Lerikin 53 kəndi xəritədən necə silinib?

Azərbaycanın cənub-şərq bölgəsi və deportasiya siyasəti

    

XX əsrin ortaları Sovet, o cümlədən Azərbaycan xalqının həyatında ən ağır, məşəqqətli bir dövr kimi iz buraxmışdır. Bu illər tariximizdə repressiya, Böyük Vətən müharibəsi (sovet-alman müharibəsi)

və deportasiya dövrü kimi xarakterizə olunur. 1937-ci il Stalin repressiyası zamanı Azərbaycanda 29 min nəfər “xalq düşməni” adı altında güllələnmlş, Sibir və Qazaxıstan çöllərinə sürgün edilmişdir. Böyük Vətən müharibəsindən 300 mindən çox Azərbaycan döyüşçüsü geri qayıtmadı.Müharibə illərində bir sıra xalqlar – çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, Ahıska türkləri, Krım tatarları, almanlar Mərkəzi Asiya və Qazaxıstana deportasiya (köçürülmə) olundular.

    SSRİ rəhbərliyinin Azərbaycan əhalisini zorla Mərkəzi Asiya və Qazaxıstana köçürülməsi ilə bağlı planı olsa da, Azərbaycan KP MK-nın I katibi Mircəfər Bağırovun böyük səyi hesabına bu məkrli planın qarşısı alınmışdır. Lakin buna baxmayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılar müharibədən sonra deportasiyaya məruz qalmışlar. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsini təmin etmək məqsədi ilə SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. Həmin qərara əsasən 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı Ermənistan SSR-dən zorla köçürülərək Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Göyçay rayonlarında yerləşdirildilər.

 

Yardımlı, Lerik və Cəlilabadın sərhəd ərazilərində deportasiya

    Tarixə nəzər saldıqda deportasiya siyasətinin respublikamızın cənub-şərq bölgəsindən də yan keçmədiyinin şahidi oluruq. Beləki, Yardımlı, Lerik və Cəlilabad rayonlarının İranla sərhəddə yerləşmiş bir çox yaşayış məntəqəsi ayrı-ayrı vaxtlarda, konkret olaraq 1937, 1944 və 1952-1953-cü illərdə deportasiyaya məruz qalmışlar.

 

    Tarix elmləri doktoru, akademik Musa Qasımlının “Yardımlı” məqaləsinə (“Azərbaycan” qəzeti, 08 sentyabr 2013) istinad edən tədqiqatçı-tarixçi Firdovsi Tağıyev yazır:  “Azərbaycan K (b) P MK-nın 1937-ci il 1 avqust tarixli 14/2 saylı tam məxfi qərarı ilə XKS-ə sərhədə 500 metr yaxın bütün yaşayış məntəqələrini köçürmək tapşırıldı. Bu qərarla Yardımlının Ləzran sovetliyində (inzibati ərazi dairəsində - İ.Ş.) sərhəddən 60 metr aralı Biromot kəndindən 10 təsərrüfat, 40 metr aralı Ovra sovetliyindən 63 təsərrüfat, 30 metr aralı Laceyir kəndindən 22 təsərrüfat, 40 metr aralı Perimbel sovetliyindən Deman kəndindən 10 təsərrüfat köçürülməli idi. Azərbaycan SSR XKS-nin həmin kəndlərin boşaldılmasına dair qərarını əks etdirən 1938-ci il 11 aprel tarixli 9257 saylı məxfi məktub yerlərə göndərildi. Əhali əsasən Zubovka (indiki Şirvan şəhəri – İ.Ş.), Astraxanbazar (Cəlilabad) və Puşkin (Biləsuvar) rayonlarına köçürüldülər” (Aşağı Surra kəndi. B., 2017, səh. 172-173). 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərara əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sərhədləri dövlət fonduna daxil edilib. 50-ci illərdə isə  30-a yaxın kənd - Abasallı, Arvana, Avas, Avaraq, Binələr, Köhnəqışlaq, Ovra, Oncaqala, Pirovdağ, Perimbel, Peştəsər, Ləceyir, Ləzran, Limar, Qarovuldaş, Qışlaq, Deman, Ərvərəz, Əliabad, Eçara, Şatiker, Şələ, Niyazonu, Niglə, Fındıqlı, Xanbulağı, Məceyir, Vəlişli kəndləri əhalisinin böyük hissəsi Biləsuvar, Salyan, Neftçala, Əlibayramlı (indiki Şirvan şəhəhəri) rayonlarına köçürüldü. Köçürmə prosesində 3 sovetlik, 17 kolxoz, 33 kənd ləğv edilib. Deportasiya olunan kəndlərin bəzisi, o cümlədən Perimbel 60-cı illərdə qismən bərpa olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə dörd kənd – Eçara, Deman, Musakənd və Qarovuldaş da bərpa edilmişdir.

 

Lerikin 53 kəndi xəritədən necə silinib?

    1952-1953-cü illərdə Lerik rayonunun İranla həmsərhəd olan Zuvand bölgəsindən 22 min nəfər əhali zorla öz doğma yurd-yuvasından Muğana, xüsusilə Puşkin (Biləsuvar) rayonuna köçürülmüşdür.

 Əhalisi köçürülmüş kəndlərə Kəlvəz, Kələxan, Göydərə, Qosmalıan, Qışlaq, Hüseynabad, Həzovi, Tatoni, Mistan, Digah, Divağaş, Kaqoy, Conu, Yuxarı Gədik, Aşağı Gədik və digərlərini göstərmək olar. Nəticədə Lerik rayonunun 53 kəndi xəritədən silinmişdir. Lakin, buna baxmayaraq Lerik rayonunun da köçürülmüş sərhədyanı kəndlərinin bir çoxu – Kəlvəz, Kələxan, Kaqoy, Göydərə, Qosmalıan, Hüseynabad və digərləri sonradan bərpa edilmişdir. Cəlilabad 1953-cü ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun da sərhədyanı bir neçə kəndi, o cümlədən Qaralı, Korlar və digərlərinin əhalisi Saatlı rayonu ərazisinə köçürülmüşdür. Köçürülmə nəticəsində rayonun Qaralı, Korlar və digər kəndləri yaşayış məntəqələri sırasından silinmişlər. Beləliklə, göründüyü kimi  ötən əsrin 30-50-ci illərində Yardımlı, Lerik və Cəlilabad rayonlarının bir çox yaşayış məntəqələri deportasiya olunaraq Biləsuvar, Salyan, Saatlı və Neftçala rayonlarına köçürülmüşlər. Bu köçürülmənin kökündə sərhədyanı bölgədə yaşayan əhalinin İran, xüsusilə Ərdəbillə əlaqəsini kəsmək dururdu.

 

 

İldırım ŞÜKÜRZADƏ - tədqiqatçı-tarixçi

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 912

Təcili satılır!

  • 04:07
  • 2 240
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter