Abituriyentlər qarşısında "Çin səddi": Bu qədər əziyyətə dəyərdimi...?


"Bu vəziyyətləri nəzərə alaraq köklü islahatlar aparılmalıdır. Əks halda vəziyyət ilbəil daha da çətinləşəcək”

 

Artıq yeni təhsil ili üçün universitetlərə qəbulun son mərhələsi də başa çatıb. İmtahanlarda yaxşı nəticələr göstərən abituriyentlər ballarına uyğun fakültələr seçərək seçim mərhələsində iştirak ediblər.

 

Ancaq seçim mərhələsində abituriyentlər və valideynlər böyük problemlə qarşılaşıblar. Çünki dövlət sifarişi üzrə yerlərin sayı az, ödənişli əsaslarla olan yerlərin sayı isə çoxdur. Ödənişlər isə 1500 manatdan başlayır, 6500 manata kimi yüksəlir. Problem ondan ibarətdir ki, birinci il üçün illik ödənişin əvvəlcədən, həm də birdəfəlik ödənilməsi tələb olunur.

 

Valideynlərin əksəriyyəti bu məbləği ödəyə bilmədikləri üçün ya daha az ödənişi olan fakültələri seçirlər, ya da ümumilikdə Azərbaycanda təhsil almaqdan imtina edirlər. Ən yaxşı halda, qonşu ölkələrdə ali təhsil almağı üstün tuturlar.

 

Magistratura piləsində də eyni vəziyyət yaşanır. Burada da ödənişlər 2500 manatdan başlayaraq 17000 manata kimi yüksəlir. Buna görə də bakalavrlar magistr pilləsində oxumaqdan imtina edirlər. Ən yaxşı halda isə Türkiyəyə üz tuturlar.

 

Bir sözlə, təhsil haqqlarının çox yüksək olması abituriyentlər və tələbələrin uzun müddətli zəhmətlərinə baxmayaraq, təhsildən imtina etmələri ilə nəticələnir.

 

Bəs, görəsən bu təhlükəli vəziyyətin qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir? Yaranmış problemlə bağlı aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür? AYNAnın əməkdaşı bu sualların cavablarına ekspertlərlə aydınlıq gətirməyə çalışıb.

 

Millət vəkili Asim Mollazadə bildirib ki, bu istiqamətdə daha çox işlər aparılmalıdır: “Ödənişsiz təhsil genişləndirilməlidir. Dövlət buna görə vəsait ayırmalıdır ki, imtahanda uğurlu nəticələr əldə edən gənclərin ödənişsiz təhsil imkanları genişlənsin”.

Image result for asim mollazadÉ

“İkinci istiqamət isə Tarif Komissiyası ali məkəblərdə olan ödənişlərin qiymətlərini gündəmə gətirməlidir. Universitetlər həmin ödənişlərin bu qədər yüksək olmasını əsaslandırmalıdır ki, bu qədər yüksək qiymətlər nə üçün müəyyənləşdirilib”, - deyə millət vəkili qeyd edib.

 

Asim Mollazadənin sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən faydalanmaq lazımdır: “Təhsil Azərbaycan üçün önəmli istiqamətdir. Gələcək nəslin savadlı olması üçün təhsilimiz güclü olmalıdır. Bunun üçün dünya təəcrübəsindən istifadə etməliyik. Belə ki, yüksək nəticə göstərə bilməyən, amma təhsilini davam etdirmək istəyənlər üçün təhsil kreditləri olmalıdır. Məsələn, tələbələr üçün bank kreditləri ayırmalıdılar. Həmin gənclər təhsilini başa vurub işə başlayandan sonra 10-20 il ərzində hissə-hissə həmin krediti banka ödəməlidir”.

 

Təhsil eksperti Kamran Əsədov isə əvvəlcə ödənişli əsaslarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan tələbələrin qeydiyyatdan keçərkən birinci ilin təhsil haqqının tam şəkildə ödənilməsinin tələb olunmasına münasibət bildirib: “Hansısa bir qanunla müəyyən olunmayıb ki, birinci il qeydiyyatdan keçəndə mütləq şəkildə təhsil haqqı tam şəkildə ödənməlidir. Bəzi universitetlər, xüsusilə Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti bu məsələdə tələbələrə güzəşt edirlər. Həmin universitetlər maliyyə itkisinə yol verməmək üçün bunu edirlər”.

Image result for kamran ÉsÉdov

“Hesab edirəm ki, universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli  faizini ödəmək, 50 faizini  isə ikinci semestrdə ödəmə imkanı verilməlidir. Bu sistem dünyanın bir çox nüfuzlu universitetlərində tətbiq edilir” – deyə ekspert bildirib.

 

K.Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları adlı qərarını xatırladıb. Təəssüflə qeyd edib ki, bu qərarda təhsil haqqının ödənilməsi ilə bağlı müddət və tələblər öz əksini tapmayıb: “Düşünürəm ki, bu sənədə yenidən baxılmalıdır. Çünki təhsil haqqının ödənilməsi üçün qısa müddətdə valideynlər o məbləği əldə etməkdə çətinlik çəkirlər. Nəticədə də tələbə adını qazanan şəxs bu imkanından maddi çətinliyə görə istifadə edə bilmir. Bu da təhsilin inkişafı üçün mənfi addımdır”.

 

Müsahibimizin fikrincə, universitetlər abituriyentlərə təhsil haqqının ödənilməsi ilə bağlı güzəştlər tətbiq etməlidir: “Çünki hər il minlərlə gənc bi səbəbdən təhsilini davam etdirməkdən imtina edir. Magistr təhsillərinin də çox bahadır. Həm də bu pillədə təhsil alan gənclərə də işləmək qadağandır. Nəticədə magistr təhsilinin baha olması və işləmə qadağası yüzlərlə tələbənin bu təhsil pilləsindən imtina etməsinə səbəb olur”.

 

“Bir sözlə, bu vəziyyətləri nəzərə alaraq köklü islahatlar aparılmalıdır. Əks halda vəziyyət ilbəil daha da çətinləşəcək” – təhsil eksperti vurğulayıb.


Müəllif: Təranə Xudabaxşiyeva 
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter