Məmməd Əmin Rəsulzadə Astarada hansı məktəbin açılışında iştirak edib?

Lənkəran bölgəsinin məktəb tarixindən

XIX əsrin sonlarında Lənkəran qəzasındakı 58 kənddən hansılarında məktəb var idi?

    Cəlilabad Lənkərandan sonra niyə bölgənin ikinci təhsil mərkəzi sayılır?

     1897-ci ildə Zuvand bölgəsində yerləşən Kəlvəz kəndində niyə məktəb açılmışdı?.

      Masallıda XIX əsrin sonlarında açılmış 3 məktəbdən  birinin ünvanı olan Mahmudlu Mahmudavardırmı?

Dəyərli izləyicilər! Bundan əvvəl Lənkəranın məktəb tarixi haqqında Cənubxəbərləri.com saytında müəllifliyimlə məqalə yerləşdirilmiş və məqalə oxucular tərəfindən maraqla qarşılanmışdır. Bir növ həmin məqalənin davamı olaraq  bu dəfə bütün bölgənin məktəb tarixi haqqında məlumat vermək istəyirəm. (Həmin yazı ilə burada tanış ola bilərsiniz-http://cenubxeberleri.com/2223-lnkrann-mktb-tarixindn.html)

Giriş əvəzi

XX əsrin əvvəllərinə qədər Azərbaycanın digər bölgələri kimi Lənkəran bölgəsində də təhsil dini xarakter daşımış, dərslər mollaxana və mədrəsələrdə keçirilmişdir. Amma, buna baxmayaraq, zamanın tələbi ilə əlaqədar XIX əsrin ortalarından etibarən bölgədə bir neçə dünyəvi məktəb açılmışdır.  

XIX əsrin sonlarında Lənkəran qəzasındakı 58 kənddən 10-da (Asullu (Hasıllı – İ.Ş.), İncə, Novoqolsk, Pravoslavnı, Privolnı, Prişib, (indiki Cəlilabad ərazsi) Qızılağac, Masallı, Mahmudlu və Nikolayevskdə (indiki Masallı ərazisi) məktəb var idi (Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi. B., 1985, səh. 105). 

    Maraqlıdır ki, yuxarıdakı siyahıda Kəlvəz kəndinin (Lerik rayonu) adına rast gəlinmir. Halbuki, Kəlvəzdə dünyəvi məktəbin 1897-ci ildə açıldığı qeyd olunur.

    Bütün Azərbaycanda olduğu kimi Lənkəran bölgəsində də məktəblərin inkişafı Sovet dövrünə (1920-1991)  təsadüf edir. Sovet dövründə  zaman-zaman demək olar ki, ölkənin hər bir yaşayış məntəqəsində məktəb açılmışdır.


                           ASTARA

    Dünyəvi məktəblər açılana qədər digər yerlərdə olduğu kimi Astara ərazisində də mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. 

Astarada ilk dünyəvi məktəb 1912-ci ildə yaradılmışdır. Rus-tatar (Azərbaycan) məktəbi adlanan bu məktəb maarifpərvər Hacı Osmanın təşəbbüsü ilə Pensər kəndində açılmışdır. Müstəqillik illərində həmin məktəbin həyətində müasir tipli iki mərtəbəli məktəb tikilmiş və həmin məktəb Zülfüqar Əhmədzadə adına texniki təmayüllü lisey kimi fəaliyyət göstərir. Köhnə bina isə 1912-ci ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi (inv: 4102)  kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.

Təngərud kəndində məktəb 1918-ci ildə açılmış və məktəbin açılışında Məmməd Əmin Rəsulzadə iştirak etmişdir. Sonrakı illərdə isə ilk olaraq rayonun  Astara (1945-ci ildən şəhər), Ərçivan (2012-ci ildən qəsəbə), Kijəbə (1966-cı ildən qəsəbə), Şiyəkəran, Şahağac, Kakalos, Maşxan və digər kəndlərində məktəblər açılmışdır.

     Hazırda  Astara rayonunda 62 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunların da 42-i tam, 10-u ümumi, 10-u ibtidai məktəbdir. Məktəblərdən 7-i Astara şəhərində, 4-ü isə Ərçivan qəsəbəsində yerləşir.

     Ümumtəhsil məktəblərindən başqa Astarada Pedaqoji Kollec və Uşaq Musiqi Məktəbi də  vardır.  Astara Pedaqoji Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 1993-cü il tarixli 338 saylı qərarına əsasən yaradılmışdır.

     Sovet dövründə  ixtisaslı fəhlə kadrları hazırlamaq üçün Astarada  139 saylı Texniki Peşə Məktəb fəaliyyət göstərmişdir.


 CƏLİLABAD

Cəlilabad rayonu ərazisində ilk dünyəvi məktəb 1857-ci ildə Andreyevka (Qarazəncir) və Astraxanka (1952-ci ildə Astraxanbazar/Cəlilabad şəhərinə birləşdirilmişdir) kəndlərində açılmışdır. Daha sonra 1860-cı ildə Prişib (Göytəpə; 1967-ci ildən şəhərdir), 1873-cü ildə Privolnoye, 1885-ci ildə Novoqolsk (Novoqolovka indiki Uzuntəpə) və Pravoslavnı, 1895-ci ildə isə Hasıllı və Xanaq (Xanagah) kəndlərində açılmışdır. Göründüyü kimi burada ilk məktəblər əsasən ruslar yaşayan kəndlərdə təşkil edilmişdir. Məlum olduğu ki, çar I Nikolayın 20 oktyabr 1830-cu il fərmanı ilə ruslar Cənubi Qafqaza köçürülmüşlər. Azərbaycanda onların ən çox məskunlaşdığı ərazi Muğan, xüsusilə indiki Cəlilabad ərazisi olmuşdur.  Privolnoye kəndində 1877-ci ildə daha bir məktəb açılmışdır. Hal-hazırda 1873-cü ildə açılmış məktəb 2 saylı, 1877-ci ildə açılmış məktəb isə 1 saylı tam orta məktəb sayılır.

1910-cu ildə Göytəpədə (keçmiş Prişib) rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. Hazırda həmin məktəb Göytəpə şəhər 2 saylı tam orta məktəb adlanır. 1911-ci ildə isə Petrovka kəndində məktəb açılmışdır. Petrovka kəndi 1952-ci ildə Astraxanbazar/Cəlilabad şəhərinə birləşdirilmişdir.

     Sovet hakimiyyəti qurulduqdan sonra Cəlilabadda da məktəblərin intibah dövrü başlanmışdır. Burada ilk olaraq  Ocaqlı (1920), Dövlətbəyli (1923), Əliqasımlı (1926), Üçtəpə, Seyidbazar, Sabirabad (1930),   Astraxanbazar (indiki Cəlilabad şəhəri, 1931), Məmmədrzalı (1932), Fərzili (1933), Şorbaçı (1935), Cəngan, Alaşar (1935),   Ləkin (1936), Kövuzbulaq (1937), Alar, İncili, Bayxanlı (XX əsrin 30-cu illərində) kəndlərində məktəblər açılmışdır.

     Hazırda Cəlilabad rayonunda 126 ümumtəhsil məktəbi vardır.  Bu məktəblərdən 74-ü tam, 39-ü ümumi , 13-ü ibtidai məktəbdir.  Məktəblərdən 8-i  Cəlilabad şəhərində yerləşir. 1,2,4,7,8 saylı məktəblər tam, 3,5,6  saylı məktəblər isə ümumidirlər. 

    Cəlilabadda 126 ümumtəhsil məktəbindən başqa Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Tibb Kolleci, Peşə Liseyi, Uşaq İncəsənət Məktəbi və Uşaq Musiqi Məktəbi də vardır. 

ADPU-nun Cəlilabad filialı Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi 13 iyun 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumu bazasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli 1582 saylı Sərəncamına əsasən  Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması nəticəsində AMİ-nin Cəlilabad filialı ADPU-nun  Cəlilabad filialı hesab olunmuşdur. Tibb Kolleci 2014-cü ildə yaradılmışdır. Peşə Liseyi ixtisaslı fəhlə kadrları hazırlamaq məqsədilə ... saylı texniki-peşə məktəbi adı altında yaradılmışdır. Cəlilabad Uşaq İncəsənət Məktəbi 1969-cu ildə 7 illik Musiqi Məktəbi kimi fəaliyyətə başlamış, 1982-ci ildə rəssamlıq şöbəsinin açılması ilə Uşaq İncəsənət Məktəbi adlanır. 

    Cəlilabad Peşə Liseyi və Uşaq Musiqi Məktəbi Cəlilabad şəhərində deyil, Göytəpə şəhərində yerləşir.

    Cəlilabadda Sovet dönəmində Kənd Təsərrüfatı Texnikumu, 1992-2010-cu illərdə isə Pedaqoji Kollec fəaliyyət göstərmişdir. 

    Cəlilabad Lənkərandan sonra bölgənin ikinci təhsil mərkəzi sayılır. 


                     LERİK

    XX əsrin əvvəllərinə qədər Lerikin bir çox kəndində mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. Burada ilk dünyəvi məktəb 1896-cı ildə rayonun Zuvand bölgəsində, İranla sərhəddə yerləşən Kəlvəz kəndində açılmışdır. Buna səbəb burada rus sərhəd qoşunlarının yerləşməsi olmuşdur. Çünki, məktəbdə rus sərhədçi zabitlərin uşaqları da təhsil almışlar. Kəlvəzdə dünyəvi məktəbin 1897-ci ildə açılması bir çox faktlar əsasında öz təsdiqini tapsa da, professor Hüseyn Əhmədov XIX əsrin sonlarında Lənkəran qəzasındakı 58 kənddən 10-da məktəbin olduğunu yazarkən həmin kəndlər sırasında Kəlvəzin adına rast gəlinmir (Adı qeyd olunan kitab. Səh. 105). Lakin Hüseyn Əhmədov 1901-ci ildə Lənkəran qəzasının Kəlvəz kəndində (icma vəsaitilə) və Biləcəridə xalq məktəblərinin təşkil edildiyini qeyd edir (Adı qeyd olunan kitab. Səh. 107).

Lerikdə ikinci dünyəvi məktəb Axund Hacı Məhəmmədtağı tərəfindən  1914-cü ildə Lerik kəndində (2008-ci ildən şəhərdir) açılmışdır. Lerikdə məktəblərin inkişaf dövrü  Sovet dönəminə təsadüf edir. İlk olaraq 20-30-cu illərdə  Siyov, Soru, Çayrud, Veri, Vistən, Biləvər, Bobla, Barzavu, Cəngəmiran, Rvarud, Daster, Şingədulan, Nücü, Qosmalıan, Züvüc və digər kəndlərdə məktəblər yaradılmışdır. 

Hazırda Lerik rayonunda 107 ümumtəhsil məktəbi  fəaliyyət göstərir. Bu məktəblərdən 37-i tam, 48-i ümumi, 22-i ibtidai məktəbdir. Burada oxuyan 7677 şagirdin təlim-tərbiyəsi ilə 1283 müəllim məşğul olur. Məktəblərdən 4-ü Lerik şəhərində, 2-i (tam və ümumi) Çayrud kəndində yerləşir. Lerik rayonunun Lopatin-Qışlaq kənd tam orta məktəbi Neftçala rayonu ərazisindədir.  Ümumtəhsil məktəblərindən başqa Lerikdə Uşaq İncəsənət Məktəbi və Uşaq Musiqi Məktəbi də vardır. Musiqi Məktəbi rayonun Çayrud kəndində yerləşir. 

       1962-ci ildə Lerikdə ibtidai sinif müəllimləri hazırlayan birillik pedaqoji kurs təşkil edilmiş və bu kurs 70-ci illərə qədər fəaliyyətdə olmuşdur. Sovet dövründə Lerikdə 63 saylı Texniki Peşə Məktəb və müstəqiliyimizin ilk illərində Astara Pedaqoji Texnikumunun (Kollec) Lerik filialı fəaliyyət göstərmişdir.

MASALLI

1800-1920-ci illərdə Masallıda orta molla təhsili verən 25-dək mədrəsə fəaliyyət göstərmişdir (Molla Kərbəlayı Nüsrət Qızılağaclı. Qızılağac və qızılağaclılar. B., 2006, səh. 198).

Masallı rayonu ərazisində ilk dünyəvi məktəb 1860-cı ildə Nikolayevka (Kalinovka; indiki Viləş) kəndində açılmışdır. Daha sonra isə 1896-cı ildə Qızılağac (17 fevral; 38 şagird;  hazırda Qızılağac kənd 1 saylı tam orta məktəb adlanır), Masallı (28 oktyabr;  40 şagird) və Mahmudlu (08 dekabr; 16 şagird) kəndlərində açılmışdır. 

Qızılağac məktəbi Qızılağac, Hüseynhacılı və Yeddioymaq, Masallı məktəbi Masallı, Musakücə və Digah, Mahmudlu məktəbi isə Mahmudlu və Təklə camaatının birgə təşəbbüsü ilə açılmışdı və həmin kəndlərin vəsaiti ilə idarə olunurdu (Hüseyn Əhmədov. Adı qeyd olunan kitab. Səh. 102-103).

Hazırda  Masallı rayonunda Mahmudlu adında kənd yoxdur. Mahmudlu heç də indiki Mahmudavar kəndi deyildir. Bu barədə F.Seyidov yazır:   “Mahmudlu kəndi səhvən mənbələrə Mahmudavar kəndi kimi düşüb. Bu kənd vaxtilə Xırmandalı yaxınlığında olmuş, hazırda isə yoxdur” (Qori seminariyası və onun məzunları. B., 1988, səh. 171).

      Sonralar ilk olaraq rayonun Boradigah (1917;  1966-cı ildən qəsəbədir),  Ərkivan (1920; 1927 – “ağ məktəb”;  2007-ci ildən qəsəbədir və orada 6 məktəb vardır), Şərəfə (1921), Bədəlan (1926), Mahmudavar (1928), Hişkədərə (1929), Türkoba (1930), 20-30-cu illərdə Alvadı, Xıl, Yeddioymaq, Xırmandalı, Qızılavar, Yolağac, Musakücə, Bağlakücə (indi ərkivan qəsəbəsinin məhəllələrindən biri sayılır) və digər kəndlərdə məktəblər açılmışdır. 

    Hazırda Masallı rayonunda 95 ümumtəhsil məktəbi (66 tam, 26 ümumi, 3 ibtidai) və 1 lisey (“Dəfnə”) fəaliyyət göstərir. Məktəblərdən 8-i Masallı şəhərində yerləşir.  Bu məktəblərdə oxuyan 30.219 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2985 nəfər müəllim məşğul olur. 

    Masallıda ümumtəhsil məktəblərindən başqa Dövlət Regional Kolleci və Uşaq incəsənət məktəbi də vardır.  Masallı Dövlət regional Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli qərarı ilə yaradılmışdır. 10 tələbə ilə fəaliyyətə başlayan bu kollecdə 600-ə yaxın tələbə oxuyur. 

     Sovet dönəmində Masallıda 137 saylı Texniki Peşə Məktəbi fəaliyyət göstərmişdir. Məktəb rayonun Bədəlan kəndində yerləşmişdir. 

Masallı rayonunun tarix və mədəniyyət abidələri sırasında 2 məktəb binası da vardır. Bunlar Qızılağac kəndindəki XIX əsrə aid olan “orta məktəb binası” (inv: 4852) və “Rus orta məktəbin binası”dır (inv: 4853).


                YARDIMLI

     Yardımlı rayonunda dünyəvi məktəblərin açılması Sovet dövrünə təsadüf edir. Rayonda ilk dəfə 1928-ci ildə Kürəkçi, Vərgədüz, Telavar, Yolocaq, Bərcan, Arus, Ovra və Yardımlı (2008-ci ildən şəhərdir) kəndlərində məktəb açılmış, birinci siniflər fəaliyyətə başlamışdır. 1929-cu ildə Yardımlı rayonunda daha 7 kənddə (Hamarkənd, Porsova, Cerinbel, Dağüzü, Eçara)  məktəb açılmışdır. 

     30-cu illərdə Ostayır (1930),   Köryədi, Bürzünbül (1932),  Bilnə, Alar (1933), Perimbel  (1939) və digər kəndlərdə məktəblər fəaliyyətə başlamışdır. Sonrakı illərdə isə rayonun demək olar ki, bütün kəndlərində məktəblər açılmışdır. 

     Yardımlıda məktəblərin yaradılmasında, təhsilin inkişafında lənkəranlı müəllimlərin böyük payı vardır. Lənkəranlı İskəndər Əkbər oğlu Talışinski Yardımlının (Vərgədüz) həm ilk müəllimi, həm də ilk maarif şöbə müdiri olub.

     1981-1988 (I katib) və 1993-1999 (İcra Başçısı)-cu illərdə Lənkərana rəhbərlik etmiş Dilruba Camalovanın (1938-2009)  valideyinləri Cəbrayıl Xalıq oğlu Camalov və Maral Teymurxan qızı Camalova (Talışinskaya) Yardımlıda müəllim işləmişlər. Cəbrayıl Camalov Bərcan, Ostayır kənd məktəblərində direktor, Yardımlı qəsəbə (M.F.Axundov adına ) məktəbində müəllim işləmişdir. 1969-cu ildə dünyasını dəyişmiş və Yardımlı qəsəbə (indi şəhərdir) qəbiristanlığında dəfn edilmişdir. Maral Camalova isə Bərcan kəndində müəllim, daha sonra isə direktor vəzifəsində çalışmışdır. 1950-ci ildə, 37 yaşında vəfat edərək Bərcan kənd qəbiristanlığında dəfn edilmişdir. Sonradan Cəbrayıl və Maral Camalovların nəşi Lənkərana gətirilmiş və onlar şəhərin Təzə qəbiristanlığında dəfn edilmişlər.

    Lənkəranlı Ağasəf Rəhim oğlu Rəhimov (1909-1988) 1928-ci ildə Lənkəran Pedaqoji Məktəbini bitirdikdən sonra təyinatla işləmək üçün Yardımlı rayonuna göndərilmiş, orada müxtəlif məktəblərdə müəllim, direktor, Rayon Xalq Maarif Şöbəsində (Təhsil Şöbəsi) metodist-inspektor, maarif şöbəsinin müdiri, rayonda çıxan “Yeni kənd” (indiki “Zirvə”) qəzetinin redaktoru işləmiş, əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 1988-ci ildə vəfat etmiş və Yardımlı qəsəbə (şəhər) qəbiristanlığında dəfn edilmişdir. Qeyd edim ki, Ağasəf Rəhimov xalq şairi Qabilin və general-mayor Abbasəli Novruzovun qayınatasıdır. Qabil 1948-1951-ci illərdə Yardımlı kənd məktəbində (indiki M.F.Axundov adına şəhər 1 saylı məktəb) müəllim işləyərkən iş yoldaşı Bəyim Ağasəf qızı Rəhimova ilə ailə həyatı qurmuşdur. 

    Hazırda Yardımlı rayonunda 80 ümumtəhsil məktəbi vardır ki, bunun 46-ı tam, 18-i ümumi, 16-ı ibtidai məktəbdir. Məktəblərdən 2-si Yardımlı şəhərində yerləşir. Bu məktəblərdə oxuyan 8947 şagirdin təlim-tərbiyəsi ilə 998 müəllim məşğul olur.Ümumtəhsil məktəblərindən başqa rayonda 2 Peşə Məktəbi və Uşaq Musiqi Məktəbi də vardır. Sovet dönəmində rayonda 186 saylı Texniki Peşə Məktəb və müstəqilliyimizin ilk illərində isə Azərbaycan Beynəlxalq Universitetinin Yardımlı filialı fəaliyyət göstərmişdir. 186 saylı Texniki-Peşə Məktəb 1977-ci ildə Masallı rayonunun Bədəlan kəndində yerləşən 137 saylı Texniki-Peşə Məktəbinin filialı kimi fəaliyyətə başlamış, 1983-cü ildən 186 saylı Yardımlı Kənd Orta Texniki Peşə Məktəbinə çevrilmişdir.                                       

İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi


ƏDƏBİYYAT:

  1. Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi. B., 1985
  2. Musarza Mirzəyev. Mənim Masallım. B., 1991
  3. Fəzail Əkbərov. Yardımlıda maarifin inkişafı. B., 1999
  4. Hacıməmməd Quluzadə, Qədiməli Əhməd, Akif Məmmədli. Bəyaz saçların yaşıl işığında. I kitab. B., 2006
  5. H. Quluzadə, Q.Əhməd, A.Məmmədli. Elm və zəka işığında. II kitab. B., 2007
  6. Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter