“Birinci arvadını bacısı adi ilə bizə  elçiliyə yollamışdı” (Foto və video)

 

Evindən 500 min manata yaxın  qızıl- zinət əşyaları oğurlanan, əlavə 360 min manat ziyana düşən  qadının hekayəti.

Bu günlərdə redaksiyamıza bir qadın müraciət edib Özünü Bənövşə  Əliyeva kimi təqdim edən qadın  bildirdi ki, Masallı rayonunun  Ağakişibəyli kəndində anadan olub. Hazırda Masallı şəhərində, “Köhnə bazar” adlanan ərazidə qızıl alveri ilə məşğuldur.

Qadının dediklərini öz dilindən sizə təqdim edirik:

  • Uşaqlığım zülmlə keçib. Atam maldar olduğu üçün elə mən də uşaq vaxtından qoyun, mal-qara otarmışam. İşimiz çöl-bayırla olduğu üçün əməlli-başlı savadım da olmayıb.

 3  bacı, 5 qardaş idik. Taleh elə gətirdi ki, 2 qardaşım Rusiyaya getdi. Babat pul qazanmağa başladı. Qərara gəldik ki, bizə də sərmayə versin, burada çörək qazanaq. Beləcə qızıl alverinə başladıq.  20 ildən artıqdır ki bu alverlə məşğulam.

Ürəyim istəyən adam olmadığı üçün taleyimlə barışmış, tənha yaşamağa qərar vermişdim. 42 yaşım olanda o vaxt Təzə bazarda işlədiyim dükanda mənə bir nəfər cəlilabadlı yaxınlaşdı,  dedi  ki, saatsaz axtarıram,  haradan tapım?  Beləcə tanış olduq. Daha sonra 2 dəfə də gəldi. 3-cü dəfə isə bir qadınla gəldi.

Sonra Köhnə bazara yerimi dəyişəndə yenə əl çəkmədi.

Yaxınlarıma  bildirdim ki, belə bir adam mənə yaxınlaşır, evlənmək təklif edir. Bacım razı deyildl. Lakin ətrafdakılar təkid etdiyi üçün razılaşdım.   

 

“Bir qadın, 2 yeniyetmə qızla bizə elçiliyə gəldilər” 

 Bacısı adlandırdığı şəxs və  bacısı uşaqları  adlandırdığı 2 yeniyetmə qızla bizə gəldi. Qardaşım, bacım evdə idi. Razılığa gəlib aldım-verdim etdik.  Rəsmi nikaha girmədik.

Sonralar, daha doğrusu, bu günlərdə bəlli oldu ki, bacısı adı ilə gələn qadın onun 1-ci həyat yoldaşı, yeniyetmələr isə öz qızları imiş. Yəni, əvvəlki arvadı və öz qızları ilə bizə elçiliyə gəlib.

Avamlığımdan,  savadsızlığımdan bilməmişəm. Dərindən araşdırmadan, həyat yolunu ətraflı öyrənmədən əslən Cəlilabad rayonundan olan Elçin adlı bu oğlanla ailə həyatı qurmağa razılıq verdim.

 

 Toyun bütün xərcini özüm çəkdim. 

Deyirdi ki, kasıb oğlanam, heç nəyim yoxdur.  3 bacım, 3 qardaşım var. Heç biri ilə aram yoxdur. Anam da yoxdur (sən demə var imiş).  Ona görə onlar toya gəlməyəcək. Buna görə geyim-keçimindən, toyun yemək-içməyindən tutmuş, ən xırda xərcinə qədər mən etdim.

Toyumuz  2009-cu il, mayın 19-da Şərəfə kəndindəki “Kamran” şadlıq sarayında oldu.

10 ilə yaxın bir yerdə yaşadıq. Maşın aldım, pal-paltar, yemək-içmək, dərman-həkim pulu, benzininə qədər... qisas, nə xərci var idisə, mənim çiynimdə idi.

 

“Pul qopartma oyunları isə toydan 

təxminən 3 ay sonra – 30  min manat istəməklə başladı-”

Ailə həyatı qurmağımızdan təxminən 3 ay keçmişdi ki, Elçin dedi, mən əvvəllər Gəncədə maşınla adam vurmuşdum. Həmin adam da ölmüşdü. İndi həmin işi yenidən tərpədiblər. Mənə 30 min manat lazımdır ki, həmin işi bağlayım. Bir az tərəddüd etsəm də, düşündüm ki, yeni ailə qurmuşam, hələ ki, imkanım var, pulu verim, bu iş bitsin. Beləliklə 30 min manatı ona verdim.

 

Başqa  bir dostu da digər yaxın qohumumu 

bədbəxt etdi – 85 min manat ziyana düşdük.

Başqa bir yaxın qohumum var idi. O da yaşı ötsə də ailə həyatı qurmamışdı. 3-4 il sonra da dostunu da gətirdi ki, bu da ailəsizdir, sənin o qohumunu almaq istəyir. Yenə avamlığımızdan, o qızı da dostuna verdik.

Bir gün gəlib dedi ki, həmin oğlan sərhəd qoşunlarında işləyir, şərləyiblər, nə bilim, ərzaq oğurlananda tutulub. 100 min manat (!) pul istəyirlər.  Görüş almağa 5 min, ziyan bağlamağa filan min , işi qurtarmağa filan min, qısası, ən azı 85 min manat lazımdır ki, işi bağlayım.  Olan-qalan nəyimiz vardı, bir neçə yerdən də kredit götürüb verdik həmin oğlana. Heç 10 gün yaşamayıb ayrıldılar.

 

“2 il öncə evimizin girişində

 bir maskalı şəxs mənə hücum etdi”

 Adətən satmağa apardığım qızılları bazara əlimdə aparıb-gətirirdim. Növbəti günlərin birində, axşamüstü bir əlimdə ərzaq dolu çanta, digər əlimdə qızıl çantası binanın girişinə girən zaman üzü maskalı bir şəxs arxadan gözümü tutdu. Elə bildim məhəllə uşaqlarıdır. Sonra gördüm ki, bu şəxs başımı yumruqlaya-yumruqlaya  qızıllar olan çantanı dartmaq istəyir. Tez ərzaq  çantasını yerə atıb, bu şəxslə dartışmağa başladım. Qışqırdım. Səsə qonum-qonum gəldi deyə, həmin şəxs qaçdı. Polisə məlumat versək də, həmin şəxs tapılmadı. İndi böyük şübhələrim var ki, elə bu işdə də Elçinin əli olub.

 

Ev krediti üçün 20 min manat.

2009-cu ildə dedi  evimi kreditə qoyuram, ev bacımın adınadır, sənədləşmə üçün 20 min manat lazımdır. Həmin pul da bilmədim hara getdi.

Maşını bacısının  adına keçirtmək üçün  -1500 manat

 

Dedi ki, maşın bacımın adınadır, öz adıma keçirdirəm. 1500 manat da buna görə aldı.

 

Belimdə qırıja var  - 21 min manat.

Bir gün işə zəng vurdu,  ölürəm, evə gəl., belimdə qrija var. Çox ağır müalicədir. 2 il Sumqayıata, Xasay adlı doktorun yanına gedib gəldi.  Bu işə də 21 min manat xərcim çıxdı.

 

Övladsızlığa gör 7 min manat.

İlk aylar övlad gözləsək də, sonralar övladımız olmadı. Bir nəfərlə gəldi ki, həkimdir. İranla əlaqəsi var. Filan-filan iynə-dərman lazımdır. İynəni də özü vururdu. Sonradan bilmişəm ki, bu dünyaya övlad gətirmək üçün yox, əksinə, övlad gətirməmək, mənim ovladım olmaması  üçün mənə iynələr vurur, dərmanlar verirmiş. Arada da 5 min manat aldı ki, guya süni mayalanma yolu ilə məsələni həll edəcək. Bir dəfə də 4 min manat aldı ki, guya ona infeksiya düşüb, onu müalicə etdirir. Əlavə də 3  min, cəmi 12 min də bu cürə itirdim. (Hələ sevinirəm ki, məni iflic edən, narkotik aludəçisinə çevirən iynə vurmayıb)

Saratova mal gətirməyə gedib  - 21 min manat

Hər gün bir şey uydururdu. Guya Saratova mal gətirməyə gedir. Aylarla tapılmırdı. Həmin Saratovdan mal gətirmək adı ilə də məndən 21 min manat aldı.

 

Maşın əməliyyatları- 31 min manat da bu olaylarda itirdim.

Maşın alıb-satma adı ilə min oyun çıxartdı. Gah evə 10-12 min gətirdi ki, satıb irəli düşdüm. Gah dedi ki, Mahaçqalada tanış var baha qiymətə qızıl istəyir. Maşını da, qızılı da, əlavə pulu da götürüb. Mahaçqalaya getdi. Bir neçə gün sonra ağlaya-ağlaya zəng etdi ki, sərhədi keçib yatmışdım. Polis adı ilə məni maşından düşürüb, vurdular. Səhər ayılıb gördüm ki, xəstəxanadayam. Həkim dedi ki, səni yol qırağından halsız vəziyyətdə bir qadınla kişi gətirib bura.  Maşın da getdi, qızıllar da, pul da. Bu işdə də 31 min manat itirdim. Sonra da 6 ay evə gəlmədi, guya xəstəxanadadır, boynun da etmişdi qapqara, guya  vurublar.

Qısası, pul qopartmaq oyunları bitib tükənmir, gah evdə qızıl əşyalarım itir, ya hər gün yeni bəhanələrlə qarşılaşırdım.

 

Aşura gün  oğurlanan  500 min manatlıq  qızıllar.

 Ötən il, 2018-ci ildə, 20 sentyabrda, Aşura günü onunla birlikdə ocaqları gəzirdim.  Bir neçə dəqiqəliyi, guya maşını pis saxlayıb, yerin dəyişmək adı ilə ayrıldı.  Bir də yarım saatdan sonra gəldi. Getdik Seyid Sadiqin ocağına, daha sonra Şərəfə ocağına gedib, anamgilin həyətinə gələndə  mənə zəng oldu. Həmin vaxt qonşular zəng etdi ki, qapınız açıqdır, deyəsən evə oğru girib.  Evin açarının bir onda idi, bir də məndə. Gəlib gördüm qapı açıq, evi tar-mar edilib, qızıllar olan seyf, laqonda ilə kəsilib, bütün qızıllar aparılıb. Heç xəyalıma gəlməzdi ki, Elçin mənə bu qədər zərbə vura.

Onu da deyim ki, Elçin daim vəzifəli adamların deputatların, prezident aparatı işçilərinin adını yanımda hallandırırdı ki, guya onlarla oturub-durur. Hər zəng gələndə, elə danışırdı ki, guya böyüklərlə danışır.

Hazırda iş polisdədir. Elçini dələduzluğa görə həbs ediblər. Oğurluq məsələsi isə hələ də araşdırılır.

 1 milyon manata yaxın pul itirmişəm, müflis olmuşam, indi bəzən avtobusa verməyə pulum olmur. Digər tərəfdən ailə üzvlərim, yaxın qohumlarım məndən verdikləri qızılların pulun istəyirlər. Özümü  öldürmək həddinə çatmışam.

Elçin və yaxınları isə məni daim şərləyir, hədələyir, təhqir edir, guya onlara böhtan atıram. Polis şöbəsində üstümə cumduğu və məni döydüyü üçün 9 aylıq məcburi əməyə cəlb edilib.

Ümidim göydə Allaha, yerdə ölkə başçısı İlham Əliyevə, ölkənin 1-c- xanımı Mehriban Əliyevayadır.

Yaşıdlarıma, bütün qızlara, qadınlara müraciət edirəm ki, mənim ki, avam olmayın, dələduzların toruna düşməyin.

 

Zahir Əmənov

 

Qeyd: Yazida adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter