• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Cənubun Herodotu Bütün ruhu ilə tariximizə bağlı olan bu insana sevgilər və biganəliklər (1-ci hissə)


Bu gün yüzlərlə insanın xoşbəxtliyi “çörəkli işlərdən” çıxdığı, çoxların bu sahələrə can atdığı bir vaxtda bölgədə yaşayıb,  bütün həyatını tariximizin araşdırılmasına sərf edən, həqiqi mənada fədakar bir insan var – İldırım Şükürzadə.

İldırım müəllim Lənkəranın Havzava kəndində yaşayır. Virtual dosluğumuz var idi. Sonralar üzbəüz görüşlərimiz oldu. Yazı üslubunu, dəqiqliyini çox bəyənib   saytımız üçün məqalələr sifariş etdim. Qarşılıqlı işləməyimiz əla alındı. Qısa müddətdə aşağıdakı yazılar bizim sifarişimiz, onun əməyi ilə ərsəyə gəldi və qısa müddətdə xeyli populyarlıq qazandı.

Həmin yazıların adlarını da qeyd  edirik ki, oxumayanlar cenubxeberleri. com saytının tarix bölümünə girib o məqalələrlə tanış ola bilərlər:

  1. Lənkəran bölgəsində rus kəndləri, eləcə də bölgənin rus mənşəli toponimləri. 09.03.2018
  2. Talış xanlığı.  19.03.2018
  3. Lənkəran qəzası.  26.03.2018
  4. Lənkəran bölgəsi: kilsələr, sinaqoqlar.  03.09.2018
  5. Masallı adı kənd kimi nə vaxt, hansı kitabda və necə səslənir?   06.01.2019
  6. Çaxırlı qalası niyə, həm də Kazetski adlanırdı?  21.01.2019
  7. Lənkəran qəzasında mart soyqırımı.  30.03.2019
  8. Xırmandalı: “Respublika” elan edilən kənd.   14.05.2019

.

İldırım müəllim özünə o qədər tələbkar və dəqiqdir ki, indiki vaxt üçün lap möcüzə kimi görünür.

Tutaq ki, İldırım müəllimə cənub bölgəsinin tarixi ilə bağlı bir yazı sifariş edirsən. Bəzisinə dərhal razılaşır, bəzisinə isə vaxt azlığından, yaxud səhhəti ilə bağlı “hə” deyə bilmir, 5-6 gün, ya bir həftə vaxt istəyir. Amma görürsən ki, heç bir gün keçməmiş, yazır ki, emailə bax, ürəyimlə bacarmadım, səhərə qədər yatmayıb, siz deyən yazını yazmışam.

Yazı borcu olduğum insanlardan biri də İldırım müəllim idi. Yazını hazırlamağa başlayanda elə bilirdim ilk növbədə onun aldığı fəxri adlarla rastlaşacağam. Təəssüf. 7  olduqca dəyərli kitabın, yüzlərlə araşdırmanın, məqalənin müəllifinin,  sən demə, “Qanun naminə” filmində deyilmişkən “heç Voraşilov ordeni” də yox imiş.

Lakin İldırım müəllim belə şeylərə o qədər də bənd olan deyil. Daim axtarışda, daim yaradıcılıqdadır.

Nə isə. Keçək mətləbə. Öncə İldırım müəllimin qısa tərcümeyi-halı ilə tanış olub, daha sonra onunla aldığımız müsahibəni sizə təqdim edək:


İLDIRIM  ŞÜKÜR   OĞLU  ŞÜKÜRZADƏ

    03 fevral 1970-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olub. 1985-ci ildə Lənkəran rayonunun Havzava kənd 8-illik, 1987-ci ildə isə İstisu qəsəbə tam orta məktəbini bitirmişdir. 

1987-1988-ci illərdə Lənkəran rayonunun Ş.Axundov adına sovxozunda fəhlə işləyib. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında Qazaxıstanda, Boykonur kosmodromunda həqiqi hərbi xidmətdə olub. 

1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş, 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 

1995-1996-cı illərdə Lənkəran rayonunun Tatova kənd tam orta məktəbində müəllimliyə başlayıb, 1 ildən sonra (və hal-hazıra kimi) doğma  Havzava kənd tam orta məktəbində müəllim işləyir. 

Pedaqoji fəaliyyətlə yanaşı yaşadığı bölgənin tarixi, toponimləri və etnoqrafiyasının tədqiqi ilə də məşğul olur. 7 kitab və 350-dən çox məqalənin müəllifidir. 


    “Havzava” icma qrupunun sədri (2016), “Cənub bölgəsi və onun ziyalıları” virtual qrupunun admini, Havzava kənd bələdiyyəsinin (II-III-IV çağırış) və Azərbaycan Jurnalistlər Birliyinin (2008) üzvüdür. Ailəlidir, 3 övlad atasıdır.  


Necə oldu tarixə belə bağlandınız?


İlk əvvəl coğrafiya müəllimi olmaq istəyirdim.  Məktəbimiz səkkizillik  (ümumi orta) olduğundan 9-10-cu sinifləri qonşu İstisu (keçmiş Kirov) qəsəbə tam orta məktəbində oxuyurduq.  9-cu sinifdə bizə tarix fənnini  Bilal Quliyev (Allah rəhmət eləsin!) tədris edirdi.  Məndə tarix fənninə marağı  Bilal müəllim oyatmışdır. Tarix fənnini tərifnamə ilə bitirdim. Birinci il ali məktəbə daxil ola bilməsəm də, ordudan tərxis olunduqdan sonra 1990-cı ildə ADPU-nun tarix fakültəsinə daxil olub, 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdim. Xobbim mütaliə olduğundan   kitab, qəzet və jurnallar oxuyurdum.   Mərhum Mirhaşım Talışlı (Lənkəran şəhəri), Musarza Mirzəyev (Masallı rayonu Mahmudavar kəndi) və Həşim Kəlbiyevin (Lənkəran rayonu Şilavar kəndi) bölgəmiz, o cümlədən rayonumuz haqqında yazdıqları tədqiqat xarakterli kitab və məqalələri məni tarixçi olaraq tədqiqata sövq etmişdir. 


İlk araşdırmanız ?


İlk araşdırmam kəndimlə bağlı olub.Tələbəlik illərində (1990-1995) kəndimiz haqqında məlumatları toplayır, qeydlərimi aparırdım. Havzava toponimi ilə bağlı olan “Havzova, yoxsa Havzava?” adlı ilk məqaləm “Aşkarlıq” qəzetinin 22 may 2002-ci il tarixli sayında dərc olunmuşdur.  2009-cu ildə isə “Havzava”  (həmmüəllif Hacı Etibar Əhədov) adlı ilk kitabım işıq üzü görmüşdür.


Neçə kitab və məqalənin müəllifisiniz?


7 kitab və 350-dən çox məqalənin müəllifiyəm.  Məqalələrim 25 qəzet və 6 jurnalda dərc edilmiş, 6 saytda yerləşdirilmişdir. Eyni zamanda Feyzbok səhifəsində müəllifi olduğum çoxlu sayda məqaləni yazıb paylaşmışam. 


“Lənkəran toponimləri” (2012) kitabında  rayonun 93 toponimi (oykonimi), 

“Lənkəran ziyarətgahları” (2015) kitabında rayonun 63 ziyarətgahı,

 “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri” (2018) kitabında bölgənin hər rayonunundan 18   abidə olmaqla, ümumilikdə  108 abidə

“Lənkəran məscidləri” (2016) kitabında isə rayonun 84 məscidi haqqında məlumat vermişəm.


Məqalələrim çeşidlidir, yəni  bölgənin tarixi, abidələri, toponimləri, etnoqrafiyası, ziyarətgahları,  məscidləri, qalaları, kurqanları, mağaraları, yaşayış yerləri və d. haqqında yazıram. 


Müəllifi olduğunuz kitablardan  hansına daha çox üstünlük verirsiniz? 


Deyirlər kitab(lar) müəllifin övladı sayılır. Buna görə də müəllif olaraq kitablarımı övladlarım qədər sevirəm. Hər bir kitabım, məqaləm mənə övladlarım qədər əzizdir.  Amma, bu kitablardan birinə “Bizim tələbəlik illəri” (2018) kitabına daha çox üstünlük verirəm.  Bu kitab bəlkə də respublikamızda bu qəbildən olan ilk və yeganə kitabdır. 

 Kitabda 5 illik (1990-1995) tələbəlik həyatımız ən xırda detalına qədər öz əksini tapmış, tələbə yoldaşlarımın, müəllimlərimin şəkilləri verilmişdir. Demək olar ki, tez-tez bu kitabı əlimə alıb, həyatımın ən gözəl, qayğısız günlərini xatırlayıram.

                               Əliniz çatmayan arzular

Arzular müxtəlif və sonsuzdur. Buna görə də onların hamısına çatmaq mümkün deyil. Həm də arzudan arzu doğur. Şübhəsiz ki, maddiyat yaxşı olduqda  çox şeylər etmək, daha geniş araşdırmalar aparmaq, daha böyük tirajla, daha əhatəli kitablar çap etmək olar. 


Azərbaycanın qəzaları, kəndləri ilə bağlı əsas arxivlər keçmiş Qafqaz canişinliyinin Tbilisidəki arxivindədir. Həmin arxivlə maraqlanmısınızmı?


Tədqiqatçı-tarixçi olaraq mənbə, ədəbiyyat kimi əsasən kitab, qəzet və jurnallardan, əlimə keçən arxiv sənədlərindən istifadə edirəm. Eyni zamanda obyektlərdə olub müşahidələrimə əsaslanır, informatorların  köməyindən  və elmi-texniki tərəqqinin (internetin) imkanlarından istifadə edirəm. Demək olar ki, indi hər bir evdə kompyuter, nootbuk vardır. İnternetin imkanları o qədər genişdir ki,  demək olar ki, bütün dünya, bütün arxivlər, bütün kitablar sənin evinin içindədir.   Buna görə də indi hər hansı  kitab və məqalə üzərində işləmək heç də çətin deyildir. Tbilisi arxivinə gəldikdə isə , şübhəsiz ki, orada olmağı çox istərdim. Buna vaxt və imkan lazımdır. Həmin arxivdə bölgəmizlə bağlı çox dəyərli  məlumatlar var.


Cənub bölgəsinin araşdırıcılarından hansı alimlərə daha çox dəyər verirsiniz?


Müxtəlif alimlər, arxeoloqlar tərəfindən zaman-zaman bölgəmizdə arxeoloji qazıntı işləri aparılmış və tariximizə dair mühüm  faktlar, arxeoloji nümunələr əldə edilmişdir. Bu sahədə arxeoloq-alimlərdən Fərman Mahmudov, Qoşqar Qoşqarlı və Əsədulla Cəfərovun böyük payı vardır.  Xüsusilə Əsədulla Cəfərovun  adını qeyd etmək istəyirəm. Əgər alimlər bölgəmizdə insanların yaşamasını 10-15 min il bundan əvvələ aid edirdilərsə, Əsədulla Cəfərov tərəfindən 1985-1990-1999-2004-2007-ci illərdə Lerik rayonunun Büzeyir mağarasında aparılmış arxeoloji qazıntı işləri zamanı əldə edilmiş tapıntılar Paleolit dövrü adamlarının hələ 120 min il bundan əvvəl burada yaşadıqlarını sübut etmişdir. Son zamanlar gənc arxeoloq Anar Ağalarzadə bölgədə olan arxeoloji abidələrin tədqiqində fəallıq göstərir. Anar Ağalarzadə tərəfindən bölgədə yeni-yeni kurqanlar aşkarlanaraq qeydə alınmışdır. Yardımlı rayonunun Alar kəndində Sarıbulaq adlanan ərazidə apardığı arxeoloji qazıntı işləri 36 yaşlı bu gənc alimin bölgəmizin abidələrinin tədqiqi yolunda gələcəkdə böyük uğurlara imza atacağından soraq verir.  


Hazırda bu sahədə sizi  hansı mövzular maraqlandırır, nələr hədəfinizdədir?

Ardı var

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 521

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter