Alnına icra başçılığı yazılanlar... - Aralarında 20 ildə 5 dəfə icra başçısı təyin edilən də var


Azərbaycanda elə icra başçıları var ki, onlar bir rayona rəhbər təyin edilir, sonra da uzun müddət həmin vəzifədə qalırlar. 

Məsələn, Gülağa İslamov Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısı postunu 25 yanvar 1995-ci il tarixində tutmuş və düz 23 il həmin vəzifədə qalmışdı. 

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olan Malik İsaqov isə düz 21 ildir eyni rayona rəhbərlik edir. 

Ölkənin ən uzunmüddətli icra başçısı isə Eyvaz Hüseynovdir. O, Elçibəy hakimiyyəti zamanından bəri, nə az, nə çox, düz 27 ildir Xocavənd rayonunun rəhbəridir. 

Lakin Azərbaycanda icra başçısı kimi zəngin tərcümeyi-hala malik olan, ən azı 3 rayona rəhbərlik etmiş şəxslər də var. 

Qaynarinfo belə icra başçılarının kimliyini araşdırıb. 

Belə ki, alnına icra başçılığı yazılanlarımız: 

İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu vəzifəyədək iki rayona rəhbərlik edib. 26 mart 2004-cü ildə Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Hacıyev, 7 fevral 2006-cı ildə Samux rayonunun rəhbərliyinə gətirilib. Burada 6 il çalışdıqdan sonra 14 aprel 2012-ci ildə İmişli rayonu İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. 

Saatlı rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə 18 illik rayon rəhbərliklərində 18 illik təcrübəyə malikdir. O, 2001-2006-cı illərdə Göyçay rayonuna, 2006-2011-ci illərdə Şamaxı rayonuna, 2011-2019-cu illərdə Sabirabad rayonuna rəhbərlik edib. 17 may 2019-cu ildə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılov indiyədək ümumilikdə 4 rayonun icra başçısı postunu tutub. 

Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da indiyədək bir neçə rayona rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən  03.09.1994-cü ildən 25.08.2002-ci ilədək Oğuz rayonu İcra Hakimiyyətinin başçısı işləyən Məmmədov sonralar Qəbələ (25.08.2002-ci il – 26.03.2004-cü il) və Biləsuvar (26.03.2004-cü il – 26.04.2011-ci il) rayonlarının rəhbəri olub. 2011-ci ilin aprelindən isə Qobustan rayonu İcra Hakimiyyətinin başçısıdır. 

Hazırda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov isə 20 ilə yaxındır bu postlara təyinat alır. Əzizov 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəızifəsini yerinə yetirib. 2015-ci ilin sentyabr ayından paytaxtın Səbail rayonuna rəhbərlik edən hazırki Bakı meri bu posta isə 2018-ci ildə təyinat alıb.  

Azərbaycanın ən stajlı icra başçılarından biri isə hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. O, 23 ildir ki, müxtəlif rayonların icra başçısı postlarını tutur və Eldar Əzizov kimi indiyədək 5 dəfə bu cür təyinat alıb. Belə ki, T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya rəhbərlik edib. 14 aprel 2012-ci ildən isə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.

25 illik icra başçılığı keçmişinə malik olan Novruz Novruzov isə 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayon icra hakimiyyətlərinin başçısı vəzifəsində çalışıb. Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Novruzov bununla da indiyədək 4 rayon dəyişmiş olub. 

Onu da deyək ki, karyerası ərzində ən azı iki dəfə icra başçısı olanlar daha çoxdurlar. 
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 288
Aliexpress WW
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter