Azərbaycanlıların bitməyən çöpçü qovğası: Tanınmış pediatrdan şok sual...


Azərbaycanda çöpçülüklə bağlı mübahisələr uzun müddətdir davam edir. Söhbət qidalanma zamanı, bəzi hallarda isə ehtiyatsız hərəkət nəticəsində ağız boşluğunda müxtəlif cism və əşyaların – meyvə qabığı, dənəsi, çəyirdəyi və ya ət parçası, sümük, tük, hətta kiçik dəmir qırığının və s. qalmasından və bu zaman insanların el arasında "çöpçü" kimi bilinən şəxslərə müraciət etməsindən gedir. 

Həkimlər hesab edirlər ki, sözügedən hallarda ara həkimlərinin – yəni çöpçülərin müdaxiləsi yolverilməzdir. "Əgər hansısa formada bu işi bacaran varsa da, bu o demək deyil ki, o bədəndə olan bütün yad cismləri götürə bilər. Müasir dövrdə endoskoplar vasitəsilə yad cismin düşdüyü yeri işıqlandırıb ekranda baxmaq mümkündürsə, tibb təhsili olmayan adamların bu işə əl aparması nə dərəcədə düzgündür?" – tibb  mütəxəssisləri sual edirlər. 
Vətəndaşlar isə əks fikirdədir. Onlar hesab edir ki, çöpçülüyü tamamilə inkar etmək doğru deyil. 

Sözügedən mövzu sosial şəbəkədə yenidən aktuallaşıb. 

Bu günlərdə "Facebook" sosial şəbəkəsində jurnalist Gülnarə İlham belə bir qeyd yazıb: 



"İş yoldaşımın övladları günlərdir qızdırmadan, qusmadan, ishaldan birtəhər olublar. Bu neçə gündə dövlət xəstəxanasından tutmuş özələ qədər tanınmış həkimlərin qəbulu, xeyli bahalı dərmanlar, sistemlər... Hətta iş o yerə çatıb ki, uşaqlara qanazlığı diaqnozu qoyulub, qan köçürülməsinə qədər təkliflər olunub. Evdə qayınana da həkimdir. Yəni, ziyalı ailədirlər. Uzun-uzadı can yorğunluğu, maddi itkilər, müzakirələr... Nəhayət, uşaqları çöpçüyə aparmalı olublar. Və çöpçüyə halsız, qızdırma içində aparılan uşaqlardan alma, bir neçə tərəvəz qalığı çıxarılıb. Evə oynaya-oynaya gəliblər. Deyəcəksiniz, xaricdə niyə çöpçü yoxdur? Yəqin onlarda da bunun hansısa üsulu var. Mən də əvvələr ora gedən adamları qınayırdım, cahil deyirdim. Amma eynən bu vəziyyət başıma gəldi. Oğlum 1 yaşında o qədər ağır qızdırma, isahala tutuldu ki! Heç bir həkim sağalda bilmirdi. Hətta bir neçə həkim məni qorxutdu ki, uşaq ölə bilər. Mən də beləcə çöpçü tanıdım. Apardım uşağı iki dəqiqəyə sağaltdılar. Onda da gülüb lağ etdiyim adamlar mənə dərs verdilər ki, hərdən ağbirçək sözü dinlə, biz də uşaq böyütmüşük". Yəni bu, fal deyil, cadu deyil ki, çöpçüyə birmənalı şarlatan kimi yanaşaq. Böyük adam da yemək yeyəndə anidən öskürəndə burnunda nəsə qala bilir. Sadəcə, biz bunun öhdəsindən gəlirik. Uşaqda isə burun və boğaz boşluğu yarığına düşüb infeksiyalaşır. Başına gələn başmaqçı olar. Əgər övladınızda belə hal olsa, həkim məsləhəti ilə yanaşı, hər ehtimala, həqiqətən də inanılan, bu işi fırıldağa çevirməyən çöpçü yanına da gedin".

Tanınmış pediatr Vaqif Qarayev isə çöpçülük barədə müsbət yanaşmalara sərt reaksiya verib. O, bu gün "Facebook" sosial şəbəkəsindəki şəxsi profilində yazıb ki, əslində sözügedən məsələ çeynənmiş mövzudur, xalq iki cəbhəyə bölünüb: inananlar və inanmayanlar:



"İnananların arasında kifayət qədər intellektual insanlar var... Məsələn, dünən bir Feysbuk istifadəçisi yazmışdı ki, çöpçülər min illərdi xalqımızı ayaqda saxlayır (?!). Elə belə də yazmışdı! İnanclı insanlara sual verəcəyəm (xüsusən gənc valideynlərə), maşallah, hər gün xarici ölkələrdən şəkil paylaşırsız... Əgər o ölkələrin birində sizə çöpçü lazım olsa, neynəcəksiz? Oralarda bizim çöpçü xalalar yoxdu axı! Həmyaşıdınız valideynlərlə çöpçünün xilaskarlığı haqqında danışsanız, ən yaxşı halda sizi başa düşməyəcəklər!".

O, özünün bir vazkeçilməz arqumentini də təkrarlayıb: "Niyə çöp ancaq BİZİM UŞAQLARDA olur? Niyə başqa millətlərdə bu bəla yoxdur? Bütün normal doğulmuş uşaqların anatomik quruluşu eynidirsə, niyə çöp başqa millətlərin uşaqlarının burun-boğazında yapışıb qalmır? Çöpçülərin çıxardığı qəzet, kağız parçalarını, qarpız, alma qabığını, meyvə çəyirdəyini, müxtəlif qida qalıqlarını bizim uşaqlar hardan tapır? Niyə başqa millətlərin uşaqları bu sadaladıqlarımı tapmır? Təsadüfən ola bilər, anlayıram... Amma hər həftə, hər ay təsadüf olmaz!!! Çöp deyilən adətən 3 yaşına qədər uşaqlarda olur... Deməli, bu uşaqlar həmin qida qalıqları ilə düzgün davranmağı bacarmırlar! 

Yad cisim anlayışı var var təbabətdə... Bunun müayinə və müalicə yolları da var! Olunur da! Sizlər sadəcə olaraq həkimə istiqamət verməlisiniz ki, mənim uşağım qarpız qabığı udub, muncuq, kiçik batareyalar və s. burnuna soxub... Görmürsüz bunu, nəzarət etmirsiz uşağa.... Sonra da həkimi qınayırsız!
Çöpçünün lehinə bir epizod danışana, bunun əleyhinə on beş  epizod danışacağam!!! Sonda yenə həkimə müraciət edirsiz. Bəzən uşaq ölümcül vəziyyətə düşəndən sonra! Kifayət qədər misallar gətirə bilərəm... Uşaqları düzgün qidalandırın... Düzgün qidalanmanı onlara vaxtında öyrədin!"

Qeyd edək ki, hazırda sosial şəbəkələrdəki müzakirələrdə azərbaycanlılar faktiki iki yerə ayrılıblar: çöpçüləri fırıldaqçı, çöpçü yanına gedənləri cahil sayanlar da, bunun əksini iddia edən, çöpçüləri xalq təbibləri hesab edənlər də kifayət qədərdir. 

Bu mübahisə bir müddət sonra yenidən səngiyəcək, çox keçmədən növbəti dəfə alovlanacaq, yenə müxtəlif fikirlər, mövqelər sərgilənəcək, ancaq pediatrların, tibb mütəxəssislərinin sualları üzərində baş sındırıb nəticə çıxarmaq yəqin ki, çoxumuzun ağlına gəlməyəcək: Bütün normal doğulan uşaqlarin yuxarı tənəffüs yollarinin quruluşu eyni olduğu, eyni regionda doğulub böyüyən uşaqlar eyni qidadan istifadə etdiyi halda niyə adına "çöp" deyilən şey ancaq bizim uşaqların boğazında qalır? Əgər başqa ölkəyə səfər, səyahət zamanı bizə çöpçü lazım olsa, neynəyəcəyik? V.Qarayev demiş: "Axı oralarda bizim çöpçü xalalar yoxdur...”

(qaynarinfo.az)
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 241
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter