Xırmandalı: "Respublika" elan edilən kənd (Video)

 Maralların sağıldığı ocaq- Kərbəlayı Tağı ocağı
Masallın ilk sənaye müəssisəsi – 500 qadının çalışdığı Mayılovların balıq vətəgəsi bu kənddə yaradılmışdır
 Statistik məlumatlar
Xırmandalı: "Respublika" elan edilən kənd (Video)
Xırmandalı Masallı rayonunun iri yaşayış məntəqələrindən biridir. Kənd rayonun şimal-şərqində, Muğan ərazisində, Cəlilabad və Neftçala rayonları ilə sərhəddə yerləşir. Ərazisi 1260 hektar, əhalisi 4326 nəfərdir. Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı Xırmandalıda 61 ev, 429 nəfər (kişi 224, qadın 205) əhali və 1 məscid qeydə alınmışdır.
 Xırmandalı- xırmanı dalı, ya xırmandalı tayfası?  
 Xırmandalı toponimi ilk olaraq şəffaf toponim, yəni mənası aydın olan yer adı kimi görünür.  Düşünmək olar ki, toponim fars dilində “xırman” (dəni sünbüldən ayırmaq üçün qabaqcadan dəyirmi formada hazırlanan yer, taxıl döyülən, təmizlənən yer) və Azərbaycan dilində “dalı” sözlərinin birləşməsindən yaranaraq “xırmanın dalı”, “xırmanın arxası” mənasını verir. Əslində bu heç də belə deyildir. Çünki, kənd ərazisi yaşayış məskəni kimi daha qədim tarixə malikdir. Tarixə nəzər saldıqda məlum olur ki, ölkəmizin ərazisində vaxtilə harmandalu və ya xarmandalu, xırmandali adlanan tayfa yaşamışdır. Buradan Xırmandalının etnotoponim (tayfa adı ilə bağlı yer adı) olub, öz adını məhz harmandalu (xarmandalu, xırmandali) tayfasının adından götürməsi qənaətinə gəlmək olur.
  Maralların sağıldığı ocaq
Kəndin tarixinə qısa bir nəzər
 Xırmandalı nəinki Masallı rayonunun, həmçinin bölgənin qədim yaşayış məskənlərindən sayılır. Kənd ərazisində orta əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidə olan “Hacıtəpə yaşayış yeri” (inv: 5966) və XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan məscid (inv: 4925) qeydə alınmışdır.
    1974-cü ildə Xırmandalı kəndi ərazisində eyni hökmdarların adından kəsilmiş balaca mis sikkələr tapılmışdır (Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. B., 1985, səh. 205). XI əsrə aid edilən bu pullar Azərbaycan-Bizans əlaqələrini öyrənmək sahəsində böyük əhəmiyyət kəsb edir. El arasında maralların gəlib sağıldığı bir ocaq kimi tanınan Kərbəlayı Tağı ocağı da kəndin ərazisində yerləşir.
    Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əkinçilikdə taxılçılıq mühüm yer tutur. Sovet dönəmində (1920-1991) burada Lenin adına sovxoz fəaliyyət göstərmişdir. Xırmandalı, Hacıtəpə və Ərəb kəndlərini əhatə etmiş sovxoz Masallı rayonunun iri və qabaqcıl təsərrüfatlarından sayılmışdır. Xırmandalı əhalisi zəhmətsevər, işgüzar olmaqla yanaşı, eyni zamanda istismara qarşı barışmaz olmuşdur. Heç də təsadüfi deyildir ki, Azərbaycanın kənd tarixində ilk və yeganə “respublika” məhz Xırmandalı kəndində elan edilmişdir.
 Nəsib Əlizadə yazır: “1917-ci ilin yayında Lənkəran qəzası zəhmətkeşlərinin sinfi mübarizəsi o dərəcədə kəskinləşmişdir ki, Xırmandalı kənd sakinləri heç kimə tabe olmadıqlarını elan edərək kəndlərini “respublika” elan etmişlər” (Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə tarixindən. B., 1974, səh. 38).  “Xırmandalı Respublikası” yerli hökumət olaraq 1917-ci ilin yayından 1918-ci ilin yayına qədər mövcud olmuşdur.
