AXC-nin cənublu millət vəkili


AXC-nin cənublu millət vəkili


Cümhuriyyət hakimiyyəti dövründə ilk cənublu millət vəkili olmuş Hacı Səlimin böyük əzablarla keçmiş ömründən səhifələr

Azərbaycan Xalq Cümhuriyyətinə yol açmış İstiqlal bəyannaməsinə imza atmış, ilk Parlamentimizin yeganə cənublu Millət vəkili Axund Hacı Səlim Axundzadə haqda bildiklərimiz və bilmədiklərimiz

Hacı Səlim tanınmış şair və pedaqoq Mirzə İsmayıl Qair Axundzadənin böyük oğludur. O 1872-ci ildə Lənkaranda anadan olmuş, ilk təhsilini atasının Üsuli-cədid məktəbində alandan sonar, Ləkəranda rus Gimnaziyasını bitirir. Bir müddət polis idarəsində, sonra

Əsgər xanın evində kargüzarlıq edəndən sonra, islam dini və mədəniyyətinə meyli olduğundan yenidən Lənkərandakı mədrəsəyə oxumağa gedir, ərəb fars dillərini mükəmməl mənimsəyəndən sonra bir neçə il Ərdəbildə, sonra üç il Zəncanda şəriətin incəliklərin öyrənmiş və Lənkərana qayıtmışdır.

Oxuduqları ilə kifayətlənməyib yenidən Nəcəfə yol tutur və 8 il oxuduqdan sonra, Rusiya konsulunun əli ilə həbs edilir və nəticədə məcburi şəkildə Vətənə qayıdır. Güman ki, buna səbəb Hacının siyasi baxışları olmuşdur. O hər zaman islam birliyinin yaradılması ideyasının daşıyıcılarından olmuşdur.

Nəcəfdə oxuyan vaxt Hacı Səlim ikinci dəfə Məkkəni ziyarət edir, bir neçə Avropa ölkələrini gəzir, Fransada Sarbinna universitetinə gedir.

Mirzə Səlim xurafatçılara qarşı

Lənkəranda bir müddət din sahəsində çalışsa da bəzi xürafatçı “din xadimləri”nin əməllərinin islama xələl gətirməsinə qarşı çıxır. Evində polis axtarış aparır, bir çox qiymətli kağızları və tanınmış üləmaların verdikləri vəkalətlər müsadirə olunur. Nəticədə, imkanları məhdudlaşan Mirzə Səlim Lənkəran gimnaziyasında şəriətdən və fransız dilindən dərs deməyə başlayır.

Hacı Səlimin Masallı ilə qohumluğu

Hacı Səlim 1914-cü ildə cənub bölgəsinin nüfuzlu nəslinin nümayəndəsi, əslən Masallıdan (Digah) olan Allahyar bəy oğlu Teymur bəy Qulubəylinin qızı Münəvvər xanımla ailə həyatı qurur, onların 2 övladı - Aişə Cəmilə olur. Lakin rahat həyat çox sürmür.

AXC-nin cənublu millət vəkili


Hacı Səlim 1916-cı ilin əvvəllərində, Osmanlı dövlətinin ağır qanlı-qədalı məqamında Türkiyəyə gedir və Lənkərana yalnız 1917-ci ilin iyun ayında, Rusiya burjua inqilabından sonra qayıdır, bütün gücü ilə ölkədə cərəyan edən siyasi mübarizəyə qatılır (Onun Osmanlıya getməsinin səbəbləri hələ də öz araşdırılmasın gözləyir).

Müsavatçı və Milli Şuranın üzvü Hacı Səlim

Hacı Səlim Müsavat partiyasına üzv olaraq partiyanın birinci və ikinci qurultaylarında iştirak edir, Lənkəranda Müsavatın özəyin yaradır.
1918-ci ildə Lənkəran qəzasının nümayəndəsi kimi Tiflisdə yaradılan Zaqafqaziya Seyminin üzvü olan Hacı Səlim, Milli Şuranın üzvü kimi, bu günlərdə 100 illiyin qeyd etdiyimiz, və müstəqil Azərbaycan dövlətinin mövcudluğuna yol açan Müstəqillik Bəyannaməsinə imza atan 28 nəfərdən biri olur.

Mirzə Səlim-Zəngəzurun xilaskarı və millət vəkili

Həmin vaxtlar Azərbaycan xalqına qarşı törədilən qırğınların qarşısın almaqdan ötəri Osmanlı İslam ordusu Azərbaycana gəlir. Gələn ordunun bir dəstəsi Zəngəzurda mühasirədə olan azərbaycanlıları xilas etməkdən ötəri ora hərəkət edir. Hacı Səlim də Azərbaycan Milli Şuranın nümayəndəsi kimi onlarla olur. Zəngəzura çata-çatda əskərlər yorğun olduğundan dincəlməyə və səhəri yola çıxmağa qərar verirlər. Lakin Hacı Səlim Zəngəzurda müsəlmanların çox çətin vəziyyətdə olduqları haqda məlumat alır və “..müsəlman bacı qardaşlarımız orda qırılarkın biz burda..” kəlmələri ilə başlayan alovlu çıxışı ilə əskərləri ayağa qaldırır.

Nəticədə müsəlmanları mühasirəyə alıb qırmağa yaxın olan erməni dəstələri özləri mühasirəyə alınıb məhv edilir. Bu səbəbdən Zəngəzur mahalının əhalisi Hacı Səlimi bu mahaldan Millət vəkili edirlər.

Mirzə Səlim müstəqilliyimizin fədaisi kimi

AXC-nin cənublu millət vəkili


Özünü millət yolunda fəda edən Hacı Səlim ta ölkəmiz bolşevik istilasına məruz qalana kimi müxtəlif bölgələrdə mədəni quruculuq məsələlərində fəal iştirak edir. İstiladan sonra bir çox vətən övladları kimi mühacirət həyatı sürməyə məcbur olur.

Lakin o, bu vəziyyətdə də mübarizə əzmin itirmir. İlk növbədə İran sərhəddində Lənkəran mühacirlərinə əziyyət verən iran məmurlarının özbaşınalığı haqda İranın Milli Şurasına və Xarici İşlər Nazirliyinə müraciət edərək, yoxlama yaradılmasına və özbaşınalıqların qarşısının alınmasına nail olur.

Yenə də inamını itirməyib, müsəlman birliyi ideyasıyla Əfqanıstana Əmənulla xanın yanına gedir. Orada da kömək almadıqda Orta Asiyaya -Türküstana keçir, milli azadlıq hərəkatına qoşularaq bir müddət ona başçılıq edir, yeri gələndə əli silahlı bolşeviklərə qarşı vuruşur.

Yenidən İranda. Ailənin faciəli günləri

1924-cü ildə Hacı Səlim yenə İrana qayıdır və Ənzəlidə mədrəsədə müəllimlik edir. Zahirən mübarizədən əl çəkmiş Hacı Səlim İranın Azərbaycanla həmsərhəd bölgələrində yaradılan Müsavat özəyinə rəhbərlik edir, onların Sovet Azərbaycanında gizli fəaliyyət göstərən müsavatçılarla əlaqəsini yaradır.

Həmin əlaqələri həyata keçirənlərdən biri Hacı Səlimin yaxın qohumu Kələntərli Heybət bəy 1926-cı ildə ələ keçir və Şimala Solovets adalarına sürgün edilərək orada dünyasın dəyişir.

Hacı Səlimin illərlə evdən ayrı qalması onun üçün faciə ilə nəticələnir. Həmin vaxt onun hər iki qızı rəhmətə gedir, Münəvvər xanım və digər ailə üzvləri təqib olunur.

Hacı Səlim İrana gəldikdən sonra qaynı Məşədi Ağa bəy Qulubəyli bacısını gizli yollarla İrana, onun həyat yoldaşı Hacının yanına aparır. Bu hərəkət ona baha başa gəlir. Qayıdan kimi o həbs olunub gedər-gəlməzə göndərilir. Bu azmış kimi, onların tam izlərin itirməkdən ötəri Masallının Digah kəndində olan mülklərini də sökür, yerində kərpic zavodu tikirlər.

Hacı Səlimin yaxın qohum - qardaşları da bolşevik təqiblərindən əziyyət çəkib.

Hacı Səlimin komissar qohumu Soltan bəy

AXC-nin cənublu millət vəkili


Münəvvər xanımın əmisi, Lənkəran qəzasının İcra başçısı eyni zamanda komissarı olmuş və Milli istiqlal yolunda çox zəhmət çəkmiş Soltan bəy Allahyar bəy oğlu Qulubəyli bolşeviklərə qarşı hətta istiladan sonra da Astara və Lerik dağlarında silahlı müqavimət göstərmişdir. Bu yolda yeganə oğlunu itirir, nəticədə İranda qalmağa məcbur olur.

Kazan şəhərində hüquq fakültəsin bitirmiş Soltan bəy ömrünün axırına qədər İranda nüfuzlu hüquqşünas kimi yaşamış və Hacı Səlimin ölümündən sonra ailəsinin himayədarı olmuşdur.

Hacı Səlimin oğlanlar və qardaşı

Hacı Səlimin qardaşı Məşədi Mirzə Səbih də təqiblərə məruz qalmış və dəfələrlə həbs edilmiş, nəticədə 1937-ci ildə yenidən həbs edilir, sürgünə göndərilir və orada dünyasın dəyişir.
Hacı Səlim Ənzəlidə müəllimlik edən və Müsavat partiyasının başçısı olan zaman onun iki oğlu olur - 1927-ci ildə Rövşən, 1930-cu ildə isə Zahir dünyaya gəlir..

1930-cu ilin dekabrın 15-də İrandakı Ənzəli şəhərində mədrəsədə dərs deyən zaman Hacının halı dəyişir. Həkimlərin səyinə baxmayaraq o dünyasın dəyişir. Kiçik oğlu Zahir onda hələ 6 aylıq idi.

İkinci dünya müharibəsi zamanı Sovet orduları İrana daxil olanda, bombardman zamanı Ənzəlidə Hacının evinə bomba düşür və ondan qalan qiymətli sənədlərin çoxu yanır. Münəvvər xanım uşaqlarla Tehrana köçür.

Xoşbəxtlikdən Hacının natamam qalmış Xatiratı ailəsi tərəfindən mühafizə edilmişdir. 1982-ci ildə Hacı Səlimin qardaşı Mirzə Səbinin oğlu İshaq əmisindən qalan bu qiymətli yadigarı ərəb əlifbasından kirilə çevirərək onu ozünün yazdığı “Azərbaycan incisi” adlı kitabına “gələcəkdə lazım olar” deyərək daxil edib nəşr edir.

Həqiqətən də bu xatirat lazım oldu. Bu Azərbaycanın Cümhuriyyət quruculuq yolunda apardığı mübarizə, xüsusən də cənub bölgəsində gedən proseslərin öyrənməsində qiymətli və yeganə mənbədir.

Bunları nəzərə alaraq İshaq müəllimin oğlu, Tufan Axundov özünə həm milli, həm Axundzadələr nəslinə vərəsəlik borcu bilib, həmin əlyazmanı yenidən oxudaraq və latın əlifbasına keçirtdirərək, geniş müqəddəmə ilə nəşr etdirib. Üstəlik yeni nəşrdə Hacı Səlimin öz əliylə yazdığı nüsxənin əksi də bir sənəd kimi yer alıb.

AXC-nin cənublu millət vəkili


Yerinə gəlmiş deyək ki, hal-hazırda Tufan müəllim Soltan bəy Qulubəylinin Lənkəran qəzasında XX əsrin əvvəllərindəki milli istiqlal mübarizəsini, bolşeviklərə göstərilən müqaviməti əks edən çox qiymətli Xatiratını nəşrə hazırlamaq niyyətindədir.


Hazırladı:Zahir

R4suloffR4suloff

OXUNMA SAYI :2397

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az