Böyük işlərdən balaca xəbərlər||--||


Böyük işlərdən balaca xəbərlər||--||

Rayonlarda kənd təsərrüfatı idarələri yaradılacaq


Yeni ildən hər bir rayonda kənd təsərrüfatı idarələri fəaliyyət göstərəcək. Bununla bağlı hər bir rayonda həmin qurum üçün ayrıca bina tikilir. Masallı rayonunda həmin bina Olimpiya Kompleksinin yaxınlığında inşa edilir. Rayonlarda kənd təsərrüfatı idarələrinin hansı işləri görəcəyi barədə ümumi məlumat dolaşsa da, onların konkret olaraq hansı işləri görəcəyi bəlli deyil. Məlum olan odur ki, yerli baytarlıq, toxumçuluq, aqrolizinq və buna bənzər qurumlar həmin idarəyə birləşdiriləcək. Payıbəlli torpaq sahiblərinə, fermerlərə, heyvandarlıq sahəsinə bu idarələrin hansı formada yardımçı olacağı bəlli deyil.

Bu vaxta qədər regional kənd təsərrüfatı idarələri fəaliyyət göstərirdi.


“Kommunxoz” genişlənir


Yerlərdə fəaliyyət göstərən Kommunal Təsərrüfat şöbələrinin strukturu genişlənəcək. Bu qurumlarda 3 şöbənin fəaliyyət göstərəcəyi gözlənilir. Bunlar hər bir rayonda yaşıllaşdırmaya, təmizlik işlərinə və işıqlandırmaya cavabdeh olacaq. Hər şöbədə 10-15 işçinin çalışacağı gözlənilir.

Bu strukturun bələdiyyələrə verilməsi gözlənilir.


Bələdiyyə vergilərini ayrıca idarə toplayacaq


Azərbaycan Respublikası Ədliyyə və Vergilər nazirliklərinin dəstəyi ilə yerlərdə Vergi Xidməti qurumları yaradılır. Vergi Xidməti idarələri öncə regional formada fəaliyyət göstərəcək. Həmin xidmət hazırda bələdiyyələrin yığdığı torpaq, əmlak və sair vergilərin bələdiyyələrin hesablarına ödənilməsinə çalışacaq. Həmin xidmət isə yığılan vergilərin 18 faizini götürməklə və vergi verməyənlərə tətbiq olunacaq sanksiyalardan əldə ediləcək vəsaitlə maliyyələşəcək. Hazırda təsərrüfat hesablı bu təşkilatın işçi qrupları yaradılır. Artıq Masallı mərkəz olmaqla Yardımlı və Cəlilabad rayonları üzrə işçi qrupu formalaşmaq üzrədir.


Mal-qara ucuzlaşır

Ətin qiyməti isə dəyişmir


Son aylar mal-qaranın, eləcə də qoyun-quzunun qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Mal-qara satıcılarının dediyinə görə, ucuzlaşma bəzi günlərdə təxminən 50-60 manata qədər olur. 150 manatlıq qoyunlar bəzən 100 manata güclə satılır.

Səbəb kimi 2 arqument sadalanır.

Birincisi, mal-qarada xəstəlik olması söhbətinin yaranması və əksəriyyətin mal əti almaması. İkincisi, Rusiyadan, Gürcüstandan, hətta Əfqanıstandan Azərbaycana çoxlu miqdarda ucuz mal-qara gətirilməsidir. Xatırladaq ki, regionların əsas satış bazarı Bakı şəhəri idi. Kənardan gətirilən mal-qara Bakı şəhərini təmin etdiyindən onların regiondan gələn mal-qaraya ehtiyacı olmur.

Bütün bunlara baxmayaraq, nə qəssabxanalarda ət ucuzlaşmır, nə də yeməkxanalarda ətdən hazırlanan xörəklər. Əti tək-tük ucuz satanlar olsa da, belələri şantaj edilir, guya bunlar xəstə heyvan əti satırlar. Xəstə, ölü mal-qaranı ölü çəkidə əhalidən alanlar isə belə bəhanə uydururlar ki, bu ölü cəmdəkləri guya zooparklara satırlar. Amma çoxlarına o da bəllidir ki, əksər vəhşi heyvanlar belə ətləri yenir.

Üstəlik, ot da bahalaşıb. Otun 1 bağlaması 5 manatdır.


Regional idarələr Masallıya gəlir


Uzun müddət cənub bölgəsində fəaliyyət göstərən regional idarələrin əksəriyyəti Lənkəranda fəaliyyət göstərib. Son vaxtlar isə bu qurumların Masallıda yerləşəcəyi fakta çevrilir. Cənub bölgəsi üzrə ekologiya idarəsinin Masallı şəhər nümayəndəliyinin binasına köçəcəyi barədə xəbər vermişdik. Digər mənbənin məlumatına görə isə Regional Ekologiya İdarəsi Masallı şəhər nümayəndəliyinin indiki binasının yerində özü üçün 2 mərtəbəli bina tikəcək.

Regional ASAN xidmət idarəsinin də binası üçün Olimpiya Kompleksinin yaxınlığında binanın inşasına başlanmışdır. Bundan əlavə həmin ərazidə Masallı Rayon Məhkəməsi və Polis Mühafizə idarəsi üçün binalar inşa edilir.


Quruculuq xəbərləri


Yeni il ərəfəsində Yardımlı rayonunda 2 180 və 1 220 yerlik məktəblərin açılışı olmuşdur. Hər 3 məktəb müasir tələblər səviyyəsində inşa edilmiş və yeni avadanlıqlarla təmin olunmuşdur.


Cəlilabad rayonunun mərkəzi prospekti olan Heydər Əliyev prospektində yenidənqurma və təmir işləri başlanıb. Belə ki, təmir zamanı prospektdə asfalt örtüyü yenilənir. Yol boyu təzə hasarlar çəkilir və darvazalar yenisi ilə əvəzlənir.


Masallı yeni il ərəfəsində Boradigah qəsəbəsində və Kalinovka kəndində əsaslı təmir olunmuş xəstəxanaları yerli sakinlərin istifadəsinə verib. Hər iki xəstəxana müasir tibb avadanlıqları ilə təmin olunub. Bundan əlavə rayonun iki Muğan kəndlərinə - Qədirli və Xallıcalı kəndlərinə mavi qaz verilib. İcra hakimiyyətindən aldığımız məlumata görə, Güllütəpə istisna olmaqla Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaq.

Həmçinin, bildirilib ki, Masallının 4 kəndində - Çayqıraq, Şatıroba, Dəlləkoba və Zuvand kəndlərində yeni məktəblərin təməli qoyulub.



Masallı bulvarında işlər genişlənir


Masallı bulvarının tikintisi ilə bağlı da ilkin işlər görülüb. Belə ki, burada bəndbərkitmə işlərə başa çatmaq üzrədir. 2015-ci ildə Masallı bulvarının birinci mərhələsi çərçivəsində tikinti-abadlıq işləri görüləcək.


 


 

R4suloffR4suloff

OXUNMA SAYI :841

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff