"Ən dinsiz ölkələr siyahısına düşdük, amma: "800 min dindarımız var"

Ən dinsiz ölkələr siyahısına düşdük, amma:   "800 min dindarımız var"
DQİDK: Azərbaycanı dinsiz ölkə hesab etmək və bununla bağlı siyahıda ilk beşliyə salmaq absurddur
 
Ötən həftə “Gallup” beynəlxalq ictimai rəyi öyrənmə şirkəti dünyanın ən dinsiz ölkələrinin siyahısını açıqlayıb. Maraqlı məqamlardan biri odur ki, Azərbaycan siyahıda ən dinsiz ölkələrin ilk beşliyinə düşüb. Belə ki, Azərbaycan siyahıda, Çin, İsveç, Çexiya və Böyük Britaniyadan sonrakı pillədə qərarlaşıb. Təşkilat bu hesabatı gündəlik ibadət etməyən, deist və ateist insanların rəyinə əsasən tərtib edib.
 
Təxminən, eyni ərəfədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə əhalisinin dindarlıq səviyyəsini açıqlayıb. Komitənin açıqlamasına görə, ölkə əhalisinin cəmi 8 faizi dindardır.
 
Məsələni şərh edən DQİDK sədrinin müavini Gündüz İsmayılov “Gallup”un hesabatındakı göstəricinin reallığı əks etdirmədiyini deyib: “Azərbaycanı dinsiz ölkə hesab etmək və bununla bağlı siyahıda ilk beşliyə salmaq absurddur. Bu iddia ilə yalnız Azərbaycanı tanımayanlar çıxış edə bilər. Çünki azərbaycanlılar inanclı və imanlı insanlardır. Ölkədə mütləq əksəriyyət, təxminən 96 faiz özünü müsəlman hesab edir”.
Onun sözlərinə görə, dindarlıq anlayışına və “dindar kimdir” sualına hər kəsin fərqli baxış bucağı var: “Adətən, xristianlıqda və yəhudilikdə həftədə bir dəfə kilsəyə və ya sinaqoqa gedən dindar sayılır. “Bəs İslamda necədir” sualına hər kəs eyni cavabı vermir. Çünki Azərbaycanda sorğu keçirilsə, böyük ehtimal, respondentlərin əksəriyyəti özünü dindar hesab edəcək. Hətta bir çoxları özlərinin əsl mömin olduqlarını da iddia edəcəklər”.
 
“Ölkədə müsəlmanların neçə faizinin dindar olmasına gəlincə, bizim hesablamalarımıza görə, bu rəqəm 8 faiz civarındadır. Təbii ki, bu, təxmini hesablamadır və fərqlər ola bilər. Çünki dindarlığı müəyyən etməyin fərqli metodları var. Biz hansı metoddan istifadə etmişik və sayı necə hesablamışıq? Bu, mənim subyektiv fikrimdir ki, İslamda dindarlığın, əsasən namazla müəyyən edilməsi daha doğrudur. Azərbaycanda məscidə ən çox dindar cümə günü, Qurban və Ramazan bayramlarında gəlir. Hesablamalarımıza əsasən, bu rəqəm 160 mindən az, 170 mindən çox deyil”.
 
“Bu rəqəmi isə 5-ə vurmuşuq. Çünki həmin günlər qadınlar, əsasən məscidə gəlmir, ümumiyyətlə, ibadətə gələnlər yetkinlik yaşına çatmış kişilərdir. Bəzi ölkələrdə məscidə gələnlərin sayı 3-ə vurulur. Biz isə maksimum 5 götürmüşük. Alınan rəqəm ölkə müsəlmanlarının, təxminən 8 faizinə bərabərdir. Amma yenə də deyirəm, bu, təxmini rəqəmdir. Dindarlığın artım dinamikasına gəldikdə isə, on il, hətta beş ilə öncə ilə müqayisədə bu, xeyli zəifləyib. Bunun müxtəlif səbəbləri var. Bu məsələdə Yaxın Şərqdə, o cümlədən Suriyada baş verən proseslərin də müəyyən qədər rolu oldu”, - deyə G.İsmayılov əlavə edib.
 
İlahiyyatçı Əkrəm Həsənov da AYNA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə dindarlıq səviyyəsinin qiymətləndirilməsi problemli məsələdir: “Əvvəla, Azərbaycanda din, demək olar ki, tənəzzülə uğrayıb. Sadəcə din adından istifadə edən müəyyən qruplar var ki, bəzi ölkələrin təsiri ilə dini siyasiləşdirməyə çalışırlar. Bu qrupların da əsas məqsədi siyasi hakimiyyətə din adı altında qarşı çıxmaq və hakimiyyəti ələ keçirməkdir. Digər tərəfdən, elm və texnologiya inkişaf etdikcə, dünyaya olan baxış tərzi dəyişməyə başlayır və insanlar yenilik axtarmağa çalışırlar. Gənclər daha çox dünyəvi elmlərin arxasınca qaçırlar”.
“Azərbaycanda İslam dini ilə yanaşı, müxtəlif dini icmaların nümayəndələri də var. İslam da daxil olmaqla, bu icmaların üzvlərinin çox cüzi bir kəsimi öz dinini real yaşayır. Böyük bir qisim daha çox din adından istifadə edir. Məhz bu baxımdan da, sözügedən statistika birmənalı qəbul edilə bilməz”, - Həsənov vurğulayıb.

(Mənbə: Ayna.az)
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 913

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter