ƏMİMİN TAXTI VƏ TABUTU Kərbəlayı Aydın Babayevin əziz xatirəsinə

  • 13.08.2019, 11:53,
  • Tarix


...Dünən  7 avqust mənim sevimli əmim Kərbəlayı Aydın mid oğlu Babayevin üç mərasimi idi. Onunla son dəfə  apreldə - yazın torpağa-daşa can verdiyi  günəşli bir gündə görüşmüşdükn dünyaya  göz açanda  adımı o vaxt  ali məktəbdə təhsil alan  Aydın əmim qoyub. Mən solaxayam. İlk dəfə əlimə  qələm alanda əmim mənə  çətin də olsa,  sağ əl yazmağı öyrətdi. Səbrlə, hövsələ ilə, məni əzizləyə-əzizləyə...  

 

                                  “YANDIRILMIŞ ÜRƏKLƏR”İN  AQİBƏTİ.

 

       Məktəbdə  rus dili  və  ədəbiyyatını  tədris edən əmim beş  il   sinif rəhbərimiz olubO, həm də  məktəb  partiya təşkilatının  katibi idi.   Səkkinci sinifdə oxuyanda Aydın əmimlə çəkdirdiyimiz bu şəkil neçə illərdi  ki, mənim internet aləmində feysbuk səhifəmi   bəzəyir.  Bu şəkildə  əmimin sağ çiynində   oturan  sinif yoldaşımızın adı Səfər idi. Uşağ çağından Səfər atasız qalmışdı. Əmim də, atam da onun xətrini çox  istəyərdi.  Alagöz,  yaraşıqlı   oğlan  idi Səfər. 17 yaşında  - biz məkətəbi qurtaran il fəaciəli şəkildə həlak oldu. Onun  yas  mərasimi bizim  evdə keçirildi...  

    1975-ci il  daha iki məktəb yoldaşımızı- Şəki  ilə Zülfiyyənin  ömrünü yarımçıq qoydu. Məktəbi bitirər-bitirməz  bu 3  nakam gəncin bir-birinin ardınca ölümü çoxumuzun ürəyini yandırıb-yaxmışdı. Mən də bu hadisədən çox sarsılmışdım, onların  xatirəsinə həsr etdiyim “Yandırılmış ürəklər” adlı   kino-povestin əlyazması ilə  tanış olan  yazıçı, kino-dramaturq  Əhmədağa  Muğanlı: “Görünür, bu mövzunu işləyəndə baxdığın hind filmlərinin təsirindən çıxa bilməmisən...”  dedi. Mən də  sujeti qəmli motivlər üzərində  qurulan   o əsəri  nəşr etdirməkdən vaz keçdim.  

                               “PROKUROR”  OLMAQDAN NİYƏ VAZ KEÇDİM?

Hərbi xidmətdə olanda  ən çox əmimlə məktublaşardım. O vaxt  o kənd sovetinin sədri  vəzifəsində çalışırdı. Əmimin   məktubları  ətraflı, məzmunlu, həm də  öyüd- nəsihətlə dolu olardı. Mənə yazırdı ki,  çalış  hərbi xidmətdə partiya sıralarına keç, hissə  komandirindən  ali məktəbə göndəriş  vərəqi al.  Hətta əmim  Rusiyada Hüquq  İnstitutlarının ünvanını mənə yollayardı. Hüquqşünas  olmağım   həm də atamın arzusi idi..Mənimsə o vaxt  qəzetlərdə  yazılırım   “Əsgər məktubları” rubrikası altında dərc olunurdu.  Jurnalistika fakültəsinə  qəbul olmağım barədə   ilk  xəbəri də Aydın əmimə verdim.  “Mən  dədənlə (atama biz dədə deyirdik)  danışaram. Arzun hara, mənzilin də ora deyiblər. Lap yaxşı...”  

    ni  dədəmin təbirincə desəm, “prokuror” olmaqdan vazkeçməyə vadar edən səbəb də vardı.  Yeddinci sinifdə  oxuyanda   atamla  rayon  mərkəzində həftə hamamına gəlmişdik .  Elarasında “Məşədi İbad hamamı” deyilən  bu qədim tikilininarxasında   milis və  digər hüquq-mühafizə orqanları yerləşirdi.  Bir neçə dəfə ordan güclü  kişi qışqırığı eşitdim. Sanki kiməsəağır işgəncələr verirdilər. Mənim həyacanlandığımı görən atamtəqribən belə izah etdi ki,  orda müstəntiq şahidi, ya da hər hansı  günahkar şəxsi dindirir.  O an  düşündüm ki  adam döyə-döyə ifadə almaq  “sənətini” mən bacarmaram

                                  “BOŞ TORBA  İLƏ  AT  TUTULMAZ”

 Əmimsə  hələ rayon qəzetin ilk dəfə imzamın altında “ştatdankənar müxbirimiz” sözünü oxuyanda:  “gün o gün olsun ki,  imzanın altında  böyük vəzifələr yazılsın...” – deyə arzu etmişdi.

    Əmimin məşhur ifadələrindən biri “boş torba ilə at tutulmaz”  idi.  Həmişə mütaliə edərdi.  Təqaüdə çıxsa da məktəblə  əlaqəsini  kəsməmişdi.  Məktəbdə, kəndə  keçirilən tədbirlərə dəvət olunardı.  El ağsaqqalı idi. "Yaralı qu quşları" kitabıma daxil elədiyim "Nar çubuğu" hekayəsini əmimə ithaf etmişəm.Bundan başqa əmimin  obrazı “Mənim Bağdagül  nənəm” kitabında, “Kiçik Paris” povestində və digər yazılarımda da  var.

   Əmim  Həmid  babamızın  adını böyük oğluna, özünün və ana  babası Əsədullahın adını  nəvələrinə qoymuşdu.  Əmim ad seçiminə söz öla bilməzdi. Arzu,  Qorxmaz, Həbibə, Vəfa, Şəfəq,Rüstəm....

  Son görüşümüzdə bir xeyli söhbət eləyəndən sonra  məndən  yeni nə yazdığımı  soruşdu.

 “Təzə- tarixi  bir roman yazmışam, amma   ad sarıdan  çətinlik çəkirəm “ dedim. Əmim   on iki fəsildən ibarət kitabın qısa məzmunu və  fəsil  başlıqları ilə tanış olcaq dedi:  “ - Bir halda ki,  fəsillərdən birinin adı   “Taxt və tabut”dursa, elə qoy  kitabın da adı elə olsun!

 

                       SON KİTABIMI MƏZARA QOYMAQ  İSTƏDİM...

 

        Avqustun  2-də  naşir kitabın  siqnal nömrəsindən  bir neçəsini mənə verib, tam tirajın  avqustun 7-ə  hazır olacağını bildirdi. Niyyətim  kitabın  ilk nüsxələrindən  birini  əmiməçatdırmaq  idi . Avqustun  5-də səhər  saat 8-də telefonuma zəng gəldi. Ekranda iri həriflərlə “AYDIN ƏMİ”  sözünü oxucaq, çox sevindim. Amma sevincim uzun sürmədi, əmimi ortancıl oğlu Rüstəm dedi ki, atam  iki-üç gündür ki, səni arzulayır.  “Bir yandan deyir ki, Nurunu  (əmim məni  belə çağırardı)  narahat eləməyin, hələ  özümü  o qədər  də pis hiss etmirəm. Amma...”

        Hər şey məlum idi.  İndi  Bakıdan Masallıya 2 saatlıq yoldur.  Son illər bəlkə elə ölkənin  ən böyük uğuru da bu idi... Yolboyu  dua  edirdim ki, Allah əmimə  möhlət versin,   heç olmasa, “Taxt və tabut” adlandırdığı  son  kitabımı görsün...

  ... Mən kəndə çatanda əmimin tabutunu məzara qoyurdular.  Molla Hacı Niftullah günahkar kimi üzümə baxıb: “Hava çox istidir, dəfni yubatmaq olmazdı...” Sən demə, mənim telefonuma zəng gələn məqamda əmim vəsiyyət edirmiş, gəlini olan bacım Subiyyəyə “gözümü sən basarsan,  bax qorxub eləmə ha!”deyib. Əmimin  böyük oğlu da Bakıda yaşayır. Bir-iki gün əvvəl  əmimə baş çəkməyə gedib. Əmim deyib ki,  bala, qayıt işinə-gücünə. Mənim hələ ölmək fikrim yoxdur! 

    ...Onu  sevimli  həyat yoldaşı Lətifə xanımın məzarının yanında dəfn edirdilər. Ağlımın ucundan keçdi ki,  bəlkə əmim üçün gətirdiyim kitabı onun məzarına qoyum. Amma  dəfndə iştirak edən  adamlara baxdım.   Fikirləşdim ki, məni  düz başa düşməzlər.

                  “ALLAH  ÜZÜMÜZƏ BAXIB SOL ƏLLƏ YAZMAYIBSAN!”

   Onun üçün apradığım  kitabı Yadulla Əsgərov  adlı mütaliəni sevən  bir tələbkar oxucuya verdim. O da əmimin şagirdi  olmuşdu, hətta onda rus dilinə marağı əmim  oyatmışdı.  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda ali təhsilini yarımçıq qoyub,  öz  biliyi  ilə ADU-nun  hüquq fakülətsinə  qəbul  olmuşdu.  Sonra orda da   təhsilini başa  vura bilməmişdi.   Taleyi, qisməti beləymiş yəqin... 

  Mən isə  əmimin xatirəsinə həsr etdiyim  bu kiçik yazını  kövrək notlarla bitirmək isətəməzdim. Ona   görə şirin bir xatirə ilə  yazımı yekunlaşdırıram.

...Bir dəfə   C.Cabbarlı adına Masallı Mərkəzi   Kitabxanasının oxucu zalında “Bakı açıq şəhərdi” (Bakı: Sabah, 1997) romanım müzakirə olunurdu. Əmim də   ön sırada oturmuşdu.  Rayonunağsaqqal müəllimləri   Həsənbala  Əhədovla (Allah  rəhmət eləsin)  Əhməd  Səmədovun təşəbbüsü ilə təşkil olunmuş tədbirdə  rayon təhsil şöbəsinin o vaxtkı  müdiri Ədalət Nemətov, RİH başçısının  hümanitar  məsələlər üzrə müavini Ələşrəf Niftiyev (İndi Rayon Ağsaqqallar   Şurasının sədri) , rayon  polis şöbəsinin rəisi  Qambay  Muradov, şair  Nurməmməd Ağa,  ədəbiyyat müəllimi  Natiq Xəlilov və  başqaları  çıxış etdilər.  Sonda mənə söz verildi. Dedim ki, mən məktəbə gedəndə  əvvələr sol əllə yazırdım, Aydın əmim mənə  sağ əllə yazmağı öyrətdi...

    Bu zaman arxadan Masallıda hamının  şən, zarafatcıl, mehriban və dostcanlı ziyalı kimi tanıdığı Aqil Əliyev (maraqlıdır ki, o da Masallı 2 saylı şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimidir.) ucadan replika atdı ki,   “Allahüzümüzə  baxıb  sol əllə yazmamısan, nəfəsimiz qaralalardı əsərlərini oxuyub qurtaranacan!”

Zalda möhkəm gülüş və alqış səsləri qopdu.    Mən: “qoy bu gülüş payı mənə, alqış səsləri əmim və müəllimim AydınBabayevə ünvanlasın!” dedim. Və xahiş elədim ki, əmim ayağa qalxsın. Hamı əmimi və müəllimimi ayaq üstə alqışladı. Əmim  sadəliyi  ilə könüllərdə TAXT  quran  bir ZİYALI idi. TABUTU  çiyinlərdə   son mənzilə  yollanan  İNSAN,   qayğıkeş  ata,mehriban baba,  sevimli ƏMİ idi. 

 Allahdan  Aydın əmimə,  müəllimimə  və kəndimizin ağsaqqalına   qəni-qəni  rəhmət diləyirəm!  

                                                                                                        Nurəddin ƏDİLOĞLU.

 

                                                     08.08.2019.  Bilgəh kardioloji sanatoriyası. Saat   13.30      

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter