DƏRVİŞ XİRQƏSİ VƏ QIZIL MÜCRÜ “Çihada qalxıb, döyüşdən qabaq xəbərdarlıq etmək islamın hökmü və şəriətin tələbidir” Sultan Səlim



Bu gün Şah  İsmayıl Xətainin doğum günüdür.   “Taxt və tabut” romanında Səfəvilər dövlətinin banisi və ilk şahının doğum günündən  bəs edən fraqmenti  oxuculara təqdim  edirəm.


Bağlı-bağatlı Təbriz sarayının yamyaşıl meydanında pəri çöhrəli xanımların kimisi qılınc döyüşdürür, kimisi ox atır, kimisi də öz
cariyələri ilə birlikdə əyinlərinə kişi libası geyinib əlbəyaxa olub
qurşaq tuturdular. Həyat xanımla Cahan xanım isə xanəgahın
eyvanından onları seyr edirdilrər. Onları xanəgaha gəlməyə eşqlə
bağlı aralarında yaranmış mübahisə vadar etmişdi. Yaşı altımışı
ötmüş Müfəssir Hacı Molla Niftullah Harmandalı əvvəlcə avazla
ərəbcə oxuduğu Qurani-Şərifin əş-Şura surəsini xanımlara türkcə
anlatdı: “Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla
müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə
sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun
yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)”
Həyatla Cahan bir-birlərinə baxıb gülümsədilər. Molla Niftullah Harmandalı sözünə davam edib dedi:
- Eşq sufi əqidəsinə görə insanın Allaha yaxınlaşmağının və
Onun razılığını qazanmağın ən əsas amili hesab olunur. Allaha
olan eşq insanda Allahın sevdiyi şeylərə qarşı məhəbbət yaradır.
İlahi yolunu tutan və bu yolun yolçusu olan kəs Allaha qovuşmaq
naminə Onun adının məzhəri olan hər bir varlığa qarşı öz sevgi və
məhəbbətini biruzə verməlidir. Sevgi və istəyin bu şəkildə zahir
edilməsi irfanda eşq adlanır və bu eşq məhəbbətin yüksək mərtəbəsidir...
Xanımlar yenə bir-birinin üzünə baxdı. Bu baxışlar mollanın
söhbəti onların qəlbində düşündükləri məhəbbətin üzərinə gətirəcəyini intizarla gözlədiklərindən soraq verirdi.
-Bizə görə eşq və din Allaha və onun peyğəmbərinin əhli-beytinə olan məhəbbətdən başqa bir şey deyil... Məhəbbət olan yerdə
ədalət olur. Piri-mürşüdümüz Şeyx İsmayıl demişkən:
Məhəbbətdiryerin-göyün dirəyi,
Məhəbbət edənin yanar çırağı.
Aşiqə beytullah – məşuq durağı,
Həq nəzər etdiyi yerdir məhəbbət.
Həyat xanım da həvəslə mollanın söylədiyi şeirin ardını dedi:
Məhəbbətdi ya İlahə İllahlah,
Məhəbbətdi Mühəmməd rəsulillah
Məhəbbətdi Əliyyən-vəliyullah
Üçü də mənada birdirməhəbbət.
Cahan xanım dedi:
-Şahımız bü xüsusda həm də belə deyib:
Məhəbbət dediyin xaslar xasıdır.
Məhəbbət olmayan haqqın nəsidir?
Dost Xətayinin bu haq nəfəsidir,
Məhəbbətdən keçən haqdan da keçər.
Bu zaman Həyat xanım əlində qılnc tutub öz çariyələri ilə məşq
edən Bəhruzə bəyimdən bir az aralı dayanmış Sultanəli Mirzə
Əfşarı göstərib dedi:
- Məncə, o gənc Əfşar sənə aşiq olub, hərdən oğrun-oğrun bura
baxır. Bir bax, özü də görkəmdə, boy-buxunda bizim Şahənşaha
bənzəyir. Elə bir bir almadır yarı bölünüblər.
Cahan xanım özünü bilməməzliyə qoyub:
- Səncə onlar niyə bir-birinə belə çox oxşayırlar? – deyə soruşdu.
- Güya dayı oğlu-bibi oğlu olduqların bilmirsən, ay bəxtəvər?
Cahan xanım onun “bəxtəvər” sözünə çiyinlərini çəkib, söhbəti
dəyişmək üçün pıçıltıyla:
-Sən hələ Bəhruzə bəyimə bir bax, onun ağappaq incə əllərinə
qılınc yox, qələm yaraşır... –dedi.

-Şahənşahımızı sevən hər kəs öz həyatını əgər gərəkirsə, onun
yolunda qurban verməyə hazırdı. Məgər sən savaş olsa, qələm
yerinə qılınc götürməzdinmi?
Cahan xanımın bu sözü Həyat xanımı bərk tutdu. Molla qarşısındakı kitabı vərəqləyir, xanımların kimdən, nədən bəhs etdiyini
eşitsə də özünü o yerə qoymurdu:
- Bəs sən ölümdən qorxmursan?- deyə Həyat xanım rəfiqəsindən soruşdu.
Cahan ona baxıb sualına sualla cavab verib dedi:
-Sultan Səlim kimi yağının tapdağında qalıb qapazaltı olmaqdansa qılınc qurşanaraq qızlbaş döyüşçüsü kimi halak olmaq yaxşı deyilmi?
-Yəni deyirsən ki, doğrudan-doğruya savaş olacaq?
- Deyilənlərə görə, Sərvərimiz osmanlılarla savaş istəmir. Fəqət
Sultan Səlimin ləşgəri yurdumuzun sərhəddini keçdiyi də məlum...
-Yağı qara bulud kimi başımızın üstünü almaqdaykən, şahımərdanımızın İsfahan civarında ov sevdasına düşməsi hansı məhəbbətin nişanəsidi?
Molla da boğazını artlayıb onların söhbətinə qoşuldu:
-Xanımlar, cümlə kainatda cövlan edən sərsəm xəyallar bir olan
Allahın varlığına nə xələl gətirər, nə də Əhli -beyt aşiqlərininn
məhəbbətini məhdud edər. Həzrəti Əli aşiqlərinə Allahdan gələn
hər bir bəla bir imtahandı.
Cahan xanım dedi:
- Bizim həyatımız indi o zati –möhtərəmə aiddir. Allah onun
ömrünü uzun, taxtını qədim-qayım eləsin! Əgər savaş olsa, biz də
əsgər kimi döyüşəcəyik...
Birdən saray carçısı şahın ovdan qayıtdığını xəbər verdi:
-Süleyman şanlı xaqanımız İsmayıl şah həzrətləri...
Döyüş libası geymiş saray xanımları və cariyələri şahın gözündən yayınıb tez xəlvətə çəkildilər.
Şah ağac qəfəsdə gətirilmiş iki ceyranla üç cüyürü saray baxçasına buraxdı. Və dayanıb bir xeyli ürkək və yaraşıqlı çöl
heyvanlarına tamaşa etdi. 


O gün şahın doğum günü, iyirmi
yeddi yaşını doldurduğu gün idi. Amma Osmanlılarla savaş həyəcanı keçirən saray əyanlarının çoxu şahın doğum gününü
belə unutmuşdular.
Bir azdan Şahın ovladığı qırqovullardan, kəkliklərdən sarayın
aşpazlarının hazırladığı yeməklər süfrəyə gətirildi. Süfrənin başında şah, ətrafında saray əyanları oturmuşdu.
–Vəkili-dövlə Əmir Nizaməddin Əbdülbaqi Yəzdinin süfrədəki yeməklərə könülsüz əl uzatması şahın gözündən yayınmadı:
-Vəkili-dövlə, gözümə bikef dəyirsən iştahan küsüb yoxsa?
Dövlət vəkili bir an duruxdu, əslində şah düzgün deyirdi. Doğrudan da onun iştahası küsmüşdü. Mühüm xəbərlər isə vaxt gözləmirdi. Odur ki, dedi:
- Şahım, bu əziz gündə cəmi əyani-əşrəfiniz adından Allahdan
sizə cansağlığı, uzun ömür arzulayıram. Türki - tacidarımiz, siz bizim üçün Allahın lütfi ilə dünyaya gələn, məzlum bəndələri zülmdən qurtaran zati- möhtərəm, Süleyman şanlı xaqansız. On dörd il
əvvəl Səfəviyyə səltənətini müəssis etdiz, Xətai təxəllüsü ilə əşar
yazmaqla könüllərin fatehi olduz. Fəqət bu dünyada xeyir və şər
bir-biriylə əzəldən yanaşı olub. İstəyirəm ki, agah olasız,Yavuz
Sultan Səlimdən hədiyyələrlə bahəm daha iki məktub gəlib!..
- Nə yaman darqursaqdı Bu Səlim xan... O nə hədiyyələrdi elə?
Vəkili-dövlə sultanın məktubuyla göndərdiyi hədiyyələri şaha
göstərəndə, o gülümsünüb:
- Sağ olsun! Bəh-bəh, -dedi, - Yavuz mənim doğum günümə
əcəb yaxşı hədiyyələr göndərib...
-Kaş səltənətimizin belə əziz günündə bu xəbər əhvalınıza təlxlik qatmayaydı, -deyə dövlət vəkili günahkar kimi başını sinəsinə
əydi.
Şah əlinin işarəsiylə vəkilə “eyb etməz” dedi. Və sözünə davam
edib:
- Bu hədiyyələr göndərdiyi ikinci məktubun məzmunundan
yaxşıca soraq verir. Məlum. Bəs görəsən o biri məktubunda nə yazır, qoy bu məktubu bizə vəzirim Miskin Abdal oxusun!
Vəkil məktubu vəzirə verdi. Amma sanki məzmunuyla tanış
imiş kimi mənalı baxışlarını Miskin Abdala dikdi. Miskin Abdal
arif adam idi. Bu baxışların ona nə dediyini yaxşı bilirdi. Ona görə
səbrli görkəm alıb gözlərini yumub açdı. Bununla da vəkilə “narahat olma” işarəsi verdi. Sultan Səlimin üçüncü məktubunu da
İsmayılın islama müxalifliyi iddiası ilə başlayırdı.
- Qibleyi -aləm, izn verin gözəl ovqatınız daha təlx etməsin
deyə məktubun şərəfinizə toxunan cümlələri oxumaqdan vaz
keçim, - Yetmiş beş yaşlı Miskin Abdalın bu sözündən sonra şah
yenə gülümsündü və:
-Oxu, Seyid Hüseyn, oxu, -dedi, - vəkili-dövləyə xahişin getməsin, iştahamı küsdürməz!

Vəzir köks ötürüb məktubu aram-aram oxumağa başladı.
“Qoçaq İsmayıl… islama qarşı hörmətsizlik və məxluqatın ağasının, – salam olsun ona, – şəriətini məhv etməyə ciddi-cəhdlə çalışmağın (haqqında) yetərincə məlumat almışıq... Alimlər və din rəhbərləri yekdilliklə fətva verib əsasən Məhəmmədin (s.) dini qanunlarını dirçəltmək və ... şəriət hökmlərini bərpa etmək üçün düşmən şikarına susamış çoxsaylı ordu ilə səni məğlub etmək məqsədi ilə Şərqə doğru yönəldim... Məqsədim Fitnə-fəsad dairəsinin mərkəzi olan zərərli vücudunu ruzigarın səhnəsindən iti qılınc və xəncər ilə silməkdir...Bu səfərimlə sənin hökmranlıq etdiyin və tabeçiliyində olan torpaq və ərazilərdə fəth bayrağımın dalğalanması şərəfinə nail olacağam ...
Şeyxülislam da Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının
halal olması haqqında fətva verdi...Hazırda Azərbaycanda olan
dağ və təpələrdə qalib ordunun dördayaqlılarının dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hənuz nə səndən bir səs-soraq (namə) var, nə də özün itaətə gəldin. Elə yox olmusan ki, varlığınla yoxluğun arasında fərq yoxdur...Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır. Ölümə doğru getməkdən kimsə qaçırsa, zorla dartıb (ölümə doğrü) yerindən tərpədərlər...Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı vəqalib əsgərlərimlə qarşılaşarsan...
Əzəldə müqəddər olan hər nə isə, baş verər”.
...Hamı əlini süfrədən çəkmişdi. Səlimin məktubu ziyafətin dadını-duzunu qaçırsa da şah özü ucadan süfrə xeyir-duasını oxudu:
Süfrə haqqına,
Şahən dövlətinə,
Qazilər qüvvətinə
Allah deyəlim...
Hamı bir ağızadan “amin” dedi. Sonra Şah İsmayıl ayağa qalxıb
bir xeyli var-gəl elədi. Asta-asta addımlayan şah ayaqlarının altına
baxa-baxa düşüncələrə dalmışdı. Sonra başını qaldırıb saray əyanlarına dedi:
-Səlim öz ayağının altına baxsaydı, özgənin qazmış olduğu quyuya düşməzdi. İndi o quyudan çıxmağın yeganə yolunu mənimlə
müharibədə görür.Daha ona nə desən faydası yoxdu. Onun ağlınca, şiə olmaq kafirlikdi, əgərçi mən bu əqidənin çevrəsində ucubucağı görünməyən böyük səltənəti yönəldirəmsə, əgərçi bu səltənətin ürəyi bir eşq ilə döyünürsə, sən niyə boynuna günah götürüb din davası edirsən? Günah əhli öz ağlının güzgüsündə gözünəgünahsız qiyafəsində görünür. İndi Yavuz Sultan Səlimə şeytanın dəyirmanına su tökdüyünü anlatmaq çox çətin...Hərçənd ona cavab yazmağın artıq məqamı yetişib,- dedi, - düşünürəm bu hədiyyələrinə qarşılıq olaraq Səlimə məktubla bahəm tiryəklə dolu qızıl mücrü göndərməm gərəkdi. Qoy agah olsun ki, əgər döyüşə təkid edirsə, onda babası İldırım Bəyazidin aqibəti ona da nəsib olacaqdır...


Ürəyində düşündü: “... Mən Şeyx Heydər oğlu Şah İsmayıl qədim-qayım vətənimin parçalanmış torpaqlarını ona görə birləşdirmədim sən də özünü meydana atıb deyəsən ki, istiğfar elə, o torpaqları qat bizim osmanlı xanədanının tərkibinə. Deməli, Sənin din və məzhəb davan bəhanədir, ay Səlim. Bir düşünmürsən ki,mən -Şah İsmayıl sənin dədə-baba torpaqlarını deyil, dədə-babalarının işğal etdiyi Azərbaycan torpaqlarını Səfəvi-Qızılbaş sənltənətinə birləşdirmişəm. Məzəmmət ediləsi sənsən ki, bizim torpağımıza tamah salırsan...”
Şah İsmayıl bu fikirləri desə də, ertəsi gün Sultan Səlimə ehtiram hissiylə belə məktub yazdı:“İlahi lütfü əldə edən, səltənəti ilə
yamyaşıl islam bağının himayəsində duran (islamın himayədarı),
dövlət, səltənət, dünya və din yolunun mücahidi cənab Sultan Səlim şaha, – Allah dövlətinizi daimi, əbədi səadətinizi isə tükənməz
etsin, – sevgi və məhəbbət dolu dostluq ifadə edən salam və dualarımı göndərir və səninlə “görüşmək” arzusunda olduğumu bildirirəm..
Məlumunuz olsun ki, son zamanlar göndərdiyiniz şərəfli məktublarınız bizə yetişdi. Onların məzmunu düşmənçilikdən, ədavətdən xəbər verib, hədə və kobudluqla dolu olsa da cürət və mətanət etdiyiniz üçün bizə ləzzət verdi. lakin bu düşmənçiliyin səbəbi vəmənşəyi nədir bilmirəm... Cənnətməkan atanızın zamanında Əlaüddövlə Zülqədərin dikbaşlığı səbəbindən biz Rum ölkəsinə hərəkət etdik və o vaxt tərəflər arasında dostluq və birlikdən başqa bir şey görünmədi... Siz həzrət də o zaman Trabzon valisi idiniz. Aramızda birlik göstərdik. İndi isə bu kin-küdurətin, ədavətin səbəbi anlaşılmır... Əgər hakimiyyət davası üçün bu tərəflərə gəlmişsinizsə, qoy belə olsun! Ancaq təhqirlər, söz dava-dalaşı o həddə çatdırar ki, köhnə (xanimanın bünövrəsini bərbad) dosluqları viran edər... Bizim siz tərəfə gəlməyimizin iki səbəbi vardı. Birincisi, o
diyarın sakinlərinin əksəri bizim yüksək əsil-nəsəbli babalarımızın- bağışlayan və qüdrətli Allah öz mərhəmətini onlardan əsirgəməsin - müridləridi, ikincisi də, sizin müqəddəs xanədanınıza olan
məhəbbətim idi. İstəmirdim ki, Teymur zamanındakına bənzər bir
çaxnaşma gözlənilməz halda o məmləkətdə baş qaldırsın. Və
Teymurilər dövründə o diyara edilən yürüşü (təkrar etmək) istəmirdik və hələ də istəmirik. Bu olanlara görə incimirik, niyə də inciməliyik ki?! Hökmüdarlar (sultanlar) arası ədavət qədim ənənələrdəndir. Necə ki deyiblər məmləkət gəlinini o şəxs möhkəm quca bilir ki, suvarılmış qılıncın dodağından öpə... Lakin sultanlara yaraşmayan nalayiq sözlərin mənası yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər sərxoş, həşiş və tiryəkə alışmış münşilərin vəmirzələrinin beynləri quruduğu vaxt yazılmış və eləcə də göndərilmişdir. Ona görə içi xüsusi keyfiyyətli tiryəklə doldurulmuş qızıl mücrünün üzərinə öz möhürümü vurub yaxın adamlarımızın başçısı və etimad etdiyimiz Şahqulu ağa ilə sizə göndərirəm. Və Sizə elçini incitməməyi məsləhət görürəm. Bu məktubu yazan vədəİsfahan ətrafında ov etməklə məşğul idim. Belə düşünürük ki, sizin qarşınıza çıxmağa bu qədər yubanmağımız əsassız olmayıb.
Ancaq məsələnin əsli barədə düşünülsə yaxşıdır. Cünki axırıncı
peşmançılıq fayda veməz.

Cavabı dostca yazdıq və sizin qarşınıza çıxmaq üçün döyüş hazırlığına başladıq. Kim Əli nəsli ilə döyüşübsə, özü məhv olub.
Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum bugün ölürəm,
Ölən gəlsin - iştə meydan.
Əgər iş hərbə çəkərsə, hərblə bitəcəksə, bunu təxirə salıb uzatmayın. Amma uzaqgörənlik yolu ilə hərəkət edin və aqibətini düşünün! Vəssalam...”
* * *
19 iyun 1514-cü ilin adi yay günlərinindən biri idi. Şah Ismayil
Şahqulu bəy Boynökəri  hüzuruna çağırdı. Möhürdarının bir az
əvvəl üzərinə qızıl tozu səpib möhür vurduğu məktubu ona verib
dedı:
- Mənim əmirlərim dövlətin sütunlarıdır. Bu sutunların möhkəmlənməsində sənin mənsub olduğun Harmandalı tayfasının
xidməti az olmamışdır. Niyyətim irəlidə səni Şahsevən qızılbaşlarına sərdar təyin etməkdi. Fəqət bu gün mən səni bir elçi sifəti ilə
Sultan Səlimin düşərgəsinə göndərirəm. Sənə yaxşı yol arzu edirəm. Get, Allahın əmanətində ol, bəy!
Şahqulu bəy təzim etmək istəyəndə şah onun çiynlərini tutub
saxladı. Və bir xeyli elçinin gözlərinin içinə baxdı. Sanki şah elçinin irəlidə başına gələcəklərindən agah idi. Elçi yola düşəndən
sonra Şah İsmayıl taxtında oturub fikrə daldı.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter