Şəhid ruhunu sevindirən bacılar


Şəhid ruhunu sevindirən bacılar


Yaxud, niyə bu 2 bacının tələbə adı qazanmasına bütün kənd sakinləri sevinir?

“Tələbə” adını qazanmağa kimlər sevinir? Təbii ki, öncə adı qazananlar özü, eləcə də qohumları, dostları, müəllimləri… Amma LayəAydanın tələbə adı qazanmasına bütün kənd sevinir.

Masallı rayonunun Mahmudavar kəndində, daha dəqiq desək kəndin ən ucqar guşələrindən sayılan Məlikoba adlanan hissəsində bir müqəddəs ocaq var. Hələ 25 il öncə bu ocaqdan 19 yaşlı Qarabağ şəhidinin tabutu çıxarılıb. Həmin vaxtlar Layə və Aydan hələ anadan olmamışdılar. Onlar əmisi şəhid olandan 7-8 il sonra dünyaya göz açıblar.

Bu ailə kəndin ən məsum, ən kasıb ailələrindən sayılır. Ana evdar qadın, ata isə at arabası ilə yük daşıyıb, ailə ölüm-zülüm, amma halal zəhməti ilə dolanıb.
Olduqca kasıbçılıqla yaşayan qızlar çoxlu qayğılara, çətinliklərə baxmayaraq bütün ruhları ilə kitablara bağlanıblar. Hələ də kənddə çoxları inana bilmir ki, bu kasıb ocaqda min zillətlə ali məktəbə hazırlaşan qızlar 606 və 593 bal toplayaraq ali məktəblərə ödənişsiz qəbul olunublar.

Bu qızların həyat yolunu işıqlandırmaq üçün Zahir müəllimSəfail müəllimlə birlikdə onların yaşadığı ünvana – Mahmudavara yollandıq.

Şəhid ruhunu sevindirən bacılar


Anası, bibisi və qızların özü ilə görüşdük. Ailənin sevinci yerə-göyə sığmırdı. Tələbə adını qazanmaqda onlara yardımçı olan müəllimlərə çox minnətdar idilər.

Yuxarıda qeyd etdiyim kimi şəhid ailəsinin 2 üzvü, 2 bacı yüksək balla ali məktəbə qəbul olunublar. Kiçik bacı Aydan Fərəcova 606 balla Bakı Dövlət Universitetinin kimya, böyük bacı Layə isə 593 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili fakültəsinə qəbul olunmuşlar.

Övladlarının uğuruna hədsiz dərəcədə sevinən, sevincdən gözləri parlayan Gülsarə ana:
"Balaların çox əziyyət çəkiblər, gecə-gündüz oxuyublar, istədiklərini əldə etmək üçün əllərindən gələni ediblər. Mən onları tam azad böyütmüşəm. Həmişə istəmişəm ki, ürəkləri nə istəyirsə, o olsun. Gələcək talelərini necə istəyirlər, elə də qursunlar. Gələcəkdə öz kariyeralarını qura bilsinlər, istəyirlər lap xarici ölkələrə getsinlər".

Söhbət zamanı Layə və Aydanın necə hazırlaşdıqları ilə, yüksək nəticə əldə etməklərinin sirləri ilə, qarşılarına qoyduqları məqsədlərlə, yaşadıqları çətinlik və problemlərlə tanış olduq.

- Layə, necə oldu ki, ingilis dili müəllimi olmağı qərarlaşdırdın?

- İngilis dili müəllimim - Samir müəllim bu fənni - bu dili mənə çox sevdirdi, məni həvəsləndirdi. Əslində, tərcüməçi olmaq istəyirdim. İndi də dərsliklərdə verilən mətnləri tərcümə edirəm. Gələcəkdə isə sadəcə ingilis dili müəllimi olmaq deyil, tərcüməçiliklə də məşğul olmaq istəyirəm.

- Bəs, Aydan, sən necə oldu ki, kimya müəllimi olmaq istədin?

- Düzü, müəllim olmaq istəmirdim. Azərbaycan Tibb Universitetinin müalicə işini oxumaq istəyirdim. Lakin, həmin ali məktəbə qəbul planı azaldığından, tələb olunan ballar qalxdığından bu ixtisası seçə bilmədim. Kimya müəllimliyi fakültəsində təhsil aldığım müddətdə yenidən hazırlaşıb, gələn il də qəbul imtahanında iştirak edəcəm. Həkim olmağı çox istəyirəm.
Heç vaxt kitabdan kənar olmamışam. Arada bir qədər zəiflik oldu. Amma 10-cu sinifdən daha ciddi oxumuşuq. Çox vaxt gecələri də dərs oxumuşuq. Hazırlıqlar gec bitdiyindən axşam 9-da yatmış, gecə 1-də oyanıb səhərəcən dərsə hazırlaşmışıq.

- Hansı müəllimlərə daha çox minnətdarsınız?

- Hər müəllimin özünəməxsus zəhməti olub. Adilə müəllimə isə hədsiz minnətdarıq. O heç bir təmənna ummadan bizi riyaziyyatdan hazırlaşdırdı. Sevinirəm ki, mən də etimadı doğruldub, riyaziyyatdan 25 sualın hamısını düzgün cavablandırdım.
Kimya və biologiya fənlərindən Fərasət müəllimin, həmçinin, kimya fənnindən Xanım müəllimin, fizikadan Kamal müəllimin, Azərbaycan dilindən Elməddin müəllimin üstümdə əməkləri çoxdur. Hamısına çox minnətdaram.

- Layə, bəs sənin?

- İngilis dilindən Samir müəllim, Azərbaycan dili və ədəbiyyatdan Elməddin müəllimə, riyaziyyatdan Adilə müəllimə çox borcluyam. Çox sağolsunlar.

- Hazırlaşdığınız müddətdə ən çox hansı problemlərlə qarşılaşmısız?

- Maddi sıxıntılar, həm də yol problem olurdu. Evimizdən Masallıya məşğələlərə getmək çətin olurdu. Bəzən heç gedə də bilmirdik.
Dərs baxımından da hazırlıqlara 11-ci sinifdən getdiyimiz üçün proqramı 1 il çərçivəsində çatdırmaq çətin olurdu. Amma çalışmaqla, inadkarlıqla hər nə əldə etmək olurmuş. 1 il ərzində qəbul imtahanına yaxşı və keyfiyyətli hazırlaşa bildik.

- Dərsdən əlavə bir maraq dairəniz, hobbiləriniz varmı?

- Sözün düzü dərslər çox olduğundan əlavə nəyəsə vaxt sərf etməmişik. Bütün zamanımızı qəbul imtahanına hazırlıqlara həsr etmişik. Yəqin ki, bundan sonra hobbilərə də vaxt ayıracağıq. Çünki geniş dünyagörüşlü olmaq çox vacibdir.

- Hansısa yarışlarda, müsabiqələrdə iştirak etmisinizmi?

- Bir sıra breyn-rinqlərdə, müsabiqələrdə iştirak etmiş, müxtəlif nəticələr əldə etmişik. Keçən il məktəblər arasında keçirilən "bilik yarışında" dördüncü yeri qazanmışıq.

Bu qızlarımızın əmisi Fərəcov Siyasət 19 yaşında Vətən uğrunda, Qarabağ müharibəsində Şəhid olmuşdur. Bu gözəl ailə hər zaman Vətənə layiqli övlad yetişdirmişdir...

Onu da qeyd edim ki, bu 2 bacının təhsil aldığı Mahmudavar məktəbi ali məktəblərə qəbul sahəsində böyük uğura imza atıb. Aydan və Layə ilə yanaşı məktəbin digər şagirdləri - Məmmədova Təhminə 643 balla, Əsgərzadə Firat 575 balla ADPU-nun kimya-biologiya müəllimliyi fakültəsinə, Şuşayev Elnur 407 balla ADNSU-ya, Məmmədova Səkinə 439 balla ADİU-ya, Səttərova Aişən 343 balla LDU-ya, Rzayeva Zübeydə 230 balla Odlar Yurdu Universitetinə qəbul olunmuşlar. Bu məktəbin tələbə adını qazanmış 8 nəfərindən 6-sı qızlardır.
Onu da xatırladaq ki, daha bir mahmudavarlı qız İbadova Əminə Telman qızı çox yüksək müsabiqəyə baxmayaraq Rusiya Federasiyasının Surqut şəhərindəki Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Şəhid ruhunu sevindirən bacılar


Yazının sonunda bir daha mənə bu şansı yaratdığı üçün Zahir və Səfail müəllimə təşəkkür edirəm.

Arzu Çinarlı

Redaksiyadan: Sizə təqdim etdiyimiz yazının müəllifi əvvəlki yazılardan adı sizə bəlli olan, 25 min şagird arasında ölkə üzrə 1-ci yeri tutan Arzu Əliyeva (Arzu Çinarlıdır). Arzu özü də bu il 588 balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Tələbə jurnalist kimi bu onun ilk yazısıdır. Biz də bəzi xətalarına baxmayaraq yazını olduğu kimi sizə təqdim edir, eləcə də tələbə adını qazanan bütün gənclərimizi təbrik edirik.






















































































































































































R4suloffR4suloff

OXUNMA SAYI :1256

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az