Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Olduqca adi, adi olduğu qədər də ibrətamiz bir xeyirxahlıq nümunəsi ilə masallılı gənc rus şairini necə heyrətləndirdi?

Bu əhvalatı mənə müasir rus şairi və publisisti Aleksandr Fomenkov özü danışdı. Düzü, əvvəl bir o qədər də heyrətlənmədim, axı indiki zamanədə hər cür insana RAST gəlmək olur; millətin adını ucaldan da var, göydən yerə vuran da, insan taleyinə laqeydlik göstərən də... İstər doğma vətəndə olsun, istərsə də qürbətdə, fərq etməz, belələri hər yerdə var!

...Saşa yolboyu ona diqqətlə qulaq asdığımı görüb, çox maraqlı hekayə sujetidir, -dedi, - əgər istəsən qələmə al, mənim adımdan Elşadın ailəsinə, bütün masallılılara, Azərbaycan xalqına minnətdarlığımı izhar elə...

Aleksandr Sergeyeviç Fomenkov , böyük rus yazıçısı Anton Çexovun vətəni Taqonroqda yaşayır. Bu şəhəri İkinci Dünya Müharibəsində Alman faşizmindən azad edən azərbaycanlılardan ibarət 130-cu və 416 –cı “Taqonroq” dviziyasına, o cümlədən 20 yanvar şəhidlərinə, Xocalı faciəsinə şeirlər həsr edib. “Qara paltarlı qadın” essesi də igid azərbaycanlı döyüşçü Zülfiqardan bəhs edir. Bu esseni və şeirlərinin bir qismini hacıtəpəli şair Əlizaman Baxış dilimizə çevirib...

XALQINI SEVƏN VƏ SEVDİRƏN OĞUL

Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Saşa deyir, ötən il çox ağır xəstələnmişdim, vəziyyətim o qədər ağır idi ki, aptekdən dərman almağa maddi imkanım tükənmişdi. Bu barədə necə oldusa, özümün feysbuk səhifəmdə yazdım. Sosial şəbəkədə virtual dostluq etdiyim Elşad adlı bir azərbaycanlı gənc mənə yardım təklif etdi. Uzaq Norilsk şəhərində yaşayan bu gənc mənə yazdı ki, dərmanları almaq üçün pulu hansı ünvana göndərim?

Əvvəl mən etiraz etdim, amma səhhətim çox ağırlaşanda, dərmanları almağa qara qəpiyim belə qalmayanda mən ona bank hesabımı yollamalı oldum. O, mənə pul yolladı və sonra yenə maddi yardımını əsirgəmədi...

Beləcə Aleksandr Fomenkov şəfa tapıb, yataqdan ayağa qalxır... O, illər öncə bir neçə dəfə Azərbaycan xalqının mərd oğullarının xeyirxahlığına şahid olmuşdu. Kim bilir, bəlkə də onu Azərbaycana əbədi bağlayan, Qarabağ həqiqətlərini Rusiya kimi nəhəng dövlətdə car çəkməyə vadar edən belə yaxşılıqlardı?

Bu, ELŞAD MƏMMƏDLİnin Rus şairinə son yardımı deyildi...

ERMƏNİ HİYLƏSİNƏ TUŞ GƏLƏN ŞAİR

Elşad Məmmədli internet saytlarında bir dəfə xəbər tutur ki, Aleksandr Fomenkovu böhtan xarakterli şikayətə görə mühakimə edirlər. Əslində onun bəyanatlarında, müsahibələrində dəfələrlə “Qarabağ Azərbacana məxsusdur” deməsi, erməni işğalçılarını faşist adlandırması Rusiyada, eləcə də yaşadığı Taqonroq şəhərində daşnak lobbisini çoxdan narahat edirdi. Dəfələrlə ölümlə hədələmişdilər. Bu dəfə məhkəmə qərar çıxarmayınca Aleksandra şəhəri tərk etmək qadağan olunmuşdu. Bu barədə o mənə də yazmışdı, əgər bu qadağa olmasaydı, 26 fevralda Bakıya - Xocalı qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyərət etməyə gələcəkdi...

Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Bəli, Elşad Məmmədli “Azərbaycan mənim sevgim, Şuşa ürəyimin ağrısıdır” deyən rus şairinin bankdakı hesabına məhkəmədə vəkil tutmaq üçün yenə pul göndərir. Məhkəmə istintaqı zamanı Aleksandra bədxahların böhtan atdığı öz təsdiqini tapır.

Bu barədə Elşada təşəkkürünü bildirən Aleksandr Novruz bayramında Bakıya gedəcəyini yazır. “Yazıçı dostum Nurəddin Ədiloğlu ilə və şeirlərimi Azərbacan dilinə tərcümə edən Əlizaman Baxışla görüşmək üçün Bakıdan da Masallıya yollanacam...”

Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Elşad da bu zaman yazır ki, mən də Masallıdanam. Bunu öyrənən Aleksandr ondan xahiş edir ki, atasının telefon nömrəsini yazsın ki, Masallıda olanda zəng edib onunla da görüşsün...

- Mənim atam Sizin odnaklassnikdə dostluğunuzda var! – deyə Elşad yazır. Və atasının profilini və telefon nömrəsini ona göndərir. Aleksandr Elşadın atasının profilini öyrənən kimi ona yazır ki, Novruz bayramının ilk günü Masallıda olacaq və onunla görüşmək fikrindədir.... Şübhəsiz ki, şairin məqsədi onu ağır xəstəliyin “əlindən” aldığına və erməni şərindən qurtardığına görə Elşadın atası İmanqulu Məmmədovun əlini sıxmaq, ona səmimi təşəkkür etmək idi. Beləcə razılaşırlar ki, Bakıdan Masallıya yola düşəndə Elşadın atasına zəng etsin, gəldiyini xəbər versin.

Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib


Azərbaycana səfər öncəsi rus şairi Elşadın anasına “Dior” firmasının istehsalı olan ağ kəlağayı, atası İmanqulu müəllimə isə köynəyin qol manjetinə taxmaq üçün bir dəst yaraşıqlı italyan düyməsi hədiyyə alır.
21 martda səhər Bakıdan taksiyə oturub Masallıya yola düşəndə Elşənin atasına zəng edir, salam-kalamdan sonra İmanqulu müəllim xahiş edir ki, Aleksandr telefonu sürücüyə versin!..

...O gün İmanqulu müəllim rus qonağını Masallının girişində qarşılayır və sürücünün pulunu ödəyir. Rus şairi Elşadın alicənablığını bütün Azərbaycan xalqına xas olan xeyirxahlıq adlandırıb atasına minnətdarlıq edir...

Həmin gün mən də Masallıda idim. Şair Əlizaman Baxış, İmanqulu müəllim, Saşa, mən, sinif yoldaşım Xanlar çay içə-içə xeyli söhbət etdik. Elşadın atası Kərbəlayi İmanqulu Məmmədovu çoxdan tanıyıram. Bizim Xırmandalıda vaxtilə baş zootexnik vəzifəsində çalışıb. Bacarıqlı kənd təsərrüfatı mütəxəssisi olmaqla bərəbar həm də şeir-sənət vurğunudur.

Axşamüstü Bakıya dönəndə Saşa bir neçə tanış-bilişlə telefonla danışırdı. Salyan şəhərinə çatmamış Saşa ilə məni atletik bədən quruluşuna malik iki gənc qarşıladı. Onlar bizi Qaraçalaya - Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılovun iqamətgahına apardılar. İlham müəllim həm də Türk Dünyasında yayımlanan “Birlik” jurnalının təsisçisidir.

Bayramsayağı açılan süfrə arxasında maraqlı söhbətlər etdik. İlham müəllim vaxtilə ona orta məktəbdə dərs deyən müəllimlərini də rus qonaqla görüşə dəvət etmişdi. Məni ən çox sevindirən Hacı Cəfər adlı bir ağsaqqalın həmyerlimiz Mirkazım Aslanlı Sarəngin musiqi barədə şeirini əzbərdən söyləməsi oldu.

...Gecə saat iki radələrində bizim üçün ayrılmış maşın Saşanı Bakıda qaldığı otelə, məni də evə gətirdi.

... Saşa Bakıda bir neçə gün qaldı. Mənə tezliklə Azərbaycan dilində kitabının nəşr olunacağını bildirdi. Amma mənim üçün son görüşümüzdən ondan yadigar qalan Elşad İmanqulu oğlu Məmmədlinin xeyirxah əməlləri barədə bir kitaba sığmayan maraqlı söhbətləri oldu...

Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib
Ruhdan düşməyin - yaxşılar hələ tükənməyib



Nurəddin ƏDİLOĞLU
9 may 2018 –ci il

R4suloffR4suloff

OXUNMA SAYI :3375

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az