Mətbuat Şurasına cavab||--||

Mətbuat Şurasına cavab||--||



Mətbuat Şurasına cavab


Hörmətli Əflatun müəllim!


Masallı və Yardımlı rayonlarının bir qrup məmurunun imzaladığı məktubları diqqətlə oxudum və həmin məktublarda sadalanan və qəzetimizdə dərc olunan yazıları bir daha nəzərdən keçirtdim.

Öncə Yardımlı rayon Mədəniyyət Şöbəsi müdirinin və həmkarlar təşkilatı sədrinin imzaladığı məktubla bağlı bildirirəm ki, vaxtilə komsomol işində birgə çalışdığım Ayaz müəllimin iradları həqiqətə uyğun deyil. Birincisi, adını nə qoyur qoysun, Gülbala Əhmədlini əmək intizamını pozduğuna görə yox (onsuz da Yardımlıda gündüz 12-dən sonra idarələrdə adam tapmaq olmur), icra başçısının sifarişi ilə məhz müxalifətçi və �Cənub xəbərləri� qəzeti ilə əməkdaşlıq etdiyinə görə çıxartmışdılar. Bu insan həmin ərazidə ən mübariz və saf insanlardan biridir. Həyat yoldaşı 1-ci qrup əlildir və övladları olmur. Onu son çörək yerindən məhrum etmək əslində qeyri-insani hərəkət idi. Məhz bunları nəzərə alıb Yardımlı Rayon Məhkəməsi Mədəniyyət Şöbəsinin əmrini qanunsuz sayıb, Gülbala Əhmədlinin xeyrinə qərar qəbul edib və o hazırda əvvəlki vəzifəsində çalışır. Deməli, bizim yazdıqlarımız həqiqət imiş. İkincisi, Yardımlıdan yazdıqlarımız yazıların əksəriyyətinin müəllifi bəllidir - Gülbala Əhmədli, Ağasəf Əliyev və başqaları. Sadəcə olaraq Masallı İcra Hakimiyyətinin təşəbbüsü ilə mənə qarşı hazırlanmış �zəhmətkeş məktublarına� regional don geyindirmək üçün Qəzənfər Ağayev əvvəlki iş yerinin-Yardımlının da imkanlarından faydalanıb. Bizə çatan məlumatlara görə o, digər qonşu rayonlardan da belə məktublar təşkil etmək istəyib, lakin alınmayıb.

Qaldı ki, Masallı ilə bağlı yazılara. Məlum olduğu kimi, mən Masallıda yaşayıram, buradakı olayları daha da yaxından hiss edirəm. Burada oxucuların mənimlə ünsiyyət qurması da əlverişlidir. Təbii ki, buna görə Masallı ilə bağlı yazılar qəzetdə bir az çox yer alır.

Bir məqam mənə qaranlıqdır ki, �Çəpərüstü söhbət� rubrikası ilə gedən yazılar bunları niyə belə narahat edir? Axı bu qəzet 7 rayona yayılır. Niyə təhsildəki həmin rüşvətxorluq, digər neqativ hallar Lerikin, Lənkəranın Təhsil Şöbə müdirlərini narahat etmir, Masallıdakıları narahat edir? Necə deyərlər, soğan yeməmisən, için niyə göynəyir? Bir də hamıya bəllidir ki, �Cəpərüstü söhbət� rubrikasında gedənlər yumoristik, bədii yazılardır.

Mən o yazıları bir də diqqətlə oxudum. �Axırıncı aşırımda� Kərbəlayının sözü olmasın, bu məmurların mənə edilən sitəmləri kimə edilsə idi, o daha radikal yazardı. Bunlar dəfələrlə müxbirimizi, qəzetsatanımızı döyüb, otağımın qapısına kəsilmiş heyvan başı atdırıb, zibillər tökdürüb, səkilləri dağıtdırıb, ən yaxın qohumlarımı işdən çıxartdırıb və sair. Amma konkret olaraq kimisə təhqir etməmişəm. Kimsə hansı sözü təhqir sayırsa, gələcəkdə bu iradı da nəzərə almağa çalışacağam.

Məni arqumentsizlikdə günahlandıran şikayətçilərin özlərinin bir çox iradları əsassızdır.


�Adı belə əməllərinə görə məhkəmələrdə hallanan Zahir Əmənov�


Belə ki, onlar yazır: �adı belə əməllərinə görə məhkəmələrdə hallanan Zahir Əmənov�. Bu hansı məhkəmələrdir belə? Qəzetimiz 2 dəfə məhkəmə çəkişməsinə məruz qalıb - 2004-2005-ci illərdə millət vəkili Əhəd Abıyevin qardaşı, polis rəisi Zəfər Abıyev şərəf və ləyaqətinin təhqir olunması tələbi ilə bizi məhkəməyə verib, nə qədər təzyiq etməsinə baxmayaraq, Ali Məhkəmədə onlara qalib gəlmişik. Ötən il isə müxbirimiz Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən həmin ali məktəbdən yazdığı tənqidi yazıya görə qovulduğu üçün məhkəməyə müraciət etmişdi və həmin məhkəmədən də qalib ayrıldıq. O, ali məktəbə bərpa da olundu, oranı bitirdi də, mübariz gənc kimi ABŞ-a da səfər etdi, hazırda paytaxt mətbuatında çalışır. Deməli, haqlı idi ki, hələ çox da müstəqil olmayan Azərbaycan məhkəmələrində belə millət vəkilinə, rektora haqqımızı sübut edə bilirik.


Bizi konkret olmamaqda, qərəzdə günahlandıranlar gərək özləri də bu keyfiyyətlərə sadiq olalar. Məsələn, �xidmət etdiyi təşkilatlara yarınmaq� üçün daha çox �priz və mükafat almaq uğrunda mübarizə aparan� biz, görəsən, kimlərə yarınmışıq? Bizə ilk mükafatı �Ən mübariz regional qəzet� adını verən elə siz olmuşsunuz. Daha sonra Beynəlxalq Jurnalistika Mərkəzinin müsabiqəsində iştirak edərək �Ay alan, insan satıram!� yazıma görə qalib olub Polşaya getmək şansı qazanmışam. Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatını almışam. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirdiyi müsabiqələrdə 1 dəfə 2-ci, bir dəfə 1-ci yerə layiq görülüb 500 manat pulla mükafatlandırılmışam. KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqədə 84 jurnalist içərisində 50 baldan yuxarı nəticə göstərən 7 jurnalistdən biri olmuşam. Bundan əlavə heç öz xəbərim olmadan Azərbaycan İdman Jurnalistləri Assossasiyası məni idman sahəsini işıqlandıran ən yaxşı regional qəzet hesab edib və priz verib. Son mükafatım isə QHT-lərə Dəstək Şurasının müsabiqəsində həvəsləndirici mükafata layiq görülməyimdir. Görəsən, bu təşkilatların hansı �tənqid� sifariş verir? Məndən qərəzsizlik tələb edənlər özləri nədən belə qərəzkarlıq edən olur, əyalət jurnalisti kimi ən yüksək nəticələrə imza atan şəxsi gözdən salmaq istəyirlər?


Arqumentsizlikdən əziyyət çəkən şikayətçilərim mənim 10 il öncə işdə yol verdiyim nöqsanlardan danışırlar. Bəli, hələ 2000-ci ildə icra hakimiyyətindəki haqsızlıqlara etiraz etdiyim üçün qondarma bəhanələrlə məni işdən çıxartdılar. Həmin vaxt �525-ci qəzet�ə kəskin müsahibə verdiyim üçün məndən prokurorluğa şikayət etdilər. Lakin onların yalanları təsdiqini tapmadı. Həmin vaxtlar jurnalistimi, qəzetsatanımı döyürdülər. İndi bu məktuba imza atanlardan biri �Hüseyn Hüseynov sifarişlə əməkdaşımın üzünə durmuş və ifşa olunmuşdu. Məhz həmin vaxtlar Əflatun müəllim, siz �RUH� un sədri kimi mənə qarşı olan haqsızlıqlarla bağlı bəyanat verdiniz. Bir də keçmiş fəaliyyətə görə məsuliyyət daşımaqdırsa, bu məktubda imzası olan 3 saylı məktəbin direktoru Fəxrəddin Talıbzadə mehmanxanada polis zabiti Nurəddin Əhmədovu döydüyü üçün xuliqanlıq maddəsi ilə 4 il həbsdə yatıb. Bəs onu hansı keyfiyyətlərinə görə tərbiyə müəssisəsinə rəhbər gətirdilər?


Bunlar �Cənub xəbərləri�ni �ailə qəzeti� adlandırır. Bu necə ailə qəzetidir ki, onun əməkdaşları Lerikin ən ucqar Qışlaq, Astaranın jurnalist ayağı dəyməyən Sım, Yardımlının Avaş, Cəlilabadın Köyüzbulaq kimi ucqarlarına gedib onların tarixindən, mədəniyyətindən yazılar hazırlayır, cənub generallarından 20-yə yaxın yazılar dərc edir, böyük zəhmət hesabına ölkənin 34 tanınmışlarından �Vəfa Quluzadədən, Zərdüşt Əlzadədən, Cəmil Həsənlidən, Əli Kərimlidən, Aydın Mirzəzadədən, Sabir Rüstəmxanlıdan, Fəzail İbrahimlidən, Arzu Abdullayevadən, Rəşid Hacılıdan, Qubad İbadoğlundan, Eldar Namazovdan... xüsusi olaraq �Cənub xəbərləri� üçün müsahibələr təşkil edir, cənubun tanınmış sənətkarları � Həqiqət Rzayeva, Haşım Kələntərli, Münəvvər Kələntərli, Gülağa Məmmədov, Sabir Mirzəyev, Rəsmiyyə Sadıqova, elə bu məktuba imza atanlardan biri - Fəxrəddin Talıbzadənin qardaşı, məşhur qarmonçu mərhum Abutalıb Sadıqov və sairləri haqqında onlarla yazılar çap edir. Hələ cənubun tarixindən, mədəniyyətidən yazmağı, eləcə də Cəlilabadda, Astarada, Biləsuvarda hədsiz məmur özbaşınalığına məruz qalan insanların dərd-sərini işıqlandırmağımızı sadalamıram. Təkcə bu mövzuda bir faktı xatırladım ki, işıqsız, döşəməsiz, mebelsiz evdə yaşayan 3 uşaq anasının polis tərəfindən zorlanmasını biz ictimailəşdirdik və xeyriyyəçilərin köməyi ilə onun problemlərini yoluna qoyub, bu məktuba imza atan 10 məmurun edə bilmədiyini biz etdik.

Şikayətçilərim mətbuata diqqətlərindən danışırlar. Onlar ölkə başçısının mətbuatın 135 illiyi ilə bağlı sərəncamına uyğun nə iş gördülər? Masallıda bununla bağlı yarım saatlıq belə bir tədbir keçirildimi? Keçirildisə, niyə jurnalistlərin bundan xəbəri olmadı? Bunlara tərif yazmayan bütün jurnalistlər onların qara siyahısındadır.

Bunlar ancaq hərdən öz atalarının, əmilərinin yubileyini keçirir, rayonda Azərbaycana şöhrət gətirən bir nəfərin də yubileyi keçirilməyib. Primitiv Novruz tədbirini çıxmaq şərti ilə heç bir tədbir təşkil olunmur. Sanki Masallı ölü rayondur.


�Müəlliflər� məni əhalini müti olmaqda və onları mübarizəyə çağırmaqda təqsirləndirirlər. Bunlar �mübarizə� sözündən çox qorxurlar. Ona görə də Prezidentimizin şəklini başları üstünə vursalar da, onun �Korrupsiyaya qarşı mübarizə� haqqında sərəncamına heç məhəl qoymurlar. Çünki orada �mübarizə� sözü var. Bəli, mən ziyalıları müti olmamağa çağırıram. Həyat yoldaşımın məsələsi müzakirə olunan RTŞ-nin Şura İclasında 15 Şura üzvündən heç biri cəsarət edib çıxış etmədi, amma bir səslə onun əleyhinə səs verdi, bu mütilik, �lallar yığıncağı� deyilmi?

Masallıda icra başçısı fəaliyyətə başlayan kimi 500-ə yaxın dağ gövdəli ağacı kəsib, Masallının yaşıl ciyərini çıxardıb orada palma, onlar yanandan sonra isə kəndəlaş əkdirdi. Bəs mütilər yox idisə, buna niyə susdular? Hətta ölkənin bir qrup ziyalısı buna görə Masallı İcra Hakimiyyətini məhkəməyə verdi, qəzetimizdən özgə Masallıda hamı susdu.

3 il idi ki, Masallının mərkəzindəki 2 küçədən biri - hər gün mindən artıq adamın istifadə etdiyi Köhnə bazarın arxasındakı küçə xaraba gündə idi. Ardıcıl olaraq həmin küçənin şəklini 14 dəfə dərc edəndən sonra ala-babat yamadılar. Mübariz idinizsə, niyə susurdunuz? Belə misalların sayını onlarla artırmaq olar.

Mənə elə gəlir ki, bu gün qəzetləri təkcə tənqidə görə qınamaq düz deyil, mənasız təriflərə görə də bəzi qəzetlər cəzalanmalıdır. Masallı Rayon Təhsil Şöbəsinin sifarişi ilə �Çağdaş təhsil� adlı qəzeti A-2 formatda çıxan 12 səhifəsinin 8 səhifəsini Masallıya həsr edib, bir sayında bu rayonun 44 məktəbini mənasız ibarələrlə tərifləyib və həmin qəzetlər üçün hər məktəbdən 50 manat pul yığıldı.

Bir neçə kəlmə də �30 il və 3 il söhbəti� yazısı barədə. Yerli icra başçısına yarınmaq istəyən bu �müəlliflər� başçının hesabat yığıncağında bildiriblər ki, son 3 ildə Masallıda son 30 ildəkindən də çox iş görülüb. Biz də yazmışıq ki, onda belə anlaşılır - ulu öndər Heydər Əliyev 30 ildə işləməyib, İlham Əliyevin fəaliyyətinin ilk illəri səmərəsiz olub, ancaq Qəzənfər Ağayevin 3 ili Masallını bəxtəvər edib. Və bütün bunları konkret faktlarla əsaslandırmışam. Səhv yazmışdım, cavab yazıb təkzib edəydilər.

Bir az da şikayətçilərdən danışaq. Onlar məndən niyə incikdirlər?

Əmanət Əzizov. Bu adam qardaşı, keçmiş millət vəkili Vəsatət Əzizovun hesabına zorla bu kürsüdə əyləşdirilib. Vəzifəyə başlayan kimi bütün işçilərinə hədə gəlib ki, ya 100 manat verin, ya da işdən çıxın. Həsənli kəndindən Toğrul adlı gənc bu barədə bizə rəsmi şikayət etdi. Nə qədər zəng etsəm də, məni Ə.Əzizovla birləşdirmədilər. Mobil telefonuna etdiyim zəngə də cavab vermədi. Maşına əyləşib idarəsinə getdim-gah dedilər iclasdadır, gah dedilər qonağı var, qısası görüşməyə imkan vermədilər. Mən də şikayətçinin məktubunu dərc edib bildirdim ki, onun da mövqeyini dərc etməyə hazırıq. Lakin səs gəlmədi. Əmanət Əzizov Telekommunikasiya kimi strateji obyektə, YAP-ın rayon təşkilatına rəhbərlik etsə də, ali təhsili yoxdur. Yəni tərcümeyi-halında İqtisadiyyat Universitetini bitirdiyini qeyd etsə də, həmin �Dərdlərimiz� yazısında deputat sorğusu nəticəsinə istinadən institutun verdiyi məktubda göstərilir ki, Əzizov həmin institutda təhsil almayıb, sadəcə kurs keçib. İndi Əzizov bunu yazdığımız üçün əvəz çıxır.

Baş həkim Cəlil Nəzərov. İlk dəfə onun �qan pulu� məsələsində, yəni şəxsiyyət vəsiqəsi və digər işlər zamanı adamlardan götürülən qan zamanı aldığı pullarda 20 min manat yeyinti olduğunu konkret faktlarla sübut etdim. Xəstəxanada rüşvətxorluq tüğyan edir. Doğum şöbəsinin təmiri adı ilə çırpışdırdıqları 459 min manatı ört-basdır etmək üçün min oyundan çıxırlar. Halbuki həmin pulun heç 10 faizi bura sərf edilməyib. Hər il güzəştli xəstələrə verilən dərmanlara görə 800 min manat pul alırlar, amma o pulun heç 10 faizi xərclənmir. Bunları tənqid edirik, sorğu göndəririk, ilk mənbədən daha dəqiq cavab alaq, əvəzində orada həkim işləyən 69 yaşlı xalam oğlunu Bakıya 3 aylıq kursa yolladılar. Şəkər xəstəsi kimi aylarla mənə dərman vermirlər, hər yerdə haqqımda qarayaxma kompaniyası aparırlar. Bütün bunları sakitcə qələmə almaq olardımı?


�Hadıyev məndən 1400 manat aldı � yazısı ilə bağlı bildirirəm ki, vətəndaşın şikayəti ilə bağlı Torpaq və Xəritəçəkmə idarəsinin rəhbəri Hamil Hadıyevin yanında olmuşam. Yazılanları inkar edib. Mən də yazını çap etmişəm, onun fikrini də. Hətta mənə pul təklif edib, götürməmişəm. Mənə çatan məlumata görə bu məktuba onu zorla imza etdiriblər. Çünki həmin yazıdan sonra bir neçə dəfə rastlaşsaq da, hətta zarafatlaşsaq da, mənə heç bir inciklik bildirmədi.


Laçın Sadıqzadə qəzetə müsahibə verən tək-tək məmurlardan biri olub. Lakin həmin müsahibədə verdiyi vədlərin çoxunu reallaşdıra bilmir. Buna görə 1 ildir ki, dəfələrlə zəngləşib vədələşsək də müsahibədən qaçır. Deməyə sözü yoxdur.

Sığdaş ərazisi üzrə icra başçısının nümayəndəsi İstafil Əliyevin fəaliyyəti lap rüsvayçılıqdır. Dava �Xanalyan. Mənəvi terror� yazısı deyil. Bunun qonşuluğunda 14 yaşlı qız ərə verilib. Özü də həmin toyda iştirak edib. Bundan əlavə onun xeyir-duası ilə kənddəki payıbəlli torpaqlarda qanunsuz olaraq 50-yə yaxın ev tikilib. Əməkdaşımız bunları araşdırdığından, o, haray-həşir salır.

Şikayətçilərin 5-i təhsil şöbəsindəndir. Bu da səbəbsiz deyil. 200 minlik əhalisi olan Masallı rayonu bu il buraxılış imtahanlarının nəticələrinə görə ölkə üzrə ən pis nəticə göstərib və sonuncu yeri tutub. Attestat alveri rayonda tüğyan edib. Biz də bunları işıqlandırmışıq.


Amma ən vacibi isə biz bunların puluna toxunmuşuq.

Məhz 2 məqam bunları çox qıcıqlandırıb.

Birincisi. Uşaq bağçalarına ərzağı şişirdilmiş qiymətlərlə verirdilər. Təsəvvür edin - 30 qəpiklik çörək 90 qəpiyə sənədləşdirilirdi. Aprelin 10-da �Masallıda aclıq olacaq adlı?� yazıda bunu işıqlandırdıq. Tədbir görmək əvəzinə həyat yoldaşımı işdən çıxartdılar, qızımın, bacım oğlunun dərs saatlarını azaltdılar, məni müəllimlikdən kənarlaşdırmaq istəyirlər və sair.


İkincisi. İnformasiya sorğuma cavab vermədikləri üçün onları məhkəməyə vermişəm.


Bunlardan informasiya almaq olmur. Abunə və həmkarlar komitəsinin fəaliyyəti ilə bağlı 2 informasiya sorğusu vermişəm. 7 günə cavab verməli olduqları halda, 70 gündür susurlar. Onların bu hərəkətsizliyindən məhkəməyə müraciət etmişəm. Bundan sonra onların arasında çaxnaşma yaranıb, şərəf ləyaqət yada düşüb. Əvvəllər onları daha kəskin tənqid edirdim, heç narahat olmurdular, indi pullarına toxunmuşuq çığırtıları ərşə çıxır.


Həmin məktuba Təhsil işçiləri həmkarlar komitəsi sədrinin imza atması da gülüncdür. Mən müəllim kim onun təşkilatının üzvüyəm. Günahım varsa, məsələm ilk təşkilatda müzakirə olunmalı, çətin anda o mənim hüququmu qorumalıdır. O hansı statusla həmin məktuba imza atır? Düz adamdır, hər il topladığı və xəlvətdə xərclədiyi 170 min manatın yerini desin.

Bunlar hansı şərəf və ləyaqətdən danışırlar? Hər gün otaqlarında bunları söyür, rüsvay edirlər, amma susurlar. İndi bunları istiqamətləndirən icra başçısı Qəzənfər Ağayevi Əhəd Abıyev Mədəniyyət Evinin qarşısında, 500 adamın yanında söyüb təhqir etdi, �Başçı qələt edir, ... yeyir,�-dedi. Bunu bütün müxalif və müstəqil qəzetlər yazdı. İcra başçısının müavini Nəsir Muxtarlını magistral yolun ortasında Aqroservisin müdiri Qafil Məmmədov söydü, döydü, amma bunlar susdular. Bəlkə �Cənub xəbərləri� qəzetini zəif görüblər?


Bəs bunlar bu vaxta qədər nədən bir dəfə də olsun qəzetimizə təkzib yollamayıb, hətta xeyirdə-şərdə mənimlə görüşəndə gileylərini belə bildirməyiblər. İndi birdən-birə necə oldu ki, düz 10 məmur üstümə qalxdı. Yuxarıda qeyd etdiyim kimi, buna başlıca səbəb onların puluna �toxunmağım� və sorğularıma cavab vermədikləri üçün məhkəməyə müraciət etməyimdir.

Heç vaxt onların qapısını təmənna ilə açmamışam. Hətta pul da veriblər, götürməmişəm. Bu məktuba imza atanlardan 2-si əslində mənim hakimiyyətdəki informatorum olub. Başçının iclası gedə-gedə tədbiri mənim üçün mobil telefonla translyasiya ediblər, amma indi... müəyyən vədlər nəticəsində qiblələrin dəyişiblər.


Qaldı ki, qəzetin maliyyə mənbələrinə, burada qaranlıq heç nə yoxdur. Bəlkə də yeganə əyalət qəzetidir ki, qəzetin hər sayında 100 manatdan artıq reklam verirəm. İqtidardakıların qorxusuna baxmayaraq qəzetin normal satışı və abunəsi də var. Çox ştat saxlamadığımızdan əksər işləri-korrekturadan tutmuş qəzetin səhifələnməsinədək-eyni adamlar görür. Redaksiyaya avadanlığı isə İnternyus-Azərbaycan təşkilatı verib. Arabir Soros və NED-dən layihələr də uduruq. Hər ay vergi idarəsinə və Sosial Müdafiə Fonduna qazanclarımızdan vergilər və rüsumlar da ödəyirik. Bir fiziki şəxs və kommersiya təşkilatı kimi onlara hesabat verməyə borclu olmasam da, onlar bircə Xətai parkı üçün xərclədikləri 650 min manatın, bir də son 3 ildə Masallıda abadlıq adı ilə sildikləri 12 milyon manatın detallarını açıqlasın, mən qəzetin bütün qəpik-quruşuna qədər onlara məlumat verməyə hazıram.


Bunlar mənə qarşı səlib yürüşünə başlayıb. Hazırda Masallı məhkəməsinə də müraciət etməyə hazırlaşırlar, Mətbuat Şurasından isə bir həmkarlar təşkilatı kimi istifadə edib, oradakı şikayətlərini daha əsaslı təqdim etməyə çalışırlar. Təhsil şöbəsindən gələn məlumata görə guya onlar iqtidarda çalışan hansısa şəxsin Mətbuat Şurasındakı tələbə yoldaşı ilə bu işi düzüb-qoşub, razılaşıb, oradan mənfi rəy alacaqlar. Bunların fikri-zikri regionun yeganə müstəqil qəzetini ləkələyib gözdən salmaqdır. Elə �zəhmətkeş məktublarından� lazımdırsa, yüzlərlə təşkil edək.

Bunlar çirkin əməllərinin dairəsini o qədər genişləndiriblər ki, indi mətbuat işçilərini elə mətbuatın öz əlilə vurmaq istəyirlər. Hər şey öz əllərindədir - yalandan saxta sənədlər hazırlayır, tabeçiliyində olanları məcbur edib yalançı şahidlər düzəldir, lazım olanda məhkəmələrlə də dil tapırlar. Belələrinin Mətbuat Şurasına müraciət etməyə heç mənəvi haqqı yoxdur.

Biz isə inanırıq ki, Mətbuat Şurası təkcə məmurları jurnalistlərdən yox, jurnalistləri də belə məmurlardan qorumalıdır. 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 620

Təcili satılır!

  • 04:07
  • 2 026
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter