Artıq Masallıda əmək haqqı alacaq mollaların 25-i bəllidir


Artıq Masallıda əmək haqqı alacaq mollaların 25-i bəllidirMasallı cümə məscidinin dini icmasına isə Mirqabil Hüseynov rəhbər təsdiqlənib

Mətbuatdan bəlli olduğu kimi Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərinin rəsmən maaş alacaqları bildirilib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O vurğulayıb ki, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur.

"Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə təyin etdiyi imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır."
Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq.

"Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, din xadimlərinə ən geci fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər", o qeyd edib.
Azərbaycanda ümumilikdə iki minə yaxın məscid var. Onlardan 500-dək məsciddə Qafqaz Müsəlmanlar İdarəsinin təyinatı ilə axund və ya müfti var.
İndiyədək məscidlər nəzir və ianələrin hesabına maliyyələşdirilirdi.

Redaksiyadan: Biz bu məlumatı daha da konkretləşdirmək üçün həmin qurumun Masallıda yerləşən-Cəlilabad, Masallı, Yardımlı rayonlarını əhatə edən regional idarəsinin rəisi Miryəhya Bədirovla əlaqə saxladıq. Miryəhya müəllim bildirdi ki, hazırda Masallıda 140 məscid var. Mollalara əmək haqqı veriləndə onların əvvəlki illərdə attestasiyadan keçməsi, el arasında nüfuzu, əxlaqı və mədəniyyəti nəzərə alınacaq.

Özəl mənbəmizdən aldığımız məlumata görə artıq ölkə üzrə bir neçə yüz molla sorğudan keçib və onların gələn ilin fevralından əmək haqqı alacağı gözlənilir. Həmin mollaların 25-i Masallıdan, o cümlədən 6 nəfəri Ərkivan qəsəbəsindəndir. (Hacı İbad, Hacı Həmid, Hacı Rövşən, Hacı Əlihəsən, Hacı Mirkərim, Hacı Səyədulla).

Onu da xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə təyin etdiyi imamlar üçün 450, naimlər üçün 400, mütəvəlilər üçün isə 350 manat əmək haqqı nəzərdə tutulub. Hər hansı məsciddə bu 3 vəzifənin sahiblərindən ancaq birinin əmək haqqı alacağı gözlənilir.

Daha bir məlumatı diqqətinizə çatdırım ki, Masallıdakı 140 məsciddən yarısında dini icma var. Bu günlərdə isə daha 3 məscidə dini icma rəhbəri təsdiqlənib. Onlardan biri də Masallı Cümə məscididir. Həmin məscidin dini icmalığı Əməkdar müəllim Mirqabil Hüseynova etibar edilib. İcmanın 21 üzvü var. Ən çox maraq doğuran odur ki, həmin 21 nəfərinin əksəriyyəti namaz qılmayan, oruc tutmayan, aylarla məscidə ayağı dəyməyən şəxslərdir. Yaxın vaxtlarda həmin 21 nəfər icma üzvünün tam tərkibini sizə təqdim etməyə çalışacağıq.

R4suloffR4suloff

OXUNMA SAYI :3042

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az