    Xırmandalı kəndi yaxınlığında Bakı milyonçularından olan Mayılov qardaşlarının təqribən 1860-1917-ci illərdə böyük balıq vətəgələri, balıq emalı və satışı şirkəti fəaliyyət göstərmişdir. Bu vətəgələrdə 3500 nəfər, o cümlədən 500 qadın çalışmışdır (Əlizaman Baxış. Muğan muzeyi. “Cənub xəbərləri” qəzeti, 30.03.2014). Qeyd edim ki, Mayılovların müəssisəsi indiki Masallı rayonu ərazisində ilk sənaye obyekti sayılır.
 Xırmandalı bu gün   
Xırmandalıda sosial obyektlərdən tam orta məktəb, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, poçt, ATS, 2 məscid, mağaza-dükanlar, çayxana, bərbərxana və digərləri vardır.
Son illər kəndi rayon mərkəzi ilə birləşdirən 16  km yola asfalt döşənmişdir.
Ərazinin tabeliyində olan Hacıtəpə kəndində Mərasim evi inşa edilmişdir.
  Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Xırmandalı kənd inzibati ərazi dairəsi Xırmandalı, Ərəb və Hacıtəpə kəndləri daxildir. Əvvəllər indiki Həsənli ərazi dairəsindəki kəndlər Həsənli, Köçəkli, Məmmədxanlı və Təkdam kəndləri də Xırmandalı kənd Sovetliyinin (inzibati ərazi dairəsinin) tərkibində olmuşlar.
Xırmandalı bələdiyyəsi 2000-ci ilin yanvarında yaradılmışdır. Bələdiyyə ilk olaraq tək Xırmandalı kəndini əhatə etmişdir. 2010-cu ildə Hacıtəpə və Ərəb bələdiyyələri ləğv edilərək Xırmandalı bələdiyyəsinə birləşdirilmişdir.
 Bu kəndin və ərazinin ziyalıları
    Xırmandalı həmçinin ziyalıları ilə tanınan kəndlərdən biridir. Sosialist Əməyi Qəhrəmanı, əməkdar inşaatçı Hacı Mir Məhəmməd Hüseynov, pedaqogika üzrə fəlsəfə doktoru, professor Əsgər Zahidov, filologiya elmləri doktoru, professor Füzuli Bayat, kimya üzrə fəlsəfə doktoru Rakif Qasımov, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, texnika üzrə fəlsəfə doktoru Ağaşirin Quliyev, sosiologiya üzrə fəlsəfə doktoru Bədəl Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Gözəlov, yazıçı-jurnalist Nurəddin Ədiloğlu (Nurəddin Muğanlı), şairlər Xudakərim Məftun, Arif Fərzəli rəhmətlik atası, Xudakərim Fərzəlizadə və digərləri Xırmandalı kəndində dünyaya göz açmışlar.
Bu ərazi dairəsinin tabeliyində yerləşən Hacıtəpə kəndi də maraqlı tarixi və ənənələri ilə zəngin olan kənddir. Həmin kəndin tanınmış ziyalısı Alzaman Baxışın hazırladığı “Hacıtəpə” kitabında bu barədə maraqlı məlumatlar əldə etmək olar.
    Qeyd edim ki, Biləsuvar rayonunun ərazisində də Xırmandalı adında kənd vardır. Bu kəndin adı çəkiləndə ilk olaraq göz önünə kənddəki Telman adına kolxoza  43 il (1953-1996) sədrlik etmiş, məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı  (1948) Qızqayıt Həsənova (1924-2012) gəlir.
 
İldırım Şükürzadə, tədqiqatçı-tarixçi
 
Redaksiyadan: Xırmandalının zəngin tarixi olsa da, burada son on illiklərdə xeyli işlər görülsə də, rayon mərkəzindən ucqar məsafədə, dəniz sahilində yerləşən bu kəndin bir sıra sosial problemləri də vardır. Bu problemlərdən ən ağrılısı böyük zəhmət hesabına Xırmandalı Tarix Diyarşünaslıq  Muzeyi bərbad vəziyyətdədir.
 
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter