verəcəyik?


Zamanı qabaqlamaq olarmı?


Qışda adamın qayğıları da, dərdləri də, mənə elə gəlir ki, daha tünd, daha ağrılı olur. Necə deyərlər, adam bir az xəyallanır, “filosofluq” etmək istəyir.

Əyalətdə oturub, olub-keçənləri, dünyada baş verənləri saf-çürük etdikcə, sadəlövh şəkildə də olsa, “biz haradayıq, yaxud harada olmalıydıq?” suallarına daha çox cavab axtarmaq arzusunda olursan.

Bəxtimizə çox ucqar olmasa da, bir kənd rayonunda yaşamaq düşüb. Çox nisgilli durumda yaşayan da var, kef içində yaşayan da, “palaza bürün, elnən sürün” misalına sığınıb bir təhər gününü keçirən də.
Texnikanın tərəqqisi ilə dünya “balacalaşıb”. Dünyanın “o başına” getmək də, oradan xəbər tutmaq da çox asan olub. Və gördüklərimizlə, eşitdiklərimizlə yaşadıqlarımızı müqayisə edəndə ağlı üstündə olanların az qala ağlı çaşır.

Dünya dördüncü sənaye inqilabına hazırlaşır – uçan maşınlar, elektriklə işləyən avtomobillər, insanla insan kimi ünsiyyət quran robotlar, Marsa səyahət, bədən üzvlərinin printerdən çıxarılması... daha nələr, nələr.

Lakin biz hələ də “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik” kəlamını xatirəyə çevirə bilməmişik.

XXI əsrin beşdə birini arxada qoymaq üzrəyik. Hələ də onlarla, yüzlərlə idarə rəhbəri, məktəb direktoru kompüteri açıb bağlaya bilmir, e-mail nədir, sosial səhifə nədir, bilmir (Hələ illərlə kitab-qəzet oxumayanları demirəm).

Niyə icra başçıları, polis rəisləri, prokurorlar youtube vasitəsi ilə insanlarla canlı ünsiyyət qurmur, video çıxışlar bir yana, heç televiziya kanallarında çıxış etmirlər. Yenə şablon iclaslar, şablon çıxışlar, bezdik axı.


Hökumət idarələrinin binaları günbəgün gözəlləşsə də, əksəriyyətinin içində iş sistemi düzəlmir ki, düzəlmir.

Bəzilərinə elə gəlir ki, hələ də corabından papağınadək üst-başını orden-medalla bəzəməklə, əlinə keçən bəzəkli dəmir parçasını medal adı ilə sinəsinə taxmaqla kimlərinsə gözündə ucalacaq, yaxşı imic əldə edəcək. Bəziləri o qədər maskalanır, maskalarını elə tez- tez dəyişir ki, nəinki başqaları, heç özü də bilmir ki, hansı sifətin sahibidir.

Postsovet məkanının veteranlarından olan Nazarbayev də bildirir ki, bizim əsas işimiz 4-cü sənaye inqilabına hazırlaşmaq olmalıdır. Biz isə hələ də günümüzün çoxunu çıxmayan, yaxud ara-bir çıxan qəzetlər üçün abunə pulu yığmaqla, nədən daha çox çırpışdırmaqla, addımını bir az qabağa atanları ləkələməklə, ölənin qəbri üstdə 3 gün çadır qurmaqla, məktəblərdə “xadimə biznesi” ilə pul qazanmaqla “yüksəlməyə” çalışırıq.

Az qala avropalıların həsəd apardığı gözəl, müasir xəstəxana binaları tikirik, içində isə normal həkim tapmırıq. Bir-birindən gözəl məktəblər tikirik, bir çoxunda normal istilik olmur. (Ucqarlarda isə bəzi təzə məktəblərin idman zalında olan duşxanasından hamam kimi istifadə edirlər). Həmin gözəl məktəblərin bir çoxuna rəhbərlik edənlərin düşüncəsi 20-30 il keçmişdə qalmış, nəinki əməlləri, hətta arzuları qıcqırmış, kiflənmiş, nimdaş, pölüşkəmiş fikirlərlə, şair demişkən, evdə xoruz, çöldə fərə devizi ilə yaşayırlar. Əvvəllər belə gözəl məktəb binaları yox idi, amma fizika, kimya və sair laboratoriyalarda maraqlı dərslər keçirilərdi. İndi gözəl laboratoriyalar, kompüter otaqları, kitabxanalar var, amma qapısını açan yoxdur.

Direktorların çoxu bahalı maşınlarda gəzsə də, bir çoxunun həyat yoldaşı, gəlini və s. kağız üzərində xadimə “işləyir”.


Bir mahnıda deyilmişkən, hörməti var el yanında yaxşının da, yamanın da. Bəlkə də rayonda kimin daha bol orden, medal aldığından bir çoxları xəbərsizdir, lakin rayonun Baş Yaltağı deyən kimi həmin adamı barmaqla göstərirlər. Belələrinin 3-5 manata görə, hansı biabırçılığa getdiyini də hamı bilir.
Bu yazıda bir az sağa-sola getsək də, əslində yazını yazmaqda məqsədim başqadır.

3-4 ildir ki, Masallını elektron salnaməsini yaratmaq istəyirik. Bununla bağlı “Masallilar.az” saytını da yaratmışıq. Rəhbərlik də lazımı köməkliyini edir. Təəssüf ki, əksər ərazi nümayəndələrinin, bələdiyyələrin, məktəb direktorlarının bilik və təşkilatçılıq səviyyəsi o qədər aşağıdır ki, adam söz tapmır.
Biz atamız, babamız haqqında kitab yazdırmağı, şeir qoşdurmağı çox xoşlayırıq – rayonumuzun tarixini yazmağa, elektron imkanlarından faydalanıb dünyaya tanıtdırmağa isə maraqlı olmuruq. Xahiş edirik, danlayırıq, bütün təsir vasitələrindən istifadə edirik – bu işə cavabdeh olan məmurlar tərpənmir ki, tərpənmir. Bir az tərpənmək istəyənlərin isə mənəvi kasadçılığı, zamandan geri qalmış dünyagörüşü imkan vermir ki, bi ideyanı reallaşdıraq.

Doğrudanmı, biz insanlardan mümkünsüzü tələb edirik? Doğrudanmı zamanı qabaqlamaq bir yana, yeniliklərlə ayaqlaşmaq olmaz, biz hələ çox şeyə hazır deyilik? Biz bu mövzuya başqa bir yazımızda (“Tariximizi niyə sevmirik?” adlı yazıda) daha geniş şəkildə qayıdacağıq.

Hamını günahlandırmaq düzgün olmazdı. Sıralarımızda olduqca istedadlı gənclər, hətta istedadlı yeniyətmələr var. Onlara Meydan verilməlidir. Onlar həvəsləndirilməli, onlara hərtərəfli şərait yaradılmalı, ideya müsabiqələri təşkil edilməli, əsl intellektuallara xüsusi diqqət göstərilməlidir, daha irəli addım atanlara dayaq durulmalıdır.

Bəzən deyirik ki, qabağa düşən kişi yoxdur. Təəssüf ki, bir dəfə statusumda yazdığım kimi-qabağa düşən kişinin nə arxasınca, nə yanıyca gedən kişi də tapmaq çətin olur.
Məncə zamanı qabaqlamaq şərəfli olduğu kimi, risklərdən də xali olmur. Lakin zamandan geri qalmaq, məncə, sonda adamı güclülərin dalınca sürünmək məcburiyyətində qoyur.

Qeyd: Ziyalılarımızın, intellektual gənclərimizin fikirlərini bilmək də maraqlı olardı.


Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :659

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az