Bir ailənin dəhşətləri||--||


Bir ailənin dəhşətləri||--||

 


Bir həftə öncə, may ayının 24-də həyat yoldaşını bıçaqla qətlə yetirən şəxs barədə xəbər gün ərzində qəzetlərin, sosial şəbəkənin, televiziyanın ən çox izlənilən məlumatına çevrildi.

Xəbərin qısa məzmunu bundan ibarət idi:

- Mayın 24-dən 25-nə keçən gecə saat təxminən 04:00 radələrində Masallı rayonunun Qəriblər kəndində qətl hadisəsi baş verib.

Belə ki, Qəriblər kənd sakini, 1984-cü il təvəllüdlü Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində həyat yoldaşı, həmyaşıdı Azər Azadxan oğlu Ağayevi kürək nahiyəsindən bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisəni törədən Gülnarə Əzizova təqsirləndirilən şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi ilkin ifadəsində ərinin tüfeyli həyat tərzi keçirdiyini, ona daim işgəncələr verdiyini bildirib.

Bəs bu 30 yaşlı qadının qətlinin detalları nədən ibarətdir? 14 illik ailə həyatında işgəncələrə dözən qadın nədən bu addımı atıb?

Qəzetimiz bunu araşdırmağa, yuxarıdakı suallara cavab aramağa qərar verdi. İş elə gətirdi ki, bu qadının daim həmdərd olduğu, bütün sirlərini dediyi 2 qadınla əlaqə yarada bildik. Onlar adlarını açıqlamamaq şərti ilə bu dəhşətli ailə dramının tarixçəsini ən xırda detallarına qədər bizə danışdılar. Biz həmin söhbəti kağıza yazıb, hazırda həbsdə olan Gülnarə Əzizovaya yolladıq. O, yazılanları təsdiq etdi. Eləcə də onun dərdini işıqlandıracağımızı eşidib hadisə günü və hadisədən bir neçə gün əvvəl başına gələnləri onun yanına yoluxmağa gələnlərə danışıb, bunları bizə çatdırmağı xahiş edib. Həmin söhbətlər əsasında hazırladığımız yazını daha təbii olsun deyə, elə onun öz dilindən sizə təqdim edirik. Eləcə də onun həyat yoldaşının yaxınları ilə görüşüb, arzu etsələr, onların fikirlərini qəzetdə çap etməyi planlaşdırırıq.


�Biz sevib evlənmişdik�


Azad mənim dayım oğlu idi. Hələ 16 yaşım olanda biz bir-birimizi sevirdik. Onun valideynləri məni Azadın böyük qardaşına almaq istəyirdilər. Hansı ki, həmin oğlan həbsdə idi. Onlar deyirdi ki, bunlara, yəni mənimlə Azərin ondan böyük qardaşına toy edək, yığılan pulla onu türmədən qurtaraq. Lakin valideynlərim buna razı olmadı. Hətta biz Azərlə razılaşmışdıq ki, xoşluqla verməsələr, o məni qaçırtsın. 17 yaşıma yeni qədəm qoyanda biz ailə həyatı qurduq və mən Ərkivandakı evimizdən onun ata evinə - Qəriblər kəndinə köçdüm. Bizim ilk uşağımız olandan 8 gün sonra onu hərbi xidmətə yolladılar. 1 il 6 aydan sonra isə hərbidən geri qayıtdı.


�Məni qul kimi işlədirdilər�


Ailə qurduğumuz ilk illərdə çox normal yaşayırdıq. Yəni kasıbçılıqla dolansaq da, söz söhbət, dava-dalaş olmurdu. Ailəsi tələb edirdi ki, həyat yoldaşım Azad hərbi xidmətə getməsin, atam pul verib onu hərbi xidmətdən saxlatdırsın. Lakin atamın elə maddi imkanı olmadığı üçün bunu edə bilmədi.

Qaldığım evdə qaynanam və qaynatamdan başqa 2 qaynım da var idi. Onlar rəngsazdır.

Maşın rəngləyirlər. Hər gün onların rəngdən çirklənmiş geyimlərini yumağa, evdən xeyli aralı olan yerdən su daşımağa, digər ev işlərini görməyə o qədər vaxt sərf edirdim ki, heç bir neçə aylıq uşağa ana südü verməyə imkanım olmurdu. Bəzən o qədər iş görürdüm, yolda yorğunluqdan ürəyim gedirdi. Azər hərbidə olanda nə məni atam evinə qoydular, nə onları bizə. Qaynatam, həm də dayım, onun oğlanları səhər işə gedib, axşam gəlirdilər. Qayınanam böyük oğlundan və gəlinindən çox qorxurdu. Bu səbəbdən həyat yoldaşım hərbidə olanda mənə çox əziyyət verirdilər. O evdə intizam, nəzakət, abır-həya bilmirdilər. Hamı bir-biri ilə söyüşlə danışırdı. Məni qulluqçu kimi işlədirdilər. Uzaqdan su daşımaq, qonağa qulluq, biş-düş, təmizlik... Evdə nə iş olsa, mənim boynumda idi. İş bir az yubanan kimi təhqir edirdilər. Böyük qaynın döyməsə də, məni divara qısıb yumruqlarını gözümün qabağında oynadırdı. Qonşular dərdimi bilirdi, anamı qarğışlayırdılar ki, buranın, qardaşı evinin vəziyyətini bilə-bilə məni niyə oda atıb. Anam da deyirdi ki, istədyinə verdim, söz-söhbət olmasın. Əzilirdim, xəsətələnirdim, dava-dərman etmirdilər. Qaynatam çox vaxt içkili olurdu və ona nə deyirdilər, inanırdı.

Sonralar ortancıl qaynım da evləndi. Onun həyat yoldaşının da başına eyni oyunları açdılar. Bətnindəki oğlan uşağı 8 aylığında tələf oldu. O gəlinin qardaşı yox idi, dünyaya gətirəcəyi oğlanı həm də özünə qardaş bilirdi. Çox pis olmuşdu. Bir müddət atası evində yaşadı. Onun atasını məcbur edirdilər ki, qızına ev al. Axır ki, gəlin baş götürüb getdi. Sonra böyük qaynım qonşudan başqa qız aldı. Həmin qız onlardan da betər oldu.

Hər günüm zülmlə keçirdi. Azər hərbidən qayıdandan sonra tamam başqa adam oldu. Əsəbi, söyüşkən... Adi çayı 1 dəqiqə gec gətirəndə təhqirin, söyüşün sayı-hesabı bilinmirdi.


�Azər narkotikə qurşandı�


Böyük qaynım deyirdi ki, evi mən tikmişəm, burada da mən yaşamalıyam. Azər də heç yerdə işləmirdi. Məcbur olub 10-12 il qabaq həmin evdən çıxıb, İsgəndərlidə ucuz bir ev kirayələdik. Yeməyimizi, pal-paltarımızı valideynlərim alırdı ki, təki sakitlik olsun. Azər kirayə qaldığımız evdə həmkəndlisi, dostu, dəfələrlə həbsdə olan (indi də həbsdədir) Tərlan adlı şəxslə tapışdı. Azər ona daim iynə vururdu, onun damarında boş yer olmadığı üçün iynəni əlinin üstünə vururdu. Bir dəfə Azərə hansı narkotikdən vermişdisə, o, həyətdə yıxıldı, 2-3 gün özünə gəlmədi. Sonradan ev sahibi, deyəsən, bundan xəbər tutdu və bizi kirayələdiyimiz evdən çıxartdı. Kirayədə olarkən daha bir övladımız dünyaya gəldi. (Xatırladaq ki, bu ailənin 6,9,12 yaşları olmaqla 2 oğlu və 1 qızı var)




�Bizi Azərin ata evinə qoymadılar. Qonşunun evində isə Azərin zülmləri dəhşətli həddə çatdı�


Kirayə evdən çıxıb, necə deyərlər, sərgərdan qalanda bizi Azərin ata evinə qoymadılar. Böyük qardaşı evi super təmir etmişdi, bizi yaxına buraxmadı. Qonşuda Müşfiq adlı qohumları var, o bizə kömək oldu. Həyəti böyük idi. Evdən kənarda �domik� tikmişdi. Onu bizə verdi. İşıq, qaz pulunu da özü ödəyirdi. Azərin atasıgilə yalvarırdıq ki, bir otaq verin, daha heç nəyinizi istəmirik. Dava-dalaş salır, polisə zəng edirdilər ki, Azər dəli olub. Tez-tez həyətə polislər gəlirdi.

Azər də günbəgün daha pis olurdu. Elə gün olmurdu, məni alçaltmasın, döyməsin. Hər gün gecə saat 4-də, 5-də gəlirdi. Əsəbimdən yatmırdım, deyirdim, gəlsin hirsimi soyudum, amma gələndə, söz deməyə qorxurdum. Deyirdi, atan kimi, o.... deyiləm, hər şeyi arvada deyəm. Banklardan pul götürüb, atamı da zamin qoyurdu. Atam 3 banka uzun müddət onun borclarını ödəyib, sonra bezdi. Bundan sonra Azər məni daha çox incitməyə başladı. Məni atam evinə qoymadı. Daha sonra isə gördü ki, yeməyə çörək tapmırıq. Təzədən yolladı ki, get onlardan yemək, geyim.... gətir. Söyə-söyə, döyə-döyə yollayırdı.

Son 3 ildə araqla nəşəni eyni vaxtda içəndən sonra çox pozğun sözlər işlədir, atamı, anamı, qardaşlarımı, hətta gəlinlərimizi elə söyüşlərlə söyürdü ki...


�İstəkanla dizimə o qədər vurdu ki, az qala şikəst olam�




Hər gün təhqir. Hər gün döyülmə. Gecələr yata bilmirdim. Bir dəfə istəkanla dizimə o qədər çırpdı ki, az qala şikəst olam. Sonra da atamgilə xəbər yolladı, aylarla müalicə olundum. Anam mənim dərdimdən xərçəngə tutulub.

İş o yerə çatdı ki, böyük qardaşı da bezdi, təzə təmir etdiyi evin su çənindən, hasarından, qapı-pəncərəsindən tutmuş hamısını söküb başqa yerə köçdü. Azər daim hamını hədələyirdi -yandıracam, bıçaqlayacam, öldürəcəm... Mən qorxumdan polisə də şikayət edə bilmirdim. Çünki dediyini eləyirdi. 2-3 ay qabaq ata evini yandırdı. Sonradan valideynləri onu xilas etmək üçün dedilər ki, qazdan olub. Azər də lovğalanırdı ki, gördün necə yandırdım, atanın evini də belə yandıracam. Son bir həftə daha zülmlü keçdi. 3 gün çörək olmadı. Undan uşaqlara horra bişirdim, onlar da iyrənir, yeyə bilmirdilər.


 


24 may. Qətlə aparan yolun başlanğıcı


24 may, səhər tezdən istəkanların sınmağına ayıldım. Söyə-söyə dedi ki, təcili çay gətir. Qəfədanın istisi əlimi yandıra-yandıra ona çay verdim. İçib istəkanı tulladı, yenə verdim, yenə söydü, yenə tulladı.. Sonra başladı heç nədən məni döyməyə. Sürüyə-sürüyə saçlarımı bürmələyib məni hamama saldı, başımı o divara, bu divara vurmağa başladı. Qışqırdım, ağlayırdım. Deyirdi, aktyorluq eləmə. Dedim, dözmürəm daha, gəl ayrılaq. Dedi, hə, dədənə de, gəlsin aparsın. Səhər saat 7 idi. Telefonum olmadığı üçün qonşu Vüsalgilə gedib, qapılarını yarım saat döydüm, onları yuxudan oyadıb atamgilə xəbər elədim ki, gəlin, məni buradan aparın.

Evə gələndə gördüm yenə siqaretinə nəşə doldurur. Dedi, atana dedin? Dedim, hə. İnanmadı, öz telefonu ilə onları yığıb, telefonu mənə verdi: �Təzədən dəqiqləşdir�,- dedi. Tam əmin olandan sonra bildirdi ki, qoy gəlsin, onu belə-belə edəcəm, bıçaq götürdü ki, atanı vuracam. Çölə qaçdım ki, atamgilə deyim, gəlməsin. Bu vaxt pəncərədən gördüm ki, atam qardaşlarımla gəlir. Azər bıçağı açıq şəkildə əlində tutub, dedi, atanı sənin yanında söyməyə və bıçaqlamağa çağırmışam.

Əvvəl qardaşıma söyə-söyə bir kəsək atdı. Kəsək onun kürəyinə dəydi. İkincisini atanda əlini tutdum. Mənə 2 möhkəm sillə vurub yerə yıxdı. Onları söyməyə, hədələməyə başladı. Məcbur olub atamgil geri qayıtdılar. İncidim ki, niyə məni odun içində qoyub geri qayıdırlar. Sonra öyrəndim ki, məsləhətləşiblər ki, ara sakitləşsin, xoşluqla məni bu evdən ayırsınlar.

Rəşad qardaşımla münasibəti yaxşı idi. Atamgil gedəndən sonra zəng edib onu çağırdı. İstirahət zonasına birlikdə getdilər. Orada Rəşad ona yalvarıb ki, Gülnarə çox yorulub, qoy aparım, atası gilə, bir az dincəlsin. Azər də razılaşıb, deyib, ancaq axşam saat 11-ə kimi gətirərsən evə. Birlikdə evə gəldilər, məni də, uşaqları da maşına mindirdilər, Azər özü də yola qədər bizlə gəldi. Evimizdə bir az dincəldim, uşaqlar yemək yedi. Anam mənə yemək, pal-paltar verdi, pul verdi. Axşam 11-də yenidən qayıtdım Qəriblərdəki evə. Bu vaxta qədər Azər qardaşıma zəng vurmuşdu ki, Gülnarə dediyim vaxtda evdə olsun. Evə gəlib yır-yığışa başladım, hamamın içi yolunan saçımın tükləri ilə dolu idi, ev başdan ayağa tör-tüküntü içindəydi. Azər evdə yox idi. Uşaqlar ac idi. Bir az televizora baxıb yatdılar. Gecə 2 olardı. 2-3 dərman atıb təzəcə yatmışdım, gözümə balaca yuxu getmişdi ki, gördüm qapını sındırır. Tez açdım. Gələn kimi yenə söyə-söyə çay istədi. Sonra başladı bütün valideynlərimi söyməyə, yatmağa gedəndə çağırıb təzədən söyürdü. Daha sonra mənə heç bir əxlaqa sığmayan təklif etdi. Razılaşmadım. Nəşədən gözləri yumulurdu. Yata-yata dedi ki, razılaşmadın, sabah əvəzini görərsən. 4 nəfərlə qardaşın arvadını oğurlayıb, aparacam meşəyə, özüm nəşələnəcəm, onlar da... Sonra nəsillikcə adam içinə çıxa bilməyəcəksiniz. Məni titrətmə tutmuşdu. Yadıma düşdü ki, gəlin sabah qonşu məhəlləyə piyada toya gedəcək, bu da dediyini edən adamdır. İlk ağlıma gələn o oldu ki, bunun başına bir şey vurum, qaçım atamgilə xəbər eləyim. Bundan bir neçə gün əvvəl isə özümü öldürmək istəyirdim. Noxta, xamut da tapmışdım.

Əvvəl istədim tava ilə başına vuram. Tava mənə çox yüngül gəldi. Sonra gözüm bıçağa sataşdı. Bu bıçağa xoşum gəlirdi. Onunla ancaq çörək kəsirdim, soğana, başqa ərzaqlara vurmurdum.

Bıçağı götürüb ona doğru getdim. Üzü üstə, köynəksiz, maykasız yatmışdı. Titrəyirdim. Bıçağı kürəyinə vuranda sürüşdü. Tək əllə bıçağı saxlaya bilmədiyim üçün, 2 əlimlə tutub, kürəyinə vurdum. Bıçaq elə yumşaq getdi ki, elə bildim, balınca vurmuşam. Sonra gördüm kürəyindən qan fışqırır. Mənim əlim də qan içində idi. Hara vururdum, qan kəsilmirdi. Sonra bildim ki, öz əlimi də kəmişəm. Donub qalmışdım. Elə bilirdim onu qan aparıb, indi durub məni öldürəcək, heç qaçmağıa halım yox idi. Elə bilirdim, ya yuxudur, ya kinoya baxıram.

Sonra gördüm ki, bədəni göyərdi. İstədim qışqıram, adamları səsləyəm, həkim çağıram, halım olmadı. Həm də qorxdum ki, yaxınları gəlib məni öldürər. Arada yenə özümü də asmaq istədim. Evdə imkan yox idi. Ancaq həyətdə xamutla özümü asa bilərdim. Bu vaxt gözüm 9 yaşlı qızıma sataşdı. Onun taleyinin necə olacağını fikirləşdim. Son qərarım o oldu ki, uşaqları bir yerə qoyub, özümü polisə təslim edim. Uşaqlar möhkəm yatmışdı. Yorğanı bıçaq kürəyində ola-ola onun üstünə çəkdim. Uşaqları zorla oyadıb geyindirdim. Uşaqlar bilmədi ki, atalarını vurmuşam.


Gecə yarısı Qəriblər yolunda


Gecə saat 4 olardı, uşaqları da götürüb evdən çıxdım. Qapını da arxadan bağladım. Dedim birdən ayılıb ardımca gələr. Bizim evdən Qəriblərdən keçən asfalt yola çox yaxındır. İtlər bizə hürə-hürə yola çıxdıq. 2 xarici maşın keçdi. Əl etdim, saxlamadı. Piyada getməyə qorxurduq. Dedim, arxadan gəlib, məni tutarlar, öldürərlər. Hələ də elə bilirdim o, sağdır. Bu vaxt bizdən qabaqda bir RAF dayandı. Sürücü maşını arxaya verdi. Maşında xeyli cavan yeniyetmə var idi. Dedilər, xala, gəl, min, hara istəyirsən aparaq. RAF-a mindik. Dedim, rayona getmək istəyirəm. Xeyli getdik. Sonra baxdım, gözümə işıq-filan dəymir. Dedim, qardaş, məni hara aparırsınız? Dedilər, biz buralı deyilik, yolu tanımırıq, Bakıya gedirik. Səni hara istəyirsən, ora aparaq? Dedim, məni Masallı parkının yanına aparın. Onlar da geri qayıdıb, gecə yarısı yolda dayanan gözətçilərdən soruşa-soruşa məni parkın yanına gətirib düşürdülər.

Burada əmimgilin evi var, aptekin yanında. Başım dumanlı olduğu üçün yolu çaşdım. Sonra yolda bir nəfəri görüb, məni Elçinin aptekinin yanına gətirməsini xahiş etdim. O da bizə bələdçilik etdi. Bir neçə qapını döyəndən sonra əmimgilin qapısını tapdım. Evdəkilər çaşıb qalmışdılar. Gəlinlərinə dedim ki, mən belə bir iş eləmişəm. Azəri vurmuşam. Uşaqlar qalsın burda, məni polisə təslim edin. Gəlin dedi, mən belə bir iş edə bilmərəm. Sonra nənəmi çağırdılar. Axır ki, onu inandırdım ki, mən Azəri bıçaqlamışam. Atamgilə zəng etdilər. Bir azdan qardaşım gəldi. İnana bilmirdi. Dedi, bıçaq hardadır, dedim gizlətmişəm. İstəyirdi, mənim bu əməlimi öz üzərinə götürə. Sonra inad etdiyimi görüb Azərin qohumlarına dedi ki, Gülnar belə bir iş edib. Onlar qapını sındırıb evə giriblər. Məlum olub ki, Azər ona bıçaq vurulan kimi ölüb. Qardaşım məni ata evinə gətirdi. Sonra da polisə zəng etdilər ki, gəlib məni aparsınlar. Yarım saatdan sonra könüllü təslim olub, polis şöbəsinə gətirildim...


Biz Gülnar Əzizovanın vəkili Tofiq Şahmarovla da görüşdük. O bildirdi ki, bu qadın günahsızdır. İllər boyu dözdüyü işgəncələr, təhqirlər, aşağılamalar onu olduqca əsəbi, dözülməz vəziyyətə gətirib və o, belə addım atıb. Ona Masallı Polis Şöbəsinin təcridxanasında çox həssaslıqla yanaşırlar. Xüsusən, Masallı Polis Şöbəsinin rəisi İmran müəllim ona hər cür diqqət göstərir. Bizə onun azadlığa buraxılması üçün yüzlərlə müraciət olunub. Rayonun qadın təşkilatları, ziyalı qadınları onun müdafiəsinə qalxıb. İndi ona ata yurdundan çox, elə Qəriblər kəndindən yoluxmağa gələn onlarla insan var. Lakin Gülnarə elə haldadır ki, hətta yuxu dərmanı ilə də yata bilmir, normal yeyə bilmir. Çox ümidliyik ki, Gülnarə Əzizova azadlığa buraxılacaq. Lakin o, bir də Qəriblərə qayıtmaq istəmir. Çox güman ki, o, azadlığa buraxılsa, qadın sığınacağında yerləşdiriləcək.

Qeyd: Belə söhbətlər də dolaşır ki, guya Azəri Gülnarənin qardaşı öldürüb və sair. Öldürülən Azərin yaxınlarının sözü olarsa, onalara da qəzetdə yer ayırmağa hazırıq.

Zahir Əmənov 

R4suloffR4suloff

OXUNMA SAYI :1138

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff