MASALLININ ROBİN QUDU -QAÇAQ MOZU

           ...Onu  ötən əsrin   otuzuncu illərində Sibirdə sürgündə görənlər də olub. Deyilənə görə,  cib yaylığında düyünçələdiyi bir ovuc Masallı torpağını müsəlman dustaqlara göstərib deyərmiş ki: “Mən öləndə bu torpağı qəbirimin üstünə səpərsiniz!”


     Sibirin sərt  soyuğu,  ağır sürgün həyatı Mozunun ömrünə son qoya bilmədi... Onu sürgündən  qaçmağa  vadar edən bir hissin adı da VƏTƏN sevgisi idi. Doğma Masallıya qayıdan  Mozu  başına silahlı dəstə yığaraq   mübarizəsini davam etdirmişdi.

QOÇAQLIĞA -QAÇAQLIĞA ATILIŞ 


Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də ulduzlar  kimi sönməməkdir.

Bunun üçün  ölümə bir atılış gərəkdir, 

Atılandan sonra da bir daha dönməməkdir.                                                                                                                                                          

           1933-cü ildə Nihal Atsız  adlı   türk yazıçısı və şairi  Ədirnədə  “Qəhrəmanlıq” şerini yazanda Masallıda onun həmyaşıdı  Qacaq Mozu kəhər atın belində  kasıbların haqqını yeyən harınlara,  zalım  sovet çinovniklərinə  qan uddururdu. Azərbaycanda  istər çar zamanı,  istərsə də   kollektivləşmə  dövrü “Qaçaq hərəkatı”cəmiyyətdə həll olunmayan problemlərin nəticəsi idi.

      ...Masallının canlı ensiklopediyası kimi tanıdığım  rəhmətlik Hüseyndadaş kişi  (Hüseyn Əsədli)  deyirdi ki,   El qəhramanı  Qaçaq Mozunun əsl adı Ağabba idi. Mauzer gəzdirdiyinə görə Mozu deyirdlər. Masallıda  şura   höküməti təzə-təzə qurulanda milisdə işləyirmiş. Bir dəfə milis  komissarı   idarəyə  gələn şikayətçiləri söyüb, ağır təhqir edir:  “Nakişilər...  Sizin aranızda  bir nəfər də olsun  kişi   yoxdur!”

       Mozu da dözməyib rəisə silah çəkir: “Nakişi sən özünsən, bizim eldə-obada  kişi çoxdur, al sənə bu da sübutu!” deyib bir güllə vurur. Beləcə  o  gündən “Şanapadərə” deyilən meşələrə çəkilib qacaq həyatı yaşayıb...  Şura  hökümətindən narazı olanlar da gedib  qatılıb   ona... 

UŞAĞIN ADINI   MOZU QOYDULAR

       Mozunun yolu bir dəfə  Xırmandalı kəndinə düşür.  O vədə   Xırmandalı daxil olmaqla bir neçə ətraf  kəndlərin sovet sədri  Qəhrəman   Nifti oğlu imiş. Mozu ilə aralarında haqq-salam varmış. Qəhrəman  kişinin qonağı  olan Mozunun adını  o gün Xırmandalıda  dünyaya   gələn  körpəyə   qoyurlar...    

    Bir neçə  gündən   sonra Qəhərman  kişi həm  “partbleti” ,   həm də  vəzifəsi ilə xüdafizləşməli   olur.   Amma  bu,  onun   Mozu ilə  haqq-salamına görə  deyil,    Allahsızlar cəmiyyətinə üzv olmaqdan   imtina  etdiyinə  görə   baş verir... Kəndin yaşlı sakinlərinin dediyinə görə  Mozu at çapa-çapa nişan aldığı hədəfi  vururmuş.

Ucaboylu  olduğundan  dizləri yəhərində oturduğu  atın   qulağına çatırmış.   

ZİNDANDAN QAÇARKƏN...

Qaçaq Mozu Əfşarlar İmperiyasının qurucusu,  Asiyanın böyük fatehi Nadir  şah Əfşarın   Lənkəranda istehkam kimi tikdirdiyi, 100 il sonra(?) çar Rusiyasının, daha 100  il sonra Şura hökümətinin  zindana çevirdiyi  Qala dustaqxanasından qaçanda,  NKVD-çilər onu yaxalayıblar...  Dövrün   “Qaçaq Mozu əfsanəsinə”  doğma vətəndə -  Masallının yeddi ağaclığında -  Xəzər dənizində  birdəfəlik son qoyublar...                           

          ...O gün Qala zindanında  məhbus olan Qaçaq Mozuya  dədə-baba yurdu Xoşçobanlı kəndindən gələn  qohumları   yekə bir qazan  quşplov və başqa ərzaq sovqatı gətiriblərmiş...  Pay-puşu məhbus yoldaşlarından gözə dəyən birinə verib:

       -  Bunu  məhbuslara payla, qoy yeyib, qarınlarını doydursunlar. İnşallah, mən bu gün şam çağınacan öz evimdə  olacağam... – desə də, bu arzusunun-niyyətinin ürəyində qalacağını ağlına   belə gətirmirdi . 

          ...El-oba  bayram axşamına hazırlaşırdı. Bəs Mozunun Novruzunu qara gətirən kim idi?  Onun  zidanda isti aşına soyuq su calayan kim  ola bilərdi? Mozunun qılığina  girib  əlinə fürsət düşən məqamda ona “arxadan zərbə” vurmağa  cəsarət edən   gerçəkdənmi dustaq idi?   Bəlkə bir qazan  yeməyi   düstaqlar arasında paylaşdırmağı həvalə etdiyi “qılaflı adam”NKVD – nin xüsusi tapşırıqla içəriyə dustaq kimi göndərdiyi milis işçısı imiş... 

“Gedər- gəlməz”dən qaçıb  canın qurtaran Mozu burdan da qurtula bilər!” 



...Dəniz tərəfə açdığı lağımdan çixıb qaçanda yaxaladılar Qaçaq Mozunu. Onu dənizdə boğub - ölüsünə də şər atırlar: “Qaladan qaçarkən dənizdə boğulub!”  

MOZUNUN ATI...         

       ...O gün Xoşçobanlıda uşaqlar  “Atmindi” oynayırdılar.  Oyunun hakimləri  öz aralarında   məsləhət –məşvərət edəndən  sonra birinci dəstəyə üz tutub soruşurdular ki:

     - Tapın görək, atlarda kimin atı!

    Dəstə düşünür, düşünür, at sahibini yada salmağa çalışırdı...

     Hakimlərdən biri bu dəfə əlini “Şanapadərə”yə uzadıb,    ikinci dəstədən soruşur:

        -Atlarda ey, atlarda... Tapın görüm, kimin atı?

        Bu zaman at sahibinin kimliyini him-cimlə,əl-qol hərəkətiylə başa salmağa çalışır. Tapançanı işarə verən sağ  əlini  yuxarı qaldıranda, ikinci dəstənin başçısi  var gücü ilə qışqırır:

 - Qaçaq Mozunun atı! 

     Sonra   oyunun hakimləri  bir ağızdan əmr edirlər:

    -  Get, min gəl!

      Dəstə başçısı qaça-qaça birinci dəstəyə yaxinlaşır,   birinci hakimin sualına  dürüst cavab verməyən oyunçunun kürəyinə hoppanır, at kimi onu çapa-çapa öz dəstəsinə gətirir. Bu, Novruz çağı uşaqların oynadığı qədim xalq oyunu idi: “Atmindi”...


BURDAN BİR ATLI   KEÇDİ 

       Dünyanın şər vaxtı çatmışdı...  Mozununsa  o   bayram axşamı yoxluğu hamıdan əvvəl nişanlısının ürəyinə dammışdı. Ağzı dualı ağbirçəklər ona  təsəlli verirdilər:

                 -Gedənin gəlsin, üzün gülsün! 

         Nişanlı qızın bayram əhval-ruhiyyəsinə elə bil matəm ab-havası çilənmişdi. Hərəkətsiz dayanıb tez-tez dərindən köks ötürürdü. Kənd yoluna dikilən qəmli baxışlarından  AYRILIQ həsrəti boylanırdı.  Pıçıltıyla dedi:

Burdanbir atlı keçdi, 
Atın oynatdı keçdi. 
Gün kimi  işıq saçdı,
Ay kimi  batdı keçdi.

      ...Robin Qudun da əsl adı Volter olmuşdu. O da  meşələrə çəkilib kralın zülm elədiyi kasıb-küsuba  dayaq olur, qılıncıyla, oxuyla HAQQ-ƏDALƏT uğruda   vuruşurdu. Robin Qud vətən haqqında vətəndaşlıq nəğməsini ingiliscə, Qaçaq Mozu Azərbaycan türkcəsində oxuyurdu. Pobin Qud Şervud meşələrini özünə etibarlı yer seçmişdi. Qaçaq Mozu  Alvadı meşələrini. Hər ikisi varlı təbəqədən çırpışdığını kasıblara paylayırdı...

       Xalq onun qayğısına qalan qəhrəmanlara  balladalar, dastanlar qoşub.

       Biz Koroğlunun qəhramanlığı ilə öyünürük... Ona heykəllər qoyuruq. Fəqət öz zamanəsində onu da “yuxarılar”  - hakim dairələr sevmirdilər.  Qacaq, quldur, oğru, yolkəsən adlandırırdılar.  Amma xalqa zülm edən paşalara, xanlara qarşı mübarizəsı ona  sadə camaat arasında misilsiz şöhrət 

qazandırmışdı.

      Mozu da sovet hakimiyyətinin “işğalına məruz qalan” Masallının və ətraf rayonların Koroğlusu idi. Hətta onu  Cənubi Azərbaycanda da tanıyırdılar. Elə orda da  onu şah xəfiyyələri hiylə ilə tələyə salıb, iki məşhur iranlı qaçaqla dəyişərək,   NKVD-nin ixtiyarına vermişdilər.

Sadə xalq Mozunu  da  öz qəhrəmani, xilaskarı  kimi sevirdi.   Xalqın qəlbi aynadır! O  heç vaxt qulduru, canini,  xaini  sevməmişdir... Onun sevdiklərinə isə bütün zamanlarda çiyni paqonlu dövlət məmurları nifrət etmişdir. Mozunu əli-qolu bağlı  zindana gətirəndə  həbsaxana rəisi istehzayla: “Mozu, Mozu bu imiş?”-deyə onu acıqla süzür. Mozu deyir: “ Qollarımı aç, Mozu olduğumu sənə göstərim!”

MOZU    HAQQINDA YAZIMA SÖZARDI:


      Mozu haqqında   dildə-ağızda   gəzən  söhbətlərin  çoxuəfsanəyə   bənzəyir. Həyatından, əməllərindən irihəcmli   roman   da yazmaq  olar.    Zaman və məkan dəyişsə də səmanın ənginliyində - dünyanın  başı üzərində   şəfəq saçan Günəş həmən Günəşdi elə. Geçələr  dünyanı   öz nuruna qərq edən Ay da elə həmin Aydır...  Bəs kişilik, mərdlik,   el qeyrəti,   vətən təəssübü,  vətəndaşlıq borcu və başqa insanpərvərlik  anlayışları? 

       Bu fani  dünyada hərə bir cür qaçaqlıq və QOÇULUQ həyatı yaşayır...  Kimi xalqı talamaqla  şan-şöhrət qazanır,  kimi   bu talançılarla, rüşvətxorluqla    mübarizə apardığına  görə...  Əfsus ki,   bu gün  ikincilər  QANUNU ələrində  mum   halına salan birincilərə “məğlub” olurlar.  Hətta   adlarının  qabağında  fəxrlə “XALQ”, “əməkdar” titulu gəzdirənlər də...

CAVABI  MƏLUM SUALLAR

     Məni  son   vaxtlar bir sual düşündürür: Görəsən, Koroğlu, Qaçaq Nəbi, Qoçu Məmməd, Qaçaq Mozu, Qaçaq Kərəm və başqa el qəhrəmanlarımız  bu gün – XXI   əsrdə  insanları rüşvət  bataqlığında boğan, şıikayətlərə məhəl qoymayan,   sadə vətəndaşın,  şəhid ailəsinin  əmlakına təzavüz edən,  öz  vəzifə  borclarını yalnız  dəbdəbəli villalar,  saraylar tikdirib, övladlarına  və  məşuqələrinə bahalı  maşınlar hədiyyə etməkdə  “görən”   dövlət məmurlarına, bələdiyyə sədrlərinə, İH başçılarına  qarşı mübarızə aparsaydılar,  “Xalq QƏHRƏMANI” titulu qazana biləcəkdilərmi? Yoxsa  QANUN  “keşikçilərimiz” onların da cibindən  narkotik maddə “çıxardıb”  həbsxanalarda – “ölüm düşərgəsində” çürüdəcəkdilər?!! 

       Axı  bu gün uşağın da,  böyüyün də bildiyi ACI  HƏQİQƏTLƏRİ qırmızıcasına necə danmaq olar? Ən azından yəni bu sualı  güzgüyə baxa-baxa özümüz-özümüzə də verə bilmərik?!   Axı “Yalan nə qədər QÜDRƏT sahibi olsa da, HƏQİQƏT ola  bilməz.”  R.Taqor kimi əhli-qələmin bu dahiyanə fikri bir yana qalsın . Mənimsə  gözlərim önündə həqiqət üzərində PARLAQ  qələbə çalan YALANlara  arxa-dayaq duran ixtiyar  sahiblərinin   siması canlanır. Böyük təəssüf  hissiylə deyirəm:

    - Ax, yazıq həqiqət,  sən ixtiyar   sahiblərinin qabağında necə də yetim uşağa,  zəif, gücsüz   və liluput  bir varlığa bənzəyirsən... 

P.S: Hə, mənim əziz vətən qardaşlarım,  harınlıq, riyakarlıq, saxtakarlıq –  yüksək VƏZİFƏ və səlahiyyət  sahiblərinin  bəd və qudurmuş  itləridir.   İstədiyi məqamda  HƏQİQƏTİ   görüb, duyub, dərk edənin  və dilə   gətirən  hər  kəsin üstünə   qısqırda bilir...

        Ona görə  çoxumuz   hələ də HƏQİQƏTİN yanından  ya gözüyumlu  ötüb-keçirik, ya da özümüzü  “ustalıqla” görməməzliyə vururuq...

                   Nurəddin ƏDİLOĞLU.

Qaçaq Mozunun şəkli olmadığı üçün şəkillər  şərtidir




Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter