Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər



Yaxud Millət Vəkili Qənirə Paşayevanın və dostlarının – şair-publisist Rəşad Məcidi, cərrah Rəşad Mahmudovun Masallıda keçirtdiyi təkrarsız görüşlər

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Sirr deyil ki, yorucu, xüsusən “quş qoymaq” xətrinə, yaxud pul yığmaq tələsi və sair adla keçirilən bezdirici tədbirlərin zülmündən hamı bezib (hətta həmin tədbirlərin təşkilatçıları belə).

Bu günlərdə isə Masallıda qızmar yay günlərində (hətta tədbir keçirilən darısqal zallarda adamlar qan-tər içində “üzsə” də) Qənirə Paşayevanın keçirtdiyi görüşlər sanki insanların ruhuna bir yaz mehi kimi doldu.

Əslinə qalanda bu görüşlər yarı rəsmi bir tədbir idi. Yəni, Rayon İcra hakimiyyətinin və Masallı Təhsil Şöbəsinin açıq dəstəyi ilə keçirilirdi. Tədbirin təşkilatçısı isə “Regional Hüquq və iqtisadi maarifləndirmə” İctimai Birliyi (Birliyin sədri Masallı gəlini Arzu xanım Bağırova) idi.

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Ərkivan qəsəbə 2 saylı, Bədalan, Hişkədərə və “Dəfinə” tam orta məktəblərində keçirilən tədbirlərin sonuncusu istisna olmaqla 3-də də iştirak etdim.
Öncə tədbirdən geniş xəbər, daha sonra köşə hazırlamaq fikrinə düşdüm. Lakin gördüm ki, gördüklərim, duyduqlarım bu formaların heç birinə tam sığmır. Sonda qərar verdim ki, jurnalistika qanunlarının bir az “yanından keçərək”, bir neçə janrı özündə birləşdirən bir yazı hazırlayım.

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


İxtisasca həkim olan, öncə orijinal bir jurnalist kimi tanınan, hazırda isə millət vəkili kimi fərqlənən Qənirə Paşayevanı tanıyan da, sevən də kifayət qədərdir.
Bu tədbirlərdə ürəkdən iştirak da, çıxış da etdim, Qənirə xanımla söhbətləşmək imkanım da oldu, hətta müsahibə almağı da razılaşdıq. Lakin hər tədbirdən sonra onu o qədər insan əhatəyə salır, sual verir, avtoqraf alır, o qədər yorurdular ki, düzü, müsahibə almaqla təzədən yormağa ürəyim gəlmirdi. Bir də düşündüm ki, Qənirə xanımın çıxışları, bizə bağışladığı kitablar, bu vaxta qədər izlədiyimiz fəaliyyəti, görüşləri normal bir yazı üçün kifayət qədər material verir.


Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Öncə Qənirə xanım səmimiyyəti ilə iştirakçıları ovsunladı. Bəlli oldu ki, o televiziyada, kitablarda, deputatlıq fəaliyyətində nədirsə, həyatda da elə o cürdür.
Əlbəttə, mən Qənirə xanımı ideallaşdırmaq istəməzdim. Yəqin ki, ən azında onu sevənlər ondan indikindən də artıq “möcüzələr”, bəzi məqamlarda partizanlıq, daha kəskin barışmazlıq gözləyirlər. Heç şübhə etmirəm ki, Qənirə xanımın demədikləri, bəlkə də deyə bilmədikləri dediklərindən daha çoxdur. İnternet resurslarında ona iradlar da yox deyil.

Lakin reallıq budur ki, bu gün gördüyümüz, tanıdığımız millət vəkilləri içərisində 2-3 nəfər “ürəkdən tikan çıxaran” millət vəkili varsa, elə onun biri, bəlkə də 1-si Qənirə xanımdır. Belə dəyərləndirmələr aparanda məşhur bir deyimi də unutmayaq ki, yaxşı ona görə yaxşıdır ki, hazırda ondan yaxşısı yoxdur. Bəs bizdə, cənubda niyə belə “əjdaha” yoxdur fikrini isə hələlik unutsaq yaxşıdır.


Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Sirr deyil ki, çoxumuz nə istədiyimizi bəzən özümüz də tam bilmirik. Kimi deputatlardan üsyankarlıq, kimi abadlıq-quruculuq, kimi daim onun dərd-səri ilə çuğlaşan addımlar, gözəl natiqlik, xeyirxahlıq simvolu olmaq və s. gözləyir, bəziləri də onları gözəl qanunların təşəbbüskarı kimi görmək istəyir.
Qənirə xanımın fəaliyyətindən və çıxışlarından bəlli oldu ki, bizim deputat xanım bu gözlənilənlərin əksəriyyətini bu günün reallıqları çərçivəsində özündə cəmləşdirə bilib. Dünyanın ən uzaq nöqtələrindən Azərbaycanın ucqarlarına kimi insanlarla görüşməyə imkan tapan, yaltaqlıqdan uzaq, bütün duyduqlarını, öyrəndiklərini, ruhunu insanlarla paylaşmağa təşnə olan Qənirə xanım danışdıqca daha da “açılır” və bu açılışlarda onun dərin bilgiləri, daxili saflığı tam zənginliyi ilə görünürdü.


Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


İlk tədbir Bədalan tam orta məktəbində baş tutdu. Necə deyərlər, Qənirə xanım coşdu nə coşdu. Bir mahnıda deyilmişkən, sanki “hava kimi, meh kimi” hamının ruhuna dolmaq istəyir. Kitab oxumağın dəyərindən, mənəvi qidalanmanın ucalığından, imanlı yaşamağın şirinliyindən... o qədər ürəklə danışır, misallar, müqayisələr gətirirdi ki, bunların hər biri bir yazı, yaxud bir günlük seminarın mövzusu idi.

Çıxışlarında kitabın təbliğinə geniş yer ayıran Qənirə xanım Masallıda Fidan Abbaslının rəhbərliyi ilə təşkil edilən “Ümidim sənsən” xeyriyyə icmasının 17 məkanda təşkil etdiyi kitab bayramlarını yüksək dəyərləndirdi.

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Tədbirin təşkilatçıları bu görüşlərlə bağlı xeyli iş görmüşdü. Təhsil şöbəsi Tariyel müəllim başda olmaqla az qala bütün komandası bu görüşlərin layiqli təşkili üçün çox şey etdilər. Təəssüf ki, məktəblərdəki 60-90 nəfərlik darısqal zallarda insanların qan-tər içərisində bu görüşləri izləməsi az qala biz zülmə çevrilmişdi. Amma nə qədər çətin olsa da, iştirakçılar 2-3 saatlıq tədbirlərdən ayrılmaq istəmirdilər (Ən gülməlisi isə o idi ki, təşkilatçılardan biri tədbirdən qabaq elan verirdi ki, yelpiklərdən istifadə etməyin, ayıbdır). Halbuki, bu tədbirləri həmin ərazilərdəki şadlıq zallarında daha çox adamın iştirakı ilə, daha rahat şəkildə təşkil etmək mümkün idi.

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Bu silsilədən keçirilən tədbirin 2-si Hişkədərə məktəbində baş verdi. Təşkilatçılar İlham Ağayev və Məhbubə Şahbazova görüşün maraqlı və səmimi keçməsi üçün mümkün olanı etmişdilər - hətta sonda bir gənc ifaçının unudulmaz çıxışına qədər.

2-ci görüşə ölkənin tanınmış ziyalılarından sayılan, şair, yazıçı, jurnalist, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin də qatılması görüşlərə yeni bir rəng verdi. Jurnalistika sahəsində qızıl mərkəzçiliyin yaradıcılarından sayılan, peşəkar jurnalistikanın inkişafına layiqli töhfələr verən Rəşad müəllim iştirakçılara kitablarını payladı, özünün və klassiklərimizin şeirlərini söylədi, gənclərə tövsiyyələrini bildirdi.
Tədbirin 2-ci günü daha bir RƏŞAD, millət vəkili, ölkə şöhrətli, 1000-ə yaxın açıq ürək əməliyyatı aparmış, tanınmış cərrah Rəşad Mahmudov da görüşlərə qatıldı.

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


O, həm millət vəkili, həm həkim kimi sağlamlığımıza dəyər verə biləcək olduqca maraqlı məqamlara toxundu. Astaranın Təngərüd kəndində anadan olan, 10 nəfərlik bacı-qardaşın sonuncusu olan Rəşad müəllim çıxışında bildirdi ki, zərərli vərdişlər - narkotik, nikatin, mənşəyi bəlli olmayan qidalar, oturaq həyat və sair dünya üzrə ölümlərin və sağalmaz xəstəliklərin əsasını təşkil edir.
Tədbirin təşkilatçısı, ictimai birliyin sədri Arzu Bağırovanın belə gözəl aksiyaya start verməsi, hədsiz səmimiyyəti də xüsusi təşəkkürə layiqdir. Arzu xanım bu görüşlərə əliboş da gəlməmişdi. Tədbir iştirakçılarına rəhbərlik etdiyi təşkilatın adından 300-dən artıq kitab, köynək, qol saatı və sair bağışlandı.

Ancaq bu görüşlərin əsasən “çaydan o tərəf” ərazilərinə salınması qəribə gümanlar yaratdı.
Bu görüşlər sanki insanların qəlbindəki neçə ilin hisini-pasını təmizlədi, kiflənmiş duyğularına qanad verdi. Xüsusən Bədalan və Hişkədərədə keçirilən görüşlərdən daha çox razı qaldım. İnsanlarda, xüsusən qadın müəllimlərimizdə elə coşqu, həyəcan vardı ki, adam heyranlığını gizlədə bilmirdi - Şeir deyən kim, müqayisələr, misallar gətirən kim (Təəssüf ki, fürsətdən istifadə edib toyda da, yasda da ürəkbulandıran yaltaq çıxışları ilə halvaya duz qatıb buradakıların zəhləsini tökən də oldu).

Tədbirlərdən bezənlər üçün unudulmaz tədbirlər


Bir daha şahidi olduq ki, insanlara meydan verəndə, onlara səmimiyyətinə inandıranda, zəhmətlərini dəyərləndirəndə, ətrafımızda nə qədər istedadların olduğu aşkarlanır. Heyf ki, hələ də köhnə qəliblərdən çıxmağı bacarmayanlarımız, hətta buna cəhd etməyənlərimiz kifayət qədərdir.
İnanırıq ki, belə görüşlər sonuncu olmayacaq, Qənirə xanım da, Arzu xanım da bölgələrə daha tez-tez gəlib, bir çox sönmüş ümidləri qanadlandıracaqlar.


Zahir Əmənov


R4suloffR4suloff

OXUNMA SAYI :2231

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az