“Bundan sonra kimsə ABŞ-Türkiyə müttəfiqliyindən danışa bilməz”


Toğrul İsmayıl: “Vaşinqton, Suriya əməliyyatından dolayı Ankaranı cəzalandırmağa çalışır”

 

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqrımı” iddialarını tanıyan qətnamə layihəsinin qəbul edilməsinə qərar verib. xarici mətbuat xəbər verir ki, qətnamə səsverməyə çıxarılandan sonra, 11 nəfər qərarın əleyhinə, 405 nəfər isə leyhinə səs verib. Qanun layihəsinin tezliklə ABŞ Senatında səsə qoyulacağı gözlənilir.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qətnamənin qəbul edilməsinə sərt reaksiya verib: “Bu, həqiqətən də utancverici bir qərardır”.

 

Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında qərarın qərəzli olduğunu qeyd edib: ““Sülh Çeşməsi” əməliyyatı ilə bir çox oyunların qarşısını aldıq. Bizdən bu tərzdə qisas alacaqlarını düşünürlər. Bu müddəanın Türkiyə üçün heç bir dəyəri yoxdur”.

 

Mövzunu şərh edən Türkiyənin TOBB Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Toğrul İsmayılın sözlərinə görə, Vaşinqtonla Ankara arasında uzun zamandır problem yaşanır: “Bu illər ərzində ABŞ-da Demokratlarla Respublikaçılar arasında baş verən proseslərdə Türkiyə də öz “payını” alıb. Zaman-zaman müxtəlif qərarlar verib. Son olaraq verilən qərar Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vura bilər”.

Ekspert qərarın, Türkiyənin Suriyada keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə bağlı olmasına da şübhə etmir: “Ehtimal olunur ki, ABŞ “Sülh çeşməsi”nə görə Türkiyədən qisas alır. Çünki Türkiyə ABŞ-ın Suriyadakı planlarına qarşı çıxaraq müəyyən qədər zərbə vurub. Hətta deyərdim ki, ABŞ Türkiyəni cəzalandırmağa çalışır. Təsadüfi deyil ki, ABŞ-ın sözügedən qərarı Türkiyənin Cümhuriyyət bayramında, türklərin ən sevincli günündə qəbul edildi. Bundan sonra heç kim Türkiyə ilə ABŞ-ın müttəfiqliyindən danışa bilməz”.

 

T İsmayıl Türkiyənin bu qərara qarşı hər hansı addım atacağını zənn etmir: “Xarici ölkə parlamentlərinin qəbul etdiyi qərarlar Türkiyənin maraq dairəsində deyil. Düzdür, vəziyyət xoşagəlməzdir, Türkiyənin daxili işlərinə müdaxilə edilir. Amma Türkiyə Cümhuriyyətini Osmanlı İmperiyası dövründə baş vermiş hadisələrə görə günahlandırmaq qətiyyən yolverilməzdir. Çünki Amerika Birləşmiş Ştatları da tarixən afrikalılara, hindulara və digər xalqlara qarşı soyqırım aktları törədib. Məgər bu, rasizim deyil?”.

 

“Türkiyə ilə Rusiyanın yaxınlaşmasını da, qərara təsir göstərən amillərdən biri kimi qəbul etmək olar. ABŞ-ın bu rəftarı isə Türkiyənin artıq müstəqil hərəkət etməsi, ABŞ-ın planlarına qarşı çıxması və itaətkar olmamasından irəli gəlir. Rusiya-Türkiyə münasibətlərinin inkişaf etməsi də ABŞ-ı narahat edən məsələlərdəndir”, - deyə professor vurğulayıb.

 

Müsahibimiz “Sülh çeşməsi” əməliyyatı ilə bağlı son durumdan da danışıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror qruplaşmalarının bölgədən uzaqlaşması ilə bağlı açıqlama verib. Daha dəqiq desək, genişmiqyaslı əməliyyatlara artıq xitam verilib. Türkiyənin əsas məqsədi bölgədə süni dövlətin yaranmasının qarşısını almaq idi ki, buna da nail oldu. Bu isə Türkiyə üçün çox böyük uğurdur”.


ayna.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter