Tariximizin Gəncə səhifəsindən bir yarpaq




- Doğrudanmı, 300-ə yaxın gəncəli qadın namusu ləkələndiyi üçün özünü Gəncə çayına ataraq öldürüb.

- Altunbay yazır ki, Əlheydər Qarayev öldürüləndən sonra onun nəşini arabanın arxasına bağlayıb kəndbəkənd sürüyüb, sonra məktəb həyətinə gətirib sifətinə uşaqları tüpüzdürürdülər.

- Lenin öləndə isə onun şərəfinə yalançı tabut düzəldib onun nəşi üzərində uşaqları ağlatdırıb, sonra simvolik meyitini kənd qəbiristanlığında basdırırdılar.

Tariximizin Gəncə səhifəsindən bir yarpaq


İndi isə bir az ətraflı

Düzü, ya ahıl yaşa çatmaqdan, ya təcrübədən, ya da çoxlu mütaliədəndir ki, adam artıq çox şeyə təəccüblənmir. Lakin bu günlərdə oxuduğum Məmməd Altunbayın “Azadlığa uçan Türk” adlı xatirələr kitabını oxuduqda çox təəccübləndim. Bir daha məlum oldu ki, tariximiz bir çox səhifələri detalları ilə bizə məlum deyil.

Bu kitabda nələr var idi?

Deməli, Altunbay 11 yaşında olanda, 1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunur. Qısa müddətdə rus qoşunları ermənilərlə birgə Gəncəyə hücum edir. Qədim şəhərin əli silah tutan bütün oğulları düşmənlə döyüşə qalxır. Qız-gəlinləri qorumaq üçün onları Bağbanlar deyilən əraziyə aparırlar. Rusların Gəncəni onlara peşkəş edəcəyi vədinə inanaraq erməni atlıları burada silahsız və müdafiəsiz qız-gəlinlərə hücum edir. Onlardakı qızıl-zinət əşyalarını ələ keçirtmək üçün körpələri belə süngülərə keçirirlər.

Daha sonra minlərlə qız-gəlini bir erməni kəndinə gətirirlər. Burada qadınları öldürülmüş kişilərinin qalaqlanmış meyitləri üzərindən keçirib böyük bir tövləyə salırlar. Olmazın işgəncələrə, təhqirlərə məruz qalan qadınlara binadan kənara heç ayaqyoluna getməyə belə icazə verilmir.

Həmin vaxt uşaq olan, anası və yaxın qohumları ilə bütün bu dəhşətli epizodları gözü ilə görən və qələmə alan Altunbay yazır ki, ermənilər sanki bütün Gəncə müsəlmanlarını məhv etmək istəyirdi. Həmin vaxtlar Mikoyan Şaumyan da köməksiz qalan qız-gəlinlərin üstünə gəlib.

Daha sonra qadınları ac-susuz, sürü kimi Gəncə çayının kənarına gətiriblər. Altunbayın yazdığına görə, erməni təcavüzünə məruz qalan 300-ə yaxın qadın namus ləkəsini yumaq üçün özünü Gəncə çayına ataraq intihar edib.

Atası, dayıları, digər yaxın qohumlar dəhşətli şəkildə öldürülən Altunbay və qardaşı yetimxanaya verilir. Orta məktəbi əla qiymətlərlə bitirən Altunbay sonralar təyyarəçilik məktəbini bitirir. Atasının, dayılarının dəhşətlə qətlə yetirildiyini, əmlaklarının məhv edildiyini unutmayan Altunbay heç vaxt sovet hökuməti ilə barışmır. 3 təyyarəçi dostu ilə gizlincə Tiflisə gedir. Buradan Türkiyəyə keçmək üçün təyyarə qaçırırlar. Təyyarə sərhəddə vurulduqdan sonra İran ərazisinə düşür və orada həbs olunurlar. Bir neçə il həbsdə yatırlar.

İranda azadlığa buraxıldıqdan sonra dostlarından biri sovet casuslarının əlinə keçsə də, o qədər güclü olur ki, “KQB”-çilər onu tərksilah edə bilmir, yapışdığı ağacdan qoparda bilməyib elə oradaca güllələyirlər.

Nəhayət, Altunbay Türkiyəyə gəlir. Uzun müddət orada yaşayır. Zeynəb Xanlarova 1972-ci ildə Türkiyədə olarkən onların qonağı olub.
Dayılarının biri gülünc bəhanə ilə Şuşa türməsində güllələnir. Digər dayısı qul kimi işlədilmək üçün Moskvaya göndərilir, gecə növbəsində taqətsiz halda olduğundan canavarlara yem olur.

Kitabda olduqca maraqlı məqamlar, şahidin dili ilə söylənən, çoxumuza bəlli olmayan dəhşətli detallar var.

Altunbay yazır ki, Əlheydər Qarayev öldürüləndən sonra onun nəşini arabanın arxasına bağlayıb Gəncədə kəndbəkənd sürüyüb, məktəb həyətinə gətirib uşaqları onun sifətinə tüpüzdürürdülər.

Lenin öləndə isə şərəfinə yalançı tabut düzəldib onun nəşinin üzərində uşaqları ağlaşdırıb, yaxşı ağlayana o vaxt çox qıt olan qənd parçası verib sonra simvolik meyitini kənd qəbiristanlığında basdırırdılar.


Altunbay 1987-ci ildə, bu kitabı yazdıqdan bir qədər sonra dünyasını dəyişib. Olduqca vətənpərvər insan olan Altunbay bütün ömrü boyu Azərbaycanın müstəqilliyi üçün çalışıb.

Belə kitabı nəşr etdiyi üçün “Xan” nəşriyyatına böyük təşəkkürlər düşür. Oxuyanlar peşman olmaz. Mən isə oxuduğumun heç 100-də birini yazmadım. Kitab isə məni o qədər təsirləndirmişdi ki, təəssüratımı oxucularla bölüşməkdən özümü saxlaya bilmədim.


Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :420

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az