İcra başçısının işğal etdiyi kənd||--||

  • 10.10.2010, 23:20,
  • Sosial
  • Oxunma: 4

Olayı elə kənd sakinlərinin öz dilindən təqdim etməyə çalışacağıq.

Qafil İsmayılov. 44 yaşı var. II qrup əlildir. Qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Anası isə çoxuşaqlı ana və I qrup əlildir və əlil arabasında gəzir. 3 qardaşdırlar və 17 ailə üzvləri vardır.

Qafil İsmayılov: Ailə mənim, anamın əllilik pensiyası və qardaşımın şəhidliyinə görə aldığımız pulun hesabına dolanır. İstəyirik ki, ailəni dolandırmaq üçün kənddəki su hövzəsinin yaxınlığında 5-10 hektar sahəni icarəyə götürüb, bir az çörək pulu qazanaq. Lakin icra başçısı Qəzənfər Ağayev buranı zəbt etdiyindən ora yaxın düşmək olmur. Bu su hövzəsi gündəlik yaşayışımıza ciddi əngəllər törədir. Belə ki, əvvəllər Viləş çayının suyu bəndin kənarından keçirdi və bu suyun bir hissəsi su anbarına, qalan hissəsi isə arxlar vasitəsi ilə kəndə axırdı. Biz də həmin sudan istifadə edib mal-qaranı suvarır, pal-paltar yuyur, digər təmizlik içləri aparırdıq. İndi icra başçısı həmin su hövzəsini zəbt edəndən Viləşin kəndə gələn bütün suyu həmin su hövzəsinə, icra başçısının balıqçılıq təsərrüfatı yaratdığı yerə tökülür. Daha sonra balıqlara verilmiş yemdən çirklənmiş həmin su kəndə buraxılır. Su elə hala düşür ki, onu heç heyvanlar da içə bilmir. Bu sudan paltar yumaq üçün, digər texniki işlər üçün istifadə etmək də olmur.

120 hektarlıq bu sahənin təxminən 90 hektarı sudur. Onun ətrafındakı 30 hektar sahə əhalinin örüş yeri olsa da, başçı tərəfindən öz məqsədləri üçün nəzarətə götürülüb, bura heç kimi buraxmırlar. 3 gözətçi məntəqəsində əyləşən silahlı gözətçilərin qorxusundan həmin ətrafa heç kim addım ata bilmir.

Burada aparılan işlərə icra başçısı Qəzənfər Ağayev özü şəxsən nəzarət edir. Ayda bir neçə dəfə bu su hövzəsinə ziyarətə gələn icra başçısı heç vaxt tapıb əhalinin dərdi-səri ilə də maraqlanmır.

Əldə etdiyimiz məlumata görə bu su hövzəsinə hər dəfə 95 min kiçik balıq buraxılır. İldə iki dəfə isə bəndin suyu boşaldılır və oradan 90-95 ton balıq götürülür. Həmin balıqdan kənd camaatına demək olar ki, heç nə çatmır. Gözümüzün qabağında sərvətimiz olan su hövzəsindən 500 min manatdan artıq gəlir əldə edilir, lakin kəndarası yollar, məktəb binası it günündədir.

Daha şikayət etmədiyimiz yer, üz tutmadığımız idarə qalmayıb, sözümüzü eşidən yoxdur. Az qala bu su hövzəsinin adını çəkmək yasaq elan olunsun. Eşitdiyimizə görə icra başçısı Qarğalığın ərazi nümayəndəsinə və bələdiyyə sədrinə xəbərdarlıq edib ki, sizin ərazinizdə belə su hövzəsi olduğunu yadınızdan çıxardın.

Torpaq şöbəsinə müraciət edirik, yoldaş Hadıyev deyir ki, belə yerlər kasıb-kusublar üçün deyil, başınızı ağrıtmayın, öz işinizlə məşğul olun. Nə qədər tələb edirik ki, sənəd göstərsinlər, bu su hövzəsi kimin mülkiyyətindədir, onun sahibi kimdir, buradan nə qədər gəlir əldə edilir, nə qədər vergi verilir? Sualımızı cavablandıran olmur.

Hamı görür ki, icra başçısının bu kənddəki arzularını 10 il kənddə bələdiyyəyə sədrlik etmiş (bələdiyyələr birləşənədək) Telman Quliyev və onun qohumları reallaşdırır. Elə bil kənd bu 2-3 nəfərin ata mülküdür. Əgər doğrudan da bu yer bələdiyyənindirsə, niyə onun qazanclarından yerli sakinlərə pay düşmür? Kənd zülm içində yaşayır. Kənddə cəmi 3 artezian quyusu var (onun da ikisi keçmiş bələdiyyə sədrinin və qardaşının həyətindədir) ki, gecə yarısınadək əhali növbə ilə oradan su daşıyır.

Dəfələrlə bu barədə icra başçısının özünə şikayət etmək istəmişəm. O, kəndimizə istədiyi vaxt gəlib, istədiyi əməli edə bilsə də, kəndimizin hesabına xeyli pul qazansa da, amma biz onun qəbuluna düşə bilmirik. İş o yerə çatıb ki, başçının qəbuluna gedən, 76 yaşlı, 1-ci qrup əlil, əlil arabasında gəzən şəhid anası olan anama da başçının təlimatçısı Vəli Muxtarov kobudluq göstərib, onu təhqir edib. Deyib ki, nə qədər biz buradayıq, sizə oradan torpaq yoxdur, sizə torpağı qəbiristanlıqda verəcəyik. Hansı ki, bu adam hər həftə mal meydanında guya hüzr, ehsan adı ilə mal-qaranı ucuzuna alıb, o biri tərəfdə bahasına satır. Qalmışıq çapalaya-çapalaya, bilmirik dərdimizi kimə deyək.




Bu mövzuda ikinci həmsöhbətimiz yenə həmin kəndin sakini Əyyub Mikayılovdur.

Əyyub Mikayılov:

- Qafilin dedikləri ilə tam şərik olmaqla yanaşı bildirirəm ki, icra başçısı Qəzənfər Ağayev keçmiş bələdiyyə sədrinin əlilə torpağımızı həqiqi mənada zəbt edərək, kənd sakinləri üçün ciddi problemlər yaradır. Belə ki, kənd təmiz suya həsrətdir. Qafil qeyd edən kimi, heç mal-qaramız da normal su içə bilmir. Bundan əlavə ildə iki dəfə bəndin suyunu buraxıb, onun ətrafındakı əkin-biçini yararsız hala salırlar. Məsələn, mənim həmin bəndin ətrafında 3 hektar, digər həmkəndlilərimizin isə 40 hektara yaxın payıbəlli torpağı var. Güc-bəla ilə, borc-xərclə əkin-biçin işi görürük. Amma ildə iki dəfə ki, bəndin suyu açılır, bütün ətrafı su basır və əkinlərimiz bir saatın içində yararsız hala düşür. Onlarla yuxarı təşkilata müraciət etmişəm, lakin şikayət məktublarımın hamısını elə şikayət etdiyim adamların üstünə göndəriblər. Məcbur olub mülkiyyət hüquqlarımın pozulmasına görə Masallı məhkəməsinə iddia ərizəsi yolladım. Bu il martın 11-də hazırlıq iclası keçirildi. Aprelin 1-də isə məhkəmə iclası başladı. Elə ilk iclasdaca hakim Tofiq Heydərov məsələnin çox qəliz olduğunu görüb bildirdi ki, narazılığı gəlib yerindəcə araşdıracağıq. Elə də etdi. Aprelin 3-də bir neçə nəfərlə Xallıcalı kəndinə gəldi. Özü də şahid oldu ki, nə yazırıq, nə deyirik həqiqətdir. Doğrudan da hakimin əhvalı çox pis oldu və vəd etdi ki, elə ədalətli qərar verəcəyəm, bu tərəfi belə sökdürəcəyəm, o tərəfi elə dağıtdıracağam və sair. Lakin rayon mərkəzinə qayıdandan sonra onu tanımaq olmadı. Hər gün bir bəhanə ilə başmı tovlamağa başladılar. Həmin məhkəmə iclasından 5 aydan çox vaxt keçsə də, hələ ki iclasın davamı baş tutmur. Görünür, Qəzənfər Ağayevin hökmü hakimi də geri çəkilməyə məcbur edib.

Qəzənfər Ağayev isə buradakı fəaliyyətini günbəgün genişləndirir. Hazırda su hövzəsində balıqların yemlənməsindən ötrü məhsulların saxlanması üçün böyük anbar tikiblər. Ətrafda nə var, onların nəzarətindədir.

Bir məqama da diqqət yetirmək maraqlı olardı. Bu ərazidə çoxlu lığ, qamış pizə, dala və sair yabanı bitkilər bitir. Həmin bitkilərdən nəinki Xallıcalı, eləcə də qonşu Sərçuvar, Musaküçə, Xıl və sair kəndlərin də sakinləri istifadə edərək həsir, zənbil, tərəzi papaqlar və sair hazırlayır-həm çörək pulu qazanır, həm də qədim el sənətimizi də yaşadırdılar.

Qəzənfər Ağayev bu torpaqları zəbt edəndən sonra yerli sakinlər həmin qamışa, lığa da əl uzada bilmirlər. Qəzənfər Ağayevin buradakı adamları deyir ki, gününə 100 manat verin, sonra bu yabanı bitkilərdən istifadə edin.

Bax, bu zülmlə yaşayırıq. Ali məhkəməyə qədər müraciət etmişəm, amma bir faydası yoxdur.

Haşiyə. Xallıcalıda icra başçısının balıqçılıq təsərrüfatı olması təzə xəbər deyil. Oxucuların yadına salırıq ki, bir neçə ay əvvəl, icra başçısının humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı trasın ortasında Aqrosevizin Masallı filialının sədri Qafil Məmmədov tərəfindən qeyri-humanitar söyüşlərlə təhqir olunub döyülən vaxtlarda redaksiyaya belə məlumatlar daxil oldu ki, həmin Aqroservizin traktorları Xallıcalıdakı balıqçılıq təsərrüfatında bir aydan artıq 50 hektar sahədə torpaq işi görüb, lakin başçı onların pulunu vermir. Hələ də bu məsələnin necə həll olunduğu qaranlıqdır.

İndi oxuculara da aydın olar ki, hörmətli icra başçımız, gəlişi ilə rayonumuza �bəxtəvərlik� gətirmiş Qəzənfər Ağayevin başı Xallıcalıdakı balıqçılıq təsərrüfatına, Təzəkənddəki �Cənnət bağı�na, Biləsuvardakı �Nar bağı�na, İsti-su ərazisindəki istirahət mərkəzinə çox qarışdığından rayonun xırda-mırda problemlərinə, təhsildə ən sonuncu yer tutmasına və sair məsələləri araşdırmağa və həll etməyə vaxtı olmur. Bütün bunların isə qorxusu yoxdur. Onu kim qınayacaq ki, elə həmin Xallıcalının da yerləşdiyi Qarğalıq kəndinin ziyalıları, müəllimləri, həkimləri, jurnalistləri... gecə gündüz onların torpağını zəbt edəni tərifləməklə məşğuldurlar.

P.S -2. Bir maraqlı mənzərəni də diqqətinizə çatdırmaq istəyirik. 2-3 ay öncə Qarğalıq ərazi vahidinə içməli su çəkilməsi ilə bağlı televiziyalar süjet göstərdi. Guya bura içməli su çəkilib. Su kranlarından su axan kimi bu yazıda adı hallanan Telman Quliyev bir qurban da kəsdi. Əslində hələ də kənddə su yoxdur. Həmin vaxt kənd qəbiristanlığının yaxınlığında suyun kəndə giriş hissəsində bir su maşını saxlayıb, onun şlanqını kəndə gələn su kəmərinə birləşdirib süni yolla bir neçə saatlığa, açılış bitənə qədər kəndə su buraxdılar və onunla da su itdi. Hələ də Qarğalıq camaatı suyun kubunu su maşınlarından təxminən 5 manata alırlar.


P.S -3. Yəqin ki, gözgörəsi xalqın malını talayıb, 500 min manatlar qazananlar bu mübarək Ramazan günlərində ondan 300-500 xərcləyib ehsan da verəcək və bütün hacılarımız onlara minnətdar olacaqlar.

Hazırladı: Mətləb

Qeyd: Yazıda adları çəkilən şəxslərin sözü olarsa, onlara da qəzetin səhifələrində yer ayırmağa hazırıq

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter