• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Musarza Mirzəyevin bildiyiniz və bilmədiyiniz “rəngləri”

Uğurlar, qəribəliklər, etiraflar, xəstəlikdən doğan bədbinlik, vəsiyyətnamə, hədsiz ehtiyatlılıq, 8 dildə oxuduğu 200-ə qədər mahnılar, məhv olmaq həddində olan “gündəliklər...”, silinən suallar və cavablar...


Ünvan: Masallı rayonu, Mahmudavar kəndi.  Yaş 61. Tədqiqatçı- etnoqraf - toponimist-tarixçi Musarza Mirzəyevlə onun yaşadığı kəndin bağında görüş.

Giriş əvəzi

Musarza  Mirzəyev hamı tərəfindən birmənalı qəbul edilməsə də, bu şəxsi hətta istəməyənlər də onun  bölgənin ən dəyərli tədqiqatçısı olduğunu etiraf edir.


Beş qardaşdan biri


Musarza Mirzəyev  - Oğul  kişinin 5 oğlundan üçüncüsüdür. Özünün bildirdiyinə görə, ona tarixi orta məktəb müəllimi,  bu il, 90 yaşında dünyasını  dəyişən Əbülfəz Əhmədov  sevdirib.

Sonralar bəlli olub ki, Musarza elə tarix üçün, ciddi tarixi araşdırmalar üçün doğulmuş bir insandır.

Ucqar kənddə oturub tarix yazmaq doğrudan hünərdir

Uğurlar da göz qabağındadır-10-a  yaxın kitab, yüzlərlə məqalə müəllifidir.


 Bu günkü xəstə Musarza müəllim



Öz dilindən: -  İndi gözlərim kor olmaq ərəfəsindədir. Ötən ilin yanvar  ayından sanki həyatım dəyişdi, taleyim tərsinə döndü. Belə ki, axşam nəvələrimlə uşaq kimi qaçdı-tutdu oynadım. Səhər halım kəskin pisləşdi. Həkimlər dedi ki, insulitə yaxın bir vəziyyətin olub. Onsuz da şəkərli diabet xəstəsiydim. Gözlərim hədsiz zəifləyib.. Cəmi 15 faiz görürəm. İl yarımdır televizordan, internetdən, kitabdan, qəzetdən uzağam.  Hər iki ayağımdan beynimə qədərə   sinir problemim var. Ağır nevroz  pozğunluğu yaşayıram.

Bir maraqlı məqama da toxunum. Müalicəmlə bağlı 7 nüfuzlu həkimin yanında oldum. Hər biri ayrıca resept yazdı. Qəribədir ki, hamısı da bir-birindən fərqli.

Artıq o yerə-görə sığmayan Musarza yoxdur. Çox tərkidünya olmuşam.  Açığı belə yaşamaq istəmirəm. Hətta bəzən intihar etmək barədə düşünürəm. İl yarımdır hər şeydən uzağam. Həyat eşqim sönüb. Gözləmədiyim halda xəstəlik mənə ağır zərbə vurdu.



Indi elə haldayam, elə bil öz hüzrmdə əyələşirəm


  • Ötən il 60 yaşım tamam oldu. Onu təntənə ilə qeyd etməyə hazırlaşırdım.  Yaxın-uzaq dostlar yubileyimə gəlməyə hazırlaşırdı. Qəfil xəstəliyim hər şeyi  alt-üst etdi. İndi elə gündə yaşayıram ki, lap öz hüzründə əyələşən adam kimi.



İlk kitabımın tarixçəsi – mən yaxşılıq edənin faciəsi


İlk kitabımı 33 yaşında çap etdirmişəm.   1991-ci ildə. Onun da qəribə tarixçəsi var. Deməli. “Mənim Masallım” kitabımı çapa hazırlayıb getdim Bakıya. O vaxtlar kitab nəşr etdirmək çox çətin idi. Xüsusən də Azərnəşr kimi mötəbər dövlət nəşriyyatında. Nəşriyyatın direktoru Əjdər Xanbabayevin qəbulun girdim. Dedim ki, kasıb bir kənd müəllimiyəm, nə adamım var, nə pulum. Rayonumuzun tarixindən kitab yazmışam. O, mənə və kitaba nəzər yetirib, sonra ayağa durdu və əlini çiynimə qoyub dedi:

- Sənin adamın mən. Bu kitabını da, başqa nə kitabın olsa da, gətir, mən çap edəcəyəm. Get,  2 nəfər tarixçidən rəy al,  gətir, başlayaq.

 Həm kitabımın çap olunacağına, həm belə dəyərli dost, dayaq tapmağıma çox sevindim.

 Dərhal işə başladım. Dəyərli yazıcımız Əlisa Nicatdan və   görkəmli alim Əbülfət Rəcəbovdan rəylər aldım.

Heç bilmirdim ki, Əjdər müəllimin xəcalətindən necə çıxım. Özü zarafatla demişdi ki, elə 3-4  Lənkəran limonu gətirsən, bəsdir

Mən də, bir  Lənkəran zənbili limon, portağal yığıb üz tutdum Azərnəşrə. Binaya girəndə donub qaldım. Əjdər müəllimin şəkli qara çərçivədə foyedə asılmışdı. Öyrəndim  ki, bu nəcib insanı güllələyiblər. Limonu oradakı işçilərə payladım.  Çox pərt olmuşdum. Amma kitabım çap olundu.


Masallının ilk   tarixi-etnoqrafik  və  toponimləri haqqında kitabçamı çap etdim


130  səhifəlik bu kitab o dövr üçün ilk və də dəyərli mənbə idi.  Bu əsərə   və digər  pedaqoji nailiyyətlərə görə təhsil Nazirliyi mənə növbədənkənar metodis (müəllim) adı verdi. .

 Daha sonra “Masallı toponimləri” və “Talış   toponimlərinin qısa izahlı lüğəti” kitablarım  (Akademik Afaq Qurbanovun rəyi ilə)çap olundu.

 Gərgin əməyim nəticəsində bu kitabların sayı 7-ə çatdı – Mahmudavar, Mamusta Məsləkdaş, Kərbəlayı Yusif, Qızılavarın qızıl oğulları... 

Eləcə də çap olunmayan və yəqin ki, səhhətimlə bağlı çap olunmayacaq neçə-neçə kitabım.

Kitablardan əlavə hələ məktəb yaşlarından yazdığım yüzlərlə məqalələri də bu siyahıya əlavə etmək olar. O vaxt rayonda həftədə 3 dəfə çap olunmaqla “Çağırış” adlı qəzet çıxırdı. Qəzetin hər sayında ən azı bir yazım gedirdi. Bəzən də bir sayda 3 yazı. Bu, ildə 

50-60 məqalə edirdi.



Hansı işlərinizdən qurur duyursuznuz?


Yazdıqlarəm kitablar, yüzlərlə məqalələr,  necə deyərlər, bölgəmizin gün üzü görməyən tarixinə aid araşdırmalarım daim mənim üçün qürur mənbəyidir.

Ən çox qürur duyduğum iş tədqiqatçılılığımdır.



Mən elə belə yaşamışam. Ağır günlərimlə yanaşı xoşbəxt günlərim də çox olub. Həyatın hər ləzzətin dadmışam


Uzun illər xəstəlik nədir bilməmişəm. Həm yazıb, yaratmışam, həm də həyatın ləzzətin çıxartmışam. Təsəvvür edin, yaxın vaxtlara kimi 8 dildə- Azərbaycan, Osmanlı türkçəsi, talış, əfqan, fars, rus, gürcü... dillərində 200-dək mahnılar oxumuşam.  Uzun illər toylarda aparıcılıq etmişəm. 5 mahnı dəftərim var

Son 10 ildə mənə heç soyuq da dəyməmişdi. Ali məktəbdə özfəaliyyət dərnəyinin ən fəal üzvü olmuşam.

Müslim Moqamayevin səsi ilə Azərbaycan və Rus dillərində oxuduğum mahnılar çoxlarının, yəqin ki sənin də yaxşı yadındadır. Oxuduğum mahnıların videoları çoxlarının  ailə arxivlərində indi də saxlanılır. 

İslam Rzayevin,   Rovşən Behcetin,  Qədir Rüstəmov, Novruz Feyzullayevin, Süleyman Abdullayevin, Sabir Mirzəyevin, Məmmədbağır Bağırzadənin, eləcə də

 iran müğənniləri  İrəcin, Qolpayqaninin, Hümeyranın, Məhəstinin mahnıların çox sevirdim. İndi düşünürəm ki, ölkəmizdə yaxşı müğənni də, yaxşı tarixçi də çoxdur. Amma məndən başqa tarixçi-müğənni yəqin ki yoxdur.


Özünə bağışladqların?


Elə bilirdim qocalıq hələ çox uzaqdadır. Bir mahnıda deyilmişkən “60 yaş nədir axı?”  Lakin qəfil xəstəlik hər şeyi alt-üst etdi. Neçə-neçə yarımçıq kitablarım, araşdırmalarım qaldı. Keçmişdə yazdığım krill əlifbası ilə olan əsərlərimi latın qrafikası ilə hazırlayıb elektron variantlarını internetə yerləşdirmək istəyirdim.  Heyf. Fürsətləri  itirdim. Heyf, çox heyf. Hər işin vaxtında etmək lazım imiş. Doğrudan da vaxt qızıl imiş, qədrin bilmədim.

Özümə ən çox bağışlamadığım şəkər kimi təhlükəli xəstəliyin fəsadlarını qiymətləndirməməyim oldu. Şəkər insanın içində gülərüzlü bir qatil imiş.


Məmur Musraza və qəribə elan”Arayış pulsuzdur”


 Açığın desəm, rayon rəhbərlərinin hamısı mənə vəzifə təklif edib. Ancaq o vəzifə söhbətləri ilə bir dəfə razılaşmışam -  1993-ci ildə Teymur Yəhyayevin təklifi ilə İHB-nin Mahmudavar kəndi üzrə ərazi nümayəndəliyinə. Vəzifəyə keçdiyim elə ilk gündən qapıya Azərbaycan və talış dillərində bir elan vurdurmuşdum- “Arayış pulsuzdur”.

 10 aydan sonra həmin vəzifə ilə vidalaşdım. Zəhmətimin  layiqli qiymətini də almışam. Respublikanın Əməkdar Müəllimiyəm, AYB-nin,   AJB-nin üzvüyəm. Eləcədə bir neçə ictimai təşkilatda təmsil olunuram.  LDU-nun ilk müəllimlərindən olmuşam. 2001-ci ildə YAP-ın üzvüyəm. Ulu öndər Heydər Əliyevi  çox yüksək qiymətləndir,  həmyerlim Şirvan Əbilovu da çox müsbət dəyərləndirirəm.


Niyə Nadir Şahdan, Qacardan yox, Xətaidən daha çox yazırlar?

 Xətai  şah olub, ölkələr fəth edib.  Çoxlu üstün keyfiyyətləri də olub, nöqsanları da. Bizdə müsbət tərəflər daha çox qabardılır, Osmanlı Türkiyəsində isə əksinə, onun mənfi çalarlarına  daha çox diqqət yetirilir.  İran Xətaiyə çox minnətdardır. Sasanilərin ərəblərə məğlubiyyətindən sonra Xətai İran dövlətinin əvvəlki şöhrətini özünə qaytardı, şiəliyi dövlət səviyyəsinə yüksəltdi. Təbriz əhalisinin 80 faizi sünni idisə, Xətainin dövründə bu fərq şiələrin xeyrinə  kəskin dəyişdi. Lakin İran mənbələrində də Xətainin  xeyrinə olmayan fikirlər səslənir.  Xətai ilə bağlı araşdırmalarda dəyərli alim Oqtay Əfəndiyevin fikirlərini daha çox üstünlük verirəm.  Düzü, bəzən xarici mənbələrdə Xətai ilə  bağlı elə fikirlərə rast gəlinir ki, adam onları səsləndirməyə utanır. Bu müzakirələrdə maraqlı bir sual da yaranır- Niyə Nadir Şahdan, Qacardan yox, Xətaidən daha çox yazırlar? Çünki Xətai təkcə hökmdar, şair deyil idi, o şiə təriqətinin  dövlət ideologiyasına çevirən ilk hökmdar  idi.

Amma ümumilikdə mən istər islamda, istər xristianlıqda təriqətçiliyin qəti əleyhinəyəm. Bu bizi parçalanmağa aparır. Bizi isə birlik, qardaşlıq, dostluq xilas edəcək.

Sizi kifayət qədər praqmatik adam hesab edir və düşünürlər ki, şəxsi maraqlarınız sizin üçün çox üstündür?

  • Həyat normal insan üçün öz maraqları üzərində qurulub. Kimsə bunu nəzərə almırsa, qeyri-ciddidir. Bir də baxır ki, kimin maraqları  hansı həcmdə, hansı dairəni əhatə edir. Mənim maraq dairəmdə tədqiqatçılıq,  müəllimlik və jurnalistika önəmli yer tuturdu və həmin sahələrdə də uğurlara imza atdım.

Kimlər isə sizin hakimiyyətin tərənnümçüsü hesab edir.

Ötən əsrin 88-93-cı illərində  talışlarla bağlı dövlət qəzetlərində, eləcə də 1991-ci il iyulun 26 da “Azadlıq”  qəzetində “Azərbaycançılıq bizi birləşdirməlidir” adlı məqalə çap etdirdim. Daha sonra  “Bakinski raboçi” qəzeti onu  tərcümə edərək  çap etdi.

Bu mövzuda digər qəzetlərdə də yazılarım çap olundu.

Siyasi hərəkatda çalışmamışam.   Akademiyada isə Onullahi, İqrar Əliyevlə vaxtaşırı görüşlərim olub. Dövləti təmsil edənlərə də, konstruktiv müxalifətə də həmişə  hörmətim var. Biz bu sabitlik və 

əmin-amanlığı qorumalıyıq. Narazı insanlar isə hər ölkədə var. Dövlətçiliyə xidmət edənlər isə hər yerdə hörmətə layiqdir.

Yaşamaqla ölüm arasında məsafəyə ömür deyilir. (Din barədə düşüncələri)

  • Din haqqında çox güclü şəxsiyyətlər öz fikirlərin deyib.  Din ictimai şüar forması kimi güclü ideologiyadır. Din deyir ki,   yaradanı tanı-günahlardan çəkin - zina etmə, adam öldürmə, oğurluq etmə, başqasını haqqını yemə,  gözlə, axirət dünyasında  mükafatını alacaqsan.  Qalır buna inanan və inanmayanlar. Hamı düşünür  ölüm haqda.  Yaşamaqla ölüm arasında məsafəyə isə ömür deyilir. Gələn qalmaz, gedən gəlməz, deyirlər. Dinə mənəviyyat-əxlaq mənbəyi kimi hörmətim var. Amma dini mövhumata,  fanatizmə çevirənlərə, din öz “inhisarına” alıb 

sui-istifadə edənlərə münasibətim yaxşı deyil.

Hansı tarixçiləri daha çox dəyərləndirirssiniz?

Tarixçilərdən söz düşəndə öncə bizim bölgəni taixini qələmə alan,  Cəvahirnameyi Lənkəran (Seyidəli-ibn Kazım bəy), “Əxbərnamə”   (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu) kimi əsərləri bizə bəxş edənləri,   eləcə də Ziya Bünyadov kimi əvəzsiz bir alimi, Musa Quliyevi, Anar İsgəndərovu,   Əsədulla Cəfərovu, Tufan Axundzadəni,   bölgədə yaşayan gənc tarixçilərdən Samir Kərimovu, İldırım Şükürzadəni dəyərləndirə bilərəm. Heyf ki, tarixçi adı ilə oyun oynayanlar da yox deyil.

Mənim haqqımda kim nə düşünür, düşünsün

Xəstələndiyim müddətdə el məhəbbətin hiss etdim. Çoxlu zənglər, təsəllilər oldu. Bunlar da məni çox sevindirdi.


Deyirlər heç nəyi özünüzə qadağan etməmisiniz – içki, qadın, gəzinti, şənlik...


Tale bizi   iki fərqli quruluşda –sovet və müstəqillik adlandırdığımız dövrdə yaşamağı qismət edib.  Allah mənə gözəl səs, hətta rəssamlıq istedadı, yüksək bədii sövq bəxş edib. Həm də yaşı şahmat və futbol oynayırdım.   25 il  el şənliklərində aparıcı olmuşam. Necə deyərlər, yaradıcılıqla yanaşı kef etmişəm.

Qaldı ki, musiqiyə. Dünyada elə bir xalq varmı ki, musiqini sevməsin? Bəzi xurafatçılar deyir ki, klarnet, skripka-filan haramdır. Çox gülünc iddiadır. Yas yas kimi, toy da toy kimi keçməlidir.


Köhnə sual – Bir də dünyaya gəlsəydin?

Bu suala çox adamlar fərqli cavablar verib. 

  • Biri deyib, təkrar dünyaya gəlsəydim, siqaret çəkməzdim.
  • Digəri deyib, belə fürsətim olsaydı da gəlməzdim. Çünki bilirəm, yenə öləcəyəm.
  • Şəxsən mən, dünyaya təzədən gəlsəydim, ən çox şəkərli diabetdən qorunardım.

Taleyimlə barışmışam. Təkcə fiziki cəhətdən deyil, ruhən də xəstəyəm.

Ruhun varlığına da inanıram. Ruh Allaha aiddir. Cəmiyyətdə insanlar paxıllıq etməməli, bir-birini sevməlidir. Keçmişdə insanlar arasında səmimiyyət çox güclü idi.


Müəllifdən: Musaraza müəllimlə söhbətimiz uzun çəkdi. Bu yazdıqlarımızdan əlavə axirət dünyasından tutmuş Əlikram Hümmətov, talış məsələsi, Xətai ilə bağlı olduqca fərqli məqamlarla, hətta vəsiyyətinə qədər xeyli söhbətimiz oldu.  Demək olar ki, gözlənilən bütün sualları ona ünvanladıq. O da bu məqamlara özünəməxsus şəkildə cavablar verdi. Müsahibənin son variantını Musarza müəllimlə  korrektə edəndə isə təkidlə xahiş etdi ki, mübahisə, müzakirə doğuracaq məqamları, hətta bəzisualları, cavabları müsahibədən çıxardım. Ona görə yazıda bəzi qırılmaların bununla bağlı olduğunu nəzərə alın. 

Musarza müəllim bütün bunları da belə əsaslandırdı ki,  hər hansı mübahisəyə girişməyə, kəskin polemika aparmağa səhhətim qəti yol vermir. Möcüzə baş versə, sağalsam, onda hər bir müzakirəyə, diskussiyaya hazıram.

Bu isə müsahibə verən şəxsin hüququdur. Biz də xəstə halında onun  bu arzusuna hörmətlə yanaşıb, istədiklərinə əməl etdik.

Beləcə, Musarza müəllim şəfa arzulamaqla 2 saatlıq söhbəti birirdik.

Zahir Əmənov 

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 518

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter