“Ermənistanın dövlət telekanallarında Paşinyanın özü də tənqid olunur...”

"Dövlət məmurları canlı tele-debatlara çağırılır və jurnalistlər onları sərt tənqid edirlər...”
“İşğalçı ölkənin “Şant” dövlət telekanalında, ümumiyyətlə, konsert, əyləncə proqramları verilmir...”



 “Düşmən olsa da, Ermənistan telekanallarından nümunə götürməli çox şeylər var”.

Bu  fikri erməni dilində mükəmməl bildiyindən Ermənistan kanallarını mütəmadi izləyən sabiq deputat Maksim Musayev Moderator.az-a açıqlamasında səsləndirib.
“Ermənistan tele-məkanında erməni tamaşaçı üçün maraqlı intellektual,  elmi, siyasi, mədəni, ədəbi veriliş və teleşoular kifayət qədərdir. Torpaqlarımızı 30 ildir işğal altında saxlayan bu ölkənin “Şant”, “1-ci kanal” kimi dövlət kanallarında, demək olar ki, konsertlər, əyləncəli verilişlər yoxdur. Özəl telekanallarda isə Azərbaycandakına nisbətən belə proqramların sayı çox azdır. Son onilliklərdə erməni telekanalları əsas gücü ciddi siyasi, elmi, tarixi şou və verilişlərə yönəldir... “1-ci kanal”da siyasi verilişlərdən əlavə, əsasən keçmiş, tarixi sənədli və bədii filmlər verirlər.  

“Ermənistanın dövlət telekanallarında hakimiyyət tənqid olunurmu? Paşinyanı təbliğ edən, tərifləyən kanal varmı?” sualına M.Musayev belə cavab verib:

“İşğalçı ölkənin dövlət telekanallarında hökumət, nəinki tənqid olunur, hətta bəzən nazirləri, qubernatorları, rayon başçılarını “yıxıb sürüyürlər”.  Mütəmadi olaraq nazirlər, qubernatorlar və s. aparıcı dövlət məmurları canlı tele-debatlara çağırılır və jurnalistlər onları sərt tənqid edir, sual yağışına tuturlar. Məsələn, nazirdən, yaxud icra başçısından  soruşurlar ki, siz vəzifəyə gələndə filan problemi həll etməyə söz vermişdiniz, nədən həll olunmayıb. Özü də heç bir məmur, hətta nazirlər belə telekanallara dəvətdən imtina edə bilmir. Dərhal həmin məmur kəskin, tənqid, ictimai qınaq hədəfinə çevrilir. Bir müddət öncə Ermənistanın baş prokurorunun müsahibəsinə baxdım. 15-20 jurnalist ona tərs suallar verirdi. Təsəvvür edin ki, bu yüksək vəzifəli dövlət məmuru jurnalistləri ələ almaq üçün “can”-“can” ifadələrini işlətməyə məcbur olurdu...” 

Onu da deyim ki, Ermənistanda son vaxtlar, demək olar ki, hər gün vətəndaşlar müxtəlif problemlərlə bağlı etiraz aksiyaları, mitinqlər keçirirlər. Telekanallar, eləcə də dövlət televiziyaları həmin aksiyaların hamısı haqda məlumat verirlər. Hətta Amulsar qızıl yataqları ilə bağlı kütləvi etirazlar da nümayiş olunur. Ermənistanda dövlət, hökumət adamları barədə tərif, demək olar ki, qeyri-mümkündür. Baş nazir  Paşinyanı  təbliğ edən, tərifləyən kanal isə yoxdur. Dövlət kanalları onun özünü belə, tənqid edir...

Yalnız erməni oliqarxı Qaqik Sarukyanın özünün maliyyələşdirdiyi “Kentron”  telekanalı əsasən onun gördüyü işləri təbliğ edir.  Qarabağdakı separatçı rejimə yardımları, yaratdığı müəssisələr, zavodlar, sanatoriyaların və s. reklamıyla məşğul olur...”

“Hesab edirəm ki,  Azərbaycan tele-məkanında, heç olmasa, bir kanalda hökumətin fəaliyyətinin tənqidinə həsr olunan proqramlar təşkil olunsa, bu, bizə heç bir zərər verməz, əksinə, inkişafımıza səbəb olar...”-  deyə sabiq deputat  açıqlamasını təkliflə bitirib.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter