İki yüz milyard dolları hara xərclədik...-və ya geridə qalan 25 il ərzində Azərbaycan nələrə nail oldu?

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən 25 il keçir. 25 il əvvəl bağlanmış müqaviləyə görə, Bakıda “Xəzər dənizinin Azərbaycan sektoru neft yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməli və hasil olunan neft müştərək şəkildə bölüşdürülməli, bununla da ölkənin sərvəti günü-gündən artmalı idi.

 

Dünyanın 11 ən böyük neft şirkəti bu müqaviləyə imza atmışdı. Lakin “Əsrin müqaviləsi”ndən əvvəl daha bir mühim saziş əldə olunmuşdu - “Bişkek protokolu”. Protokola görə, Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəs əldə olunmalı, işğal olunmuş torpaqlar isə geri qaytarılmalı idi.

 

Bəs geridə qalan bu 25 il ərzində Azərbaycan nələrə nail oldu? “Əsrin müqaviləsi” və “Bişkek protokolu” özünü nə dərəcədə doğrulda bildi?

 

Mövzunu şərh edən millət vəkili, tarix üzrə elmlər doktoru Musa Qasımlının sözlərinə görə, “Əsrin müqaviləsi” müasir Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi, təməl daşı olub: “Müqavilə imzalanana qədər müsətqilliyin mövcudluğu təhlükə altında idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpası və dövlət quruculuğu mürəkkəb daxili və xarici şəraitdə gedirdi. Bir tərəfdən Ermənistan Azərbaycanın daxilli işlərinə kobud müdaxilə və hərbi təcavüz edir, Azərbayacan qarşı qarşı müharibə aparır, digər tərəfdən də ölkə daxilində gərgin vəziyyət yaranırdı. Nəticədə Azərbaycan ümumi böhrana düçar olmuşdu. Müstəqil dövlətin mövcudluğu təhlükə altında idi”.

M.Qasımlı “Əsrin müqaviləsi”nə təkan verən proseslərdən birinin də “Bişkek protokolu” olduğunu vurğulayıb: “Müharibə getdiyi şəraitdə xarici şirkətlər Azərbaycana investisiyalar qoymağa maraqlı deyildi. Düzdür, buna qədər danışıqlar gedirdi, müqavilə üçün müəyyən addımlar da atılırdı. Hər şeydən əvvəl 1994-cü ilin yayında NATO ilə müəyyən sənədlər imzalanmışdı. Lakin əsas məsələ o oldu ki, Ermənistan ilə Azərbaycan arasında may ayında “Bişkek protokolu” imzalandı. Azərbaycan qonşu dövlətlərlə münasibətlərini tənzimləmək üçün bir sıra addımlar atdı və nəticədə 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalandı”.

 

““Əsrin müqaviləsi” nin imzalanması ilə yeni bir mərhələ başladı. Bu müqavilə ilə Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvətimiz olan neft milli sərvətə çevrildi. Bu müqavilə ilə bir-biriləri ilə rəqabət aparan transmilli korporasiyalar bir araya gəldi. O dövrdə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın inkişafı üçün bir təkan oldu. Çünki dövlət müstəqilliyi bərpa olunanda heç bir dövlət Azərbaycana güvənib borc vermək istəmirdi. “Əsrin müqaviləsi”ndən sonra bir sıra sahələrdə ciddi islahatlara başlandı. Bu gün bizim gözümüzün qabağında nə varsa, bunun təməlində “Əsrin müqaviləsi” və onun nəticələri dayanır”, - deyə deputat vurğulayıb.

 

Politoloq Əhəd Məmmədli isə şərhində bildirib ki, “Əsrin müqaviləsi” ölkəyə müsbət dividendlər qazandırsa da, “Bişkek protokolu”nun heç bir müsbət tərəfləri yoxdur: ““Bişkek protokolu”, təəssüf ki, Azərbaycan ərazi bütövlüyünü təmin edə bilmədi və bu günə qədər də bu proses davam edir. Bu məsələdə Azərbaycanın nəyəsə nail olduğunu düşünmürəm. Amma “Bişkek protokolu”ndan fərqli olaraq, “Əsrin müqaviləsi”, nisbətən özünü doğrultdu”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də “Əsrin müqaviləsi”ndən keçən müddətdə baş verənlərə münasibət bildirib: “Bir ömrə bərabər olan müqaviləyə əsasən, 2001-ci ildən bu günə qədər, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında neft hasilatı və satışından Azərbaycan Dövlət Neft Fonduna 143,37 mlrd. dollar vəsait daxil olub. Bundan başqa, xarici neft şirkətləri və SOCAR tərəfindən vergilər şəklində büdcəyə 10 milyardlarla dollar vəsait daxil olub. Ümumilikdə, bu illər ərzində Azərbaycan 200 mlrd. dollardan çox vəsait qazanıb”.

“Bəs nə dəyişib? Əslində çox şey dəyişib – bu gün Azərbaycanın mənzərəsi (iqtisadi, sosial, siyasi), məhz “Əsrin müqaviləsi”nə görə formalaşıb. Ölkədə ciddi kəmiyyət dəyişiklikləri baş verib, amma məmləkətdə keyfiyyət dəyişikliyinə keçid olmayıb. Böyük təmir-tikinti, investisiya layihələri lazım idimi? Təbii ki, ölkəni yeniləmək lazım idi, amma bu layihələr korrupsiya mərəzinə tutuldu, ayrılan vəsaitlərin böyük bir qismi məmurlar tərəfindən həzm olundu, sonra həmin vəsaitlərin bir hissəsi iqtisadiyyata məmur biznesi kimi daxil olun rəqbəti, ədaləti məhv etdi”, - deyə Cəfərli bildirib.

 

“Amma korrupsiya həm də iqtisadi aktivlik yaratdı, yəni hökumət iqtisadi canlamanın korrupsiya yolunu seçdi – hər bir orta-iri korrupsioner məmur (öz biznesindən başqa, burada yaradlan iş yerləri ayrı mövzudur) onlarla qeyri-leqal iş yeri açdı, onlarla vətəndaşı ələbaxımlı, haqları olmayan işçiyə çevirdi. Sürücülər, bağbanlar, dayələr, aşpazlar, masajçılar, makiyaj ustaları, repetitorlar, cangüdənlər (hələ məşuqələr də var, onları demirəm) – hamısı korrupsiya pulu hesabına dolanmağa başladılar”, - o, əlavə edib.

 

Ekspertin sözlərinə görə, korrupsiya qəribə şəkildə sistemi yağlayan, çalışmasını təmin edən oyun qaydasına çevrildi: “Neft pulları dəyişiklik yaratdımı? Təbii ki. Məsələn, 4000-dən çox məktəb tikildi, təmir olundu, yeni avadanlıqlarla təhciz edildi. Amma bu illər ərzində ali məktəblərə keçid balı 3 dəfəyə yaxın aşağı düşdü, yəni kəmiyyət dəyişikliyi keyfiyyətə keçid etmədi. Ya da 510-dən çox yeni xəstəxana, diaqnostika mərkəzi tikildi, yeni avadanlıqlar alındı. Amma hələ də vətəndaşlar normal diaqnozla, müalicə ilə bağlı İrana, Gürcüstana, Türkiyəyə səfər etməyə məcbur qalıblar, yəni, kəmiyyət dəyişdi, keyfiyyət isə yox”.

 

N.Cəfərli digər məqama da diqqət çəkib: “Və ya nefti-qazı, heç bir resursu olmayan, eyni anda SSRİ-dən çıxan Estoniyada minimum əməkhaqqı bu il 540 avro (1000 manatdan çox) təşkil edir, bizdə isə hələ təzəcə 130 avroya (250 manat) çatıb. Yəni bizdə sistem bu boyda neft puluna rəğmən keyfiyyət dəyişikliyinə, rifah dövlətinə keçid edə bilmədi. Qısası, “Əsrin müqaviləsi” bizim hamımızın ömründə-günündə mühüm rol oynadı, bu gün də oynamağa davam edir. Amma bu qədər potensialı olan məmləkətin hələ də bir borudan asılı qalıb sallanması da həmin müqavilənin neqativ yan təsiridir”...

(mənbə: ayna.az)
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter