• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

GÜNƏŞ LƏKƏ GÖTÜRMƏZ... Çaldıran savaşında Şah İsmayılın xanımı Taclı Bəyimin əsir düşməsi barədə yazılanlar uydurmadır.


Cenubxeberleri.com Nürəddin Ədiloğlunun bu barədə araşdırmasını təqdim edir

Düzü,  mənim   çox böyük  rəğbət bəslədiyim “Cənub xəbərləri. com” saytında “Arvadı əsir düşdü, ömrü boyu gülmədi – Şah İsmayıl necə Xətai oldu?” başlıqlı  yazının yayımlanması  ürəyimi ağrıtdı.  Söz yox ki, yazı başqa sayta istinadən  verilmişdir.

14ildə  14 əyaləti məğlunb etmiş  Səfəvi ŞAHINA  Anadolu ellərində  olan rəğbəti   cilovlamaq   idi...

Əsrlər boyu Azərbaycan qadınları  yadellilər vətən torpağına hücum edən zaman yaraq-yasaq  qurşanıb   kişilərlə bərabər qanlı döyüşlərə giriblər. 1514-cü ildə iki nəhəng və qüdrətli  imperiya-Osmanlı və Səfəvi xanədanı arasında baş vermiş  Çaldıran savaşında Şah İsmayılın xanımı Taclı Bəyimin   əsir düşməsi barədə yazılanlar  uydurmadır.Şahın qadınının əsir düşməsi faktı uzun zaman  (Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il davam edən) müharibə aparmış iki imperiya arasında kütlələrə təsir edən  təbliğat   “mexanizmi” kimi istifadə olunmuşdur.

XVI əsrin əvvllərində Azərbaycanda baş verən qızılbaş hərəkatının geniş ərazilərə yayılması müsəlman – türk aləmində böyük əks-səda doğurmuşdu. Təbii ki,  bu hərəkatın lideri olan I Şah İsmayılın şəxsiyyətinin ləkələnməsi üçün onun  zövcəsinin  adının hallandırılması   döyüşkən qızılbaşlara ,  14ildə  14 əyaləti məğlunb etmiş  Səfəvi ŞAHINA  Anadolu ellərində  olan rəğbəti   cilovlamaq   idi...

Professor Seyidağa Onullahi müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla 20 il birgə həyat sürmüş Taclı xanım Çaldıran döyüşündə iştirak etsə də, əsir düşməmiş, Şah Təhmasib dövründə Səfəvilər sarayında yaşamış, dövlət işlərində fəal iştirak etmiş və 1540-cı ildə Şirazda vəfat etmişdi.

Çaldıran döyüşünə qızlbaş  kişiləri ilə bərabər qadınlar da qatılması  barədə  məlumatlar Venesiya diplomatı İosofat Barbaronun, KaterinoZeno və Seqredonun əsərlərində də vardır. 

                                                   Şahbəyi Taclı bəyim

Mosullu tayfasından olan Şahbəyim adlı bu qadına  “Taclı” adı Şah İsmayıl tərəfindən verilmişdir. Bəzi mənbələrdə “Şahbəyi Taclı bəyim və Validə Gülzar Sultan” yazılır...

“Tarixi-Şah İsmayıl”da Çaldıran döyüşündən sonra Dərgəzinə gedən Şah İsmayılın Təbrizə Taclı xanımdan xəbər gətirmək üçün adam göndərdiyi bildirilir. Bir neçə yerdən yara almış Taclı xanım  Çaldıran   meydanını  tərk edəndən sonra istiqaməti itirmiş, nəhayət bir səhraya gəlib çıxmışdı. Təsadüfən Mirzə Şah Hüseyn İsfahani Təbrizin iki fərsəxliyində (12 km) Taclı xanıma rast gəlir, hadisəni Durmuş xan Şamlıya xəbər verir. Bundan sonra Taclı xanım, Şah İsmayılın yanına aparılır. Mir Mahmud Xandəmir də Durmuş xan Şamlının  yavəri Mirzə Şah Hüseyn İsfahaninin xan üçün ərzaq gətirərkən, Təbrizin iki mənzilliyində Taclı xanıma rast gəlib onu Şah İsmayılın yanına aparmasını bildirir. Bunun müqabilində şah onu Dövlət divanının nəzarətçisi vəzifəsinə layiq görmüşdü.

Xoca Sədəddin Əfəndi (1536-1599) qələminə məxsus “Tacüt təvarix” adlı geniş həcimli Osmanlı tarixi III Muradın(1575-1595) zamanında  “işıq üzü” görsə də, əsərin ilkin variantı 1566-cı ildən sonra, yəni Sultan II Səlimin(1565 – 1575) zamanında qələmə alınmışdır .Onun babası Hafiz Məhəmməd İsfəhani Çaldıran döyüşünün canlı şahidi olmuş, I Sultan Səlim(1512 – 1520) tərəfindən oğlu Həsən Canla bərabər  Təbrizdən İstanbula gətirilmişdir . “Tacüt təvarix”də müəllif babasından eşitdiklərini qələmə alıb və Taclı xanımın əsir düşməməsini qeyd edib.

Türk tarixinin qara səhifəsi

Çaldıran savaşını  kimisi   Osmanlıların şanlı zəfəri, kimisi Səfəvilərin acı məğlubiyyəti kimi qiymətləndirir. Amma  bu döyüş türkün hər zaman öyündüyü şanlı tarixinin qızıl səhifəsi deyil... Ən azı ona görə ki, Çaldıran düzündə türk oğulları bir-birinə qılınc çəkmiş, sonda bu oğullardan biri (Sultan Səlim)  qılıncın işə yaramadığını gördükdə qardaşına qarşı odlu silahdan –topxanadan  istifadə etmişdi... Eyni zamnada bu savaşı  məzhəb-təriqət savaşı adlandıranlar  da yanılırlar.

Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə sonucda   CALDIRANda    iki böyük türk dövlətinin  üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.Türkiyə, İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər.  Qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalan Sultan Səlim Yavuz "cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş vermişdi".


 Osmanlıların Səfəvilərə qarşı ideoloji savaşı Şah İsmayılın həyat yoldaşı Taclı xanımın adı ilə bağlı oldu. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını israrla bəyan etməyə başladılar. Sonradan bu "ideoloji tezis" Osmanlı tarixçilərinin əsərlərində əksini tapdı və əsrlərlə davam etdi. 

"Tac-üt-təvarix"in("Tarixlərin tacı")  tədqiqatçısı T. Cəfiyev də hesab edir ki, tarixən formalaşmış milli psixologiyanı nəzərə alan Osmanlı tarixşünaslığı uzun zaman ideoloji mübarizə apardığı Səfəvi dövlətinə qarşı bu saxta faktdan istifadə etmişdi.

Bu deyilənlərə yekun vuraraq onu demək olar ki, Osmanlı mənbələrində Taclı xanımla  bağlı    faktlar daha çox uydurmalarla zənginləşdirilmiş və əsrlər boyu Şah İsmayılı nüfuzdan salmaq məqsədinə xidmət etmişdi.

500 il əvvəlki ədavəti qızışdıran qələm sahibləri

Son illərdə ölkəmizdə nəşr olunan Güntay Gəncalpın “Səfəvilər”, İsgəndər Palanın “Şah və Sultan”, Reha Çamuroğlunun “İsmayıl” kimi kitablarında və “Möhtəşəm yüz il” kimi teleserialdaŞah İsmayılı və qızılbaşları  nüfuzdan salma “mexanizmi” davam  edir .

Bu gün böyük Qərb dövlətlərinin Şərqə – İslam dünyasına münasibətdə  apardıqları siyasətin xristian amilinə söykəndiyi bir vaxtda İsamda iki nüfuzlu təriqət arasına müsəlman olaraq bizim özümüzün  qarmaqarşıqlıq salmağa haqqımız yoxdur! Əgər nicatımız türk dünyasının birliyindədirsə,  onda milli –dini  hissiyyata toxunan bu cür əsərlərin nəşri və serialların yayımı qətiyyən yolverilməzdi.   İçimizdə  İslam sevgisi ilə  türk sevgisi   vahid müstəvidə olmalı, hər  iki qardaş  ölkənin qələm sahibləri  bu amala xidmət etməlidir.  Unutmaq olmaz ki, İslamın  sünni-şiə təriqətləri əsrlər boyu Azərbaycanın və Türkiyənin  mənəvi-əxlaqi  dəyərlərinin əsasını təşkil edib.

 “Qanun” nəşriyyatının Azərbaycan oxucusuna təqdim etdiyi “İsmayıl” romanında  xalqımızın qürur mənbəyi olan, Azərbaycan türkcəsini  dövlət  dilinə   çevirən, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş,  klassik  Azərbaycan   şairi  Şah  İsmayıl   Xətai  kimi  qüdrətli   bir  simaya müəllifin  öz soy adına sadiq qalaraq  qərəzlə   ÇAMUR atması,  doğrudan da,   indiki zamanda  millətimizə,   dini etiqadımıza qarşı  hörmətsizlik və sayğısızlıqdır.  Amma  gəlin görək, bu, milli-dini hesiyyatımıza toxunan ilk əsərdimi? Bundan öncə  İsgəndər Pala  məgər “Şah və Sultan” əsərində Şah İsmayıla az çirkab atmışdımı? Yaxud, çox savadsızcasına və  başdansovdu qələmə  alınmış   “Səfəvilər” kitabında  Güntay Gəncalp  oxucuya   Şah İsmayıl Xətaini  və  qızılbaşları   adam əti yeyən  vəhşi kimi  təqdim etməsi   hansı  amala,  ideoloji   xəttə, mədəni inkişafa, “iki dövlət, bir millət” prinsipinə  xidmət edir?   Xətai təxəllüsü ilə  gözəl  və incə ruhlu şeirlər yazan, qəsidələrində  Allahı,   peyğəmbəri,  on iki imamı  vəsf edən, heca vəznini Azərbaycan ədəbiyyatına gətirən, “dili şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam”  deyən bir   şair necə o cür qəddar   ola bilərdi?

İxtilaflara   yol açan,  mənəvi gərginlik yaradan  bu cür uydurma  əhvalatlar   İslam dünyasına  qənim kəsilən düşmənlərin dəyirmanına su tökmək deyil, bəs nədir? 

“Möhtəşəm yüz il”-də gileyimiz

Şübhə etmirəm ki, “Möhtəşəm yüz il” serialında səfəvi hökmdarlarının, xüsusilə I Şah Təhmasibin ünvanına çox ağır təhqiredici ifadələrin yer alması  da eyni   nifrətdən, ideoloji qəzəbdən   qaynaqlanır. 1566-cı ildə  Sultan Süleymanın vəfatı münasibəti ilə  Osmanlı sarayına göndərdiyi məktubda onun Avropada qazandığı zəfərlərdən söz açaraq  öz sevinc hissini gizlətməyən, eyni zamanda   II Səlimin  canişin təyin olunmasını  ölkəsində təntənəli bayram elan edən bir hökmdarın  ünvanına filmdə  bu qədər nalayiq ifadələr Azərbaycan tamaşaçısına  həqarət deyilmi?!

Azərbaycan Tarix Institutunun direktoru, akademik Yaqub Mahmudov böyük türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən bu serialı tarixi hadisələrin kəskin təhrif olunduğunu vurğulayaraq, əbəs yerə onu türk tarixi üçün “zəhərli film” adlandırmır! Türkiyənin  o vaxt   Baş naziri  olmuş  RəcəpTayyib Ərdoğan da bu  “Möhtəşəm  yüz il”i tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib.

Bir sıra Avropa ölkələrində, Ukrayna və Rusiyada bu filmin nümayişi dayandırılıb, İranda isə  “Möhtəşəm yüz il” serialını fars dilinə dublyaj edən bir qrup şəxs  həbs olunub.

   Türkiyə Milliyyətçi Hərəkat Partiyası başçısı  Dövlət Baxçalı isə “Şah İsmayıl da bizim hünkarımız, Yavuz Sultan Səlim də” bəyanatı verərək  hər iki tarixi şəxsiyyətə  hörmətlə yanaşmağı   bildirdi.

 “SARI GƏLİN”Ə ERMƏNİ  MÖHÜRÜ VURAN   TÜRK SƏNƏTÇİLƏRİ

Biz   tez-tez  bu gün  iki ölkə arasında  əməkdaşlıqdan   fəxrlə danışırıq. Amma görünür, mədəniyyət tariximiz  –  Azərbaycan-türk tarixçilərinin,  sənət dünyasının əməkdaşlığı hələ də  lazımi  səviyyədə   deyil.  Əgər bu əlaqələr  yaxşı olsaydı, dünən də,  bu gün də müəllifi Azərbaycan bəstəkarları olan onlarca mahnı Türkiyənin rəsmi kanallarında tamaşaçıya  “ANONİM”təqdim olunmazdı. Şübhəsiz ki, bu kanalları   dünyada yaşayan 50 milyon azərbaycanlı da seyr edir. “Ay mənim Arzu qızım”, “Dilbərim”, “Reyhan”, “Gülüm naz ilə baxma”,  “Daşlı qala” və  s.   kliplərin subtitirində  “söz və muzik anonim” yazılması  sözsüz ki, hər bir Azərbaycan türkünü təəssüfləndirir. Və ya “Sarı gəlin”i eynən Akif İslamzadə tərzində  ifa edib ona “erməni möhürü vurmaq” məgər türk sənətçilərinin mədəniyyətimizə hörmətsizliyi deyil?  Niyə Mikayıl Müşfiqin “Sən Müşfiqin yanında qalginən sənə qurban” misrasından şairin adını çıxardıb təkcə Türkiyənin özəl deyil, dövlət kanallarında da  oxuyurlar. Əlbəttə,  bu   kimi  problemləri şişirtmədən  müəllif hüquqları və  ya  hər iki dövlətin  aidiyyati qurumları yoluna qoya bilərdilər...  Polad Bülbüloğlu  mədəniyyət naziri olanda mən dəfələrlə  bu barədə KİV-də ona açıq məktub  ünvanladım.    Axı   o Türkiyədəki nazir  həmkarından   bunu tələb edə bilərdi.

İndi   özümüzə tolerant xalqıq deyə-deyə milli hisslərimizə toxunan“Səfəvilər” (G.Gəncalp), “Şah və Sultan”(İ.Pala), “İsmayıl”  (R.Çamuroğlu) kimi b əsərlərin müəlliflərinə  təşəkkürmü etməliyik?!

       Professor Füzuli BAYAT   “Taxt və Tabut”  romanına yazdığı  ön sözdə  çox haqlı olaraq “Sapla samanı  qarışdırmayaq”  deyir: “Belə bir həssas mövzuda yazmağın ilk şərti nə şiə,  nə sünni  kimi düşünməkdən keçir. Yoxsa ortaya  Əzizə Cəfərzadənin, Reha Çamuroğlunun, İsgəndər Palanın  təəssübkeşlik ruhunda yazılmış əsərləri çıxar”

Taxt – taca   görə öz doğma  atasını zəhərləyib öldürən, sülaləsindən bütün kişilərin öldürülməsinə əmr verən,  qardaşlarını, qardaşı  oğlanlarını   qətlə yetirən Sultan Səlimi   oxucuya romanda Şah İsmayıldan daha üstün düşüncəyə, təfəkkürə, hərbi siyasətə  malik  sərkərdə kimi təqdim etməsi Reha Çamuroğlunun nə qədər qərəzkar, ixtilaf salmağa meylli,   V əsr bundan öncə olan ədavəti yenidən qızışdıran qələm sahibi olduğunu sərgiləyir. Məgər  R. Çamuroğlu  bilmir ki,   Sultan Səlim  olduqca qəddar, qaniçən və qisasçı bir şəxs olduğuna  görə Yavuz (qorxunc) ləqəbi almışdı.  Atası Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı və Şah İsmayıla sevgi ilə yanaşması Səlimi hələ taxt-tac sahibi olmazdan öncə qəzəbləndirərdi.   Ona görə Sultan Səlim hakimiyyətə keçən kimi  qızılbaşlara qarşı hərəkətə keçdi. Və şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi.  Sultan Səlimin  əmri ilə   təkcə Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.

KİÇİK HAŞİYƏ, “QURDALAR VADİSİ”  VƏ...

Yeri gəlmişkən, dünyada ən çox izlənilən  və masonçuluğun iç üzünü açan “Qurdlar vadisi” teleserialının yaradıcıları  Şaşmaz  qardaşları şiə təriqətinə  yaxın   olan bəktaşilərdi. Filmin  ilk seriyalarının daha uğurlu alınmasının səbəbi də məhz Həzrəti Əlinin fəlsəfəsi üzərində qurulması və filmin baş qəhrəmanı Polad Ələmdarın İmam Hüseynin haqq və ədalət uğrunda mücadiləsini özünə örnək seçməsi   idi. Sonrakı seriyalar isə   daha  çox Sultan Səlimsayağı qan tökməklə yadda qaldı və getdikcə  filmi nüfuzdan saldı.

                                           ŞƏRQDƏ BİTƏN  ORTA ƏSR

Əslində ordusunun əsas hissəsi Orta Asiyada olan Şah İsmayılı müharibəyə təhrik edən, Çaldırana gedən yolun başlanğıcını  qoyan da  qardaş qanı tökmək  üçün susamış   Səlim oldu. Bəs  onun  təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan və  iki dövlət arasında  məsələni sülh ilə həll etməyə cəhd edən Şah İsmayıl Xətaini  “İsmayıl” romanında alçatmaqla, qızılbaşlara küfr yağdırmaqla müəllif müasir oxucuya nə deməyə çalışır? Çamuroğlu və qeyriləri niyə əsərlərində Osmanlı – Səfəvi münasibətlərini gərginləşdirən və iki qüdrətli türk imperatorluğu arasında müharibəyə rəvac verən beynəlxalq amilləri  önə çəkib qabartmır?  


Niyə yazmırlar ki, 150  minlik   osmanlı ordusu ilə 50 minlik   qızılbaş ordusunun  1514-cü ildə Çaldırandakı savaşı  tarixçilərin təbirincə desək, əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsinin qətlı oldu. Bu qardaş savaşı doğrudan da,   müasirliklə keçmişin sonuncu savaşıydı. Və bu savaşın əslində  qalibi olmadı. “Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi” (A.Qaramanlı).

Bəli, əgər o zaman  qərb siyasəti iki  qüdrətli türk dövlətini bir-biriylə savaşmağa sövq etməsəydi, bu gün Türkiyə Avropa birliyənə qəbul olunmağa deyil, Avropa dövlətləri Türk   Birliyinə üzv olmağa can atacaqdı... Bu gün də Şərqdə  tökülən günahsız insanların qanına eyni beynəlxalq amillər səbəb deyilmi? Və  ya  PKK terrorçuları tərəfindən  bu gün    türk əsgərlərinin qətlə yetirilməsinin   əsası  500 il əvvəl   Sültan Səlimlə kürd əsilli İdris Bitlisli arasında olan anlaşma səbəb deyilmi?  Şah İsmayılın baba mülkü Diyarbəkri və ətraf əraziləri  İdris Bitlisliyə  hədiyyə verən Osmanlı Sultanı  bilavasitə   Abdulla Öcalan kimi cinayətkar dəstə başçılarının fəaliyyətinə rəvac verdi. 

Sözsüz ki, heç bir ölkə kimi Azərbaycan da ad-san,  şöhrət naminə cəmiyyətin etiqadına, taleyinə  biganə  insanlardan sığortalanmayıb.  Əgər   bir insan  mənsub olduğu dini sarsıdan “yaradıcılıqla” məşğuldursa, onun doğma Vətənə hansı sevgisindən, V əsr adı Azərbaycanla qoşa çəkilən  Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətə hansı   sayğısından  danışmaq olar?!  Çox təəssüf ki  bu gün   bəzi gənc yazarlar  və  naşirlər   arasında  Reha Çamuroğlu kimi  qərəzli   qələm sahiblərinin əsərlərini  təbliğ etməkdən sanki həzz alırlar. Belələri “mən də varam” deyə gündəmdə bu cür bəsit, araqızışdıran, şou xarakterli əməllərlə qalmağı üstün tuturlar. Şah İsmayıl da,  Qanuni Sultan Süleyman da, Sultan Səlim də,   Nadir şah Əfşar da  türk dünyasından  boy verən  möhtəşəm simaları olublar. Sonuncunu  hətta avropalı tarixçilər Asiyanın“Makedoniyalı İsgəndəri” adlandırıblar...

Bu gün tarixin yaddaşını ələk-vələk edib ortaya çox iddihamnəmələr çıxarmaq olar. Lakin elə gerçəklər var ki, onun üzərindən əzəli-əbədi qardaşlığımız, etiqadımız, İslam dini,  türk birliyi naminə sükutla keçməliyik.

Son olaraq,   xalqımızın qürur qaynağı olan Şah İsmayıl Xətai haqqında qərəzli əsərləri  yazanlara, qızılbaşlar tayfaları adamyeyən adlandıranlara, Türkiyədə nəşr olunan belə kitabları  Azərbaycan türkcəsinə uyğunlaşdıranlara və onun böyük həvəslə ölkəmizdə yaymağa   vaxt və vəsait ayıranlara  üzümü tutub deyirəm:  mənəvi  birliyimiz,   sağlam gələcəyimiz naminə  İslamda məzhəb və təriqət ayrı-seçkiliyi salmayın.   Sizsiz də bu  ideyanı  meydana atıb, onu  hər cür vasitələrlə  həyata keçirən,  müsəlmanlar arasında  ixtilaf salıb ədavəti qızışdıran xarici kəşfiyyat orqanları  yetərincədir.

Nurəddin ƏDİLOĞLU.

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 521

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter