Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ

2. Yazı

Faiq Ələkbərli (Qəzənfəroğlu)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Xiyabani yazırdı ki, qorxu milliyyət, azadlıq və bəşəriyyətin əsaslarını pozduğu halda, cəsarətlilik, igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur. Xiyabaniyə görə, cəsarətlilik ya da igidlik iki cürdür: maddi igidlik və mənəvi igidlik. O, yazırdı: "Maddi igidlik təhlükə və xəbər qarşısında soyuqqanlıqdan ibarətdir ki, onun ən yüksək dərəcəsi "ölümə qarşı" etinasız olmaqdır. Çünki ən böyük təhlükə ölümdür və heç kim ölümlə iki dəfə qarşı-qarşıya gəlməyəcəkdir. Maddi igidlik elə bir həqiqətdir ki, onu mənimsəmək mümkündür... Qorxaq bir əsgər müharibə meydanında on dəfə qəhrəmanlıq göstərsə, cəsarətlənə bilər. Qorxmaz əsgər isə daha cəsarətli olar. Maddi igidliyi təmrin etmək (yəni ölümə alışdırmaq) bədənimizi sükunət və mətanətə, daimi aramlığa öyrədər". Xiyabaniyə görə, mənəvi igidlk isə insanın öz ehtiraslarına hakim olmaq və onları özünə tabe edə bilməyindən ibarətdir. Başqa sözlə, ehtirasına, hissiyyatına, ümumiyyətlə nəfsinə qapılmayan insan cəsarətli və igid adamdır. O, yazırdı: "Təbiətin zəruri qanunlarına çox vaxt qələbə çalmaq mümkün olmur, buna baxmayaraq bacarıqlı şəxslər öz nəfslərinə üstün gələ bilərlər. Belə şəxslər yaralanır, canını qurban verər, ölər lakin qorxmazlar. Belə adamlar məğlubedilməzdirlər. Bu igidlik məziyyətdir, o, məntiqi təhlil və möhkəm iradədən doğulur. O, sərbəst fikirlə qəbul edilən bir qərarın təcəssümüdür. "Qorxmamalıyam, buna görə nə qorxuram, nə də qorxmaq istəyirəm!" - igidin qərarı belə olmalıdır. İndiyə qədər elə bir insan qüvvəsi yaxud təbii qüvvə olmamışdır ki, bu qərara qarşı qələbə çala bilsin. Dediyimiz kimi, mənəvi igidlik insanın əzmidir, iradəsindən asılıdır və buna görə də mənəvi igidliyin "vaxtı" vardır. Bu vaxtı təyin edən zaman ölçüsü isə bizin şərəf və izzəti nəfsimzidir. İnsanın hərəkəti və işi "qorxu" adlana biləcək bir dərəcəyə çatarsa o zaman igidliyin çoşub-daşmaq vaxtı və qorxunu tamamilə məhv etmək vaxtı da çatar". Xiyabanidə güclü optimizm və gələcəyə inam var idi. O hesab edirdi ki, xalqın bu gün verdiyi şəhidlər, qurbanlar onun keçmişdəki ətalətinə, ixtiyarsızlığına son qoymaq, bunun əvəzində gələcəyinin öz əllində olmasına inamına işarədir. Onun fikrincə, bu baxımdan azadlıq uğrunda şəhid olanları ağlamaqla deyil, əksinə, şadyanalıqla qarşılamaq lazımdır. Xiyabaninin nəzərində bu, "varlıq gülşəninə acizlik, nalə və miskinliklə deyil, ümid və şərəf gülüşləri ilə girmək" üçün vacib idi. Çünki bir fərdin, ya da ayrı-ayrı fərdlərin ah naləsi bütövlükdə cəmiyyəti pessimizmə aparır. O, yazırdı: "Dəfələrlə dediyim kimi, fərd ilə cəmiyyətin əhvali-ruhiyyəsində böyük fərq vardır. Cəmiyyətin əhval-ruhiyyəsi fərdlərin əhval-ruhiyyəsinin yekunudur. Lakin bu əhval-ruhiyyə həmin cüz olan əhval-ruhiyyədən tamamilə fərqlənir. Fərdin əhval-ruhiyyəsi fərdin əhval-ruhiyyəsinə tabe olmalıdır. Çox nadir hallarda elə bir əhval-ruhiyyə tapıla bilər ki, özünü bu tabelikdən xilas edə bilsin. Dəfələrlə elə olmuşdur ki, alim və ya bilikli bir adam cəmiyyətin əhval-ruhiyyəsinin təsiri altında öz hikmət və biliyini əldən vermişdir". Deməli, fərd və cəmiyyət arasında sağlam münasibətlər qurulmayanda, hər ikisi zərər çəkmiş olur. Belə ki, pozulmuş bir cəmiyyətin təzyiqi altında əxlaqlı, sağlam düşüncəli adam da məhv olub gedə bilər. Yəni bir cəmiyyətdə rüşvətxorluq, adam aldatmaq, yalan danışmaq kimi hallar adi hala çevrildiyi bir dövrdə, bunun doğru olmadığını bildiyi halda, eyni şeyi təkrarlayanların bu vəziyyətin səbəbkarlarından çox da fərqi yoxdur. Ancaq əgər fərd öz əxlaqında, düşüncəsində möhkəm dayanarsa, cəsarət və igidlik ortaya qoyarsa o zaman müəyyən anlamda cəmiyyəti də yaxşılığa doğru dəyişə bilər. Başqa sözlə, bir şeyə dur deməyi bacarıb, vəziyyəti dəyişdirmək, yeni imkanlar ortaya qoymaq bacarığı insanın, ya da ayrı-ayrı insanların öz əlindədir. Ancaq bunun üçün həmin fərd, ya da fərdlər ağılda, cəsarətdə, bacarıqda güclü olub bir sistem qurmalıdırlar ki, bu günə qədər mövcud olan mənfi yönlü tabuları məhv edib, onun yerində müsbət yönlü işlər ortaya qoysunlar. Xiyabani hesab edirdi ki, həmin dövrə qədər "İran" xalqı özbaşına həyat sürmüş, alaq otu kimi təbiətin qoynunda kor-təbii şəkildə yaşamışdır və bundan da istibda rejimləri daim yararlanmışdır. O, yazırdı: "İran xalqı möhkəm əqidə olmadan, təcrübə və imtahanlardan sayıqlıqla istifadə etmədən, təşkilat və tərtibatsız şəkildə uzun müddət özbaşına və təbii yol getmişdir. O, bugünkü günə kortəbii surətdə yaşayıb gəlmişdir. Bu özbaşına göyərmiş ağaca peyvənd vurulmalıdır. Yeni, sağlam və düzgün nəzəriyyəni bu camaata təlqin etməklə, onun mühitində bir təcəddüd-təkamül yaranmasına nail olmalıdır". Xiyabaniyə görə, "təcəddüd-təkamül" fəlsəfəsini də, yalnız xalqın iradəsi ilə həyata keçirmək mümkündür. Çünki xaqlın iradəsi nəzəri baxımından bütün bəşər kütlələrinin fövqündədir. O, yazırdı: "Xalqın iradəsinin istədiyi şey müqəddəs və möhtərəmdir. Lakin bu iradə müstəqil yaşamaq üçün vicdana (xalq vicdanı - F.Ə.) malik olmalıdır. O (xalq vicdanı - F.Ə.), nəzərlərdə saf, səmimi və parlaq şəkildə aydın olmalı və öz varlığını sübut etməlidir. Cəmiyyəti təşkil edən fərdlərdən hər biri bir bəşşaş ruh ilə, müstəqil vicdan ilə silahlanıb, bu ruhiyyənin qüvvəsini dünya qarşısında nümayiş etdirməlidir". Bizcə, Xiyabaninin əsas məqsədi həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə "xalqın vicdanı"nı oyatmaq idi ki, o, bu yolda hər bir şeyə qatlanmağa hazır idi. Bu yolda, o, bir müdrik olduğu qədər də, fədai idi. Özündə müdrikliyi və fədailiyi birləşdirən Xiyabani açıq şəkildə yazırdı ki, "xalqın vicdanı"nı oyatmaq üçün, onun yalnız qəhrəmanlıqlarını, igidliklərini deyil, nöqsan və eyiblərini də göstərmək lazımdır: "Biz tərəqqi və təkamül yolunu ona nişan veririk. Batil təsəvvür və xəyalları onun şüurundan çıxardıb, bunların yerinə həyat bəxş edən yeni fikirləri yerləşdirməyə çalışırıq. Bu məqsədə çatmaq üçün deyirik: bu cəmiyyəti təşkil edən fərdlərdən hər birisi xalqa olan böyük ruh yüksəkliyi ilə silahlanıb, öz varlığında saxladığı azadlıq və istiqlal ruhunu başqalarına da təlqin etsin". Şübhəsiz, Xiyabaninin dediklərində böyük bir həqiqət və gerçəklik var idi. Bu elə bir həqiqətdir ki, fərdləri və cəmiyyəti yeni bir mübarizəyə və dəyişilməyə hazırlayır. Ancaq bu mübarizə və dəyişilmənin qurbansız olmayacağı ilə yanaşı, həmin qurbanların qanları bahasına da millətin millət olacağı fəlsəfəsi var idi. Ola bilsin ki, Xiyabaninin bu fəlsəfəsini o zaman özü, ya da bir neçə nəfər anlaya bilmişdir. Ancaq ən əsası odur ki, Xiyabaninin yeniləşmə və təkamül fəlsəfəsi, yəni milləti millət etmək naminə əvvəlcə ayrı-ayrı fərdlərdə vicdanı oyatmaq, daha sonra da onu xalqın vicdanını çevrib ümumi bir hala gətirmək çox doğru yol idi. Bu anlamda S.C.Pişəvəri ilə razılaşırıq ki, Səttarxan silah gücü və igidliyi ilə Azərbaycanın adını ucaltdığı halda, Xiyabani alimanə, yəni müdrik nitqləri və yazıları ilə Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə öz adını yazdıra bilmişdir. Pişəvəri Təbrizdə Xiyabaninin abidəsinin açılışı münasibətilə etdiyi çıxışında deyirdi: "Şeyx böyük mütəfəkkir idi. Onun nitqlərini oxuyanda insan təzə şeylər öyrənir. Onun sözləri dərin və mənalıdır. Onun nitqlərinin içərisində artıq sözlər çox azdır. Lakin bir çox əməli təkliflər vardır". Pişəvəriyə görə, Xiyabani iman və əqidə adamı olsa da, həm mühiti müsaid olmayıb, həm də ətrafındakıların çoxu onun fəlsəfəsini başa düşməyib, o da çox məsələləri açıq deyə bilməyib. Pişəvəri yazırdı: "Şeyxin dedikləri bizim istədiklərimizin müqəddiməsidir... Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdır. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyzin məqamı fövqalədə böyükdür. Sərdar rəşid imiş. Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi". Xiyabaninin əksər tədqiqatçıları da Pişəvəri kimi hesab edirlər ki, o, siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları ilə Azərbaycan xalqının milli azadlıq və demokratiya hərəkatı taixində dərin iz buraxmışdır. Qafar Kəndli də hesab edir ki, Xiyabani Azərbaycan fəlsəfi fikrinin inkişaf tarixində yeni bir dövr açmış, onun "Təcəddüd" fəlsəfi məktəbində Azərbaycanın böyük inqilabı nəsli yetişmişdir: "Doğrudan da, Xiyabaninin fəlsəfi məktəbində hər şey yeni əsasla qurulmuş, hər şeyin həllində millətin, füqareyi-kasibənin, zəhmət adamlarının, şəhər və kəndlərdə alın təri ilə çörək qazananların mənafeyi əsas götürülmüşdür. Köhnə siyasi məfhumlar alt-üst edilmişdir. Təcəddüd məsləkində inqilabın əsas məsələsi olan hakimiyyət məsələsi inqilabçı nöqteyi-nəzərindən daha radikal şəkildə qoyulurdu". Qafar Kəndlinin fikirlərindən belə anlaşılır ki, Xiyabani ictimai-fəlsəfi baxışlarına görə, sosial-demokratlara, bir qədər də dəqiqləşdirsək marksisit sosil-demokratlara yaxın olmuşdur. Xiyabaninin siyasi-fəlsəfi dünyagörüşündə əməyə münasibət və insan əməyinin ədalətli şəkildə dəyərləndirlməsi də mühüm yer tutmuşdur. O, "Əmək və fəhlələr" məqaləsində yazırdı ki, Versal Sülh konfransında "Əmək" ünvanlı ayrıca maddənin müzakirə olunub, bəşəriyyət adına obyektiv bir qərar alınması çox müsbət bir addımdır. Ona görə, son dövrlərdə baş verən müharibələrdə, iniqlablarda əsas yeri "iqtisadi şərait" tutmuşdur ki, maddi mahiyyəti olan bu amil səbəb və nəticə olaraq bütün bəşəriyyəti öz hakimiyyəti və nüfuzu altına almışdır. Xiyabani yazırdı: "O (iqtisadi şərait), insanların həyatını bir-birinə zidd iki hissəyə: biri qulluq həyatı, digəri isə rifah və xoşbəxtlik həyatına bölərək sənayedə güclü təbii qüvvələrdən istifadə zəminəsi və nəhəng "maşinizm" zəminəsi yaratmışdır. Həmin iqtisadi şərait həyat uğrunda olan qanlı ölüm-dirim mübarizəsi meydanında "muzdurluq rejimini" bərpa etmiş, bədbəxt, muzdur fəhlə kütlələrinin sümük və qanını mədəni maddələr yaxud taxıl qalaqları tək zavod və karxanaların çərxlərinin dişləri arasında əzilib məhv olmasına və beləliklə kapitalını artırıb, iqtisadi bazarın möhkəmlənməsinə səbəb olmuşdur. Bəşəriyyət uzun illər boyu qaranlıq zavodlarda maşının dəmir çəkiclərinin yemi olmuşdur".

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 914

Təcili satılır!

  • 04:07
  • 2 243
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter