Masallı. Məişət zorakılığı, yaxud şantaj? (Videolar)

31 yaşlı qadın  ərinin ona zülm etməsindən, 44 yaşlı həyat yoldaşı isə qadının onun evindən oğurluq etməsindən şikayətçidir.

Bu günlərdə redaksiyaya Masallı rayonunun Xıl kəndindən  bir ailə gəlmişdi - 4 azyaşlı  uşaq anası olan 31 yaşlı  Maral Şahbazova, bir də həmin qızın 60 yaşlı, 6 qız anası Məhbubə Məmmədova.

“Yanar qəfədanı üstümə tulladı”

Öncə  Maral xanımı dinlədik. Maral xanım bildirdi ki, 19 yaşında həmkəndlisi Şahbaz Şahbazovla ailə həyatı qurub. Birgə nikahdan  4 azyaşlı övladı var - 3 qız, 1 oğlan. Sonuncular əkizdir.  Maral xanımın bildirdiyinə görə, ər evində zülm çəkib. Həyat yoldaşı vaxtaşırı olaraq onu döyür, söyür, ağır sözlərlə təhqir edir, daima onu aşağılayır, şər atır... Onun bildirdiyinə görə, həyat yoldaşı onu həm də  ölümlə hədələyir. “2 ay öncə yanar qəfədanı üstümə atdı. Kənara çəkildim, qəfədan azyaşlı körpənin üstünə düşüb, onun ayaqlarını yandırdı. Bundan əlavə dəfələrlə məni evdən qovub,  5 aylarla atam evində yaşamışam. Daha 102 qalmayıb, polis şöbəsi qalmayıb, icra qalmayıb, dərdimə çarə edən yoxdur. Özüm və uşaqlarımın həyatı üçün çox qorxuram”.

“18 inəyimiz, 200 qoyun-quzumuz, xeyli qızılımız olsa da, pampers almağa mənə pul vermir”

Maral Şahbazova:-Kifayət qədər maddi imkanımız olsa da, yəni 6 otaqlı, 2 otaqlı evimiz, 18 baş mal-qaramız, 200-ə yaxın qoyun-quzumuz, qızılımız, pulumuz olmasına baxmayaraq, uşaq üçün pampers almağa pul vermir.

Maral Şahbazova bu işlərdə Xıl məktəbinin müəllimi Tofiq Səfərovu da günahlandırır.  Bildirir ki,  əlaqədar təşkilatlara şikayətlərimizi Tofiq Səfərovun əli ilə zərərsizləşdirir. Açıq-aşkar deyir ki, sən Maralı öldür, qanın mən bağlatdıracam. Savadsız, 5-ci sinif təhsilli, kasıb bir ailənin qızıyam. Mənə olan zülmləri heç kimə sübut edə bilmirəm. Gah uşağımı oğurlamaqla, gah məni öldürməklə hədələyirlər.  Mənə kömək edin,  məhv oluram.

“Anası, 60 yaşlı, 6 qız anası nələr danışdı?”

Anası Maral Şahbazova da qızına görə ah-nalə edir. O bildirir ki, 60 yaşı var, şəhər mərkəzində göy-göyərti saxlamaqla zülmlə dolanır. 6 qız anasıdır. Bütün qızlarını ləyaqətlə böyüdüb, el adəti ilə gəlin köçürüb. Maral qızım da həqiqətən maral kimi bir qızı idi, baxın, əvvəlki şəklini də gətirmişəm, görün 6-7 il əvvəl necə idi, indi necədir? Maral qızım 8 ilə yaxındır ki, ailə qurub, bu 8 ilin az qala yarısını qovularaq ata evində keçirir. Əri Şahbaz dəfələrlə onu döyüb, söyüb, qovub, şərləyib. Həmkəndlimiz, müəllim işləyən Tofiq Səfərov da  Şahbazın  əsas müdafiəçisidir. Onun bütün şər işlərə həvəsləndirən odur.  İşləri polisdə, digər yerlərdə ört-basdır etməyə vasitəçilik edir. Müraciət etmədiyimiz ünüvan, döymədiyimiz qapı qalmayıb. Ən çox rayon prokurorundan razıyam. Hətta vəkil tutmağımıza, onun xərcinin ödənilməsinə də o yardımçı oldu. Xəstəxana işçiləri – Cəlil müəllim, Azər həkim, Boradigah xəstəxanasında Təranə xanım   bizə çox yardımçı oldu. Hətta Maralın sağ qalması üçün işçilərindən qan alıb ona vurdurdu. Amma uşağın yanıqlarını sağaltmaq üçün iynə-dərman, nəqliyyat pulunu çatdıra builmirik. 700 manatdan artıq borc götürmüşük.

Heç kim istəməz balasının yuvası dağılsın. Amma qızımın Şahbazla  yaşaması sonda ölümlə nəticələnər. Məhkəməyə də müraciət etmişəm. Qızımın sağ qalması üçün onun həmin evdə yaşaması mümkünsüzdür. Demirəm, tutulsun, qızımı 4 balası ilə boşasın, alimentini versin, ona düşən əmlak payını,  onun ucbatından ciddi xəsarət almış nəvəmin müalicəsinə sərf etdiyimiz vəsaiti ödəsin. Ən  başlıcası ölüm-zülm yaşamağımıza mane olmasın. Bizi ölümlə hədələməsin.

Təəssüf ki, qızıma qarşı zorakılıqla bağlı verdiyim ərizələri polis şöbəsi lazımınca araşdırmır, onun imkanı olduğu üçün işə fırıladıb az qala bizi günahkar çıxardırlar.

Redaksiyadan: Biz  Maral Şahbazova və onun anasının çıxışlarının bir qismini öz razılıqları ilə  videoya aldıq və bu yazıda sizə təqdim edirik.

“Qarşı tərəfin fikrini öyrənəndə  30 ilin müəllimi bizi necə söydü?”

Həmçinin KİV haqqında  qanuna uyğun olaraq qarşı tərəfin fikrini öyrənməyə çalışdıq. Öncə şikayətçilərin çıxışında adı hallanan Xıl orta məktəbinin müəllimi Tofiq Səfərova zəng etdik. Xatırladaq ki, Tofiq Səfərovla 30-32 il öncə komsomol işində çalışmışıq. Sonralar o qüsurlu işinə görə büro qərarı ilə, yekdil səslə vəzifəsindən uzaqlaşdırılmışdı. Zəng edib, Tofiq Səfərovdan sakitcə kef-əhval tutduq və bildirdik ki, belə bir olay var, şikayətçilər sizin adınızı hallandırır. Tofiq müəllim olduqca əsəbi reaksiya verdi ki, onun əri bilər, özü bilər. Mənim nə işimə qalıb. Konkret iradlar bildirəndə isə o bizi hədələməyə, yazıya çıxarılması mümkün olmayan söyüşlərlə bizi təhqir etməyə başladı. (Adama deyərlər ki, soğan yeməmisən, için niyə göynəyir, sakitcə de ki, deyilənlər yalandır, belə bir şey olmayıb.) Və beləcə qarşı tərəfin fikrini normal öyrənməyə imkan vermədi. Onu da qeyd edək ki, danışıq zamanı Tofiq müəllimi xəbərdarlıq etdim ki, səsi yazılır. Lakin yenə dayanmadı. Həmin səs yazısı hələ də məndədir.

“Maralın həyat yoldaşı nələrə etiraz etdi?”

Bir qədər sonra Maralın həyat yoldaşı Şahbaz Şahbazov  zəng vurdu ki, ailə işlərimə niyə qarışırsınız? Onlar belədir-filandır, evimdən pul oğuirlayıblar və sair. Bir qədər danışıqdan sonra razılaşdıq ki, səhəri gün, yəni martın 15-də redaksiyada görüşək.

Vədələşdiyimiz vaxtdan 1 saat sonra, səhər 11-00-da əvvəl Şahbaz Şahbazov, sonra isə Tofiq Səfərov ofisə gəldi. Öncə təklif etdim ki, onlar da öz fikirlərini desinlər, videoya alaq, razılşmadılar. Dedik, sadəcə diktafona yazaq, yenə razılaşmadılar. Axırda təklif etdik  ki, sadəcə danışın, qeyd edək. Öncə Tofiq Səfərov başladı ki, bir yerdə işləmişik, çörək kəsmişik, ağır xəstədir-filan. Dedim ki, sən 30 ilin müəllimsən, niyə söyüş söyürdün, niyə məni təhqir edirdin? Sənin bu əməlin açıq məhkəmə predmetidir. Dedi ki, etməmişəm. Dedim telefonu açım, dediyini səsləndirimə? 2 dəfə təklif etdim, imkan vermədi. Və 2 dəfə də dedi ki,  çox üzr istəyirəm. Yanımda bir jurnalist həmkarım da var idi. Dedim ki, yaxşı əziz günlər gəlir, xəstəsən, hələlik məhkəmə söhbətin qoyuruq kənara. Onun səs yazısı hələ də durur. Səhər gün bəlli oldu ki, kənddə yayıblar, guya Zahirin cavabın belə verdik, belə susdurduq, filan-bəşməkan (Təsadüfən görüş vaxtı diktofonun biri açıq olduğundan onun 2 dəfə üzr diləməsi də qeydə alınıb). Deyilənlər təsdiqin tapmasa, məhkəmə söhbəti yenidən gündəmə gələcək, görəcəksiniz ki, müəllim hansı səviyyənin sahibidir.

“Həyat yoldaşım evdən oğurluq edib”

Keçək Maral Şahbazovanın həyat yoldaşı Şahbaz Şahbazovun dediklərinə. Ş.Şahbazov bildirdi ki, Maral hətta nişanlı olandan mənimlə düz demir, deyirəm,  filan yerə getmə, gedir. Sağ olanda valideynlərimə baxmırdı. Evdə oğurluq edirdi. Valideynləri atamın hüzrünə gəlmədi. Onun anasının kredit borclarını mən bağlamışam. Qısası, bunlar çox dözülməz və pis adamlardır, amma mən boşanmaq istəmirəm. İndi də oğurluğunn ört basdır etmək üçün uşağı yandırıb, günahı üstümə tökür.

“Məni o evə göndərsəniz özümü öıldürəcəm”.

Qarşı tərəfin fikirlərində çoxlu fərqlilik olduğu üçün yenidən Məhbubə Məmmədova ilə əlaqə saxladıq. Məhbubə xanım dedi ki, siz onları dindirəndən sonra sanki həyəcan təbili çalındı. Heç polisə müraciət edəndə belə reaksiya olmurdu. 15-i axşam Şahbaz, polis sahə müvəkkili, başqa bir nəfərlə biz gəldilər. Dedilər ki, uşaqlarımı ver, ailəmi ver, nə pul oğurlamaq, belə bir şey deməmişəm, xahiş-minnət. Qızım da dedi ki, ölərəm, bir də o evə getmərəm.  5 dəfə qovulmuşam,  7-8 il  min zülmə dözüm, şərləndim, daha bəsdir. Məni o evə göndərsəniz özümü öldürəcəyəm.

Məhbubə xanım, Şahbazın digər fikirlərinə də aydınlıq gətirdi. Dedi ki, mən kredit ittifaqından faizlə pul götürmüşdüm, Şahbaz dedi ki, oradan çıx, pulu sənə mən verim. Mən də bütün qohumlarımın kartın yığıb verdim ona. Onun anası öləndə heç kim yaxın gəlmədi, onu mən yudum, 40-a qədər məclisində oturdum. Bizim ailədə isə 1 ayda 2 hüzr düşdü, özü qarışıq onlardan bir nəfər də gəlmədi. Ona görə atası öləndə biz də getdmədik. Bu ev başdan ayağa zülm, şər-şəbədə ocağıdır. İnsan bir dəfə səhv edər, 5 dəfə sərf edər. Daha yaşamaqdan bezdik. Ac qulağımız, dinc qulağımız.

Bir daha 60 yaşlı, bədbəxt ana kimi fəryad edirəm, qızımın, nəvələrimin həyatı təhlükədədir. Borc almadığımız yer yoxdur. Bir sakit günümüz yoxdur. Güman gələn hər kəsdən kömək istəyirəm.

Bəs Qanun nə deyir, yaxud Mühafizə Orderi bu ailəyə niyə tətbiq edilmir?

 

Ölkə başçısı cənab İlham Əliyevin “Məişət zorakılığının qarşısını almaqla bağlı” imzaladığı   2010-cu il, 22 iyun tarixli çox mühüm Qanunu var.

Qanunun əsas anlayışlarında göstərilir ki, 1.0.1. məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;

1.0.3. məişət zəminində fiziki zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;

1.0.4. məişət zəminində psixi zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;

 Bu məqsədlə yaradılmış yardım mərkəzləri vasitəsi ilə - zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi  təşkil edilir.

Ən başlıcası isə Qanunda qeyd edilir ki, belə ailələrin qorunması üçün zərərçəkənə qıza müddətli (3 aylıq), olay daha ciddi olarsa uzun müddətli (6 aylıq) Mühafizə Orderi verilir və həmin şəxs tam polis nəzarətinə götürülür. Zərərvurmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Təəssüf ki, bu qadının üstünə bıçaq çəkilsə də, üstünə qaynar su ilə dolu  iri çaynik  atılsa da, nəinki ona mühafizə orderi verilmir, əksinə, polisdə ona problemlər yaradılır.

Xatırladaq ki, sırf bu işlərə cavabdeh olan Masallı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini  Aybəniz xanım da bu kənddə yaşayır. İnanırıq ki, bir ana,  o kənddə uzun müddət işləmiş müəllim, eləcə də bu işlərə birbaşa cavabdeh olan müavin kimi, bütün gücünü sərf edəcək ki, faciə ilə üzləşmiş adı çəkilən ailə qanuni hüquqlarından istifadə etsin.

Biz isə öz növbəmizdə bu olayın tam ictimailəşdirilməsinə, qadın hüquqları ilə məşğul olan təşkilatların, ölkə televiziyalarının bu işə dəstək verməsinə çalışacağıq. Mövzunu daim nəzarətdə saxlayacağıq.

Zahir Əmənov

 

 

 

 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 913

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter