Gənc tələbə necə həm Səhiyyə, həm Xarici İşlər naziri oldu?

  • 09.09.2019, 09:04,
  • Tarix

Bu dəfə Azərbaycan SSR-nin Xarici İşlər naziri Mahmud Əliyevin həyat yoluna nəzər salacağıq:

Mahmud Əliyev 1908-ci il fevralın 22-də Şamaxıda anadan olub. O, 1926-cı ildə Bakıda orta məktəbi bitirib. Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə işi fakültəsinə qəbul olan M.Əliyev 1931-ci ildə həmin ali təhsil ocağından məzun olub.M.Əliyevin ali məktəbdə yaxşı oxuması, əlaçılar sırasında olması hökumətin diqqətini çəkib. Məhz bu səbəbdən 1931-1936-cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri vəzifələrində işləyib.

1932-ci ildə Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim olaraq çalışmağa başlayıb. Sonralar Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxuyan M.Əliyev Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Tibbi təhsil, elm və məktəb idarəsinin rəisi və Bakı səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

1937-ci ildə isə M.Əliyevin karyerasında yeni səhifə açılıb. Belə ki, o, Naxçıvandan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilib.

M.Əliyev 1938-1943-cü illərdə Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsində çalışıb. 1943-1944-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ali və orta məktəblər şöbəsinə başçılıq edib.

1944-cü ildə M.Əliyev siyasi karyerasının ən yüksək zirvəsinə qalxıb. Ona Azərbaycan SSR Xalq Xarici İşlər komissarı (Xarici İşlər naziri) vəzifəsi həvalə olunub.

Bundan sonra M.Əliyev ömrünün sonuna kimi Azərbaycan SSR Xarici İşlər naziri vəzifəsində çalışıb.

O, bu vəzifədə Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə mədəni və iqtisadi əlaqələrin yaradılmasında, beynəlxalq toplantılarda SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak edib.

Deputat Musa Qasımlı və Elmira Hüseynovanın müəllifliyi ilə çap olunan "Azərbaycanın Xarici İşlər nazirləri" kitabına əsasən, M.Əliyev 1950-1953-cü illərdə Azərbaycanın Səhiyyə naziri vəzifəsində də işləyib.

1953-1958-ci illərdə o, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olub. Kitabda qeyd edilib ki, M.Əliyev Azərbaycanda səhiyyə işinin təşkili, yeni-yeni xəstəxana, poliklinika və başqa səhiyyə ocaqlarının açılması, onların bacarıqlı kadrlarla təmin edilməsi sahəsində xeyli iş görüb.

Müəlliflərin fikrincə, M.Əliyev tutduğu vəzifədən asılı olmayaraq, həmişə xalqına xidmət edib.

M.Əliyev SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. "Qırmızı Əmək Bayrağı" ordeni, iki dəfə "Şərəf Nişanı" ordeni və  müxtəlif medallarla təltif olunub.

M.Əliyev 1958-ci il sentyabrın 24-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Oxu.az
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter