“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj

Kulis.az Ayxan Ayvazın Bakı Kitab Mərkəzində Ramiz Rövşənlə keçirilən görüşdən yazdığı reportajı təqdim edir.
 
Ramiz Rövşənlə görüş keçirilirdi, mən isə məkana yığışan qara paltarlı qadınları sayırdım: bir, iki, üç...
 
-Orda biri də var...
 
- Harda?
 
- İrəlidə...
 
Qabaqda donu qara bir qadın gəlirdi, adamları yara-yara qabağa keçib ön cərgədə əyləşdi
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
Biz yuxarı pillədə yer tapmışdıq və aşağıdan hər şey ovuc içi kimi görünürdü.
 Ramiz Rövşəni də ilk görən biz olduq. Yırğalana-yırğalana gəlirdi. Sürəkli alqışlarla ona ayrılan iri, qırmızı kresloda əyləşib mikrofonu rahlayır.
 Budda və onun qırmızı stulu. Bir azdan məclis qızışır, ağız deyəni qulaq eşitmir və Ramiz Rövşən bu qara-qışqırıq da nələrsə deyir.
 “Şairlərlə görüşlər çox yaxşı ənənədir. Yadımdadır, o vaxt Sovet dövründə belə görüşlər tez-tez olardı. İndi şairlərlə görüş dəbdən düşüb”.
 Ramiz müəllim bunu dedikcə salon elə bil acığa düşüb daha da qələbəlik olurdu və təbii ki, qara paltarlı qadınların da sayı artmaqdaydı.
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
Ona iki sualım vardı:
 1) Sizi dekadans ədəbiyyatın nümayəndəsi hesab edirlər və bu ədəbiyyat modern dünyada artıq qəbul olunmur. Necə düşünürsünüz? Özünüzü hələ də yaşayan poeziyanın təmsilçisi hesab edirsiniz?
2) Tarkovskinin məşhur “Stalker” filminin çəkilişlərində olmusunuz. O günləri necə xatırlayırsınız?
 Yuxarı pillədə olduğumuz üçün aşağılara səsimiz gec çatırdı. Ramiz Rövşən isə poeziya haqda maraqlı fikirlər bildirirdi. Məsələn, dedi ki, şeir azad olmaq üçün yazılır: “Sən şeiri yazıb azad olursan və səninlə bərabər onu oxuyan oxucular da azad olur”.
 Sonra üç filosof adı çəkdi. Ordakılardan gizli deyil, sizdən niyə gizli olsun? Hegel, Şopenhauer və Yaspersdən dünya, yaradılış haqda fikirlər dedi: “Mariya Svetayeva deyir ki... – birdən sitatçılıqda günahlandırılar deyə əlavə etdi – Mən ona görə çox sitat çəkirəm ki, sizin o müəllifləri oxumağa həvəsiniz yaransın”.
 Mariya Svetayevanın fikri isə bu idi: “Bizim uşaqlar bizdən daha qocadırlar”.
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
Ramiz Rövşən salondakılara Mariya bacının dediyini bu cür şərh etdi: “Siz indi gəncsiniz, biz isə qoca. Biz sizə öz xatirələrimizi danışmışıq və siz bizim də keçmişimizi bilirsiniz. Sizin də, bizim də yaddaşımız bərabərdir. Ancaq siz həm də gələcəyi görəcəksiniz. O gələcək ki, biz onu görə bilməyəcəyik və bu barədə siz bizdən daha çox şey biləcəksiniz”.
 
Ramiz müəllimin həm poetik, həm də fəlsəfi çıxışının hər abzasında gurultulu alqışlar qopurdu. Və ara-sıra o söhbətlərin arxa fonunda kitab dükanının qara paltarlı qadın işçisi görünürdü, Ramiz Rövşənin iri, qırmızı kreslosunun arxasından qəfil peyda olub, şairin yanındakı masaya yaxınlaşır, yıxılan kitabları düzəldirdi.“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
Təbii, bu nüansı Ramiz Rövşən görə bilmirdi. O, öz dünyasındaydı və o dünyanın rənglərini tədbir iştirakçılarına göstərirdi.
 - Bu yaxınlarda iki kitabım çıxıb. Uşaqlar üçün yazmışam. Biri “Göyərçinim, gəl görüm”, o biri “Şəkilli Əlifba” kitabdır. Hələ biri də olacaq: “Dostum qurbağa”. Mən niyə uşaq şeirləri yazmaq istədim? Düşündüm ki, bizim yaddaşımız işğal olunur. Artıq yeni dövr uşaqlarına ABŞ və digər ölkələrin cizgi filmləri göstərilir və onların öz yaddaşı yoxa çıxır. Yaddaşın işğalı başlayıb.
 Bu yerdə deyəsən Ramiz Rövşən görüşü lentə alan bir topa əli telefonlu qızı görüb əlavə etdi:
 - İndi intenernet də işğal motivi olub. Nə deyirəmsə, o dəqiqə götürüb qoyurlar ora.
 Həmin bir topa qız və bütün salon eyhamı başa düşüb yırğalana-yırğalana güldü.
Harda qalmışdıq?
Hə... Ramiz Rövşənin uşaq şeirini niyə yazmağında. Məncə, Ramiz müəllim artıq yaşlandığını hiss edirdi və bu dünyadan getmədən əvvəl nəvələrinə bir ərməğan vermək istəyirdi. Nəvələrindən biri də ordaydı və əlində telefon vardı. Ramiz müəllim bu məqamı görüb gülümsündü. Ancaq səbəb tək bu deyilmiş:
 - Mən o yaddaşı bərpa etmək üçün yazmaq istədim. Məsələn, mən Koroğludakı şeirləri əzbər bilirəm. Hələ də. Məşədi İbadı atamdan çox tanıyıram.
 Uğultu, gülüşmə - hamısı bir-birinə qarışdı.
 Və Ramiz Rövşən “Ağcaqanad” adlı uşaq şeirini oxudu.
 Vızıldama, bəsdi, sus...
 İronik şeir idi və yəqin ki, uşaq şeirlərinin eyni çərçivədə olduğunu düşünən tədbir iştirakçıları üçün bu nümunə çox qəribə oldu. Hamı şeiri gülüşlə qarşıladı.
Şair elə bu şeirlə də şeirlərini oxumağa start verdi.
 Hə... Öncə bir xırda haşiyə. Danışır Ramiz Rövşən:
 “Mən bu şeirlərin əksəriyyətini cavan yaşda yazmışam və çoxusu heç yerdə çap olunmayıb. Düşündüm ki, yaşlanandan sonra çap etmək olar”.
 Yəqin o şeirlər cavanlıq ehtirasını özündə saxlayırdı.
 “Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə”  - oxunan şeirlərdən bir sitat. Nədənsə, bu misra gənc auditoriyanı özündən çıxartdı. Gülə-gülə yıxılan kim, təbəssümlə rəfiqələrinə baxan kim... Hicablı qız güldüyü yerdə boş kresloya çökdü. Orda bir xanım oturubmuş sən demə, güləndən sonra hadisə yerində yalnız bir ayağı qalmışdı, qalan tərəfləri ilə tədbirdə yox idi.
 Yəni bu şeir bu qədər güldürdü hamını. Açığı, düşündüm ki, Ramiz Rövşəni sevdirən məhz bu şeirlər olmalıdı. Yoxsa, ölüm, qaranlıq, kəfən, tabut yox...
 Növbəti gülüş hədəfinə aşağıdakı şeir gəldi:
 
“Bu oğlan yuxuda nə görür belə?
Nə bərk qucaqlayıb yumşaq yastığı.
Yuxuda bağrına bərk-bərk basdığı
O qız kimdi görəsən?
İndi qucağında çabalayırmı,
Hay-haray salırmı indi görəsən?
 
Bəlkə o da yatıb, ya da oyaqdı,
Ya çöldə, ya da ki, evdədi indi.
O qız nə bilir ki, bu gecə vaxtı
Kimin yuxusunda “kefdədi” indi.
 
Bu “kefdədi” hissəsinə tədbir iştirakçıları, əsasən də qızlar xeyli kef elədi.
 
“Nə çoxdu dünyada gözəl qızların
Özündən xəbərsiz “cinayətləri”.
Gecə yuxularda gəzən qızların
Gizli “öpüşləri”, “xəyanətləri”.
 
Şeirin sonunda Ramiz Rövşən əsəbiləşdi:
 
“Bəsdi tək dolandın bu şəhərdə, tək,
Nə yadnan, nə də ki, qohumnan evlən.
Bərk-bərk qucaqlayıb var gücünlı çək,
Çıxart bir gözəli yuxundan, - evlən!..”
 
Salondakı qızlar bu son misradan sonra oğlanlara baxdılar. Yəni “bir tərpənin artıq, bəsdi ömrü bada verdiniz”. Oğlanlar da laqeyd görkəmdəydilər: “Şeirdi də... Şeirə inanmaq olmaz”.
 Ramiz Rövşən bu yerdə araya bir aforizm sığışdırdı:
 “Ədəbiyyat insanı həyat və ölümlə barışdırır”.
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
Yadıma “dekadans”, yəni ölüm sualım düşdü. Mikrofonu harayladım, heç kim yiyə durmadı, bir xanım gətirəcəyini söz verdi. Bu haqda az sonra...
 Qızın biri – özü də qara paltar geyinmişdi... Cümləni tamamlamış deyim ki, Ramiz Rövşənin əksər oxucuları məhz qara paltarlı qadınlardı. O şeir onlara necə təsir edibsə hər dəfə Ramiz Rövşənlə görüşə gələndə əyinlərə qara paltar geyinirlər. Hə.. Cümlənimizi tamamlayaq... Qızın biri ayağa durdu və öz səsi ilə Ramiz Rövşənin şeirini oxumaq istədiyini dedi.
 - Ən çox bu qış sevdim səni...
 Qız telefonda oxuyurdu, amma çaşdı. Misraların yerini dəyişik saldı.
 - Çox həyəcanlıyam. Bağışlayın...
 Düz deyirdi, mən hətta o qızın şeiri deyəcəyi yerdə özündən gedəcəyini düşündüm. Yaxşı qurtardıq, Ramiz Rövşənin şeirlərindəki Allah üzümüzə baxdı.
 - Çaşdım.
 - Yox, düz dedin. Özünə sərf eləyən misranı dedin. – Bu da Ramiz Rövşənin yumoru.
 Qız gülüşündən şeiri oxuya bilmədi və sonra şeiri deyəndə hiss etdim ki, tamam ayrı şeir deyir. Ramiz Rövşəndən koktely hazırlamışdı elə bil.
 Rəşad Məcid bu arada qıza incədən sataşdı:
 - Onu əzbərləyib oxumalıydız. Belə telefondan oxumaq olmaz.
 Bir neçə sual verildi sonra. “Niyə şeir yazmısınız?”, “Şeir yazanda nə düşünürsünüz?”, nə bilim “Şeir yazanda haralara gedirsiniz”... Təxminən bu tipdə suallar. Şeiri ilahiləşdirib qeyri-mümkün bir hala gətirən suallar. Ramiz Rövşən təmkinlə, bir az ironiya qata-qata suallara cavab verirdi.
 
Bir oğlan bu ayağa durdu:
 - Ramiz müəllim, siz Allahla şeirlərinizdə çox rahat danışırsınız.
 - Kimlə? – Ramiz Rövşən qulağını şəklədi.
 - Allahla...
 - Hə...
 - Heç incidiyiniz olub Allahdan?
 
Ramiz Rövşən bu suala çox uzun cavab verdi, arada şeir də oxudu – hətta Mariya Svetayevadan da, ancaq bir sitatı yadımda qaldı: “Mən şeir yazanda Allahın yadına düşürəm, o isə heç vaxt mənim yadımdan çıxmır”.
 
Artur Rembonun şeirini istəyən oldu və Ramiz Rövşən buna xeyli təəccübləndi: “Sevinirəm ki, onu oxumusunuz. Rembo ən sevdiyim və təsirləndiyim şairlərdən olub”.
 
“O məclisdə deyəsən
Tək bircə mən yadıydım.
Qarışmırdım heç kəsə,
Hamıdan azadıydım.
 
Təkliyim, tənhalığım
Yoxsa dəydi gözünə?
Çiyninin üstən baxıb
Gülümsədin üzümə”.
 
Ramiz Rövşən sevilən şeirlərini oxudu, oxumağa davam edirdi. Qara yox, sarı paltarlı və sarı saçlı bir xanım ondan “Qara paltarlı qadın” şeirini istədi. Və şair onu da oxudu.
“Öpüş mənə qismət ola, şapalaq özgəsinə” - Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj
 Bəlkə də tədbirin sonuna qədər şeir oxudu. Sonra hamı Ramiz Rövşənə hücum elədi. Qorxmayın! Şəkil çəkdirmək üçün...
 Rəşad Məcid bizə kitab aldı və mən onu sevgilimə imzalatmaq istəyirdim. Ancaq Ramiz Rövşən elan elədi:
 “İndi yox, ayın 15-i, imza günümdə kitabları imzalayacam. Şəkil çəkdirmək istəyənlər gəlsin”.
 Qəribə müraciət idi. Mən suallarım boğazımda, kor-peşman qapıya tərəf yönələndə...
 Təzədən o qələbəlikdə Ramiz Rövşəni axtarmaq üçün boylandım və birdən onun yoxa çıxdığını gördüm. Bəlkə qara paltarlı qadınların şəkil çəkdirmək arzusundan boğaza yığılan şairi qara paltarlı mühafizəçilər görünməz dəhlizlə küçəyə çıxarmışdılar...
 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 902

Təcili satılır!

  • 04:07
  • 2 227
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter