Masallıda yenə  yol  polisi döyülübmü?

  • 23.12.2018, 08:09,
  • Hüquq /
  • Oxunma: 4 471

Yaxud da buna bənzər olayların keçmişdəki və indiki fraqmentlərndən nümunələr

Redaksiyamıza yol polisi ilə maraqlı məlumat daxil olub. Bir neçə mənbədən daxil olan məlumatda deyilir ki,  2018-ci il dekabrın 21-də, axşam saat 9-10 arası Masallı Ərkivan yolunda. Ark-petrolun yaxınlığında polislə bir neçə şəxs arasında dava-dalaşla bitən insident baş verib.

Belə ki, Ərkivan istiqamətində gələn “ 07 markalı” maşının sürücüsü  Ərkivandakı Qaz Doldurma Məntəqəsinin yanında dayanmış yol polislərinin  saxla əmrinə əməl etməyib. Maşını sürməkdə davam edərək Ərkivandakı ARK-Petrolun yaxınlığındakı çörək dükanının yanında saxlayıblar. Yol polisləri də onların arxasınca həmin əraziyə gəliblər.  Sürücünün yanındakı digər şəxs isə qəsəbəyə zəng edib ki, yol polisi bizi saxlayıb. Qəsəbədən Hacı Ruhidin rəhbərliyi ilə hadisə yerinə bir neçə nəfər gəlib. Mənbənin bildirdiyinə görə, ərkivanlı Hacı Ruhid yol polisi ilə çox kobud rəftar edib. Hətta yol polisini vurduğu da deyilir. Polis şöbəsindən qruppa gələndən sonra və onun müdafiəsinə gələn şəxslər polis şöbəsinə aparılıb. Deyilənə görə, Hacı Ruhid polis şöbəsində də yol polisi işçilərinə qarşı qeyri-etik hərəkətlər sərgiləyib. Bir qədərdən sonra sərxoş sürücünün idarə etdiyi maşın polis də saxlanılsa da, polisi döydüyü deyilən şəxslər sərbəst buraxılıb. Başqa məlumata görə, dekabrın 23-də tərəflər “heç-heçəyə” razılaşıblar.

Redaksiyaya gələn digər məlumatlara görə polisi döyən Hacı Ruhid Masallı rayon polis şöbəsi rəisinin  müavini Polad müəllimin yaxın dostudur. Deyilənlərə görə, Polad müəllim çox vaxt onun maşınında gəzir. Həmin hacının çox imkanlı olduğu da  bildirilir. Məhz buna görə də döyülən yol polisinə təzyiq edilib ki, xəstəxanadan xəsarət alması barədə sənəd almasın, iş dədə-baba qaydası ilə bağlansın.

Olayla bağlı Masallı Dövlət Yol Polisinin rəisi İkram müəllimlə əlaqə saxladıq. İkram müəllim deyilənləri qismən təsdiq etdi. Bildirdi ki, həmin gün doğrudan da maşını sərxoş halda idarə edən sürücü saxlanılıb. Sürücünün adı yadında deyil. Hadisə yerinə çoxlu adam toplaşıb, polislərə xidməti vəzifəni yerinə yetirməyə mane olmaq istəsələr də, qayda pozanlar polis şöbəsinə gətirilib və müvafiq qaydada cəzalanacaqlar. Qaldı ki, polis işçisinin döyülməsinə, belə iş olmayıb, ola da bilməzdi, bu hərəkət edənin qolunu qatlayıb, polisə aparardıq.

İzləyicilərə bəlli olduğu kimi təxminən 20 gün öncə də Masallı yol polisinin  işçisi təzyiqlə üzləşmişdi. Belə ki, Masallı icra hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Aybəniz Qafarovanın  polisin saxla əmrinə tabe olmayaraq, maşını nəinki saxlamamış, həm də  polis maşınını öz maşını ilə vuraraq yol polisinə ciddi xəsarət yetirməsi barədə  bir sıra saytlar xəbər yaydı. Yaralanmış polisin qohumları xəstəxanada bu əmələ kəskin etiraz  edərək, məmur oğlunun hərəkətlərin qəzəblə münasibət  sərgiləyiblər. Daha sonra bu iş də mehribanlıqla bitib, heç kim hələ ki cəzalanmayıb.

Kimi deyir ki, guya maşın sürüşüb polis maşınına dəyib, kimi də deyir ki, sürücü kəmərini bağlamaq istəyəndə idarəetməni itirib. Qısası, bu işin də dədə-baba qaydası ilə bağlanması barədə söhbətlər dolaşır. Az qalıb ki, xəbəri yayan saytları məhkəməyə versinlər.

Göründüyü kimi, bizdə nəyisə sübut etmək çox çətindir. Kasıb kasıblığın sübut edə bilmir ki, ünvanlı yardım alsın, varlı varlı olduğunu sübut etmək istəmir ki, polis, vergi işçisi, onun üçün narahatçılıq yaradar. Sözün başına ip salsaq, ağıllı ağıllı olduğunu,  dəli dəli olduğunu isbatlamaqda aciz qalır. Adam var, öləndən sonra da pensiya alır, adam var qocalıb əldən düşür, yenə pensiya ala bilmir.

İndi bu yol polisi-vətəndaş davalarını sübut etmək çox müşkül olub. Adın açıqlamayan onlarla adam deyir ki, döyüblər, əks tərəf daşdan keçən  sənədləri ortaya qoyur ki,  yox, döyməyiblər,  qatıq qaradır ki, qara.

Necə deyərlər, bu yerdə yada düşür xatirələr. (Səbirsiz olanlar ardını oxumaya da bilər). Yadıma gələndən, Masallıda  ilk dəfə milis zabiti Nurəddin Əhmədova təxminə 40 il öncə o vaxtkı Masallı mehmanxanasında  bir müəllim təpik vurmuşdu. Nə qədər xahişçi olsa da, polisi vuran bir neçə il cəzalandı.

 Təxminən 7-8 il öncə Masallı polis şöbəsində, rəis müavininin otağında polis işçisini bıçaqladılar. Əvvəl ört-basdır etmək istəsələr də, sonra cəzalandırmağa məcbur oldular.

Nəhayət,  3 il öncə Masallı şəhərinin mərkəzində bir məmur oğlu yol polisi işçisinə xəsarət yetirdi. Ən yüksək səviyyədə nə qədər təzyiq etsələr də, o vaxtkı polis rəisi Nəriman İmranov qətiyyət göstərib həmin məmur oğlunu həbs etdirdi.

Bir neçə ay öncə isə Qəriblər bələdiyyəsinin sədri Müşfiq bəyin polislərlə çox aqressiv  rəftar etdiyi barədə xəbərlər dolaşdı.

İndi 1 ayda 2-ci dəfədir ki, məmur və imkanlı ailənin övladlarının yol polisinə  kobud təzyiqi barədə kütləvi xəbərlər dolaşır, sonda isə, necə deyərlər, fış-fışa gedir.

İndi jurnalist neyləsin? Heç kim gördüyünü adı ilə təsdiqləmir, polis də günahkarı mələk

donunda təqdim edir.

Əgər deyilənlər həqiqətdirsə,  Masallı rayonunda çox pis bir insident formalaşmaqdadır, yol polisləri ciddi basqılarla üzləşir və sonda günahkarlar cəzasız qalır. Qəribə sual yaranır - Masallı polis şöbəsi öz əməkdaşlarının təhlükəsizliyini qoruya bilmirsə, adi vətəndaşların hüququnu necə qoruyar?

Bəzi tərəfdaşları Masallının indiki polis rəisi Habil müəllimi çox cəsarətli və sərt adam kimi tərifləməkdən doymur. Bəs hanı Habil müəllimin o cəsarəti?

Bunlar bir tarixdir. Görürsünüz ki, heç nə unudulmur.

Daha çox şey yaza bilərdim. Düzü qorxuram. Öz polisini qoruyan bilməyən polis məni qoruyacaq? Ona görə yazıya nöqtə qoyub gedirəm ölməz Sabirin “Harda müsəlman görürəm qorxuram” şeirini oxumağa.

Zahir

Yazıda adları çəkilən şəxslərin də fikirlərinə yer ayırmağa hazırıq. Eləcə də hadisə şahidləri yazı Facebook-da paylaşdıqdan sonra rəylərini yaza bilərlər.

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter