Tariximizə niyə biganəyik?


Tariximizə niyə biganəyik?


Nə vaxt ki, tarixdən söhbət düşür, yaponların tarixə baxışı ilə bağlı bir söhbəti xatırlayıram. Dostlarımdan biri 3-4 il öncə radioda çıxış edərkən yaponların bu keyfiyyətini xüsusi vurğulamışdı.

O bildirmişdi ki, ağlın və elmin gücünə dünyada bir çox texnoloji kəşflərə imza atmış Yaponiyada da riyaziyyatdan, fizikadan 2 alan tələbələr var və bu, normal qarşılanır. Lakin Yaponiyada tarixini bilməyəni ixtisasından, peşəsindən asılı olmayaraq bağışlamırlar. Yəni, nəyi bilərsən, bilməzsən öz işindir, tarixini mütləq bilməlisən. Qısası, yüksək texnologiyalar belə yaponların tarixə sevgisinə, dəyərinə kölgə sala bilməyib.

Öncə ölkəmizin, rayonumuzun, kəndimizin tarixinə baxışdan başlayaq.
Sirr deyil ki, sovet dövründə tariximiz bizə olduqca çalpaşıq, saxtalaşdırılmış, siyasiləşmiş formada təqdim edilmişdi. Məmməd Əmin Rəsulzadənin yox, Şaumyanın tarixini öyrənirdik. Yaşadığımız rayondakı çayların adını bilməsək də, uzaq ölkələrdəki çayların, dağların adlarını daha yaxşı bilirdik.

İndi-indi bizə detalları ilə bəlli olur ki, sovet hakimiyyəti dövründə 13 il, 1920-1933 illər arası nəinki Azərbaycana azərbaycanlı rəhbərlik etməyib, həmin dövrdə 2 dəfə erməni Azərbaycanda baş rəhbər stolunda əyləşib.

Elə bu gün də əlimizdə ölkəmizlə bağlı populyar, hamının çox asan dərk edə biləcəyi tarix kitabı yoxdur. Nəzərə alsaq ki, əksər bölgələrimiz turizm məkanları ilə zəngindir və təbidir ki, hər il ölkəmizə minlərlə turist gəlir. Yaxud, hər hansı peşə sahibi zamanında tariximizi layiqincə öyrənməyib, bu gün öyrənmək istəyir. Onlara təqdim etməyə olduqca sadə, hamının başa düşəcəyi tarix kitabımız varmı?

Tariximizin qızıl dövrlərindən birinə-1918-1920-ci illərə, Xalq Cümhuriyyətinin var olduğu illərə nəzər salaq. Həmin dövrdə cənub bölgəsində həmin hökuməti kimlər təmsil edib?

İndiki Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara ərazilərində Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçiləri kimlər olub?


Orası bəllidir ki, Xalq Cümhuriyyətinin var olduğu 2 ilə yaxın müddətinin ilk bir ilində cənub bölgəsində rus, erməni quldurları ağalıq edib. Ancaq 1919-cu ildə Cavad Məlik-Yeqanov Lənkərana gəlib, xalq demokratik hökumətin ab-havasını hiss edib. Cənubun digər rayonlarında isə onların təmsilçilərinin kim olması çoxlarına bəlli deyil.

Biz bu boşluğu doldurmaq üçün Masallilar.az saytını yaratdıq. Bunu Masallının elektron salnaməsi də adlandıra bilərdik. Çox təəssüf ki, əksər ərazi nümayəndələri, bələdiyyə təmsilçiləri, məktəb rəhbərləri belə bir salnamənin yaradılmasına maraqlı olmadılar. Dəfələrlə fərdi, kollektiv görüşlər keçirtdik, icra başçısı səviyyəsində bu işə təkan vermək üçün addımlar atıldı. Heyf ki, arzu olunan nəticəyə nail olunmadı.

Təsəvvür edin, bir rayonda 200-dən artıq tarix, bir o qədər də ədəbiyyat müəllimi var-lakin tariximizi layiqincə araşdırmağa 5-10 vətənpərvər tapa bilmirik. Ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin əksəriyyəti rəhbərlik etdiyi ərazinin tarixinə aid elementar məlumata malik deyil.
Tariximizin nə qədər öyrənilməmiş səhifələri var. Azərbaycan Şərqin qapısı olsa da, Rusiya üçün, qərb üçün bu “qapı” Tiflisdən olub. Ruslar Qafqazda baş idərəsini - Canişinliyini həmişə Tiflisdə yaradıb.

Qərb Qafqazdan demokratik institutları üçün baza kimi Tiflisdən faydalanıb. Bunu niyə yazırıq? Əgər tariximizi dərindən araşdırmaq istəyiriksə, Tiflisdəki Dövlət Arxivinə üz tutmalıyıq. Həmin arxivlərdə az qala hər kəndimiz haqqında olduqca dəyərli məlumatlar var. Bunları araşdırmaq üçünsə vaxt, vəsait və peşəkarlıq tələb olunur.

Masallının 100-ə yaxın məktəbinin görəsən hansında layiqli bir tarix kabineti var?

Hansı məktəbdə tarix dərsi keçirilərkən elektron vasitələrdən istifadə edilir?

Diyarşünaslıq muzeylərində tariximizin ən önəmli dövrləri özünün layiqli əksini tapıbmı?

Tarix təkcə müharibələr, çevrilişlərdən ibarət deyil ki. Bizim təhsil, mədəniyyət, səhiyyə, idman, mətbuat tariximiz layiqincə öyərənilibmi?


Elə bir müsabiqə keçirilib ki, orada ən layiqli tarix müəllimlərini müəyyənləşdirək. Savadı ilə seçilən 5-10 tarix müəllimi də rayonunun ictimai həyatında fəallıq göstərməkdən çox uzaqdırlar-onların əsas işi repetitorluqdur.
Bax, beləcə, tariximizi unuda-unuda günlərimizi bada veririk. Yaşlı adamlar, nəyisə deməyə qabil adamlar dünyadan köçür. Tariximizin əsas məqamları ilə unudulur. Tariximiz-keçmişimizi bilmədən sabaha uğurla addımlamaq mümkünsüzdür. Necə ki, yapon hər gün gələcəyə möhtəşəm pəncərə aça-aça keçmişin qapılarını da açmağı unutmur.

Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :1573

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az