İcbari tibbi sığortanın tətbiqi: əhali sağlam olacaq, həkimlər qazanacaq...

Ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar icbari tibbi sığorta haqqı ödəməyəcək

Tibb üzrə professor: “Belə bir versiya irəli sürülür ki, hansı həkim daha çox xəstəyə baxacaqsa, o, daha çox maaş alacaq...”
Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq bildirib ki, 2020-ci il 1 yanvar tarixindən etibarən  icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək. Həmçinin Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar icbari tibbi sığorta haqqı ödəməyəcək. Onlar üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub.
Bəs ümumilikdə icbari tibbi sığorta nə deməkdir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkə prezidentinin 2007-ci il tarixli sərəncamı əsasında yaradılıb. Qurum 2016-cı ildə fəaliyyətə başlayıb.  Agentliyin fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:
 - Əhalini icbari tibbi sığortaya cəlb etmək, icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək; İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq; İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək və sairə.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
- Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti); İlkin səhiyyə (ailə həkimi) xidməti; Ambulator şəraitdə müayinə və müalicə; Stasionar müalicə; Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.); Fizioterapevtik xidmətlər; Laborator müayinələr; Hamiləlik və doğuş xidməti; Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.); Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya; Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.); Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.
Qeyd edək ki, agentlik artıq bir sıra bölgələrdə pilot layihə də həyata keçirib. O cümlədən 2016-cı ildə Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildə isə Ağdaş rayonunda. Məlumata görə, bu pilot layihələri çərçivəsində ümumilikdə 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib.


Bəs bütün ölkəni əhatə edəcək icbari tibbi sığorta bizə nə verəcək?
Agentlikdən sorğumuza cavab olaraq bunlar bildirilib:
“”Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin Qanunun tətbiqini təmin etmək məqsədilə ölkə başçısı 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərman imzalamışdır. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək Qanuna edilmiş dəyişiklikləri nəzərə alaraq, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranmışdır. Bu məqsədlə Agentlik tərəfindən tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur. Cari aydan başlayaraq Agentliyin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirirlər. Bu təlim hazırlanmış plana uyğun olaraq icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində keçiriləcək. Bununla yanaşı, tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.
Həmçinin icbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Həmçinin Agentlik tərəfindən həkimlərin bölgələrə cəlb olunması ilə bağlı müxtəlif tədbirlər hazırlanır.
Əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması istiqamətində işlər görülür. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Eyni zamanda dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb".
Agentlikdən həmçinin bildirilib ki, 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub: “Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcəkdir. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub. Məlumat üçün bildirək ki, 2 il müddətində Agentlik, Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyi, eləcə də Litvanın sosial müdafiə qurumları tərəfindən Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək tvininq layihəsi həyata keçirilib. Layihə çərçivəsində bir sıra Avropa İttifaqı üzv dövlətlərinin müvafiq istiqamət üzrə mütəxəssisləri Azərbaycanda icbari tibbi sığortanın sınaqdan keçirilməsi, sistemin ölkə üzrə uğurlu tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün Agentliyə dəstək göstərmişlər. İcbari tibbi sığorta üzrə pilot layihənin qiymətləndirilməsi aparılmış və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanmışdır. Layihə müddətində həmçinin icbari tibbi sığorta üzrə maliyyə resurslarının formalaşdırılması, Agentliyin institusional imkanlarının gücləndirilməsi və digər aidiyyəti məsələlər beynəlxalq ekspertlərlə müzakirə edilmiş, təlim səfərləri zamanı Fransa, Belçika və Litvanın təcrübələri öyrənilmişdir.


Həmçinin ölkə əhalisinin icbari tibbi sığorta sisteminin tətbiqi, sığortahaqqı, sığortalıların və sığortaolunanların hüquq və vəzifələri, azadolma məbləği və s. barədə məlumatlandırılması məqsədilə respublikanın müxtəlif regionlarında, paytaxt Bakının bütün rayonlarında, eləcə də ali təhsil müəssisələrində ilin sonuna qədər maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. İcbari tibbi sığorta barədə çap materiallarının, videoçarxların hazırlanması, məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində hazırda bir sıra işlər həyata keçirilir".
Həmçinin qeyd olunub ki, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən  icbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər mövzusunda qrant müsabiqəsi elan edilib: “Müsabiqəyə müxtəlif bölgələrdə maarifləndirmə işinin aparılması ilə bağlı layihələr təqdim olunub. Müsabiqədə qalib gəlmiş QHT-lər respublikanın müxtəlif bölgələrində avqust ayından etibarən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər keçirəcəklər”.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışaraq bildirdi ki, ümumiyyətlə, icbari tibbi sığorta sosial müdafiənin çox mühüm bir elementidir:
“İcbari tibbi sığorta olmadan Azərbaycan səhiyyəsini Qərb standartları çərçivəsində və formasında təsəvvür etmək mümkün deyil, çünki vətəndaşlara birbaşa xidmət edən səhiyyə formasıdır. İcbari tibbi sığorta pilot layihə olaraq bir neçə rayonda həyata keçirildi. Layihənin bütün ölkəni əhatə etməsi üçün kifayətedici vəsait ayrılmalıdır. Yəni bu vəsait Azərbaycan əhalisinin tibbi sığortasının xərclərini tam əhatə etməlidir.  Əhatə edə bilmədikdə isə problemlər yaşanacaq, həkimlərin maaşlarında, gəlirlərində, ödəmələrin vaxtında olmamasında, təchizatın yetərincə olmamasında özünü göstərəcək. Belə olan halda icbari tibbi sığortanın Azərbaycansayağı bir variantı olacaq.
Belə bir versiya irəli sürülür ki, hansı həkim daha çox xəstəyə baxacaqsa, o, daha çox maaş alacaq. Bunun özü kökündən yanlışdır. Əslində icbari tibbi sığortada həkim seçimi o zaman ola bilər ki, hansısa klinikada yüksək səviyyəli, bütün titulları daha yüksək həkimin xəstəsi sığorta paketindən çıxır və o, artıq ödənişli olur. Qalan bütün hallarda həkim seçimi olmur. Hesab edirəm ki, biz dünyanın getdiyi yolla getməliyik. Ən azından Türkiyə təcrübəsinə istinad edə bilərik. İqtisadi vəziyyətdən asılı olaraq sosial sığorta ödənişləri də fərqli olur. Biz böyük ölkələrin tibbi sığorta xərclərinə baxsaq, məsələn, ABŞ, İngiltərə, Almaniya-bunlar Azərbaycan dövlət büdcəsindən dəfələrlə üstündür. ABŞ ilə, ümumiyyətlə, müqayisəyə gəlməz, İngiltərəni isə götürsək, tək səhiyyəyə ayrılan xərcləri 22 dəfə bizim dövlət büdcəmizdən üstündür".

Xalidə GƏRAY,
“Yeni Müsavat”
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 913

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter