Disident yazıçı ilə bir görüşün tarixçəsi və...


Xalq şairi Qabilin həmyerlimiz Gülhüseyn Hüseynoğlunun Masallıda keçirilən yubileyindəki unudulmaz atmacaları

Disident  yazıçı ilə bir görüşün tarixçəsi və...


Bir yubileydən doğan növbəti yubiley

2000-ci ilin noyabr ayı idi. Masallı şəhərinin Azərbaycan xəritəsinə rayon mərkəzi kimi daxil olmasından 70 il ötürdü. Əslində Masallı inzibati rayonu 8 avqust (bəzi mənbələrdə 8 sentyabr) 1930-cu ildə yaradılmışdı. 70 il ərzində rayona 17-si kənar, 4-ü yerli kadrlardan təyin olunmaqla 21 nəfər rəhbərlik etmişdi. (Hazırda bu rəqəm 26-nın 5-i nisbətindədir.) 22-ci rəhbər bəlkə sayca 5-ci yerli kadr olduğu üçün rayonun 70 illik yubileyini təntənəli şəkildə qeyd etmək qərarına gəlmişdi.

Ona görə mənə yubiley mərasiminə kimi “Masallı XX əsrdə” xüsusi buraxılışı hazırlamağı, eyni zamanda video-operator Elnur Nurullayevlə birlikdə sənədli film çəkməyi havalə etmişdi. Film 2000-ci ilin dekabrın 29-u İcra hakimiyyətinin binası ilə üzbəüz “Mübarək” şadlıq sarayında təşkil olunacaq yubiley tədbirində göstəriləcəkdi... Mən də canla-başla çalışırdım və elə sanırdım ki, yeni başçı məni əvvəllər humanitar şöbədə çalışdığım işimə bərpa edəcək, ya da başqa bir vəzifə verəcək...

Parlament seçkilərindən sonra başçı məni təcili çağırıb bildirdi ki, xalq yazıçısı, millət vəkili Anar başda olmaqla xalq şairi Qabil, həmyerlilərimiz Gülhüseyn Hüseynoğlu və 78 saylı Masallı kənd – Lənkəran seçki dairəsindən Milli Məclisdə deputat seçilmiş tibb elmləri doktoru, professor Vəsadət Əzizov rayona gəlir. Dərhal bir saatlıq ssenari hazırla, icra hakimiyyətinin iclas zalında Gülhüseyn müəllimin 75 illiyi münasibətilə görüş keçirəcəyik...

10 illik sürgün həyatı


Disident  yazıçı ilə bir görüşün tarixçəsi və...


O ilıq payız günü Gülhüseyn Hüseynoğlu artıq ömrünün 77-ci ilini arxada qoymuşdu. Mənim anadan olduğum 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü olan həmyerlimiz haqqında az da olsa məlumatım var idi. Hamı kimi mən də onu hələ orta məktəbdə oxuyarkən televiziyada dəfələrlə göstərilən “Mücrü” filminin ssenari müəllifi kimi tanıyırdım... Bilirdim ki, antisovet "İldırım" Təşkilatının qurucularından biri olub. Həmin təşkilatdakı fəaliyyətinə görə o, Sibirə sürgün edilib və ömrünün 10 ildən çoxunu sürgündə keçirib...

O gün evdə “Gənclik” nəşriyyatında 1974- cü ildə 20 min tirajla nəşr olunan və 26 il sonra Gülhüseyn müəllimin qırmızı qələmlə avtoqraf yazdığı “Seçilmiş əsərləri” kitabına gözucu nəzər saldım. Kitabda Mir Cəlalın ön sözünü diqqətlə oxudum; rus yazıçısı Konstantin Fedinin “Mücrü”, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan “Ana” hekayəsi barədə fikirləri ilə tanış olub bir saatlıq tədbirin ssenarisini hazırladım.

Görüşü boradigahlı şair Nurməmməd Ağa ilə birlikdə apardıq. Gülhüseyn müəllimin “Tar çalınır”, “Ağaclarım” və başqa mənsur şeirləri tarın müşayiəti ilə oxundu. Düzü, saatdan çox davam edən tədbir elə maraqlı alındı ki, vaxtın bir göz qırpımında gəlib keçdiyi hiss olunmadı.

Qabil müəllim çoşdu


Disident  yazıçı ilə bir görüşün tarixçəsi və...


Anar müəllim özünü çox təmkinli aparsa da Qabil müəllimin görüşün uzanmasına səbri çatmırdı, sanki Masallı təbiətinin gözəl payız mənzərələrini görməyə can atırdı (Şübhəsiz ki, başçı qonaqları tədbirdən sonra İstisu tərəflərə, Viləşçay dəryaçasına, cənub möcüzəsi sayılan dəmirağac meşəsinə aparacaqdı...).

Birdən o, kürsüdə Gülhüseyn Hüseynoğlunun ünvanına uzun-uzadı təriflər söyləyən qocaman bir məktəb direktorunun çıxışını kəsib soruşdu:

- Siz Gülhüseyn müəllimin xətrini çoxmu istəyirsiniz?


- Bəli, əlbəttə çox istəyirəm, - deyə məktəb direktoru cavab verdi.

- Onda xahiş edirəm, kürsüdən enin, yerinizi Gülhüseyn müəllimə verin!

Qabil müəllimin sözünə zalda əvvəl gülüş, sonra alqış səsi qopdu. Belə görünürdü ki, görüşün uzanmasını onlar da istəmirdi. Amma kürsüdən enən direktor deyəsən pərt olmuşdu. Və pərtliyinin əvəzini çıxmağa məqam gözləyirdi. Birdən ayağa qalxıb Gülhüseyn müəllimdən qəfildən soruşdu ki:

- Siz bədii yaradıcılığınıza görə özünüzü Masallı torpağına, doğulduğunuz Mollaoba kəndinə borclu sayırsınızmı?

Gülhüseyn müəllim çox qısa cavab verdi:
- Xeyr, çünki ailəmiz burdan Bakıya köçəndə mənim 3-4 yaşım vardı...

Gülhüseyn müəllimin cavabı təkcə sual verəni deyil, zaldakı həmyerlilərinin çoxunu məyus elədi.
Qabil müəllim elə bil şair fəhmi ilə bu məyusluğu duydu və onu aradan qaldırmaq üçün kürsüyə çıxdı. Əvvəlcə Gülhüseyn Hüseynoğluna xitabən dedi:

Doğma ana diyarımdır Masallı,
Səadətim, baharımdır Masallı.
İlk məskənim, son mənzilim bu yerdi,
Beşiyimdir, məzarımdır Masallı.


O an mənə elə gəldi ki, Qabil müəllim bu misraları bədahətən söylədi. Sonra daha da coşdu. Bəlkə də görüşdən aldığı təəssüratın təsiri altında qəlbində cücərib pöhrələnən yeni şeirindən bir neçə bəndi özünəməxsus tərzdə, həm də yumruqlarını düyünləyərək söylədi.

Həm mənzumdu, həm mənsurdu Gülhüseyn.
Həm mə’sumdu, həm məğrurdu Gülhüseyn.
Zindanların zülmətini əridən
Al şəfəqdi, qızıl nurdu Gülhüseyn.

Masallıdan o, qucaqda ayrılıb,
Qönçə ikən gül budaqda ayrılıb.
Gülhüseyni Bakı çəkib ovxara
O, qınından bura çıxıb sıyrılıb.

Kələyi yox, hiyləsi yox, toru yox.
Coşmağı var, daşmağı var, zoru yox.
Masallıda yırğalanıb beşiyi...
Azərbaycan torpağında yeri çox...


Mən təqribən 13 il sonra “Gülhüseyn” adlı həmin şerin tam mətnindən xalq şairinin övladı Mahir Qabiloğlunun mənsur şeirin banisinə həsr elədiyi bir yazısını oxuyarkən xəbər tutdum. (Modern az. 09.07.2013)

Hələ ki, qayıdaq Masallıya...

O gün tədbirdən sonra İcra hakimiyyəti başçısının kabinetində fürsətdən istifadə edib Anar müəllimə yaxınlaşdım. Və ondan Masallı ilə bağlı təəssüratlarını danışmağı xahiş etdim. Demə, Anar hələ uşaq çağlarında ilk dəfə Masallıya atası Rəsul Rza ilə birlikdə ova gəlibmiş.

Onu da qeyd edim ki, ötən əsrin 50-ci illərində Səməd Vurğun, Süleyman Rüstəm, Qılman İlkin, Zeynal Xəlil və Azərbaycanın başqa görkəmli adamları rayonun Xırmandalı, Qızılağac, Təzəkənd ərazilərində ov eləmişdilər. Anar müəllimin dedikləri lentin yaddaşına yazılırdı:

- Mən atamla birinci dəfə Masallıya quş ovuna gəlmişəm. Atamın bir ovçu dostu var idi. Sonra təbii ki, Masallıda dəfələrlə olmuşam. Masallı Azərbaycanın gözəl guşələrindən biridir. Mən çox sevinirəm ki, Masallıda ədəbiyyata və onun nümayəndələrinə hörmətlə yanaşırlar. Və yubileylərini, gecələrini keçirirlər...

Sual: Qarşıdan Masallının rayon mərkəzi kimi yaranmasının 70 illiyi gəlir. Bir yazıçı və millət vəkili kimi Masallıya və masallılara ürək sözünüzü, arzunuzu eşitmək xoş olardı.

- ...Masallıya nə arzu edə bilərəm? Bütün Azərbaycana nə arzu edirəmsə, Masallıya da onu arzu edirəm; əmin-amanlıq, xalqın rifahının yaxşılaşması... Problemlərimiz həll olunsun! Gün o gün olsun ki, işğal olunmuş torpaqlarımızın alınmasını Azərbaycanın hər yerində, eləcə də Masallıda bayram edək!"

O günəcən "Masallı XX əsrdə" sənədli filmi üçün çox maraqlı şəxsiyyətlərdən müsahibə almışdım. El ağsaqqalı Samı Kəlbiyev müsahibəsində belə deyirdi:

- Rəsul Rza ov edəndə dedim ki, ay Rəsul müəllim, niyə əziyyət çəkirsiz, mən sizin quş payınızı verəcəyəm... Dedi yox, ay Samı, olmaz, 9 quş vurmuşam, hər dəfə quşu nişan alıb, güllə atanda da "bismillah" demişəm...


Mən bunu Anar müəllimə bildirəndə dedi ki, o film hazır olanda verərsiz baxaram.

Məryəm xanımın adını ilk dəfə eşitdim

Sonra söz Masallıda dünyaya göz açmış tanınmış tarixçi-etnoqraf, maarifçi, folklorşünas Teymur Bayraməlibəyovdan, şair-bəstəkar, alim, həkim, poliqlot Mir Kazım Aslanlıdan düşdü.

Anar müəllim dedi ki, Teymur Bayrəməlibəyovun qızı Məryəm xanımı çox yaxşı tanıyırdım. Məryəm xanımın adını demək olar ki, ilk dəfə eşidirdim.

Sonra bildim ki, o, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyəti yaradıcısı, qızlar məktəbinın rəhbəri, eyni zamanda Azərbaycanda savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri olub... (Bu yaxınlarda Məryəm xanım haqqında bu saytda jurnalist dostum Zahir Əmənovun geniş yazısının yerləşdiriləcəyindən xəbərdar
olduğumdan söhbətin bu məqamını qısaca təqdim etdim)

Qabil müəllim də Sarəngi yaxşı tanıyırmış...


Qabil müəllim isə Sarəng təxəllüsü ilə şeirlər yazan Mir Kazım Aslanlını yaxşı xatırladığından söz açdı:

- Rəhmətlik nəhəng adam idi. Xatırlayıram general Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunanda onun “Kommunist” qəzetində bir şeiri dərc olunmuşdu: "Alo, alo, Lənkəran...”


Qabil dedi ki, bir dəfə Yardımlıya gedirdim, gördüm ki, ustalar rəhmətliyin məzarının üstündə canla-başla işləyirlər. Dedilər büstü qoyulacaq.
Yaxınlaşıb məzarın üstün bir əllilik qoydum ki, ustalar çay içsınlər... (o vaxt əlli manata 5 “şırvan” deyirdilər)


...Masalıının 70 illik yubileyini o zaman “Lider” TV-də çalışan Zöhrə xanım Əliyeva ilə birlikdə apardıq.


Disident  yazıçı ilə bir görüşün tarixçəsi və...


“Masallı XX əsrdə” sənədli filmimizdən bir parça nümayiş olundu. Amma nə İH başçısı, nə də onun ən yaxşı oxucum olan birinci müavini (Allah hər ikisinə rəhmət eləsin) mənə verdikləri sözü tutdu. Bir-iki ildən sonra mən də Bakıya köçməyə məcbur oldum.

SONUNCU GÖRÜŞLƏR

Azərbaycan nəşriyyatında işlədiyim vaxtlarda Gülhüseyn müəllimlə həmişə Elmlər Akademiyasının bağında rastlaşardım. Heç vaxt yanından salamsız-kalamsız ötüb keçməzdim. Bəzən tanınmış yazıçı Əlibala Hacızadə də bu bağda olardı. Əlibala müəllim mənim adımı və soyadımı bilsə də, hər dəfə Gülhüseyn müəllim təsbehini çevirə-çevirə məndən adımı soruşardı...

Gülhüseyn Hüseynoğlunu sürgün həyatı sarsıtmamışdı. Qabil müəllim demişkən:

“Vətən!” - deyib sinəsinə çırpmadı,
Hökm oxundu — gözünü də qırpmadı.


Amma Aytək adlı yeganə və gənc qızının faciəli ölümü Gülhüseyn müəllimi bərk sarsıtmışdı.
O gündən elə bil başqa aləmdə gəzib-dolaşırdı Gülhüseyn müəllim. Aytək universitetin əlaçı tələbələrindən olub. Evlərinin pəncərəsini siləndə 5-ci mərtəbədən yıxılıb.

Qabil müəllimin oğlu Mahir Aytəklə bir qrupda oxuyurmuş. Gülhüseyn müəllim Aytəkinin yas mərasimində Mahirə dərdini belə danışıb:

“Deyirdim ki, 4 övladım olsun. Öləndə hərəsi cənazəmin bir qolundan tutub aparsınlar. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur... Stalinin dövründə “İldırım”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular, tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı...”

"MİKAYIL MÜŞFİQƏ “MANYAK” MƏHƏBBƏTİ"

Bu ifadə də Gülhüseyn müəllimin tələbəsi Mahirə aiddir: “Beşinci kursda “Xüsusi kurs”lar keçirilməyə başlandı. Mikayıl Müşfiqdən isə mühazirəni əlbəttə ki, müşfiqşünas, dağlıların “Fəxri dağlı” adına layiq gördüyü masallı balası Gülhüseyn Hüseynoğlu deyirdi. Demirdi – nağıl edirdi, o dövrü yaşayırdı. Bizi də o dövrə aparırdı. Hərdən özündən çıxıb Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin ünvanına nələr demirdi? Arxivdən çıxardığı materiallarla dediklərini sübuta yetirirdi. İnanmıram ki, Mikayıl Müşfiqin doğma oğlu olsaydı belə, onu Gülhüseyn müəllim qədər sevə, müdafiə edə bilərdi. Bu Müşfiqə adi yox, “manyak” məhəbbəti idi...”

QABİL MÜƏLLİMLƏ TOYDA RƏQS ETMƏK ARZUM...

Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə son dəfə “Qarabağa aparan yol” qəzetinin redaksiyasında görüşdüm. Dəhlizdə görcək otağa dəvət etdim, çay təklif etim... 90 yaşında dünyasını dəyişdi. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən vida mərasimində mollaobalı professor Vaqif Nəsirlə iştirak etdik...


Disident  yazıçı ilə bir görüşün tarixçəsi və...


Qabil müəllimlə isə sonuncu görüşümüz Vaqif Yusiflinin oğlunun toyunda oldu. Toya Azərbaycan Yazıçılar Birliyinin demək olar ki, bütün aparatı gəlmişdi.

O gün “Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudovla foyedə dayanmışdım, gördüm ki, Qabil müəllim pilləkəndən ağır-ağır aşağı enir:

- Qabil müəllim, siz evə gedirsiniz? –deyə soruşdum.

O, mənə baxıb, sanki baxışları ilə “Əlbəttə, getmək zamanıdı” bildirdi.

Mən:
- Heyf, - dedim, - sizinlə rəqs etmək arzum ürəyimdə qaldı...

Bu zaman pilləkənləri enərkən ona kömək edən gənc bir oğlan mənə tərs-tərs baxdı. Tofiq müəllim dedi ki, bu Qabil müəllimin oğlu Mahirdir. Düzü pərt oldum.
Yəqin Mahir bəy düşünürdü ki, kefliyəm, ona görə mənə baş qoşmadı...
...Aradan illər ötüb-keçib. Hərdən Qabil müəllimlə Masallıda həmsöhbət olduğum anları yada salıram. Bu yazını da həmin günlərdən xatirə olaraq qələmə aldım. Unudulmaz xalq şairi Qabilin və xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun ruhuna böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU,
7 mart 2018-ci il.

R4suloffR4suloff

OXUNMA SAYI :2949

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az