Çin hökuməti müsəlmanların başına hansı oyunları açır? (1-ci yazı)

  • 14.07.2019, 12:18,
  • Siyasi
  • Oxunma: 232
Moderator.az xarici mənbələrə istinadən Şərqi Türküstanda müsəlman-türklərin saxlanıldığı düşərgələrlə bağlı bir neçə yazı təqdim edəcək.

Şərqi Türküstanda nələr baş verir?
Dünya bir müddətdir Çinin Şərqi Türküstanda yaratdığı saxlama düşərgələrindən danışır. Çin isə həmin düşərgələri "təhsil düşərgələri" kimi təqdim edir. Ancaq çox sıx qorunan bu düşərgələrdən çıxanlar içəridə işgəncə gördüklərini bildirir. BMT başda olmaqla, bir çox beynəlxalq təşkilat və insan hüquqları təşkilatı hesabatlarında terrorizm və dini ayrıseçkilik iddiası ilə minlərlə uyğurun düşərgələrdə uzun müddət mühakimə olunmadan saxlanıldığını bildirir.BMT-nin son hesabatına əsasən, düşərgələrdə sayı dəqiq məlum olmasa da, təxminən bir milyona yaxın adam saxlanılır. Hesabatda bildirirlir ki, müsəlmanların bir-birinə “Salamın Ələykum” demələribelə, təhdid olaraq qəbul edilir.
Çin 2014-ci ilin may ayından etibarən Şərqi Türküstanda terrorizmə qarşı mübarizəyə başlayıb.  İnsan Haqlarını İzləmə Təşkilatının yaydığı hesabata görə, 2014-dən bəri bu çərçivədə həbs olunanların sayı əvvəlki 5 illik dövrə nisbətən 5 dəfə çoxdur. Bu tarixdən sonra uyğur türklərinə təzyiqlər artıb.
Şərqi Türküstan haradır?
Şərqi Türküstan türk-müsəlman etnik azlıqların yaşadığı regiondur. Əhalisinin böyük qismini (11 milyon) uyğur türkləri təşkil edir. Yerdə qalanlar isə qazaxlardır (1,6 milyon). Şərqi Türküstan muxtar bölgə olmasına baxmayaraq, Çin bu bölgədə təhlükəsizlik tədbirləri adı altında həyata keçirdiyi çox sıx nəzarətlə xalqın azadlığını məhdudlaşdırır. Uyğurlar bölgəyə Şərqi Türküstan deyir, ancaq 1949-ci ildə Çin bölgəyə Sincan adını verib. 1955-ci ildə muxtariyyət əldə edən bölgənin adı Sincan Uyğur Muxtar Bölgəsi olaraq dəyişdirilib. Ancaq uyğurlar Şərqi Türküstan deməkdə davam edir. Pekin rəhbərliyi isə bu adı istifadə edənləri separatçı kimi qələmə verir. 
Şərqi Türküstan bölgəsi yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Şərqi Türküstan Çin idarəsinə keçdikdən sonra bu təbii ehtiyatlardan istifadə ilə nə inkişaf edib, nə də rifah səviyyəsi yüksəlib. Uyğur türkləri bölgədəki təbii mənbələrdən istifadə edə bilmirlər. Bölgədə iqtisadi problemlər, işsizlik kimi problemlər hökm sürür. Çin rəhbərliyinin bölgəyə Xan Çinli əhalini yerləşdirərək assimilyasiya siyasəti həyata keçirir. 
Beynəlxalq təşkilatların hesabatlarında Şərqi Türküstan və toplama düşərgələri
Çinin minlərlə insanın qanunsuz olaraq saxlandığı düşərgələr, başda BMT olmaqla beynəlxalq insan haqları təşkilatlarının də gündəmindədir. Çin düşərgələri mətbuata və beynəlxalq insan haqları təşkilatlarına açmadığı üçün bu barədə hazırlanan hesabatlar daha əvvəl düşərgələrdə qalmış şəxslərin danışdıqlarına əsaslanır.
İnsan Haqlarını İzləmə Təşkilatı hesabatında Çin rəhbərliyinin Şərqi Türküstanda yaşayan uyğurlarla pis rəftar edildiyinə dair dəlillər təqdim edir. Hesabatda qeyd olunur ki, Pekin rəhbərliyi ifadə azadlığını, din və məxfilik hüquqlarını, işgəncə və haqsız ittihamlardan müdafiə hüquqlarını pozur. Və bu vəziyyətdən uyğurlar, qazaxlar və digər azlıqlar təsir görür.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında qeyd olunur ki, 2017-ci ilin mart ayında "Ekstremizmlə Mübarizə Mərhələsi" qəbul edilib və bu tarixdən sonra Şərqi Türküstanda düşərgələrə salınan, əksəriyyəti müsəlman olan etnik qrupların sayısürətlə artır. Vurğulanır ki,  "normal" olmayan saqqal saxlamaq, çadra və ya hicab taxmaq, namaz qılmaq, oruc tutmaq, spirtli içki içməmək, İslam və ya uyğur mədəniyyəti ilə bağlı kitablar və ya yazılar almaq "ekstremizm" kimi qiymətləndirilir. Çin rəhbərliyi yalnız bu səbəblərlə müsəlmanları aylarladüşərgələrdə saxlayır. İş və ya təhsil məqsədilə, xüsusilə də müsəlman əhalinin çox olduğu ölkələrə getmək, ya da Çin xaricində yaşayan insanlarla ünsiyyət qurmaq da insanları şübhəli vəziyyətə salan əsas səbəblərdəndir. Kişi-qadın, qoca-cavan, kəndli-şəhərli fərq etmədən hər kəs həbs olunma təhlükəsi ilə üz-üzədir.
İnsan Haqlarını İzləmə Təşkilatının hesabatına görə, Çin Şərqi Türküstanda tətbiq etdiyi təhlükəsizlik tədbirləri çərçivəsində insanların şəxsi həyatı, sosial şəbəkələrdəki profilləri siyasi etibarlılıq səviyyələrinin göstəricisi olaraq yaxından izləyir. İnsanlar yalnız öz davranışlarından dolayı deyil, yaxın ətrafındakı insanların davranış və ya inanclarından dolayı da yaxından təqib edilir, ya da nəzarətə alınırlar. Hesabata görə, yüksək texnologiyadan istifadə edilərək kütləvi nəzarət sistemi qurulur. Üz və səs tanıma sistemlərindən istifadə edilir. İnsanların səs nümunələri, DNT kimi biometrik məlumatları toplanılır. Bu məlumatlar isə pasport almaq üçün tələb olunan sənədlərin bir hissəsi kimi toplanılır. 
Hesabata görə, Çin 2014-ci ilin may ayında "Şiddətə zərbə vur” kampaniyasına başlayıb. Bu kampaniyaya əsasən, çinlilərin özbaşına həbsi sürətlənib. BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsi Çini, Şərqi Türküstanı insan hüqlarının qorunmadığı kütləvi toplama düşərgəsinə çevirməklə günahlandırır. 


Toplama düşərgələrində nələr baş verir?
İnsan Haqlarını İzləmə Təşkilatının (HRW) hesabatına görə, düşərgələrdə saxlanılar günlərlə, aylarla və hətta illərlə kommunizm təbliğatına məruz qalırlar. Bəzi ailələrin, demək olar ki, bütün kişi üzvləri sözügedən  düşərgələrdə saxlanıldığı bildirilir. Bundan başqa, qırğızlar, tatarlar daxil olmaqla digər türk-müsəlmanların yanaşı, türk olmayan müsəlmanların da təzyiqlərə məruz qaldığı bildirilir. 
Düşərgələrdə ölüm hallarının qeydə alındığı da bildirilən HRW hesabatında, fiziki və psixoloji təzyiqlərin, pis şərait, ifrat dərəcədə sıxlıq və digər problemlər yaşandığı bildirilir. Düşərgələrdə tibbi nəzarət olmamasına baxmayaraq, ciddi narahatçılığı olanlar və yaşlılar da orada saxlanılır. Düşərgələrdə hamilə qadınlar, süd verən analar, əlil insanlar və uşaqlar da var. İtaətsizlik nümayiş etdirənlərə isə çox sərt cəzalar verilir.“Reuters” peyk görüntülərini araşdıran “Earthrisemedia” adlı QHT ilə birlikdə 39 toplama düşərgəsi üzərində aparılan peyk görüntülərini araşdırıb. Araşdırmalar düşərgələrin həcminin 2017-ci ilin aprelindən 2018-ci ilin avqustuna qədər 3 dəfə böyüdüyünü ortaya çıxarıb. 39 çadırdan ibarət olan ərazi 140 futbol meydançası böyüklüyündədir.
Beynəlxalq Amnistiya Təşkilatının (UAÖ) hesabatlarında həbs edilənlərin aqibəti haqqında ailələrinə məlumat verilmədiyi bildirilir. Ailələr isə yaxınlarının başına gələnləri soruşmağa belə qorxurlar. 
Kairat Samarkan 2017-ci ilin oktyabr ayından 2018-ci ilin fevral ayına qədər həmin düşərgələrdə saxlanılıb. O, ikili vətəndaş olmaqda və ölkəsinə xəyanət etməkdə günahlandırılıb. Karatın dediyinə görə, ilk saxlanıldığı vaxt başına torba keçirilib, qollarına və ayaqlarına qandal vurulub. Eyni düşərgədə, təxminən 6 min nəfərin olduğunu bildirən Kairat, siyasi marşlar dinləməyə və Çin Kommunist Partiyası üçün işləməyə çətinlik çəkdiklərini bildirir.
Kairatın sözlərinə görə, düşərgədə qalanlar bir-biri ilə danışmırlar, yeməkdən əvvəl "Çox Yaşa Şi Cinping" deyə qışqırmağa məcbur edilirlər. Kairat düşərgədə olarkən intihara belə, cəhd edib. 
Düşərgələrdən çıxanların dediklərinə görə, düşərgədəki vəziyyətə etiraz edənlərə yemək verilmir. Müxtəlif üsullarla cəzalandırılırlar. Buna görə də düşərgələrdə intiharlarla yanaşı ölüm halları qeydə alınır.

Beynəlxalq təşkilatların rəsmi şəxsləri kütləvi nəzarət düşərgələri ilə bağlı bunları deyirlər: "Düşərgələr beyin yuma, işgəncə və cəzalandırma məkanlarıdır. Xaricdə yaşayan ailənizlə mesajlaşma kimi son dərəcə sadə bir səbəb də həbs olunmağınıza yol açır. Və Çin rəsmilərinin etdiklərinin nə qədər cəfəngiyyat, ədalətsiz, tamamilə əsassız olduğunu vurğulayır".


Çin hökuməti nə deyir?
Çinli rəsmiləri, düşərgələri "kiçik cinayətlərə qarışan cinayətkarlar" üçün "peşə, təhsil və məşğulluq mərkəzləri" kimi səciyyələndirir. Ancaq bu obyektləri BMT, insan haqları təşkilatları və ya medianın izləməsinə icazə vermir. Son illərdə Çin hökuməti Sincanda ictimai nəzarət üçün çox ciddi maliyyə, humanitar və texniki vəsait ayırıb. Regionda saysız-hesabsız nəzarət nöqtələri və zastavalar inşa edilib. On minlərlə əlavə təhlükəsizlik personalı cəlb olunub.
Çinli rəsmiləri isə bunlarıb terrorla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi üçün yaradıldığını iddia edir. moderator.az


Ardı var...


 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 293

Təcili satılır!

  • 04:07
  • 1 855
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter