Türkiyədə yeni gözlənti: Ərdoğan rəqiblərini “beşiyində boğmağa” çalışacaq


Orxan Qafarlı: “Hazırda Türkiyənin gələcəyini formalaşdıracaq 4 siyasətçi var və Əkrəm İmamoğlu digər üçünü öz ətrafına çəkə bilsə, ölkədə yeni bir dönəm başlayacaq”
 
Son həftələrdə Türkiyənin daxilində baş verən hadisələr siyasi çevrələrdə, o cümlədən cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyəsinə seçkilərdə uduzması, AKP-nin qurucularından olan, sabiq nazir Əli Babacanın partiyadan istefası, həmçinin onun, eləcə də keçmiş Prezident Abdullah Gülün, keçmiş Baş Nazir Əhməd Davudoğlunun yeni partiya yaradacaqları xəbəri ölkə gündəminin əsas mövzusuna çevrilib.
 
Türkiyədə baş verənlər daim ölkəmizdə də xüsusi həssaslıq izlənilir. Bu mənada yuxarıda qeyd olunan proses Azərbaycan cəmiyyətinin də diqqətindədir.
 
AYNA əməkdaşı hadisələrə ayna tutmaq üçün Türkiyədə yaşayan azərbaycanlı politoloq, beynəlxalq siyasət üzrə ekspert Orxan Qafarlı ilə həmsöhbət olub.




- Orxan bəy, AKP daxilində nələr baş verir? Bəziləri prosesi 18 ildir hakimiyyətdə olan partiyanın süqutunun başlanğıcı kimi dəyərləndirirlər.
 
- Türkiyədə baş verən hadisələri, AKP daxilində baş verən prosesləri, bu partiyanın Türkiyənin daxili siyasətində həyata keçirdiyi dəyişikliklərlə birlikdə dəyərləndirmək lazımdır. 2001-ci ildə hakimiyyətə gələn AKP-nin əsas məqsədləri Türkiyədə insan haqları məsələlərindəki problemləri həll etmək, demokratik cəmiyyət yaratmaq, liberal iqtisadi mühit formalaşdırmaq, bir sözlə, islahatlar həyata keçirmək idi. Partiya yarandığı ilk dövrlərdə milliyətçi partiyalarla əməkdaşlıq etmirdi. Əsasən sağ yönümlü siyasət yürüdən AKP, liberal, insan haqlarına qarşı sayğılı siyasət yeridirdi.
 
Fəqət 2013-cü ildən AKP-nin siyasəti dəyişdi. Konstitusiyaya dəyişikliklərin edilməsi, daha sonra Ərdoğanın Prezident seçilməsi hakim çevrələrdə müsbət qarşılanmadı. Həm də daxili siyasətdə AKP-nin ənənəvi siyasətindən fərqli yola üz tutması istər partiya daxilində, istərsə də cəmiyyətdə narazılıqlara səbəb olmağa başladı.
 
- AKP son dönəmdə millətçi kəsimin dəstəyini qazanmaq üçün Milliyətçi Hərəkat Partiyası (MHP) ilə ittifaq qurdu. Bu əməkdaşlıq hakim partiyanın əvvəlki qüdrətini bərpa edə bilir?
 
- 15 iyul uğursuz hərbi çevriliş cəhdindən sonra AKP ilə MHP arasında yaranan ittifaq AKP-nin kürd əsilli mühafizəkar vətəndaşların səslərini itirməyə başlamasına səbəb oldu. Çünki Türkiyənin sosial xəritəsinə bələd olan hər kəs yaxşı bilir ki, sağ yönümlü AKP ilə millətçi MHP-nin siyasi xətti təmamilə fərqlidir.
 
- Əli Babacanın AKP-dən istefası, yeni partiya yaratmağa hazırlaşması, habelə AKP-dən qopan digər siyasətçilərin analoji addımı atmaları ehtimalı barədə nə deyə bilərsiniz?
 
- Son Prezident seçkilərindən sonra sabiq Prezident Abdullah Gülün ölkədə baş verən hadisələrdən narahat olduğunu və etirazlar səsləndirdiyini müşahidə etməyə başladıq. Bu isə, artıq AKP-nin içərisindən yeni bir partiya çıxacağının ilk işartıları kimi qəbul olundu. Əli Babacanın partiya yaratmaq istəyi heç də gizli deyildi, 6 aydan çoxdur ki, siyasi çevrələrdə bu məsələ müzakirə edilirdi. Bu söhbətlərdə keçmiş Baş Nazir Əhməd Davudoğlunun da adı hallanırdı. Lakin o, belə bir fikrinin olmadığını bildirdi.
 
Düşünürəm ki, yeni yaranan partiyanın əsas missiyası sağ yönümlü siyasətdə yaranmış boşluğu doldurmaq olacaq. Nə qədər uğurlu olacaq, bunu zaman göstərəcək. Müşahidələrimiz, siyasi analizlərimiz bizə bunu söyləməyə imkan verir ki, hazırda Türkiyənin gələcəyini formalaşdıracaq 4 siyasətçi var: Əkrəm İmamoğlu, Əli Babacan, Səlahəddin Dəmirdaş və Məral Akşənər. Adını sadaladığım siyasətçilərdən Əkrəm İmamoğlu bu gün digərlərinə görə daha şanslıdır. Əgər İmamoğlu Babacanı, Akşənər və Dəmirdaşı öz ətrafında cəm etməyi bacararsa, Türkiyə siyasətində yeni bir dönəm başlayacaq.
 
- Bir çox politoloqlar, siyasətçilər Türkiyədə növbədənkənar parlament seçkilərinin baş tuta biləcəyini güman edirlər. Sizcə, indiki halda növbədənkənar seçkilər keçirilə bilər?
 
- Növbədənkənar seçkilər məsələsi hazırda müzakirə olunan mövzulardan biridir. Əgər Əli Babacan yeni partiya qurar və sayılıb-seçilən siyasətçiləri öz ətrafında toplaya bilərsə, Prezident Ərdoğan bu partiyanın güc toplamasından əvvəl növbədənkənar seçkilərə gedə bilər. Biz Məral Akşənər nümunəsində bunu gördük. Düşünürəm ki, önümüzdəki il Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı çox yüksəkdir.
Müəllif: Ayna.az

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 164
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter