“Masallı alimləri” kitabı “təhlükədə”




“Masallı alimləri” kitabı “təhlükədə”


Nəinki bəzi iqtidar, bəzi müxalifət, hətta bəzi alimlərin özündən özü haqqında məlumat almaq müşkülə çevrilib.

Son bir ildə Masallı alimləri, eləcə də qadın və tibb alimlərimiz, o cümlədən ABŞ-da, Avropada çalışan alimlərimiz haqqında xeyli məlumat toplayıb, izləyicilərimizlə paylaşmışıq. Ümumilikdə bu yazıları 10 mindən artıq şəxs izləyib, 100 nəfərdən artıq şəxs rəy, minnətdarlıq bildirilib.

Bu marağı nəzərə alaraq rayon rəhbərliyi və bir neçə tanınmış ziyalı təklif etdi ki, həmin siyahıları genişləndirib, Masallı alimləri haqqında ən azı bioqrafik bir kitab hazırlayaq.


Məlumat toplamaq üçün güman gələn bütün yerlərə əl atdıq – icra hakimiyyətindən ərazi nümayəndələrinə, bələdiyyə sədrlərinə, təhsil şöbəsindən məktəb direktorlarına, könüllülərimiz vasitəsi ilə vətəndaş cəmiyyəti fəallarına, ağsaqqala, qarasaqqala, müxalifət təmsilçilərinə, həmin alimlərin yaxınlarına, hətta bir neçəsinin özünə müraciətlər ünvanladıq.

5-10 nəfəri çıxmaq şərti ilə normal məlumat almaq mümkünsüz olub. Xüsusən şəhər məktəbləri - şəhər 1, 2, 3 saylı məktəblər bu işə olduqca laqeyddir. Şəhər 4 saylı - Digah məktəbində bir ailənin 4 alimi olan Abuşovlar nəslindən məlumat almaq imkansız olub.
Eyni gileylər Ərkivan, Türkoba, Boradigah, Mollaoba, Yeddioymaq, Mahmudavar və digər yerlərə də aiddir.

Siz inana bilərsiniz ki, Elmlər doktoru olan alim haqqında nəinki vikipediyada, ümumiyyətlə heç internet resurslarında bir sətir də məlumat olmasın?!
Sanki hamı tamaşaçıdır. Hamı gözləyir, kimlərsə çalışsın, vuruşsun, bu da böyürdən “mız” qoysun.

Bir də görürsən, biri Rusiyadan giley dolu mesaj yollayır - “Filankəsim haqqında orada niyə məlumat yoxdur”?
Deyirsən, yaz, şəklin yolla, yerləşdirək, daşdan səs çıxır həmin adamdan yox.

Məktəb direktoru 3-5 alim haqqında məlumat toplamaqdansa rəhbərliyə xoş gəlsin deyə küçədəki səkiləri əhəngləməyə, toyda, yasda yaltaqvarı nitqlər söyləməyə daha çox üstünlük verir.

Aşkarlıq çox şeyə aydınlıq gətirir. Bəzilərin adı alimlər siyahısında görünəndə qəribə gileylər eşitdik – “Filankəsdən nə alim?! Vicdan haqqı, özüm şahidəm ki, namizədlik dissertasiyasını 3-4 min manata yazdırıb, heç tərcümeyi-halını düz yaza bilmir. Elə masallılı professor tanıyıram ki, masallılı qadın mütəxəssis üçün çöldən-çölə namizədlik dissertasiyası yazıb, 5-6 min manat alıb, hələ də məbləğdən narazıdır”.

Bir neçə “alim”in heç özündən özü haqqında məlumat almaq olmur. Alimin də e-maili, FB səhifəsi və digər internet çıxışları olmaz?!

Fəlsəfə doktoru, köhnə “dillə” elmlər namizədi olub, özünü bizə elmlər doktoru kimi sırıyanlar da yox deyil.

İndi nə edək? Bəziləri haqqında məlumatları “vaniş” məhluluna salıb, təmizliyini üzə çıxaraq?


Bəziləri unudur, keçmiş zaman deyil ki, ancaq kitablarının sayı və titullarınla öyünəsən. İndi əsas meyar odur ki, internetdəki elmi araşdırmalarına dünya üzrə neçə dəfə və hansı səviyyəli alimlər istinad edir.

Əlbəttə, həqiqi nüfuza, dəyərə malik alimlərimiz az deyil və onlarla da qürur duyuruq. Hətta bir dəfə istədik ki, Masallı alimləri ilə görüş keçirək, təcrübəli dostlarımızdan biri dedi ki, sən Allah “qardaş qırğını salma”. Gələnlərin çoxu özünə, qohumuna ev yeri, dükan yeri, vəzifə və sair imtiyaz, təntənəli yubiley və sair istəyəcək, eləməsəniz də, küsüb, əks təbliğatçınız olacaq. Elə alimimiz var, ona masallılı deyəndə adama qəribə baxır.

Bütün bunlarla yanaşı bu işdə bizə yardımçı olanlar da az deyil. Alzaman Baxış (Hacıtəpə) öndə olmaqla, İlham Ağayev (Hişkədərə), Nurəddin Ədiloğlu (Xırmandalı), Məhbubə Şahbazova (Bədalan), Ülviyyə Abuşova, Şahin Musaoğlu (hər ikisi Qızılağac), Rafiq Cəbiyev (Ərkivan), Abbas müəllim (Təhsil şöbəsi. Amma son vaxtlar o da vədə xilaf olub).

İndi biz nə edək? Geri addım ataq?


Bu işdə hər hansı maddi marağımız yox. Vaxt itirməkdən, əsəb keçirməkdən başqa “qazanc” yox. Sadəcə rayonumuzun dəyərli övladlarını tanıtmaq istəyirik. Təkcə ABŞ-da 10-a yaxın masallılı alim var. Biz onları tanımamalıyıq?

Nə isə. Söhbət çox uzandı. Əgər Masallı alimləri kitabının çapı yarımçıq qalsa, günah bizlik deyil. Necə deyərlər, sonra deməyin ki, “Dilbər demədi”.
Kimin sözü və təklifi olarsa 0 50 (70) 322 75 23 telefonumuz (50 ilə olan həm də WhatsApp nömrəsidir), Zahir Amanov FB səhifəmizə, cenubzahir@mail.ru elektron poçtumuza müraciət edə bilər.

Yeri gəlmişkən onu da xatırladım ki, elə bizimlə rəhbərliyin birgə layihəsi olan, Masallının elektron salnaməsi kimi planlaşdırılan “Masallilar.az”saytında da eyni problemlər yaşanır. Ya məlumat vermirlər, ya yarımçıq verirlər, ya məlumatı kim hazırlayırsa, öz ata-qardaşın orada ən qəhrəman, ən dəyərli nəsil kimi təqdim edir. Biz yarımçıq da olsa həmin saytın ayın sonunda təqdimatını keçirib, daha geniş arenada tanıdacağıq ki, bəlkə kənarda yaşayan masallılılar bizə yardımçı oldu.


Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :990

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az