Maaşlar qalxdı, sevinənlər azaldı - sosial sığorta ödənişi üçün ədalətli çözüm aranır

"Əgər belə davam etsə, fərdi sahibkarların sayı azalacaq, ödənişdən yayınma halları çoxala bilər", - ekspert

Minimum əmək haqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları da qalxıb. Fiziki şəxslərin minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata qalxacaq. Cari ilin əvvəlində ödəniş 26 manat, martın 1-dən isə 36 manat olub.
İqtisadçı-ekspert Radil Fətullayev Məsələ ilə bağlı deyib ki, fiziki şəxslərin ödədiyi sosial sığorta haqları ilə minimum əmək haqqı arasındakı əlaqəni aradan qaldırmaq lazımdır: "Fiziki şəxslərin aylıq sosial ödənişinin məbləğini sabit etmək olar. Hazırda ödəniş 36 manatdır və bu rəqəmi sabit saxlamaq olar. Konkret sabit məbləğ müəyyənləşdirmək, "Sosial sığorta haqqında" qanuna dəyişiklik etmək lazımdır. Mexanizm dəyişsə, yaxşı olar".

Ekspert bildirib ki, digər təklif kimi, məsələn, əldə edilən gəlirə görə müəyyən faiz ödəmək olar: "Fiziki şəxslərdə gəlirə görə faiz ödəmək daha ədalətli olar, amma faiz çox olmamalıdır. Fiziki şəxslərdə əldə edilən gəlirə görə konkret 3-5 faiz arasında ödəniş ola bilər. Məsələn, əldə etdiyi gəlirin 5 faizini ödəsə, 1000 manat gəlir əldə edən fiziki şəxs 50 manat sosial sığorta haqqı ödəyər. 3 faizlə götürülsə, aylıq 30 manat sosial sığorta haqqı ödəyər. Fiziki şəxslərin ödədiyi sosial sığorta haqları ilə minimum əmək haqqı arasındakı əlaqəni mütləq aradan qaldırmaq lazımdır".
O qeyd edib ki, "Sosial sığorta haqqında" qanuna görə sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir:
"Bu göstərici 2020-ci il yanvarın 1-dən sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının digər sahələrdə 25 faizi miqdarında olacaq. Minimum əmək haqqının məbləği 250 manata çatdırılıb. 2020-ci ilin yanvar ayından etibarən isə fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı 62 manat 50 qəpik olacaq. Fiziki şəxslərdə sosial sığorta haqları, demək olar ki, hər il artır. Əgər belə davam etsə, fərdi sahibkarların sayı azalacaq, ödənişdən yayınma halları çoxala bilər".
"Təklif edirəm ki, fiziki şəxslərin ödədiyi sosial sığorta haqları ilə minimum əmək haqqı arasındakı əlaqə aradan qalxsın, fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı sabit (məsələn, 36 manat) olsun. Və yaxud fiziki şəxsin əldə etdiyi gəlirin 3-5 faiz arasında ödənişi olsun. Çünki minimum əmək haqqı yenə də arta bilər", - deyə ekspert əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili açıqlamasında deyib ki, fərdi sahibkarların icbari sosial sığorta ödənişlərinin minimim əmək haqqına bağlanması əslində sahibkarlar üçün daha az sosial ödənişlər etməyə imkan verir: "Çünki aylıq gəlirləri minimum əmək haqqından çox olan fərdi sahibkarlar da yalnız minimum əmək haqqının 20%-i həcmində sosial ödənişlər edirlər. Bu da sahibkarın daha çox gəlir əldə edən zaman sabit ödəniş etmələrinə imkan verir. Minimum əmək haqqının artırılması ölkədə iqtisadi aktivliyi artırır, fərdi sahibkarların da gəlirləri artır. Həmçinin, sosial ödənişlərin daha çox olması fərdi sahibkarların da gələcəkdə daha yaxşı pensiya təminatı ilə təmin olunmasına imkan yaradır".

https://sputnik.az/economy/20190710/421072930/fiziki-shexslerin-ayliq-sosial-odenishi-36manat-olsun.html 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 902

Təcili satılır!

  • 04:07
  • 2 227
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter