Ərkivanda könüllülər hərəkatı


Ərkivanda könüllülər hərəkatı

Ərkivanda könüllülər hərəkatı
Məhəllə komitəsi, “Xeyriyyəçi gənclər”, “Nəcib qızlar” icmaları ürəkaçan işləri ilə qondarma bələdiyyələrə, yalançı hacılara, hay-küyçü “ziyalılara” meydan oxuyur.
Gözəl bir el misalı var. Deyirlər ki, iş olanda əyani, asan olur bəyanı. İndi çoxunun qapalı iş görməyə meyilli olduğu, 5-10 manatlıq iş görüb 15 manatlıq reklam etdiyi məqamda, könüllülərin, xüsusən gənc icmaların gördüyü işlər heyranlıq doğurur. Çaşdıqları, səhv etdiyi anlar da olur, lakin nəticələr daha sevindiricidir.
17 minə yaxın əhalisi olan Ərkivanda həmişə maraqlı təşəbbüslər olub.
Bu günlər isə Bədirli məhəlləsindəki “Bədirli məhəllə komistəsi”nin və bir neçə icmanın gördüyü işlər olduqca nümunəvidir.
Gəlin, konkret faktlarla danışaq.
Bədirli məhəllə komitəsinin 2 ildə gördüyü işlər:

Ərkivanda könüllülər hərəkatı
1 .Məhəllədaxili küçənin genişlənməsi üçün 10 ev sahibi ilə söhbət aparılıb, nəticədə 4 metr enində olan küçə 7-8 metrə qədər genişlənib. 500 metr məsafədə maşınların məhəllədaxili normal hərəkəti təmin olunub.
2. Həmin yolun su ötürücü hissələrində uzunu 3 metr olan borular 6-7 metrlik və daha geniş diametrli borularla əvəzlənib.
3. Ərazidəki zibillik təpələri tam təmizlənib.
4. ZİL və KaMAZ maşınlarla bu küçəyə məhəllə sakinlərinin maliyyə dəstəyi ilə 55 maşın çınqıl tökülüb. Və həmin çınqıllar yerli sakinlərin qüvvəsi ilə yayılıb.
5. Həyətlərindən torpaq payı vermiş vətəndaşların çəpərləri aşağısı 3-5 mişar daşı hündürlüyündə qaldırılıb və onun üstündən dəmir torla hasarlanb.
6. Həmin küçənin kənarlarında 45 ədəd, hər biri 40 manata başa gələn (təxminən 1800 manat, çəkilişi ilə 2000 manata) işıq lampaları asılıb. ( Həmin lampaların aylıq işıq pulunu isə Ərkivan ərazi nümayəndəliyi ödəyir)
7. Bu küçənin abadlaşmasına təxminən 10 min manatdan artıq vəsait sərf edilib. Bu vəsait məhəllə komitəsinin təşkilatçılığı ilə məhəllə sakinlərindən toplanılıb. İşlərin əksər qismi məhəllənin könüllüləri tərəfindən həyata keçirilib.
8. İndi bu abad, işıqlı, zibillərdən təmizlənmiş yoldan Bədirli sakinləri ilə yanaşı Cəbili məhəlləsinin və Kosakül kəndinin yüzlərlə sakini istifadə edir.
9. Məhəllə Komitəsinin ciddi təkidi ilə Bədirli orta məktəbində fransız dili ilə yanaşı ingilis dilinin də tədrisə təmin olunub.
10. Bədirli məktəbində kağız üzərində yox, reallıqda valideyn assosiasiyası yaradılıb və məhəllədəki məktəbin fəaliyyətinə ictimai nəzarət təşkil olunub.
11. Məhəllə komitəsinin təşəbbüsü, xeyriyyəçilərin maliyyə dəstəyi ilə 3 imkansızın evi təmir edilib.
12. Məhəllənin torpaqlarından kommersiya məqsədi ilə istifadə etdiyi üçün həmin sahibkar Məhəllə Komitəsinin təklifi və təkidi ilə məhəllə Məscidinin həyətində Mərasim Evi inşa edib.
13. Qəsəbədə kanalizasiya xətti çəkilən zaman işlər Məhəllə Komitəsinin tam ictimai nəzarəti altında keçib və qazılan ərazilərin çoxu lazımınca bərpa edilib.
14. Kanalizasiya xətti çəkiləndə qazıntı zamanı 350 maşından artıq torpaq məhəllə qəbristanlığının abadlığı üçün istifadə edilib.
15. Məhəllə Komitəsinin ciddi təpkisi ilə şəxsi adama satılmış stadion gənclərin istifadəsinə qaytarılmış, stadionun abadlığına 1000 manata yaxın vəsait xərclənmış, bura dəmir tor çəkilmiş və əraziyə elektrik lampalarının asılması təmin olunmuşdur. Xeyriyyəçi sahibkar tərəfində burada su quyusu qazılmış, 20 tonluq su çəni quraşdırılmışdır. Hazırda burada məhəllə uşaqlarına futbol dərsi keçirilir.
16. Ərkivan şəhidləri ilə bağlı video-süjet hazırlanıb və youtubedə yerləşdirilib.
17. Məhəllədə məktəbə gedən yolda, 2 kilometrlik məsafədə abadlıq və bərpa işləri aparılmış və bundan sonra hökumət xətti ilə ora asfalt çəkilmişdir.
Qeyd: Bütün bu işlər bir məhəllə komitəsinin gördüyü işlərdir. Məlumat üçün bildirək ki, məhəllə komitəsinə Afər Cahangirov rəhbərlik edir. Orta təhsillidir. Dərzi işləyir. Bir çoxları üçün çətin adam sayılır. Arada qərəzkarlıq da edir. Lakin bu “pis adam”ın gördüyü işlər göz qabağındadır. O, məhəllə sakinlərinə xeyriyyə işlərinə səfərbər olmağı, hər əməlində aşkarlığı təmin etməyi, bəzi məmurların, xüsusən bələdiyyə sədrinin talançı əməllərinin qarşısını cəsarətlə, inadkalıqla almağı bacarır.
Afər Cahaangirov: - Bütün bu işlər könüllülərin, xeyriyyəçilərin dəstəyi ilə edilmiş, hər bir işdə aşkarlıq təmin olunmuşdur. Başlıca məqsədimiz Masallıda aparılan abadlıq işlərinə yardımçı olmaq, konüllülər hərəkətinin nəyə qadir olduğunu əyani şəkildə göstərməkdir.
İnanırıq ki, rayon rəhbərliyi də bizim fəaliyyətimizi dəstəkləyəcək, bəzi işlərdə bizə yardımçı olacaqdır.
Yaxın vaxtlardakı hədəflərimiz barədə isə sizi məlumatlandıracağıq.
(Onu da xatırladaq ki, bir məhəllə komitəsinin qısa müddətdə 10 min manatdan artıq iş gördüyü bir vaxtda qəsəbə bələdiyyəsi cəmi 4 nəfərə həyətyanı torpaq satmış, 3800 vergi ödəyicisindən 4 faiz vergi yığmışdır)
Bədirli məhəllə komitəsi sədri Afər Cahangirovun gördüyü işlər barədə internet resurslarında da xeyli material tapa bilərsiniz.
Ərkivanda könüllülər hərəkatı
“Nəcib qızlar” və “Xeyirxah gənclər” icmaları
Ərkivan qəsəbəsində könüllələrdən təşkil olunmuş bu icmalar olduqca maraqlı işlərə imza atır. İmkansızlara yardım göstərir, idman yarışları təşkil edir, toxuculuqla məşğul olan qızların problemlərinə yardımçı olur, arabir statistika ilə də maraqlanır-qəsəbədəki tənha, boşanmış, ailə həyatı qurmamış qadınların, ciddi müalicəyə ehtiyacı olan şəxslərin, real ruhi xəstələrin siyahısını dəqiqləşdirir, eləcə də qayınanaların, gəlinlərin, yeni ailə həyatı quracaq gənclərin birgə görüşlərini təşkil edir. Həm də bütün bunları heç kimdən heç bir vəsait almadan, konüllülərin hesabına reallaşdırır.
İmkansızlar üçün pulsuz paltar aksiyası keçirildi
Hər iki icmanın təşəbbüsü və fəallığı ilə Ərkivan qəsəbəsində “Pulsuz paltar” aksiyası keçirilib. Aksiyanın şərtləri sosial şəbəkədə təbliğ olunub. Onlarla insan faktiki istifadə edilə bilən geyilmiş paltarlarını qəsəbədə müəyyən edilmiş yerlərə (Cənub market mağazasına və Ərkivan uşaq bağçasına) təhvil vermiş, aprelin 30-da isə qəsəbədəki “Ahıllar evi”ndə bu paltarlar- ayaqqabıdan gödəkcəyədək, oyuncaqdan əlil arabasınadək- 30-dan artıq imkansıza paylanmışdır.
Aksiyaya təşkilatı və təbliğatı dəstəyi “Cənub xəbərləri” qəzeti həyata keçirmışdir. İcma rəhbərləri isə Fidan Abbaslı və Elvin Mürsəlovdur. Bu aksiyaya vədlər verib qaçan ərkivanlıların adlarını çəkmək istəməsək də, Mirqabil Hüseynovun, Vidadi Nəzərovun, Cəlil Nəzərovun tədbirə verdiyi dəstəyə görə təşəkkür edirik.
“Güvən” xeyriyyəçilərə dəstək verir
Ərkivanda könüllülər hərəkatı
Ölkəmizin tanınmış xeyriyyə təşkilatlarından olan, 20-dən artıq rayonda xeyriyyə missiyası həyata keçirən (Rəhbəri olduqca xeyirxah və alicənab qadın olan Nigar xanım Bayramlıdır) bu təşkilat Ərkivandakı xeyriyyə aksiyalarına böyük dəstək verir - onlar üçün əlil arabaları, pal-paltar yollayır, yaradıcı şagirdlərə ehtiyaclarına uyğun dəstək göstərir. “Güvən” təkcə bu ilin may ayında Ərkivanda 2 yataq xəstəsinə əlil arabası verib.
Ərkivan uşaq bağçasının 2 otağı necə təmir edildi?

Əgər Masallıda otaqları ən bərbad gündə olan uşaq bağçasına səfər etmək istəsəniz Ərkivana gəlin. 17 min əhalisi, ən azı 1000 nəfərə yaxın bağça yaşlı uşağı olan bu qəsəbədə cəmi 90 yerlik (onun da 1-ci mərtəbəsində məcburi köçkünlər qalır), cəmi 40 uşağın tərbiyə olunduğu, işçilərinin 110-160 manat əmək haqqı aldığı, uşaqlara gündə 3 dəfə yeməyə
görə 0,50-0,60 qəpik pul ayrıldığı bağça binasının divarları, pəncərələri az qala adamın üzərinə uçur. Heç yerdən yardım ala bilməyən müəllimələr “Güvən”ə sığındı. Nigar xanımın ciddi səyi ilə uşaq bağçasının 2 otağında 3 taxta pəncərə alüminium pəncərə ilə əvəzləndi, divarlar rəngləndi, işıq xətləri dəyişdirildi, 400 ədədə yaxın kərpic işi görüldü, uşaq bağçasına 12 uşaq stulu, televizor, səsgücləndirici hədiyyə edildi. Bütün bunlar azmış kimi uşaq bağçasının 40 şagirdi ASANhəyatdakı kino-teatra aparıldı, onların buradakı filmlərə pulsuz baxışı təşkil edildi.

Ərkivanda könüllülər hərəkatı
May ayının 10-də keçirilən açılış mərasimində uşaq bacasının müdiri Reyhan xanım bu xeyirxahlığa görə Nigar xanıma sonsuz təşəkkürün bildirdi.

Eləcə də bu işdə ona yardımçı olan icma rəhbərləri Elvin Mürsəlova, Fidan Abbaslıya, bir otağın ustalığını təmənnasız yeirnə yetirmiş Nicat Abdullayevə, bir neçə gün burada könüllü olaraq fəhləlik etmiş ASAN həyatın könüllülərinə, eləcə də digər könüllülərə - Rəqsanə Qurbanovaya, Sahib Mirzəyevə, Fərid Abiyevə, Elmin Şəbiyevə, Sahib Mustafayevə, Məhəmməd Kərimliyə, Rüstəm Abuşova. Nərgiz Bayramzadəyə minnətdarlığını bildirdi və onlara fəxri-fərmanlar təqdim etdi. Həmçinin bildirdi ki, qəsəbənin imkanlıları, hacıları da bundan nümunə götürüb uşaq bağçasına mümkün köməklərini əsirgəməyəcəklər.
Könüllü xeyriyyəçilərin işinə Cəsarət Əliyevin kitab ehsanlarını, Pərviz Qurbanovun məhəllədaxili yolda apardığı abadlıq işlərini də bura əlavə etsək, mənzərə daha da aydınlaşar.
Onu da qeyd edək ki, Masallı Rayon İcra hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı Uşaq Bağçasında konüllülərin gördüyü işlərlə tanış olmuş, çox razı qalmış və vəd etmişdir ki, yaxın genlərdə bağçanın həyətində uşaqların əylənməsi üçün bir çardaq qurduracq, bağçanın hasarlanması üçün 100 metr dəmir tor verəcək, həmçinin oyun zalının normal elektrikləşdirilməsini təmin edəcək.
Aynur
(Açılışdan görüntülərlə cenubxeberleri.com saytında tanış ola bilərsiniz.)

Ərkivanda könüllülər hərəkatıƏrkivanda könüllülər hərəkatıƏrkivanda könüllülər hərəkatıƏrkivanda könüllülər hərəkatı
R4suloffR4suloff

OXUNMA SAYI :865

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff